Multikulturalizmin Azərbaycan modeli dünyaya bir örnək və nümunədir

Multikulturalizmin Azərbaycan modeli dünyaya bir örnək və nümunədir

Multikulturalizmin Azərbaycan modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır

 Son 15 ildə ölkəmizin bir çox beynəllxalq səviyyəli toplantıların, konfrans və forumların keçirildiyi məkan kimi tanınması, heç şübhəsiz ki, burada mövcud olan tolerantlığın, multikulturalizmin və sabitliyin göstəricisidir. Azərbaycanda bu gün bütün dünyaya nümunə ola biləcək bir birgəyaşayış forması bərqərar olub. Bu da bir çox dövlətlər üçün böyük maraq kəsb edir.

Ölkəmizin sosial- iqtisadi inkişafı ilə yanaşı, burada çox sayda millətlər, etnik qruplar və dinlər arasında hökm sürən harmoniya, biri-birilərinə qarşı qardaşlıq münasibəti də hamıda təəccüb doğurur.

Dünyanın bir çox bölgələrində dinlər və millətlər arasında mövcud olan qarşıdurma və anlaşılmazlıq fonunda, Azərbaycanda millətlər və dinlər arasında münasibətlərin bərabərlik və harmonik inkişafı bu təəccübü şərtləndirən əsas amillərdən biridir. Bir çox Qərb liderlərinin multikulturalizmin iflasa uğraması iddiaları qarşılığında, Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinin dünya miqyasında təbliği və təşviqi istiqamətindəki fəaliyyəti, eləcə də ölkəmizdə dövlət-din münasibətlərinin ən yuksək səviyyədə inkişaf etməsi, bütün sivil cəmiyyətlər tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizdə formalaşan multikulturalizmin Azərbaycan modeli bir örnək və nümunə kimi göstərilir. Bütün bu uğurların əldə olunmasında ölkəmizin qarşılıqlı əməkdaşlıq və dialoq üçün açıq olması da, mühüm rol oynayır. Ölkəmizin paytaxtı Bakıda, eləcə də respublikamızın müxtəlif bölgələrində multikulturalizm və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər, dövlət-din, eyni zamanda millətlər və dinlərarası münasibətlərin tənzimlənməsinə xidmət edir. Bu tədbirlər həm də beynəlxalq səviyyədə münasibətlərin qurulmasına imkan verir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dünya dini liderlərinin II Bakı sammiti"nin ölkəmizin paytaxtı Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalaması da, dövlətimizin bu problemlərin həllinə göstərdiyi diqqət və qayğının açıq təzahürüdür. Qeyd edək ki, "Dünya dini liderlərinin II Bakı sammiti" 2019-cu il noyabrın 14-15-də ölkəmizin paytaxtı Bakıda keçiriləcək.

Heç şübhəsiz ki, bunu təsadüf saymaq olmaz. Məlumdur ki, Azərbaycan artıq uzun illərdir, bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də günya ictimaiyyətinin diqqətini cəlb edir. Bu da məlumdur ki, qloballaşan dünyamızda multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu artıq ənənə halını almaqla bütün sivil cəmiyyətləri özünə cəlb edir.

Hələ 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən "Bakı Prosesi" hərəkatı da, dünyada multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi və təbliğini nəzərdə tutan bir çağırış olaraq böyük əhəmiyyətə malikdir və artıq bu prosesin fəaliyyətinin 10 illiyi də ölkəmizdə yüksək səviyyədə qeyd olunub. Onu da qeyd etmək lazımdır ki, bu 10 ildə müasir dünyamızı və beynəlxalq ictimaiyyəti narahat edən bütün humanitar problemlər mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan "Bakı prosesi" çərçivəsində müzakirə olunur. Bu, eyni zamanda dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün geniş platforma rolunu oynayır. Buna görə də, 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilən 1-ci Sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verdiyini demək olar. Bu səbəbdən də dünya dini liderlərinin II Sammitinin də ölkəmizin paytaxtı Bakıda keçirilməsi, Azərbaycanın bu sahədə qazandığı nüfuzun bariz nümunəsidir və hamı tələfindən təqdir olunur. Bu Sammitin Bakıda keçirilməsini şərtləndirən səbəblərdən biri də, ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsinin mühüm aktuallıq kəsb etməsidir.

Bu da məlumdur ki, müasir dünyamızda baş qaldıran bütün mürəkkəb məsələlərin kökündə bu və ya digər şəkildə din amili xüsusi rol oynayır. Bu baxımdan da dünya liderlərinin 2-ci Sammitinin ölkəmizin paytaxtıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan dövlətinin son 15 ildə dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində gördüyü işlərin leykmotivini multikulturalizm və tolerantlıq təşkil edir. Multikulturalizmin Azərbaycan modelinin təbliği istiqamətində görülən işlərin də məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır.

Prezident İlham Əliyevin "Dünya dini liderlərinin II Bakı sammiti"nin ölkəmizin paytaxtı Bakıda keçirilməsi ilə bağlı Sərəncam imzalamasını da, Azərbaycan multikulturalizminin dünyada təbliğinə bir töhfə hesab etmək olar. Məlumdur ki, ölkəmizdə keçirilən bütün tədbirlərin əsas qayəsini dünyada sülhün və stabilliyin, eləcə də dinlər və millətlər arasında birgəyaşayışın, mültikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsi təşkil edir. Çünki Azərbaycan özü, mənfur ermənilərin torpaq iddiaları üzündən uzun müddətdir ki, terrora və işğala məruz qalan, 20 faiz torpaqları işğal olunan, bir milyona yaxın vətəndaşının təkcə azərbaycanlı-müsəlman olduqları üçün məcburi qaçqın və köçkün düşən bir dövlətdir. Bütün bunlara baxmayaraq, Azərbaycan bu gün də dünyada sülh və sabitliyin, mültikulturalizmin və tolerantlığın carçısı rolunda çıxış edir. Azərbaycan multikulturalizmi və tolerantlığı qoruyub inkişaf etdirmək yolu ilə dünyada sülhə, harmoniyaya və stabilliyə nail olmaq istəyir. Multikulturalizmin Azərbaycan modeli də, məhz bu ideyalara xidmət edir.   

Sevindirici haldır ki, son illər bu modelin dünyada təbliği istiqamətində görülən işlər öz səmərəsin verməkdədir. Bu baxımdan, Azərbaycan Respublikasının Finlandiya Respublikasındakı səfirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Helsinki Universitetinin nəzdində fəaliyyət göstərən Aleksanteri İnstitutunun birgə təşkilatçılığı ilə Helsinkidə "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda konfransın keçirilməsi də xüsusi əhəmiyyətə malikdir. Konfransın açılışında çıxış edən professor Markku Kivinen Azərbaycanla bağlı belə bir konfransın Finlandiyada keçirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Professor həmçinin qeyd edib ki, böyük tarixə malik multikulturalizm və birgə yaşayış ənənələri olan Azərbaycan öz nailiyyətləri ilə bu gün bütün dünyada böyük marağa səbəb olub, belə bir tədbirin ölkəmizdə keçirilməsi, Azərbaycanın bu və digər sahələrdəki təcrübəsi ilə də yaxından tanış olmaq və bu tanışlığın iki ölkə arasında daha sıx əməkdaşlığa töhfə verəcəyinə əmindir.

Ölkəmizin Finlandiyadakı səfiri də tədbirin əhəmiyyətindən söz açaraq, qədim tarixə malik Azərbaycanın tolerantlıq ənənəsi, dövlət-din münasibətləri, həmçinin hökumətin din sahəsindəki siyasəti ilə bağlı reallıqlar barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Helsinkidə belə bir konfransın təşkilində məqsəd ölkəmizdə və cəmiyyətimizdə uzun illər formalaşan tolerantlıq təcrübəsini, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyəti Finlandiya ictimaiyyətinə çatdırmaqdır.

Bu da məlumdur ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə malikdir və tarixin bütün dövrlərində xalqımız multikultural dəyərlərə böyük önəm verib. Azərbaycan torpaqlarında müxtəlif dinlərin və millətlərin nümayəndələri bütün dövrlərdə mehriban şəraitdə yaşayıblar. Sovet rejiminin süqutu ilə bu regionda bir müddət xaos hökm sürsə də, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi ilə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritminin pozulmasına imkan verilmədi. Dövlətimizin başçısı, Prezident İlham Əliyev isə Ulu Öndərin tövsiyyələrini həyata keçirdi və tolerantlıq ənənələrini dahada inkişaf etdirərək dövlət siyasətinə çevirdi.  Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tolerantlıq siyasəti yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gördüyü işlər heç bir sərhəd tanımır. Nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin, muzeylərin bərpa və təmir olunması sahəsində Mehriban xanım Əliyevanın gördüyü işlər istər multikulturalizmin Azərbaycan modelinin, istərsə də milli-mənəvi və mədəni dəyərlərimizin təbliği baxımından dünyaya bir nümunədir. Bu, həm də Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi ən böyük töhfələrdən biridir.

Azərbaycan dünyada multikulturalizmin və tolerantlığın, bəşəri birgəyaşayışın təbliğinə və təşviqinə çox böyük səylər göstərdiyi bir məqamda, ermənilərin  Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə çıxış etməsi, heç bir halda anlaşılan deyil və separatizmin ən rəzil formalarından biridir. Artıq 25 ildən çoxdur ki, Azərbaycan dövləti və bir çox beynəlxalq təşkilatlar bu münaqişənin sülh yolu ilə həlli yollarını axtarır. Lakin çox təəssüflər olsun ki, öz ambisiyalarının qurbanı olan bəzi erməni siyasətçiləri dünyada baş verən reallıqları olduğu kimi qəbul edə bilmirlər. Bu səbəbdən də multikulturalizmin və tolerantlığın  "alternativi" olan separatizmi, terroru və işğalçılığı bir normaya çevirərək, özlərini dünyaya məzlum xalq kimi təqdim etməyə çalışırlar.

Azərbaycanda keçirilən tədbirlərdə iştirak edən nüfuzlu dövlət və din xadimləri, siyasətçilər, alimlər də, artıq ermənilərin "məzlum"luqlarına inanmır, ölkəmizdə gördükləri inkişafın isə reallıq olduğunu qəbul edirlər.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.097597122192383