Müəllim ADPU rektorunu günahlandırır, mətbuat xidməti isə müəllimi təkzib edir
Azərbaycan Dövlət Pedaqoji Universitetində nələr baş verir?
Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 15, mənzil 1/4-də yaşayan YAP-nın üzvü, ADPU-nin sabiq əməkdaşı, 1969-cu ildə anadan olmuş Hüseynov Vidadi Fərzəli oğlunun adından redaksiyamıza daxil olan bu şikayət ərizəsi həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya: Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədova: Yeni Azərbaycan Partiyası sədrinin müavini cənab Əli Əhmədova: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Möhbalıyevə: Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova ünvanlanıb.
Ərizədə Azərbaycan Dövlət Pedaqoji Universitetində rəhbərliyin şəxsində insanların necə ələ salınıb, alçaldılmasından, insan taleyinə biğanəlikdən bəhs olunur.
Şikayətçi müraciətdə yazır:
- Çox hörmətli Mehriban xanım!
Mən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq əməkdaşı, 07.02.2017-ci il tarixində naməlum səbəblərlə məndən o vaxtı Cəfər müəllimin özü ilə gətirdiyi insan resursları şöbəsinin müdiri Aftandil Bayramov iki ayrı-ayrı ərizə aldı, biri tutduğum vəzifədən azad olunmağımla bağlı, ikinci ərizə ilə struktur dəyişiklikləri ilə bağlı yeni yaradılan (Cəfər Cəfərova qədər Universitetin böyük dispetçeri vəzifəsində işləmişəm, 19.09.2016-cı il tarixdə həmən vəzifənin adı dəyişdirilərək, "Təhsilin idarə olunması və monitorinq" bölməsi yaradıldı) bölməyə nəzarətçi (dispetçer) təyin etdilər. Aftandil Bayramov dedi ki, rektorla danışmışam, hələ ki, bölmə müdiri ADPU-ya qoşulan Müəllimlər İnstitutundan gələn Razim müəllimi təyin edilir, bir neçə aya onu ayrı işə göndərəcəyik və səni bölmə müdiri (böyük dispetçer) vəzifəsinə keçirəcəyik.
Razim müəllim bölmə müdiri olsa da, tədris və intizamla bağlı hesabatları həm A.Bayramova, həm də S.Əliyeva və digər aidiyyəti şöbələrə mən təqdim etmişəm. Məndən ərizə alındanda (həm bölmə müdiri keçməyimlə, həm də işdən çıxarılmağımla bağlı) rəsmilərin səmimiyyətinə və vədlərinə inanmışdım ki, "Təhsilin keyfiyyətinə nəzarət və monitorinq" bölməsinə müdir təyin olunacağam.
Əslində isə birinci ərizə ilə məni işdən çıxardılar, ikinci ərizə isə ortaya çıxmadı. Məni aldadıb bu yolla işdən çıxardılar (əslində, bölmə müdiri keçməyimlə əlaqədar daha əvvəl ərizəm alınmışdı). Daha sonra A.Bayramovun özünü işdən çıxartdıqlarına görə, bir daha nə onu görə , nə də kiməsə nəyisə sübut edə bildim. Mühasibatlıqdan son hesablaşma da verilmədi.
İşdən çıxarılmağımla bağlı kifayət qədər dövlət və hökumət orqanlarına və eləcə də Universitetin rektoruna yazılı müraciətlər etmişəm və şəxsi görüşlərdə olmuşam. Bu görüşlərimin və müraciətlərimin nəticəsi olaraq Təhsil Nazirliyinin 04.05.2018-ci il tarixli, H-2704/04/0924, ADPU-nun 15.05.2018-ci il tarixli, 07.054/392 nömrəli cavab məktublarında qeyd olunur ki, (surəti əlavə olunur) vakant yer olduğu halda işə götürülə bilərsiniz.
Eyni zamanda Universitet rektorunun təşəbbüsü ilə 12.07.2018-ci il tarixində mənim ev və mobil telefonuma zəng vurularaq 13.07.2018-ci il tarixinə rektorun qəbulunda dəvət olunmuşam və həmin tarixdə rektorun ümumi qəbulunda olmuşam. Cəfər müəllim qəbulda olan İnsan Resursları şöbəsinin müdiri Qumral xanım Qədimovaya mənim sənədlərimi qəbil etməyini və avqust ayının sonunda 15-ə qədər yer olacağını, müvafiq bir yeri seçməyimə şərait yaratmağı barədə göstəriş verdi. Mən çox böyük sevinc və arxayınlıqla deyilən müddəti gözlədim, avqust ayında həvəslə universitetə gəldim. Bu gün-sabahlar başldı. Onda tədris işləri üzrə prorektor Eldar Aslanovun (rektor məni qəbul edəndə Eldar müəllim də orada iştirak edirdi) qəbuluna getdim.
