Azərbaycanın əsas hədəfi bəşəriyyətin birgəyaşayış modelini dağıtmağa can atanların niyyətinə qarşı dözümlülüyün nümayişidir

Dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirərək, xalqlar və dinlər arasında uçurum yaradan qondarma faktorlara qarşı mübarizə aparmalıdırlar

 Ölkəmizdə mövcud olan multikultural və tolerant mühit, eləcə də Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq prinsiplərinə söykənən siyasət və onun uğurlu təqdimatı, artıq bütün dünyada gerçək reallıq kimi qəbul olunur, eyni zamanda ölkəmizin vizit kartına çevrilib. Bu da ta qədim zamanlardan ölkəmizdə mövcud olan milli və dini həmrəylik kimi dəyərləri xalqımızın milli koduna, regionda sabitlik və barışın əsas elementlərindən birinə çevrilib. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas hədəfi Azərbaycanın bu tolerantlıq irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəminində baş qaldıran kobud ayrı-seçkilik siyasətinin ifşa olunması və bəşəriyyətin birgəyaşayış modelini dağıtmağa can atanların niyyətinə qarşı dözümlülüyün nümayişidir.

Çünki Azərbaycanın multikulturalizm və tolerantlıq kimi dəyərlərin qorunub inkişaf etdirilməsində böyük tarixi təcrübəsi, kifayət qədər resursu və bu sahədə verə biləcəyi mesajları var. Ölkəmiz uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Azərbaycan həm də bu bölgədə islam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayan dövlətlərdən biridir. Bütün bunlar ölkəmizin ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına mühüm təməl yaradıb.

Hər hansı bir dövlətin qüdrətini müəyyən edən iqtisadi güc və siyasi nüfuzla yanaşı, həm də bu ölkədə milli birliyin sütununu sarsılmaz edən multikultural siyasətin həyata keçirilməsidir. Məhz, cəmiyyətə yönəlik multikultural və tolerant siyasət sayəsində ölkədə sosial-siyasi sabitlik, dinlər və millətlər arasında harmoniya və bərabərlik bərqərar olur.

Məhz bu baxımdan, Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq son illərdə qlobal əməkdaşlıq üçün ən əlverişli məkanlardan birinə çevrilib. Buna görə də ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu gün dünyaya tolerantlıq baxımından təqdim etdiyi yeni multikulturalizm modeli özünün fərqli təqdimatı ilə diqqəti cəlb edir.

Lakin çox təəssüflər olsun ki, bu gün qloballaşan dünyamızda sabitliyin və harmoniyanın bərqərar olmasını istəməyən bəzi avantürist siyasətbazlar dini zəmində süni münaqişələr yaradaraq, bunu guya baş verən zorakılıq faktlarının əsası kimi göstərərək milli və dini ədavəti qızışdırmağa çalışırlar. Son illər bir sıra dövlətlərin dini ayrı-seçkilik şüarlarına söykənərək, apardıqları bədnam siyasəti bugünkü dünyanın gerçək reallığına çevrilməsinin əsas səbəblərindədir. Yəni dini nifrəti təbliğ edən ideologiya terrorun bir aləti olmaqla sanki geopolitik güclərin əsas silahına çevrilib. Bu səbəbdən də həmin deopolitik güclərin təsir dairəsində olan yüz minlərlə, milyonlarla insan etiqadı və etnik mənsubiyyətinə görə əzab çəkir, təhdid və təzyiq altında yaşamağa məkum edilir.

Bunun tam əksi olaraq Azərbaycan cəmiyyətinin mövcud tolerantlıq nümunəsinin xaricdə təbliği, ölkəmizin bəşəri dəyərlərə sadiqliyini göstərməklə yanaşı, bu dəyərlərin qorunub inkişaf etdirilməsinin bütün dünya üçün çox böyük örnək olduğunu nümayiş etdirir. Bu, həm də ölkəmizi dünyanın humanist ideyalarını prioritet sayan dövlətlər səviyyəsinə qaldırır.

Xalqımızın Ümummilli Lideri, mərhum Prezidentimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas qayəsini təşkil edən dinlər və millətlərarası münasibətlərin tənzimlənməsi tezislərini əlində rəhbər tutan Prezident İlham Əliyev son on ildə bu prinsiplərə sadiq qaldığını və barış missiyasını uğurla davam etdirdiyini bütün dünyaya bir mesaj olaraq çatdıra bildi. Bunun bir nümunəsi də, şəxsən Prezident İlham Əliyevin təşəbbüsu ilə həyata keçirilən və dünyada "Bakı prosesi" adlandırılan mədəniyyətlər və dinlərarası dialoqun 10 yaşının tamam olmasıdır. "Bakı prosesi" multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir və Prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışlarından biridir.

Onu da qeyd etmək lazımdır ki, bu çağırış ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını(QHT) və ictimai birlikləri, o cümlədən Qafqaz Müsəlmanları İdarəsini də prosesin mühüm elementinə çevirib. Məlumdur ki, millətlər, xalqlar və dinlər arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti də böyük əhəmiyyətə malik məsələlərdən biridir.

Ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin təbliği baxımından QMİ sədri Allahşükür Paşazadənin iştirak etdiyi tədbirlər də muhüm rol oynayır. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə İspaniyada və Almaniyada keçirilən konfranslar ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin təbliğinə öz töhfələrini verib. Ölkəmizdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Multikulturalizm ili"nin və "İslam Həmrəyliyi ili"nin elan olunmasının ardınca, "Bakı prosesi"nin 10 illiyi münasibətilə tədbirlərin davamı kimi keçirilən bu konfranslar dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinə, müasir dünya üçün narahatlıq doğuran problemlərin aradan qaldırılmasına beynəlxalq ictimaiyyətin diqqətini daha da artırmağa, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini ortaya qoymaq məramına xidmət edir .

Şeyxülislam Allahşükür Paşazadənin bu konfranslarda Azərbaycanda fəaliyyət göstərən üç müxtəlif dini konfessiyanın liderləri ilə birgə iştirakı, ölkəmizdəki mövcud "dini həmrəylik" ideyasının, multikulturalizmin və tolerantlığın dünyaya nümunə kimi təqdim edilməsi kimi də qəbul etmək olar.

Şeyx həzrətlərinin də qatıldığı beynəlxalq konfransların əsas mesajı qarşılıqlı nifrəti və dini zəmində təqibləri pisləməklə yanaşı, müxtəlif dini konfessiyaların həmrəylik nümayişinin vacib əhəmiyyətini dünyaya nümayiş etdirmək olub. Dünyanın müxtəlif ölkələrindən konfranslara qatılan yüzlərlə nufuzlu ruhani və ictimai liderlər bəyan ediblər ki, bəşəriyyətdə tüğyan edən dini nifrət və dözümsüzlük cəmiyyətin əsaslarını sarsıdır və belə təhlükəli cəhdlər insan haqlarının fundamental əsaslarından sayılan dini etiqad azadlığına ciddi zərbələr vurmaqla, dinlər və millətlər arasında qarşılıqlı anlaşılmazlıqları və nifrəti gücləndirir. Tədbirdə qeyd olunub ki, bunun qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirərək, xalqlar və dinlər arasında uçurum yaradan bu qondarma faktorlara qarşı ciddi mübarizə aparmalıdırlar.

Konfransda əsas diqqətçəkən məqamlardan biri də, tədbir iştirakçılarının hökumətlərə ünvanlanan çağırışlarıdır. Bu çağırışlarda qeyd olunur ki, bu gün hökumətlərlə dinlər arasında münasibətlərdə müəyyən edilən harmoniya hər iki tərəf üçün çox vacib elementlərdir. Hər-hansı bir cəmiyyətdə stabilliyə və harmoniyaya nail olmaq üçün ilk növbədə dinlər və millətlərarası munasibətlər qaydasına qoyulmalıdır. Bunun üçün isə dövlət-din münasibətlərinin multikultural və tolerant dəyərlərə söykənərək tənzimlənməsi lazımdır. 

Onu da qeyd etmək yerinə düşər ki, Şeyxülislam Allahşükür Paşazadənin 2018-ci ildə Rusiyaya, Qazaxıstana, Avstriyaya, Şimali Qafqaz bölgələrinə səfərləri zamanı da çıxışlarında tolerantlıq, multikulturalizm və birgəyaşayışın vacibliyi tezisləri aparıcı yer tutub. Şeyx həzrətlərinin həyata keçirdiyi bu görüşlər Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etməklə, həm də geniş bir məkanı əhatə edib.

Bu da məlumdur ki, Şeyxülislam Allahşükür Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri də ölkəmizdə mövcud olan multikultural və tolerant mühitin təbliği, eyni zamanda Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin reallaşmasına öz töhfələrini verir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın tolerant körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətidir.

Şeyx həzrətlərinin bu fəaliyyəti həm də müasir dünyamızın müxtəlif ölkələrində törədilən terror aktlarına, insan qırğınına, separatizmə, islamofobiyaya, antisemitizmə, sivilizasiyalar arasında qütbləşməyə, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurmağa yönəlik hərəkətlərə qarşı bir çağırışdır.

Çünki bu gün yaşanan bütün faciələrə baxmayaraq, insanlarda bir əminlik var: dünyanı məhvərindən çıxarmağa qoymayan əbədi mənəvi dəyərlər var. Multikulturalizm və tolerantlıq da belə dəyərlərdəndir.

Bu baxımdan Azərbaycan dünyaya öz təcrübəsini yaymaqla belə bəşəri dəyərləri bölüşdüyünü və bütün dövrlərin qabaqcıl maarifçilərinin və dövlətlərinin arzu etdiyi humanist prinsiplərə sadiqliyini hər zaman nümayiş etdirməklə, bütün bəşəriyyəti bir daha tolerantlığa və qarşılıqlı dialoqa çağırır.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.039706945419312