Təqaüdün növləri çox, onu əldə etməyin yolu isə birdir

Ali təhsilin bakalavr və magistr pilləsində öyrəncini daha yaxşı oxumağa sövq edən amillərdən biri, bəlkə də birincisi, tələbə təqaüdüdür. Xaricdə təhsil almaq istəyən, amma maddi durumu zəif olan gənclərimizi də ilk növbədə gedəcəyi ölkə və oxuyacağı ali təhsil müəssisəsində hansı meyyarlar və nə həcmdə təqaüd verildiyi maraqlandırır. Bu da təbiidir, çünki hətta orta səviyyədə yaşayan azərbaycanlı ailəsi üçün xaricdə övlad oxutmaq elə də asan məsələ deyil. Biz bu yazıda təhsil üzrə ekspert Kamran Əsədovla məhz bu məsələyə aydınlıq gətirməyə çalışacağıq:

“Başlayaq təqaüdün ən çox duyulan növündən. Bu Need-based Scholarships ali təqaüddür, əsasən ehtiyac əsasında verilir. Dünyada demək olar ki hər ölkədə mövcüddür, amma nümunə olaraq İtaliyanın adını çəkmək olar. İtaliya höküməti valideynlərin ehtiyaclarını nəzərə alaraq tələbələrə minimum təqaüd təyin edir. Bəzi ölkələr bunu xarici tələbələrə aid etsə də əksəriyyəti öz vətəndaşları üçün edir. Məsələn, qaçqın statusu olanlar təhsil xərcindən azad edilir. Azərbaycanda bundan istifadə edənlər var amma yalnış istifadə edənlər də çoxdur. Ona görə də son zamanlar İtalyan səfiliyi tələbə vizalarına rədd cavabları verməyə başladı. Təhsil Nazirliyinin və Türkiyə Burslarının təqaüdü merit-based sisteminə oxşasa da prinsipcə need-based kateqoriyasına daxildir. Çünki onlar daha çox ehtiyacdan doğur. Merit-based Scholarships. Bu tipli təqaüdlər dünyada demək olar ki çoxluq təşkil edir. Bu təqaüdü almaq üçün tələblərin çox yüksək GPA (ortalama bal) bala nail olması, yəni əlaçı tələbə, yüksək test nəticələri (TQDK, SAT, IELTS, TOEFL, GRE, GMAT) və xüsüsi istedadlarının olması nəzərə alaraq verilir.

Mən şəxsən özüm də bu tipli təqaüd ilə ABŞ-da magistr təhsili almışam. Orda Graduate Assistant adlı təqaüd olur. Bunun üçün həm amerikalılar, həm də xaricilər yarışır. Əsas sizi köməkçi götürəcək professorun onun işinə yararlı olmağınızdır. Ona kömək lazımdır hər hansı sahədə və əgər siz o sahədə güclü bacarığa sahibsinizsə, sizi qəbul edə bilər. Onlar üçün tənbəl amerikalıdansa, iş görəcək əcnəbi tələbə daha önəmlidir. University-based Scholarshipsa az da olsa universitetlər xüsusi sahələr üzrlə təqaüdlər elan edirlər. Bu, bir neçə yönümlü ola bilər. Həmin proqramı məşhurlaşdırmaq üçün, ya da xüsusi istedlarıları həmin proqrama cəlb etmək üçün. Məsələn University of Southampton Management üzrə vaxtı ilə IELTS 6.5 toplayan və GPA 80-dən yuxarı olan tələbələ 8 min funta yaxın təqaüd verirdi. Amma bundan çox az tələbə yararlana bilirdı. Çünki hər kəs tam təqaüd istəyir. Amma İngiltərə universitetləri öz hesablarına formalaşır və tam təqaüd çox azdır çünki universitet pulsuz işləyə bilməz. Britaniya universitetləri Avropa Birliyi və öz vətəndəşları üçün ödənişlər az olduğu üçün bütün gəlirlərini xarici tələbədən əldə edirlər. Yarı təqaüdlər və ya tam ödənişi ləğv edən təqaüdlər də var, amma burada rəqabət də çoxdur. Qalan təqaüd tipləri  Azərbaycanda çox da keçərli deyil və az saydadır. Məsələn Scholarships for Women, Athletic Scholarships, Scholarships for Minorities, Creative Scholarships və sair. Amma əsas məsələ bunları necə əldə etməkdir və düzgün təqaüdlərə baş vurmaqdır. İlk olaraq qeyd etmək lazımdır ki, bakalavr üzrə təqaüdlər çox azdır.

