Azərbaycan səhiyyəsinin görünməmiş "uğurları" yaxud müalicə üçün evindən məhrum olan əlil

Azərbaycan səhiyyəsinin görünməmiş
 

Biz bunu dəfələrlə qeyd etmişik ki, ölkəmizdə səlahiyyət sahibi olan dövlət məmurlarının insanların müraciətlərinə biganəliyi, özbaşınalqları, Dövlət başçımızın insanların məmnunluğunun yüksəldiməsi, rifahlarının yaxşılaşdırılmasi istiqamətində gördüyü işlərin həyata keçirdiyi islahatların üstündən böyük bir qara xətt çəkir. Yəni insanlar dövlət başçımızın gördüyü işlərin səmərəsindən bəhrələnə bilmirlər. Bunun başlıca səbəblərindən biri də, ölkəmizdə məmurlarla bağlı cəzasızlıq mühitinin hökm sürməsidir. Dövlətin idarəetmə sistemini öz şəxsi maraqlarının təminatı üçün vasitəyə çevirən bəzi məmurlar o qədər harınlayıblar ki, hatta Prezidenitin də göstəriş və tələblərini qulaq ardına vururlar.

Bu sahədə ən böyük qanunsuzluqlar isə yerli icra strukturlarında özünü göstərir.

Redaksiyamıza müraciət edən 1-ci qrup gözdən əlil(yazıdan belə aydın olur ki, onu kasıb olduğu üçün həkimlər əlil gününə salıblar)Şərifov Ceyhun Şahsuvar oğlu da, həkimlərin və icra hakimiyyəti başçısının biganəliyinin qurbanıdır. Heç bir dövlət qurumundan kömək ala bilməyən vətəndaş son çıxış yolu kimi mətbuata müraciət edir və yardım istəyir.

Biz də bir mətbu orqanı olaraq həmin şikayətləri aidiyyəti qurumlara çatdırmağa çalışırıq. Beləliklə, Sumqayıt şəhəri 4 - cü mikrorayon ev 4/64 mən. 44 də qeydiyyatda olmuş, müalicəsilə bağlı həmin evi satdığı üçün oradan qeydiyyatdan çıxarılan,hazırda heç bir yerdə qeydiyyatda olmayan 1-qrup gözdən əlil Şərifov Ceyhun Şahsuvar oğlunun "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasa ünvanladığı ürəkağrıdan məktubunu dərc edirik.