Eldar müəllim mənə dedi ki, "səni tanımıram, mənim vaxtımda olmayıb. Ancaq sən get ayrı yerdə iş axtar". Özünün dediyi kimi, Azərbaycandan Rusiyaya sərnişin daşıyan marşrut xətlərində fəaliyyət göstərib. Mənə də məsləhət verirdi ki, o qədər qazanclı işlər var, sən də özünü belə işlərin birində sına. Pedaqoji Universitetin baş pedaqoqu olan adam özü pedaqoq deyilsə, politoloqdursa, başqa şərhə ehtiyac yoxdur.
Bütün bunlar baradə yenidən Cəfər müəllimə müraciət etməli oldum. Yenə bu gün-sabahlar başladı. 2018-ci ilin dekabr ayının sonlarında Qumral xanım mənim mobil telefonuma zəng açdı və Universitetə gəlməyimi xahiş etdi. Mən həmən gün Qumral xanımın yanına getdim, çox hörmətlə, nəzakətlə məni qarşıladı və dedi ki, "Cəfər müəllim mənə və baş hüquqşünasa səni müvafiq işlə təmin olmağınızı tapşırıb".
Qumral xanım, Zakir müəllim və mənim iştirakımla məsləhətləşmələrdən sonra dedilər ki, ilin sonudur, heç cür yer tapa bilmirik və mən də razılaşdım, çünki bir səmimiyyət görürdüm. 2019-cu ilin yanvar ayında "İnsan və heyvan fiziologiyası" kafedrasının müəllimi rəhmətə getdi, onun dərsləri (II yarım illik) boş qalırdı. Mən bir neçə dəfə əlaqədar adamlara müraciət etdim, çox çətinliklə "Kimya və biologiya" fakültəsinin dekanı, "İnsan və heyvan fiziologiyası" kafedrasının müdirinin imzası ilə həmən müəllimin dərslərini saat hesabı qaydası ilə təqdimat aldım (təqdimatın surətini Sizə göndərirəm), dəftərxanaya təqdim etdim və qeydiyyatdan keçirildi. Amma mənə dedilər ki, həmən saatları Eldar müəllim Fatma müəllimə adlı bir xanım üçün xahiş edib, dekanlıq onun ancaq tibb təhsili olduğu üçün məqsədəuyğun saymayıb, həmən Fatma müəllimə də baş mühasibin "adamıdır".
Mən özüm də şahid oldum ki, baş mühasib həmin müəllim haqqında kafedra müdirindən dəhlizdə bu barədə nəsə soruşdu, sonra bildirdi ki, Eldar müəllim deyir ki, hələ bu iş saxlanılsın. Hər kəsin saat hesablı təqdimatı tədris şöbəsinə gəlsə də, mənim təqdimatımı Eldar müəllim hara atdısa, bilən olmadı. Mən yenidən rektorun qəbuluna düşmək istədim. Katibə xanım dedi ki, biz sizə kağız veriririk, siz bunlara qol çəkdirin, çəkdirə bilsəniz yaxınlaşın, qəbula yazılın.
Gördüm bu qaydada qəbula girə bilmərəm, (rektorun qəbuluna buraxılış vərəqəsini Eldar müəllim də imzalamalı idi) Nazirliyin 146 xidmətinə zəng vurdum və sağ olsunlar ki, məni qəbula yazdılar. 05.02.2019-cu il tarixində rektorun qəbulunda oldum. Yenə hamı orada idi.
Cəfər müəllimin ilk sözdən əvvəlki səmimiyyəti açıq-aydın göstərməyini görürdüm. Mənim təqdimatım yoxdur, xahişi ilə müraciət etdim. Eldar müəllim dedi ki, məndədir, mən buraxmamışam, çünki Vidadi Hüseynov müəllim kimi işləməyib.
Mən dedim ki, bu fənndən 8 il müəllim işləyib və dərs demişəm. Ondan başqa elmi dərəcəsi olanları Eldar müəllim saxlayaraq, əvəzinə təkcə magistratura təhsili olan nə qədər müəllim işə götürmüsünüz. Mənə dolğun heç bir səbəb göstərə bilmədilər.
Cəfər müəllim bir bunu dedi ki, "mən həmişə burada qalan deyiləm, mən işdən çıxandan sonra gəlib işləyərsən".
Düşünürəm ki, aşağıda göstərilənlərdən biri mənim işə götürülməməyimə səbəb olub, eləcə də Eldar müəllim rektorla mənim aramda narazılığın yaranmasında başlıca səbəbkardır:
1.Yəqin ki, bu müddət ərzində Eldar müəllim nəsə umub. Çünki onu da dedilər, sonra bəs necə daimi müəllim keçərsən?
