Azərbaycanın həyata keçirdiyi tolerantlıq və multikulturaizm siyasəti dünyanın bir çox coğrafiyalarını əhatə edir

Azərbaycanın həyata keçirdiyi tolerantlıq və multikulturaizm siyasəti dünyanın bir çox coğrafiyalarını əhatə edir

Antisemitizmin dünyada tüğyan etdiyi dövrdə belə, Azərbaycanda yəhudilər və digər xalqlara qarşı dözümlü münasibət göstərilib

 Bir müddət əvvəl Avstriyanın paytaxtı Vyanada, ATƏT-in baş qərargahında "Tolerantlıq və qeyri-ayrı-seçkilik prinsiplərinin qorunması, o cümlədən din və ya etiqad azadlığının təşviqi və müdafiəsi" mövzusunda insan ölçüsü üzrə birinci əlavə görüş keçirilib. Görüşdə ölkəmizi Prezident Administrasiyası millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib.

 Görüşdə ATƏT-ə üzv dövlətlərin, dini təşkilatların, vətəndaş cəmiyyətini təmsil edən qurumların nümayəndələri, eləcə də beynəlxalq təşkilatlar və ekspertlər ATƏT-ə üzv dövlətlərin dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması istiqamətində həyata keçirdikləri təcrübələr geniş müzakir olunub.

Azərbaycan nümayəndəsi tədbirin "Din və ya etiqad zəminində irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin səbəbləri və nəticələri" adlı sessiyasında çıxış edərək multikulturalizmin irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin qarşısının alınması sahəsində ən səmərəli siyasət modeli olduğunu bildirib. Etibar Nəcəfov qeyd edib ki, bu, multikulturalizm siyasətinin mahiyyətindən irəli gəlir və cəmiyyətdəki etnik, dini və mədəni müxtəliflikləri və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına xidmət edir. Şöbə müdiri multikulturalizmin etnik-mədəni dəyərlərin qorunmasının ən səmərəli siyasət modeli olduğunu ölkəmizin timsalında tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Nəcəfov həmçinin Azərbaycanın dünyanın ən tolerant ölkələrindən bir olduğunu, xalqımızın həyat tərzi olan multikulturalizmin respublikamızda dövlət siyasəti səviyyəsində dəstəkləndiyin qeyd edərək, tarixin heç bir dönəmində ölkəmizdə dini və milli zəmində qarşıdurmaların baş vermədiyini bildirib.

Tolerantlıq və multikulturalizm siyasətinin qorunub inkişaf etdirməsi sayəsində Azərbaycanda dövlət-din münasibətlərini ən yüksək səviyyədə tənzimləmək mümkün olub. Bu gün dövlətin həyata keçirdiyi bu siyasət nəticəsində ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub. Bütün dinlərin, məzhəblərin qanun qarşısında bərabər olmaları da, Azərbaycan Respublikasının qanunlarında öz əksini tapıb.

Buna görə də xüsusi qeyd etmək lazımdır ki, ATƏT öz missiyasına uyğun olaraq Avropa məkanında təhlükəsizliyin və əməkdaşlığın təminatı istiqamətində multikulturalizm fəal şəkildə təşviq olunmalıdır. Bir sıra Qərb ölkələri başçılarının multikulturalizm siyasətinin iflasa uğraması barədə iddiaları fonunda, bu fəaliyyətin həyata keçirilməsi asan olmasa belə, bu günün reallığı baxımından xüsusi aktuallıq kəsb edir.

Buna görə də, dərin tarixi köklərə malik olan Azərbaycanın tolerantlıq ənənələrinin, dövlət-din münasibətlərinin, həmçinin dövlətimizin din siyasəti ilə bağlı reallıqlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması da, mühüm  əhəmiyyət kəsb edir. Bu məqsədlə təşkil olunan konfransların, simpoziumların və digər tədbirlərin də əsas qayəsində ölkəmizdə və cəmiyyətimizdə uzun illərdən bəri formalaşan tolerantlıq təcrübəsinin, Azərbaycandakı dövlət-din münasibətləri ilə bağlı vəziyyətin dünya ictimaiyyətinə çatdırmaq əsas yer tutur. Bu da danılmaz fakitdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və titanik səyləri nəticəsində Azərbaycanda tolerantlıq mühiti qoruna bildi, ölkədə yaşayan bütün xalqlar arasında yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin pozulmasının qarşısı alındı. Bu gün isə Azərbaycan hakimiyyəti müasir dövrün tələblərinə uyğun olaraq tolerantlıq ənənələrini daha da inkişaf etdirməklə, dünyada sulhün və birgəyaşayışın yeni modelinin tətbiqinin vacibliyin diqqətə çatdırmağa çalışır. Ölkəmizdə multikulturalizm məsələləri ilə məşğul olan dövlət qurumları, dini icmalar, qeyri-hökumət təşkilatları (QHT) və ictimai birliklər də, dövlətimizin bu sahədə qarşıya qoyduğu məqsədlərə çatması üçün mühüm layihələr həyata keçirir. Onu da qeyd etmək vacibdir ki, Azərbaycanın həyata keçirdiyi tolerantlıq və multikulturaizm siyasəti, yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmır və artıq dünyanın bir çox coğrafiyalarını əhatə edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin bərpa və təmir olunması istiqamətində gördüyü işlər buna bariz nümunədir. Bu xeyriyyə işləri Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini-mədəni dəyərlərə verdiyi ən böyük töhfələrdən biridir.

Bununla belə qeyd etmək lazımdır ki, ümumi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi kimi, multikultural təhlükəsizliyin də eyni şəkildə dövlət səviyyəsində qorunması günün aktual problemlərindən biridir.

Buna görə də multikultural təhlükəsizliyin ümumi mahiyyətini etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması kimi qəbul etmək lazımdır. Çünki cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunmasının qarşısında yaranan problemlər inkişaf edərsə, bu etnik, dini və irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb ola bilər. Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü bir məkandır. Burada yaşayan bütün xalqlar və etnik qruplar Azərbaycanı öz ortaq vətənləri hesab edirlər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların iddialarını qəbul etməyən Azərbaycan erməniləri də, ölkəmizi öz vətənləri hesab edir. Buna görə də, hətta dili və etnik kimliyi bu kənddən başqa dünyanın heç bir yerində təmsil olunmayan xınalıq xalqı da Azərbaycana məxsusluqları ilə fəxr edirlər. Ölkəmizdə mövcud olan bütün xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır və buna hər zaman böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndərimiz Heydər Əliyevin də qeyd etdiyi kimi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini

verir". Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində - siyasətdə, iqtisadi zonada, təhsildə, mənəvi həyatda, bir sözlə bütün sahələrdə görmək mümkündür. Bu da heç şübhəsiz ki, Azərbaycan dövlətinin və vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olub. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, müxtəlif separatçılıq meyillərinin minimuma endirilməsi də, Azərbaycanın milli rəngarəngliyini, möhkəmliyini və yenilməzliyini sübut edir.

Qeyd etmək lazımdır ki, tolerantlığı yüksək mədəni dəyər hesab edən Ümummilli Lider Heydər Əliyevin dinindən və milliyətindən asılı olmayaraq bütün vətəndaşları ümumi azərbaycançılıq ideyası ətrafında birləşdirmək istiqamətində apardığı müdrik siyasət hazırda Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir.

Ölkəmizdə fəaliyyət göstərən ənənəvi dini icmaların rəhbərlərinin heç bir fərq qoyulmadan Tolerantlıq Günü münasibətilə dövlət başçısı tərəfindən Fəxri Diplomla mükafatlandırılması da, dövlətin bütün dinlərə göstərdiyi bərabər qayğı və diqqətin açıq təzahürüdür. Azərbaycan tarixin bütün dönəmlərində müxtəlif mədəniyyətlər arasında mənəvi körpü rolunu oynayıb və bu gün də həmin missiyanı uğurla davam etdirir.

Azərbaycanda milli və dini tolerantlığın xüsusi özəlliyi ondan ibarətdir ki, burada bütün dinlərin nümayəndələri həm dövlət, həm də ictimai strukturlarda

təmsil olunmaq imkanlarına malikdirlər. Respublikamızda dünyanın müxtəlif yerlərində olduğu kimi, milli məhəllələr və qəsəbələr yoxdur. Müxtəlif dini icmaların nümayəndələri eyni küçələrdə yaşayır, müxtəlif dini bayramları və mərasimləri də bir yerdə, heç bir ayrı-seçkilik olmadan qeyd edirlər. Azərbaycanda dini zəmində münaqişələrin olmaması da, Azərbaycan xalqının tarix boyu formalaşan milli özünəməxsusluğunun və digərlərinə qarşı dözümlü münasibətin nəticəsidir.

Antisemitizmin dünyada tüğyan etdiyi vaxtlarda belə, Azərbaycanda yəhudilər və digər xalqlara qarşı dözümlü münasibət göstərilib.

Buna görə də multikulturalizmin və tolerantlığın gələcəyinə hələ də şübhə ilə yanaşan bəzi Qərb dövlətlərinə və siyasətçilərinə Azərbaycanda mövcud olan dəyərlər sistemini- multikulturilizmin Azərbaycan modelini nümunə kimi göstərirlər. Azərbaycan dövlətinin vətəndaşlar ilə birlikdə yaratdığı bərabərhüquqlu cəmiyyətdən dərs götürülməyi məsləhət bilirlər.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda mövcud olan bu şəraitin əsas səbəbi ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanın inkişaf etməsinə töhfə verməsi dövlətin mənafeyi naminə çalışmalarıdır.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiya nümayəndələrinin bir yerda dünyanın müxtəlif ölkələrinə səfər edərək ölkəmizdə mövcud olan multikultural və tolerant mühit bərədə təcrübəni təşviq etmələri də dövlətimizə sayğının və hörmətin bir təzahürüdür.

Avropa ölkələrində və digər qonşu dövlətlərdə baş verənləri təhlil etdikdə Azərbaycanda mövcud olan tolerantlığın daha düzgün forma olduğunu aydın şəkildə görmək mümkündür. Qonşu ölkələrdə dini-etnik milliyətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyaları qorunun və inkişaf etdirilir.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11593508720398