-Hörmətli baş redaktor, problemlərim o qədərdir ki, bilmirəm hansından başlayım. Başdan-ayağa problemlər içində boğuluram. Əvvəlcə səhhətimlə bağlı danışmaq istəyirəm. Mənim başımda sol beyin körpücük sümüyü altında "kista" olduğu üçün 2009 - cu ildə Əhmədli Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Daha doğrusu, imkansız ailə olduğumdan Prezident Administrasiyasına, Prezidentimiz İlham Əliyev cənablarına, Respublikamızın Birici vitse-prezidenti, H.Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə müraciətlər ünvanladıqdan sonra Səhiyyə Nazirliyinin göndərişi ilə Dövlət xəstəxanası olan Əhmədli Neyrocərrahiyyə Xəstəxanasına göndərildim. Xəstəxananın baş həkimi Kabus Dadaşov məni əməliyyat üçün neyrocərrah Hikmət Şəkərovun yanına göndərdi. Hikmət həkim də əməliyyat öncəsi özünü sığortalamaq üçün, əməliyyatdan sonra məndə qala biləcək qüsurlar barədə məlumat verərək, ərizə yazdırdı, bacıma və yoldaşıma həmin ərizəni imzalatdırdı. Halbuki mən yuxarı instansiyalara müraciət etməzdən əvvəl bir neçə həkimlə görüşüb bu  əməliyyatın fəsadları ilə maraqlanmışdım. Hamısı da, "3000 manat ver əməliyyat edək",- dedilər. Mən həmin həkimlərdən əməliyyatın uğurlu olacağına neçə faiz zəmanət verdiklərini soruşanda, "80 %", dedilər. Yerdə qalan 20 % isə narkozdan ayılmamaq və hər hansı daxili orqanın "otkaz" etməsini göstərdilər. Mənim həmin məbləğdə pulu ödəmək imkanım olmadığı üçün, yuxarıda qeyd etdiyim instansıyalara müraciət etmək məcburiyyətində qaldım. Nəticədə əməliyyatımı xəstəxana rəhbərliyi bu sahədə nisbətən az təcrübəsi olan həkimə tapşırdılar. Doktor Hikmət Şəkərovun həyata keçirdiyi   əməliyyatı uğursuz alındı. Əməliyyat zamanı həkimlərin diliylə desək, 5, 7, 9, deyilən üçlü siniri sıradan çıxarılaraq tamamilə fəaliyyətsiz duruma gətirildi və üzümün sol tərəfi əyildi, sol gözümün qapağı tam bağlanmadı. Bir sözlə, sol tərəfim iflic oldu. Məni də aldatdılar ki, narahat olma, fizioterapiya yolu ilə düzələcək. Amma əməliyyatdan üç il sonra Türkiyədə təhsil alan, yüksək  ixtisaslı başqa bir neyrocərraha müraciət edəndən sonra mənə məlum oldu ki, əməliyyatdan 8 ay sonra Şəkərov Hikmət ikinci əməliyyat keçirməli və bu üçlü siniri 11-ci sinirlə birləşdirməli idi ki, bu sinir də inkişaf etsin. Amma Şəkərov Hikmət bu barədə bilmədiyindən yaxud da, bilərəkdən özünü əziyyyətə salmamaq üçün müalicəmin o hissəsi barədə heç bir kəlimə də mənə məlumat vermədi. Mən Şəkərov Hikmətin apardığı uğursuz əməıiyyat üzündən 2011 - ci ildə yenidən əməliyyat olundum. O zaman Əhmədli Neyrocərrahiyyə Xəstəxanası təmirə bağlandığı üçün həkimlər bir neçə xəstəxanaya paylanmışdılar. Mən 2-ci əməliyyatla bağlı Şəkərovla əlaqə yaratdım, işlədiyi özəl klinika "MediPlaza"ya getdim və onunla görüşdüm. Əməliyyatı uğursuz apardığını, əməliyyat zamanı kanalları bağlamaması ucbatından əməliyyat yerinə su yığıldığını bildirəndə Sabunçu qəsəbəsində yerləşən 3 nömrəli klinikaya gələrək məni orada qəbul etdi. İşlədiyi 3-cü şöbənin müdiri Verdiyev Nazimlə kənarda nə isə danışdıqdan sonra, məni Nazim həkimə həvalə etdi və bildirdi ki, onun özünün işlədiyi klinika özəl olduğuna görə orada qəbul edə bilmir. Dedi ki, qoy Nazım həkim burada sənə baxsın, əməliyyat zamanı mən özüm də gələcəm. Əməliyyatdan bir gün əvvəl Hikmət doktorla əlaqə saxladıq, bizə dedi ki, mən başqa yerdəyəm gələ bilmirəm. Verdiyev Nazim əməliyyatı apardı, lakin o da əvvəlki kimi işi başdansovdu gördü. 2012 - ci ildə səhhətimin pisləşməsiylə bağlı MRT-dən keçərkən məlum oldu ki, yenə əməliyyatın yerinə su yığılıb. 2012-ci ildə həkimlərin tələb etdiyi qədər pulum olmadığı üçün üçüncü əməliyyatım da uğursuz oldu. Bu dəfə də əməliyyatımı yenə 3-cü şöbənin müdüri Verdiyev Nazim etdi.

2014-cü ildə narahatçılığımla bağlı yenidən MRT olunarkən, məlum oldu ki, bu dəfə şiş inkişaf edib, böyüyüb. 4-cü əməliyyata ehtiyac var. Belə olan halda yenidən cənab prezidentə və Səhiyyə Nazirliyinə müraciət etdim. Hətta ərizə ilə Heydər Əliyev Fondunda qəbulda oldum. Mehriban Əliyevanın köməkçisi məni qəbul etdi, dedi ki, ərizənizi xanıma çatdıracam. Amma görünür mənim ərizəm Mehriban xanıma çatdırılmadığı üçün mənə heç bir yardım edilmədi. Belə olan halda böyük ümidlərlə əlillərin xaricdə müalicəsi ilə məşğul olan komissiyaya müraciət etdim. Müraciətimə də, sübut üçün 3 uğursuz əməliyyatın epiqirizlərini əlavə etdim. Amma komissiyada ərizəmə baxılaraq bu əməliyyatın respublikamızda uğurlu aparıldığını bildirərək, əməliyyatın xaricdə aparılmasına ehtiyac olmadığını bildirdilər və  yenidən Əhmədli Neyrocərrahiyyə Xəstəxanasına göndərdilər. Əhmədli Neyrocərrahiyyə xəstəxanasına getdim, orada bir həftə yatdıqdan sonra, mənə bildirdilər ki, açıq əməliyyat risklidir bunu edə bilmərik, get nə qədər Allah ömür verib yaşa. Xəstəxanadan çıxandan sonra müalicəylə bağlı bir neçə özəl klinikalarla maraqlandım “Medera Hospitalda” Türk Neyrocərrah Ləvənd doktorun qəbulunda oldum. O da açıq əməliyyatın rıskli olduğunu bildirdi. MRT-nin görüntülərini Türkiyəyə göndərdi. Ordan cavab gəldi ki, orda lazerlə əməliyyat mümkündür. Əməliyyata 10.000 manat pul lazımdır. Mən bu barədə Dövlət Sosial Müdafiyə Fonduna müraciət etdim ki, mənə köməklik etsinlər. Onlar mənə xəstələrin xaricdə müalicəsi ilə məşğul olan komissiyaya müraciət etməyimi bildirdilər. Mən yenidən 2014 - cü ildə xəstələrin xaricdə müalicəsiylə məşğul olan komissiyaya bütün faktları sənədləri əlavə edərək müraciət etdim. Yenə ərizəmin üstünə eyni cavab yazaraq, geri qaytarıldı. Amma bu dəfə mənim siz hansı uğurdan danışırsınız ki, üç əməliyyatın hər biri məni daha da geri saldı, deyə fikrimi bildirdim. Lakin buna nə DSMF-dən nə də, komissiyadan cavab verən olmadı.