2.Burada regionçuluq mühüm rol oynayır.
3.Eldar müəllimin adamı keçmədisə, heç kim keçə bilməz. Məncə, ən optimal variant budur.
Bütün bunları araşdırmaqdan ötrü qardaşım yenə də Təhsil Nazirliyinin 146 xidmətinin hesabına 15.02.2019-cu il tarixdə rektorun qəbuluna düşə bildi. Yenə heç bir səbəb, dolayı sözlər, gələcəkdə görək nə olur.
Cəfər müəllim deyir ki, Lerikə istirahətə getmişdim (yanvarda), dedilər burada məktəblər bağlıdı, qardaşın təcrübəlidir, getsin Lerikdə işləsin. Hansı məntiqlə?
Rektorun necə məni aldatdığından, Lerik rayon sakinlərinin demək olar ki, əksəriyyətinin məlumatı var. Rəhbərə yaraşmayan mövqe, hərəkəti, dediyi sözün üstündə durmaması mənim və Lerik rayon sakinlərinin hiddətinə səbəb oldu və bu barədə 25.02.2019-cu il tarixdə 200 nəfərdən artıq sakin cənab Prezidentə və Birinci vitse-prezidentə müraciət etmək məcburiyyətində qaldılar.
Bildirim ki, mənim rəhmətlik atam uzun müddət məktəb direktoru işləyib, rayon üzrə tanınmış ziyalı, kənd sovetliyinin deputatı olub. Bundan başqa Ulu Öndər Heydər Əliyevin birinci prezident seçkisi dönəmində mərhum atam seçki komissiyasının sədri olub. Qardaşlarım da ali təhsilli ziyalıdır, doğulduğumuz kənddə yaşayır və işləyirlər. Özüm də daim Lerik rayonunun və doğulduğum kəndin, eləcə də ətraf kəndlərin bütün xeyir və şər işlərində yaxından iştirak etmişəm, sakinlərin məhəbbətini qazanmışam.
Bəzi məmurlar isə elə bil xalqı dövlətdən narazı salmaqla məşğuldurlar. Ailəmdə iki uşaq ali məktəb tələbəsi, biri orta məktəb şagirdi və bunlar atasının başına gələnləri iki ildən çox işsiz qaldığını dərk edirlər. Mən bunlara Vətənə sevgini necə təbliğ edim? İki aydan sonra oğlum hərbi xidmətə çağırılacaq. Hansı həvəslə?
Dərsdən sonra fəhləlik edərək evə çörək pulu gətirən, "getsəm necə olacaq ailəmin vəziyyəti" düşünən bir əsgərdən nə xidmət gözləmək olar? Gənclərimizi bu cür ruhdan salanlar isə bəzi məmurlardır. Cənab Prezident, nə qədər bu məmurların səhvini düzəldər, və ya onları biabırçı şəkildə işdən uzaqlaşdırar. Axı biz bu cür insanların sonrakı talelərini görmüşük.
Mən və ailəm həmişə sədaqətimizlə Sizin yanınızdayıq, bu cür qeyri-peşəkar rəhbərlərin hərəkəti bizi yolumuzdan və əqidəmizdən döndərə bilməz.
Çox hörmətli Mehriban xanım,
Mənə verilən və surətini Sizə göndərdiyim rəsmi qeydiyyatdan keçən təqdimatın sonunu aydınlaşdırmaq, həm Təhsil Nazirliyinin 04.05.2018-ci il tarixli, H-2704/04/0924, həm də ADPU-nun 15.05.2018-ci il tarixli, 07.054/392 nömrəli, vakant yer olduğu haqqında məktublarının icrasına nəzarəti götürülənlərin və öz ərizəsi ilə gedənlərin (işdən çıxarılanların) monitorınqinin keçirilməsinə göstəriş verməyinizi, və məsələni şəxsi nəzarətinizdə saxlamağınızı xahiş edirəm. Onda sübut olunar ki, rəsmi şəkildə göndərilən məktublarla insanları aldatmaq, heysiyyatına və ləyaqətinə hörməsizlik etmək olmaz. Bu, rəhbər işçilərə yaraşmayan haldır, belə münasibət insanlarda ruh düşkünlüyü yaradır və Sizin apardığınız sosial- siyasi xəttə ziddir.
Pozulmuş hüquqlarımın bərpa olunaraq yenidən işlədiyim doğma kollektivə qaytarılmağıma köməklik etməyinizi xahiş edirəm.
Hüseynov Vidadi Fərzəli oğlu
Redaksiyadan: Bu şikayət ərizəsində kimin haqlı, kimin haqsız olduğuna ancaq ADPU-nun rektoru Cəfər Cəfərov cavab verə bilər, ona görə də hörmətli rektordan bu ərizəyə rəsmi cavab verməsini xahiş edirik.
