Azərbaycanda vicdan və dini etiqad azadlığı beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilir

Azərbaycanda vicdan və dini etiqad azadlığı beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilir

Azərbaycan öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib

 Müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə yaşayan müxtəlif xalqlar və dinlər arasında münasibətlərin tənzimlənməsi, dövlətimizin qarşısında duran ən əsas problemlərdən biri kimi, çox böyük əhəmiyyət kəsb edirdi. Çünki müstəqilliyin ilk illərində baş qaldıran bəzi separatizm və dinlərarası qarşıdurma halları minillər böyu ölkəmizin ərazisində yaşayan xalqlar arasında da şübhə toxumları səpilmişdi. Bu halların genişlənməsində maraqlı olan quvvələrin də əsas məqsədi, müstəqil dövlətimizin bərqərar olmasına imkan verməmək, onu kimlərinsə vassalına çevirməkdən idi. Lakin xalqın tələb və təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xalqımız bu böhrandan qurtula bildi. Ulu Öndərimizin hakimiyyətə qayıdışı, təkcə azərbaycanlıların deyil, ölkəmizin ərazisində yaşayan butun azsaylı xalqların və etink qrupların, eləcədə müxtəlif dinlərə ibadət edən insanların ürəklərində ümiq qığılcımını alovlandırdı. Bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həm regionda, həm də beynəlxalq miqyasda əldə etdiyimiz nailiyyətlər də, heç şübhəsiz ki, Ümummilli Liderimizin təməlini qoyduğu azərbaycançılıq ideologiyasının dövlət başçımız tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir. Bu uğurlar həyatımızın bütün sahələrini əhatə etdiyi kimi, ictimai-siyasi və sosial həyatımızda mühüm yer tutuan dini-mənəvi sahəyə də öz müsbət təsirini göstərir. Bu gün hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın, "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi

imkanlardan istifadə edərək etiqad azadlığını tam şəkildə həyata keçirmək imkanlarına malikdir.

Bu da məlum həqiqətdir ki, respublikamızda fəaliyyət göstərən dini konfessiyalar, azsaylı xalqlar və etnik qruplar arasında tarixin heç bir dönəmində nəinki hər hansı qarşıdurma müşahidə olunmayıb, əksinə, ölkəmizdə müstəqilliyin ilk illərində baş qaldıran anlaşılmazlıqlar onları daha da yaxınlaşdırıb və bir-birilərinə dəstək olublar. Onların arasındakı münasibətlər birgə əməkdaşlıq mərhələsindən yeni dövrə - qarşılıqlı yardımlaşma, empatiya mərhələsinə keçib. Bunu hər hansı dini konfessiyanın ibadət evi inşa edərkən digər konfessiyaların ona dəstək verməsində və yardım göstərməsində də əyani şəkildə görürük. 2003-cü ildə Bakıda Avropa yəhudiləri üçün sinaqoq tikilərkən ölkəmizdəki digər dini konfessiyalar onlara həm mənəvi, həm də maddi dəstək göstəriblər. Bakıda katolik kilsəsi inşa edilən zaman isə Qafqaz Müsəlmanları İdarəsi, Dağ və Avropa yəhudiləri, eləcə də pravoslav kilsəsi bir araya gələrək vəsait toplayıblar və inşaat işinə maddi yardım göstəriblər. Bu kimi hallar ölkəmizdə mövcud olan tolerantlığın və multikultural dəyərlərə verilən dəyərin açıq təzahürüdür. Ölkəmizdə səfərdə olan bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri də etiraf edirlər ki, bu, dünyanın heç bir yerində yaşanmayan ünikal tolerantlıq nümunəsidir. Yəni, belə faktlar dünyanın bir çox ölkələrində müşahidə etdiyimiz anlaşılmazlıqların, qarşıdurmaların, nəinki fərqli din mənsublarının, hətta eyni dinin müxtəlif məzhəblərinin

nümayəndələrinin bir-birinə düşmən gözü ilə baxması fonunda olduqca ürəkaçan və qürurverici haldır və hər kəs bundan nümunə götürməlidir. Əgər biz mövcud dünyamızda sülh və əmin-amanlıq içində birgə yaşamaq istəyiriksə, bunun multikulturalizm və tolerantlıqdan başqa yolu yoxdur. Bunu

da qeyd etmək vacibdir ki, bu gün müasir Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar, etnik və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin, multikulturallığın və tolerantlığın ən ideal modelinin formalaşmasında onların ortaq taleyə sahib olmaları da mühüm rol oynayır. Tarix boyu bu torpaqlarda məskunlaşan müxtəlif xalqların və etnik qrupların nümayəndələri də, zaman-zaman azərbaycanlılarla birgə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşüblər və bu da dini-mədəni baxışlarındakı fərqlərə baxmayaraq, onların bir-birinə daha da yaxınlaşmasına, dəstək olmasına səbəb olub.