Hörmətli Tapdıq müəllim, sizdən qəzetiniz vasitəsilə problemlərimin işıqlandırılmasını istəyirəm və bu işin həllinin tapılmasında mənə köməklik etmənizi, səsimin aidiyyatı orqanlara çatdırilmasında yardımçı olmanızı xahış edirəm. İkinci problemim isə mənzillə bağlıdır. Belə ki, mən mərhum prezidentimiz Heydər Əliyevin 2000-ci ildə əlillərin rifah halının, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı fərmana əsasən 4 nəfər ailə üzvümlə bərabər 1 otaqda yaşadığımdan, mənzil şəraitimi yaxşılaşdırmaq üçün 2000-ci ildə 2-ci qrup gözdən əlil kimi mənzil növbəsində durmuşam. Səhhətim daha da ağırlaşdığı üçün 2009-cu ildə 1-ci qrup əlillik almışam və 2010-cu ildə 1-ci qrup əlil kimi yenidən ev üçün müraciət etmişəm. Hətta evdəki şəraitsizlikdən 2001-ci ildə bir övladımızı da itirmişik. Övladım evdəki ağır nəmişlik şəraitinin qurbanı oldu və dünyasını dəyişdi. Bu barədə də prezidentə, Birinci vitse-prezidentə, Milli Məclisə dəfələrlə müraciət etmişəm. Bütün müraciətlərimi mən kimdən şikayət edirəmsə, qaytarıb göndərirlər həm şəxsin üstünə. Yəni şikayətim Sumqayıt İcra Hakimiyyətinə göndərilib, onlar da göndərib mənzil bölgüsü ilə məşğul olan idarəyə. Lakin müraciətlərimin üstündən illər keçməsinə baxmayaraq, eyni cavab verirlər ki, mənzillər növbəlilik əsasında verilir, siz də növbəniz çatanda alacaqsınız. Amma nədənsə mənə növbə çatmır ki, çatmır. 2015-2016 -cı illərdə yeni təyin olunmuş icra başçımız Zakir Fərəcovun da qəbulunda oldum. Dedim bəlkə bu icra başçısı insafa gələr, mənim şəraitimi yaxşılaşdırar. Amma yanılmışam. Cənab Zakir Fərəcova dedim ki, mənə köməklik edin, evim olsun, ailə üzvümlə birlikdə bir otaqlı mənzildə dörd nəfər yaşayırıq (əgər buna yaşamaq demək mümkündürsə). Yaşayışımız çox ağırdır. Ya məni evlə təmin edin, ya da heç olmasa 5 -sot torpaq sahəsi ayırın ki, mənzil şəraitimi yaxşılaşdırım. Zakir Fərəcov dedi ki, sənin bir otağın var get yaşa, başqalarının heç o da yoxdur. Hələ ev tikilmir, 2017- 2018-ci illərin planında da tikilməsi nəzərdə tutulmur. Halbuki İcra başçısı Zakir Fərəcov hələ Sumqayıt bələdiyyəsinin sədri olarkən “Yaşıl dərə” deyilən ərazidə öz oğlu üçün hektarlarla yer zəbt edib, Corat ərazisində isə qızı üçün hektarlarla yer ayırıb. Nədən cənab Zakir Fərəcov və digər onun kimi dövlətin balansında olan torpaqları mənimsəməklə öz övladlarının güzaranını yaxşılaşdıran məmurlar hektarlarla yeri zəbt etməli, villalarda yaşamalı, mənim kimi 1-ci qurup əlil isə bir otaqla kifayətlənməlidir? Bu ona görədir ki, Zakir Fərəcov bələdiyyə sədri, indi isə İcra Hakimiyyətinin başçısıdır, yoxsa bunun başqa səbəbləri də var?

 Redaksiyadan: Açığını demək lazımdır ki, şikayətçinin bu sualına cavab vermək bir mətbu orqanı olaraq bizim üçün çox çətindir. Lakin Respublikanın Baş Prokurorlğu, həmin qurumun tərkibində fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu faktları araşdıraraq öz nəzarətinə götürə bilərlər.

Onu da qeyd edək ki, bu faktlar səhiyyə naziri Oqtay Şirəliyev və Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov üçün də maraqı ola bilər.

 Hazırladı: Şahnaz Salehqızı

0.080904960632324