Azərbaycanlıların qardaş Türkiyə Burslarına müraciətləri də çoxdur amma çox bakalavrın təqaüd ala biləcəyinə inanmıram. Çünki buna ehtiyac yoxdur. Bakalavr pilləsini bitirən tələbə heç ixtisaslaşmış dərəcə qazanmır yəni natamam ali təhsil diplomunu alır. Buna da davamlı olaraq heç kim pul yatırmaq istəmir . Ehtiyac üzündən müəyyən müddət olur və sonra dayandırılır. Məqsədsiz, yəni ehtiyacdan təqaüd verənlər istisna olmaqla. Məsələn Səudi Ərəbistan və onun kimi neftlə zəngin ölkələr. Magistr üçün mütləq təqaüdün növünə, topladığınız bala, ixtisasın uyğunluğuna və Azərbaycan üçün keçərli olduğuna baxmaq lazımdır. Məsələn İtaliyada IELTS olmadan, GPA nəzərə alınmadan bir saxta gəlir mənbəyi göstərməklə təqaüd almağa cəhd edənlərin aqibətləri də bəllidir. Səfirlik bunu anladı və önünü kəsdi. Çünki burda məntiq yoxdur. İtaliya höküməti İngilis dilində bilməyən, Azərbaycanda universiteti zəif oxuyan tələbəyə niyə təqaüd versin? Burda 5 min manat ödəyib arxa qapıdan alınan təqaüdlər bir ildən sonra onsuz da olmayacaq. Yenə öz hesabınıza oxumuş olacaqsınız, ya da unversiteti yarıda qoyub «bir il İtaliyada kef etdim» deyib geri dönəcəksinz. Təəssüf ki, bizdə təqüd almaq yalnış anlaşılır. Təqaüdü arxa qapıdan almaq da sadəcə məntiqsizlikdir və təhsil haqqı 50 mindirsə ondan 20 min təqaüd vermək normaldır amma əgər realdırsa. Yəni real təhsil haqqı 30 mindirsə onun üstünə 20 min qoyub sonra tələbəyə də 20 min təqaüd vermək kimi. Normalda xaricdə təhsil işçiləri təqaüd verə bilməz. Çünki belə bir proqram yoxdur amma təssüflər olsun ki, buna aldananlar var. Belə şeylərə aldanmaq lazım deyil, əsas büdcənizə uyğun olkə seçməlisiniz və reallığı qəbul edib oxumalısınız. Çünki bundan sonra nə manat baha olacaq, nə dövlət çox təqaüd verəcək, nə də Türkiyə çox yer ayıracaq. Azərbaycanda təqaüd anlayışının ilkin mərhələsi bitibdir və məqsəd aydın idi. Tələbələrin xaricdə oxumağa marağını artırmaq. Amma təssüflər olsun ki, bəzi şirkətlər bunu yalnış tərəfə çəkməklə insanları aldadırlar. İndi isə ikinci mərhələ gələn ildən tətbiqə keçəcək. Hədəf daha real və MERİT-BASED əsasında tələbələrə təqaüd ayırmaq. Əminəm ki, bu mərhələdə təqaüd alan tələbələr heç vaxt işsiz qalmayacaq. Hər şey məqsədli olsa sadəcə min tələbədən 600 deyil, 100 tələbə təqaüd alacaq və bu da real olacaq. Dünyada məşhur olan təqaüdlərdən bir növü də hansısa iri şirkətlər və ya imkanlı şəxslər tərəfindən verilənlərdir. Amma bunların heç bir hüquqi əsası yoxdur. Yəni hansısa şirkətin və ya şəxsin müəyyən etdiyi təqaüdü almaq üstünlük hüsab oluna bilməz.

Azərbaycandakı vəziyyət:

1.Ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı: 141274 (Ümümi tələbə163779) nəfər. Təqaüd alanlar: 53408 nəfər Tələbələrin ümumi sayına nisbət: 37,8 %

2.Orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin sayı: 41522 (Ümumi tələbə 44208) nəfər . Dövlət orta ixtisas təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı: 19322 nəfər Tələbələrin ümumi sayına nisbət:46,5%

3.İlk peşə-ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayı: 34658. Peşə təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı: 16532 nəfər. Tələbələrin ümumi sayına nisbət: 54,5%.

2010-cu ildən dövlət ali təhsil ocaqları da özünümaliyələşdirməyə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəsisəsində təhsil alan 60 min tələbənin həmdə təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir. Nəzərinzə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd, və adlı təqaüdlər sistemi mövcuddur. Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramaları da var. Yəni universitetə qəbul olma balına uyğun təqaüd, birdə tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. Yəni hər bir tələbənin hətta ödənişli təhsil alanların belə, təqaüd almaq imkanı var. amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.

Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin. Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat,“Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat,SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün BDU-da 22 ziyalının adına təqaüd verilir, Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur. Hesab edirəm ki, tələbələrin yaşayış xərclərini azaltmaq və onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün. Düşünürəm ki, yataqxana məsələsinin həlli olduqca vacib amildir.

 Şahnaz Salehqızı

0.11529493331909