Sevindirici haldır ki, bu dostluq və qardaşlıq, tolerant və multikultural münasibətlər hər ötən gün daha da möhkəmlənən, təkcə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində öz əksini tapan dəyərə çevrilib. Bunun əsas səbəblərindən biri milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəalarının Azərbaycan Konstitusiyasında, "Dini etiqad azadlığı haqqında" qanunda təsbit olunmasıdır. Ölkəmizdə tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri

möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb və bu sahədə bir nümunəyə çevrilib.

Bu da səbəbsiz deyil. Bu gün müxtəlif etnik qrupların öz dillərini, mədəni dəyərlərini qoruyub saxlamaları, dini inanclarını rahat yerinə yetirə bilmələri üçün dövlət tərəfindən lazımi şərait yaradılıb. Milli azlıqların öz bayramlarını qeyd etmələri, bayram günlərdə dövlət başçısından təbrik almaları, əhalinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olsa da, dövlətimizin respublika ərazisində yaşayan bütün dinlərin nümayəndələrinə eyni diqqətin göstərməsi, onlara müsəlmanlarla bərabər hüquqların verilməsi ölkəmizdə bugünkü mənzərəni formalaşdırıb. Belə demək mümkünsə, hər hansı bir xalqın tolerant düşüncəyə sahib olması, onun keçmişi ilə nə qədər bağlıdırsa, qorunub saxlanılması da, ona rəhbərlik edən şəxslərin iradəsindən bir o qədər asılıdır. Bu mənada birmənalı şəkildə vurğulamaq olar ki, ölkəmizdə yaşayan milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, din, tarix və adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi işi ümummilli liderin şəxsi iradəsi və təşəbbüsü əsasında qanuni müstəviyə çıxarılıb, dövlət siyasətinin prioritet istiqamətinə çevrilib və dövlət başçımız tərəfindən davam etdirilir. Ümummilli Liderimiz Heydər Əliyev də zamanında məsələyə belə münasibət bildirib: "Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu

torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər də zəngin olar". Yəni, Azərbaycan xalqının Ümummilli Liderinin formalaşdırdığı azərbaycançılıq ideologiyasının təməl sütunlarını da, məhz bu yanaşma təşkil edir.

Təməli Ulu Öndərimiz tətəfindən qoyulan azərbaycançılıq ideologiyası xalqımızın əzab-əziyyətlə nail olduğu tarixi sərvət və real müstəqilliyə nail olmaq, vahid, bölünməz dövlətimizi qoruyub saxlamaq və möhkəmləndirmək üçün ən vacib vasitələrdən biridir. Akademik Ramiz Mehdiyev öz əsərində Azərbaycançılığa belə tərif verib: "Azərbaycançılığın mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. Azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır".

Akademik Ramiz Mehdiyev həmçinin qeyd edir ki, Azərbaycançılıq nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcək və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributları olacaq.

Öz mənalı həyatının böyük hissəsini doğma vətəni Azərbaycanın, xalqının rifahı üçün fəda edən Ulu Öndərimiz Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə cəmiyyətin bütün sahələrində olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini-mənəvi dəyərlərinin qorunmasında, dini tolerantlığın möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib. Dini dözümlülüyü, tolerantlığı daim dəstəkləyən Ümummilli liderimiz gənclərimizin də bu ruhda tərbiyə olunmasının vacibliyini hər zaman vurğulayıb. Ulu Öndərimiz yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə olunmalarının önəmli məsələrdən biri olduğunu bildirərək deyib: "Müasir dövrdə bu, çox mürəkkəb və çətindir, ancaq ümid edirəm ki, xalqımız bu ali keyfiyyəti heç vaxt itirməyəcək".

Ümummilli Lider Heydər Əliyevin bütün sahələr üzrə siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində son illər çox böyük işlər görülüb, layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə islam mədəniyyətilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, eləcə də digər dinlərə aid müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası işləri həyata keçirilib. Azərbaycan dövlətinin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, bu istiqamətdə çoxsaylı beynəlxalq konfranslar keçirməsində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək olar.

Bünün görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.057935953140259