Hazırladı: Tahir Abbaslı
Şikayətə qarşı tərəfin münasibəti isə belədir:
"Hörmətli Tapdıq müəllim!
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin Tədrisin keyfiyyətinin idarə olunması və monitorinq bölməsinin sabiq nəzarətçisi Vidadi Fərzəli oğlu Hüseynovun sizə ünvanladığı müraciətə cavab olaraq bildiririk ki, Vidadi Hüseynovun 06.02.2017-ci il tarixli ərizəsinə əsasən o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a) bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. Vidadi Hüseynova qarşı heç bir haqsızlığa, ədalətsizliyə yol verilməmişdir. Dövlət başçısına ünvanlanan müraciəti imza edən 207 nəfər Lerik rayon sakininin görünür ki, bu barədə dəqiq məlumatı yoxdur. Çox təəssüflər olsun ki, Vidadi Hüseynov onları yanlış məlumatlandırmış, hətta məsələni siyasiləşdirməyə çalışmışdır.
Müraciətdə iddia edilir ki, guya Vidadi Hüseynovdan iki ərizə alınıb. Bu fikirlər həqiqəti əks etdirmir. Əgər belə bir hal olmuşdursa, birincisi, Vidadi Hüseynov niyə ərizə yazırdı, ikincisi, bu barədə məhkəməyə, yaxud digər müvafiq dövlət təşkilatlarıına niyə müraciət etmirdi? Əmək müqaviləsinə xitam verildikdən uzun müddət sonra Vidadi Hüseynov Azərbaycan Respublikasının dövlət və hakimiyyət orqanlarına saysız-hesabsız məktublar yazaraq işdən haqsız çıxarılmasını iddia etmişdir. ADPU adıçəkilən orqanlara Vidadi Hüseynovun yazdığı ərizənin və barəsində verilmiş əmrin surətlərini təqdim etmişdir. Bütün bu həqiqətlərə əhəmiyyət verməyən Vidadi Hüseynov Lerik rayon sakinləri adından dövlət və hakimiyyət orqanlarına haqsız müraciətlər yazır, əsassız tələblər qoyur. Diqqətinizə çatdırmaq istəyirik ki, Vidadi Hüseynov Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kaferdrasında müəllim işləmək istəyir. Vidadi Hüseynov bilməlidir ki, müəllim vəzifəsini tutmaq üçün Əmək Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq müsabiqədən keçmək lazımdır. ADPU-nun Vidadi Hüseynovun qarşısında hər hansı bir öhdəliyi yoxdur.Müraciətdə göstərilən digər məqamlarda Vidadi Hüseynovun subyektiv fikirləri, şəxsi mülahizələridir. Bu fikir və mülahizələrin isə heç bir hüquqi əsası yoxdur. Onu da qeyd etmək istəyirik ki, Vidadi Hüseynovun eyni mahiyyətli ərizələri araşdırılaraq 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə və Təhsil Nazirliyinə müvafiq yazılı cavablar verilmişdir.
Son illər ADPU-da təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi, idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi, pedaqoji və elmi-pedaqoji
kadr hazırlığının səviyyəsinin yüksəldilməsi, aşkarlığın, şəffaflığın və obyektivliyin təmin edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün böyük islahatlar, yeniliklər, layihələr həyata keçirilir. ADPU–nun təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, tədqiqat universiteti statusunu qazanması üçün səmərəli məqsədyönlü fəaliyyət gerçəkləşdirilir. Bu səmərəli məqsədyönlü fəaliyyət ADPU-nun çoxminlik professor-müəllim heyəti və tələbə kollektivi, eyni zamanda ölkənin təhsil ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və təqdir edilir.
Xüsusi qeyd etmək istəyirik ki, ölkəmizin bütün vətəndaşları dilindən, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim üçün dəyərlidir. Belə olan halda reqionçuluğu, yaxud etnik mənsubiyyəti iddia etmək əsassızdır və ədalətsizlikdir. Belə həqiqətə uyğun olmayan müraciət isə minlərlə əməkdaşın işlədiyi universitetdə aparılan uğurlu yeniləşmə, müasirləşmə prosesinə kölgə salmağa çalışmaqdır.
Biz belə gerçəklikdən uzaq yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək, universitetin rəhbərliyinin şərəf və ləyaqətinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk. İctimaiyyətin, xüsusilə də, ictimai rəyin ölkədə aparılan islahatlara dəstəyi olduqca vacibdir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin bütün kollektivində böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Bu tip yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Buna görə də hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik."
Mənsur İbrahimov,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdir