Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın önəmli ölkəsinə çevrilib

Azərbaycan təkcə ölkədaxili problemlərlə məşğul deyil, həm də bəşəri birgəyaşayışın daha mükəmməl formasının tapılmasında yaxından iştirak edir

 Dünyada multikulturalizmin mahiyyətinin daha geniş formada təbliği istiqamətində bir çox dövlətlərin göstərdiyi çabalar da onu deməyə əsas verir ki, artıq multikulturalizm siyasətinin həyat keçirlməsi ayrıca götürülən bir dövlətin və regionun deyil, bütövlükdə bəşəriyyətin qarşısında duran ciddi bir problem olduğunu hamı dərk edir. Bunun üçün isə bütün sivil cəmiyyətlərin, dövlətlərin və dini konfessiyaların birgə fəaliyyəti və əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Çünki belə bir əməkdaşlıq olmadan qarşılıqlı dialoq mümkün deyil.

Buna görə də, son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı Sammitlərin, Forumların, Konfrans və Seminarların ölkəmizdə təşkil olunması, eyni zamanda xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının, məhz respublikamızda keçirilməsi, Azərbaycan xalqının və dövlətinin multikulturailzmə ən böyük töhfəsidir. Bu baxımdan, artıq altıncı dəfə ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu da, aktual, ümumbəşəri, humanitar məsələlərin müzakirə edildiyi nüfuzlu tədbirlərdən biri kimi qəbul olunur.

Hələ 2011-ci ildən keçirilən və ənənə halını alan Forum hər dəfə 100-ə yaxın ölkədən 500-dən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini birləşdirir, müxtəlif ölkələrin və regionların   nümayəndələrinin ünsiyyət qurmasına, diskussiya aparmasına və ümumi nəticələrə gəlmələrinə şərait yaradır ki, bu da son nəticədə insanlar və

dövlətlər arasında sivil əməkdaşlığa və dialoqa gətirib çıxarır. Bu kimi vacib tədbirlərin, məhz respublikamızın paytaxtı Bakıda keçirilməsi, Forumun əhəmiyyətini daha da artırır. Çünki paytaxtımız müxtəlif mədəniyyətlərin, qədimliklə müasirliyin qovuşduğu bir məkandır, Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə tanınıb. Bu torpaqlarda insan amili hər zaman yüksək yerdə dayanıb, insana yüksək dəyər verilib. Prezident İlham Əliyevin Azərbaycanın qarşısında duran vəzifələrdən birinin də neft faktorunu insan kapitalına çevirmək olduğunu söyləməsi də, məhz bu xarakterik keyfiyyətimizdən irəli gələn dərin mənalı ifadədir.

Prezident İlham Əliyevin bu ideyasının təməlində Azərbaycanın multikulturalizm modelinin mühüm bir xüsusiyyəti dayanır və onun həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək vacibdir. Məlumdur ki, Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirməklə ölkəmizin nüfuzunun daha da artmasına nail olub. Fond "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində bugünədək Azərbaycanda və digər ölkələrdə onlarla tədbir və layihələr həyata keçirib. Bu layihələr çərçivəsində dini abidələrdə, ziyarətgahlarda, qədim tikililərdə təmir-bərpa işləri aparılıb, müxtəlif konfranslar və sərgilər təşkil edilib.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun istər Avropada, istər Rusiya Federasiyasının müxtəlif bölgələrində, istərsə də bir çox Afrika dövlətlərində həyata keçirdiyi layihələr, məhz ayrı-ayrı xalqların, konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir, eyni zamanda tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsinin vacibliyini qabarıq şəkildə ortaya qoyur.

Avropada bir çox dövlət başçılarının belə, multikulturalizmin iflasa uğradığını qəbul və bəyan etdiyi bir zamanda, Azərbaycan dövlətinin bu istiqamətdə nü-mayiş etdirdiyi nümunəvi mövqeyin xarici qonaqlar, bu sahənin ekspertləri, araşdırmaçılar, sosioloq və politoloqlar tərəfindən rəğbətlə qarşılanması, bir daha ölkəmizin doğru yolda olduğunu ən yüksək səviyyədə təsdiq edir. Bu fakt həm də onu göstərir ki, Qərb intellektualları özləri hələ də multikulturalizm anlayışını detallı şəkildə müəyyənləşdirə bilməyiblər. Yaxud, bu terminə öz dünyagörüşləri, siyasi baxışları, həmçinin seçkiqabağı platformalarının "dekorasiyası" formasında yanaşmaqda davam edirlər. Lakin multikulturalizmin Azərbaycan nümunəsi təsdiq edir ki, multikulturalizm siyasətinin əsasında üç əsas prinsip dayanmalıdır. Bunlardan birincisi, dövlət bütövlükdə plüralizmi, o cümlədən mədəni plüralizmi təmin etməlidir, çünki bu, vətəndaş cəmiyyətinin ən mühüm göstəricilərindən biridir. İkincisi, ölkədə övcud olan ən kiçik mədəni qrupların belə sosiallaşmasına mane olan əngəlləri aradan qaldırılmalıdır. Və nəhayət, müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişaf etdirilməsi dövlət tərfindən dəstəklənməlidir.

Bu tezislərin həyata keçirilməsi həm də o deməkdir ki, multikulturalizm müasir qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyasıdır, bərabərhüquqluluğudur və tolerantlıq onun xarakterik xüsusiyyətlərinin önündə durur. BMT-nin eks baş katibi Butros Butros-Qalinin təbirincə desək: "Biz dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də, mövcud gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə aparır. Bizdə çatışmayan demokratiyanın qloballaşması, onun beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, mən bunu multikulturalizm adlandırıram".

Bu fikrin özü də onu deməyə əsas verir ki, Azərbaycan tolerantlığın və multikulturalizmin inkişaf etdirilməsi, qorunması və təbliği istiqamətindəki fəaliyyətində ən güzgün yolu seçib. Bununla belə, son illər sosial elmlər sahəsində çalışan müəlliflərin mübahisələrinə səbəb olan elmi debatlar arasında sivilizasiyaların insan şüurunun, cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühümlüyü mövzusu əhəmiyyətli yer tutur. Amerikalı alim Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" adlı məşhur məqaləsindən sonra bu nəzəriyyə təkcə alimlər deyil, nüfuzlu siyasətçilər, dövlət və din xadimləri üçün də prioritet məsələlərdən birinə çevrildi.

Bu gün biz faktiki olaraq dünya ölkələrinin böyük bir qismində islamafobiya,  dini simvollara qarşı dözümsüzlük, onlara hücum faktlarının şahidi oluruq. Çox böyük təəssüflə qeyd etməliyik ki, islamafobiya da, öz növbəsində, daha bir neqativ təzahürün - müsəlman ölkələrinin milli maraqlarına cavab verməyən vesternfobiya hallarının da genişlənməsinə gətirib çıxarır. Bu isə çox təhlükəli tendensiyadır və qarşısıalinmaz faciələrlə nəticələnə bilər.

Buna görə də dövlətimizin başçısı, Prezident İlham Əliyevin VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində dediyi kimi: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilib. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. VI dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib".

Dövlət başçımızın da qeyd etdiyi kimi, bu kimi tədbirlərin ölkəmizin paytaxtında keçirilməsi heç də təsadüfi deyil, məhz Azərbaycanın dünya dövlətləri qarşısında qazandığı nüfuzun nəticəsidir. Buna görə də Azərbaycan xalqı və dövlətimizin rəhbərliyi özünə əmindir və hansı addımları atmaq lazım  olduğunu çox yaxşı bilir. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi həm də, bu əminliyin göstəricisidir.

Dövlətimizin başçısı VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışı ilə bir daha göstərdi ki, bu kimi tədbirlər ölkəmizlə bağlı həqiqətlərin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, məhz Ermənistanın nizamlama prosesinə aqressiv, destruktiv yanaşması ucbatından 25 ildir həll edilmədiyini beynəlxalq ictimaiyyətə bəyan etmək üçün çox yaxşı vasitədir. Bu kimi tədbirlərə ev sahibliyi etməyimiz də, ideoloji qələbəmizdir və ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır.

Onu da qeyd etmək vacibdir ki, bu gün Azərbaycan dövləti təkcə ölkədaxili problemlərlə məşğul deyil, o, həm də qloballaşan dünyamızda baş verən  prosesləri izləyir, təhlil edir və bəşəri birgəyaşayının daha mükəmməl formasının tapılmasında yaxından iştirak edir. Dünyada sülhün və sabitliyin bəqərar olması istiqamətində multikultural dəyərlərin və tolerantlığın təbliği və təşviqinə üstünlük verərək, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkir. Bu gün Azərbaycan dövlətinin qarşılıqlı əməkdaşlıq və dialoq istiqamətində gördüyü işlər dünya miqyasında insanlar və dövlətlər arasında münasibətlərin tənzimlənməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Biz inanırıq ki, Azərbaycan dövlətinin bu səyləri düynada multikulturalizmin və tolerantlığın bərqərar olmasına öz töhfəsini verəcək.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.082978010177612