Azərbaycan dövləti bütün dinlər və millətlər arasında dostluq və qardaşlığın vacibliyini bəyan edir

 Beynəlxalq terrorizmin tüğyan etməsi bu növ bəşəri fəlakətlərə zamanında  hüquqi-siyasi qiymətin verilməməsinin acı nəticəsidir 

Müasir dünyamızın əsas çağırışlarından biri də, multikulturalizmi və tolerantlığı, dinlər, millətlər və dövlətlərarası əməkdaşlıqın genişləndirilməsi yolu ilə qarşılıqlı dialoqa nail olmaqdır. Çünki bu gün qloballaşan dünyamızda dinlər və millətlərarası sülhə və anlaşmaya çox böyük ehtiyac var. Dünyanın müxtəlif bölgələrində müsəlmanların ekstremist kimi təqdim olunması hallarının davam etməsi, bu tendensiyanın səngimədiyinibir daha ortaya qoyur. 

Yeni Zelandiyada müsəlmanlara qarşı törədilən terror aktı da bunun bir nümunəsidir. Bu da danılmaz həqiqətdir ki, ekstremizmə, radikalizmə qarşı olan xarici düşmənçiliyin bütün təzahürlərini, xüsusən də islamafobiyanı aradan qaldırmaq yalnız dövlətlərin, ictimai və siyasi xadimlərin, o cümlədən dini qurumların və qeyri-hökumət təşkilatlarının (QHT) birgə səyləri ilə mümkündür. Məlumdur ki, din dövlətdən ayrı olsa da, həm də hər bir dövlətin və cəmiyyətin qlobal reallığının ayrılmaz hissəsidir. Bu günün reallıqları da bütün dünya dövlətlərindən multikulturalizmin, tolerantlığın, dinlər və millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində birgə səylərinin artırılmasını tələb edir.

Yeni Zelandiyada törədilən terror aktının dini mənsubiyyətə görə həyata keçirilməsi də, islamafobiyanın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, belə faşist mahiyyətli əməllərin qətiyyən yol verilməməsi, dünyada mövcud olan bütün əsas dini inancların mahiyyətində öz əksini tapıb.

Terror aktının hansı məqsəd, niyyət, hədəf və məramla həyata keçirilməsindən  asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətinə görə məhv edilməsi, ksenofobiya təzahürü olmaqla bəşəriyyətə qarşı törədilən bir cinayət kimi qəbul olunmalı və bu kimi təzahürlərə qarşı birgə mübarizə aparılmalıdır. Bu gün dünyanın müxtəlif bölgələrində dini və milli zəmində radikalizm və ekstremizmin tüğyan etməsi dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, ekstremizm, ksenofobiya, islamafobiya, antislmitizm din adından sui-istifadə edərək insanların məhv edilməsi kimi təhlükəli təzahürlərin yaşandığı bir dövrdə bu təhdidlərdən bəşəriyyəti yalnız səyləri birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq və qarşılıqlı anlaşma sayəsində xilas olmaq mümkündür. Baş verən son hadisələr də, bunu bir daha sübut etdi.

Qloballaşma proseslərinin sürətləndiyi indiki zamanda terrorizm, ksenofobiya, antisemitizm, islamafobiya, radikalizm və ekstremizmin qarşısının alınması, dünyada sülhün və sabitliyin bərpa olunması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə davamlı əməkdaşlığı əsas şərtlərdən biridir. Yeni Zelandiyada törədilən dəhşətli terrordan sonra dünyanın bir çox liderlərinin, beynəlxalq təşkilatların operativ və prinsipial mövqe nümayiş etdirməsi, heç şübhəsiz ki, dünya ictimaiyyəti tərəfindən də təqdirəlayiq hal kimi qarşılandı.  

Məlumdur ki, bu gün dünyada milli, dini və irqi qarşıdurmaların və münaqişələrin qarşısını ala biləcək ən təsirli vasitə nümunəvi qarşılıqlı anlaşma mədəniyyətinin-multikultural həyat tərzinin dünyada təbliğ və təşviq edilməsidir. Azərbaycan dövləti də, bu gün bütün dünyaya, məhz bu məramı təşviq edir, təkcə islam dünyası daxilində deyil, bütün səmavi dinlər arasında dostluq və qardaşlığın vacibliyini bəyan edir.

Bütün bu səylərinə baxmayaraq, çox təəssüflər olsun ki, Azərbaycan bu gün də erməni ekstremizminin və terrorunun yaratdığı fəsadlardan qurtula bilmir. Acı bağırsaq kimi üzanan Ermənistan -Azərbacan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan dövlətinin, eləcə də beynəlxalq təşkilatların bütün səylərinə baxmayaraq, ermənilərin bu təşkilatların qərarlarına etinasız münasibəti nəticəsində hələ də həll olunmamış qalır.      

Bu günlərdə Azərbaycan xalqı, ermənilər tərəfindən törədilən soyqırım faciəsinin daha bir ildönümünü qeyd etdi.

Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilən soyqırım faktları bəşəriyyətin qan yaddaşında "qara ləkələr" kimi qalır və insanlığa qarşı ən böyük cinayətlər hesab olunur. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də, azərbaycanlılardır. Bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması Azərbaycan cəmiyyətini, o cümlədən dini ictimaiyyəti ciddi narahat edir.

Onu da qeyd etmək vacibdir ki, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırım və etnik təmizləmə siyasətinin əsas məqsədi azərbaycanlıları öz əzəli torpaqlarından qovmaq, erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövlətini bu ərazilərdə bərqərar etməkdir. Lakin tarixi faktlar da sübut edir ki, keçən əsrin əvvəlində 114 min kv.km. olan Azərbaycan ərazisi, erməni işğalı və yerli əhalinin zorla çıxarılması nəticəsində 86,6 min kv.km-ə qədər azalıb, Qarabağ və ətraf rayonların işğalından sonra isə ərazilərimizin daha 20 faizi erməni daşnakları tərəfindən zəbt olunub. XIX əsrin əvvəllərində bölgəmizdə gedən müharibələr nəticəsində Azərbaycan torpaqları ikiyə bölünüb. Qarabağ, Zəngəzur və digər ərazilərimizə ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsilə burada etnik vəziyyət süni surətdə ermənilərin xeyrinə dəyişdirilib. Bu az imiş kimi 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirilib. Hələ əsrin əvvəlində-20-ci illərdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur heç bir əsas olmadan Ermənistana verilib, Dağlıq Qarabağda erməni muxtariyyəti yaradılıb və azərbaycanlıların bu ərazilərdən sıxışdırılmasına başlanılıb. Bu məqsədlə 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarından deportasiya edilib və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılan Ermənistan Respublikasının monoetnikliyi təmin olunub.

Keçən əsrin sonuna yaxın SSRİ-nin rəhbər dairələrinə erməni lobbisinin təzyiqi və təhriki ilə erməni millətçilərinin xalqımıza qarşı təcavüz və etnik təmizləmə siyasətinin yeni dalğasına start verilib. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırlmasından istifadə edən erməni şovinistləri 250 mindən artıq azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail ola bildilər. Öz ərazilərində yerləşən rus qoşunlarının köməyinə arxayın olan erməni ekstremistləri Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda genişmiqyaslı hərbi əməliyyatlar keçirərək 20 faiz torpaqlarımızı işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin saldılar. Gözlərini qan örtmüş erməni qəsbkarları Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etdilər. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri soyqırım aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.

Ermənilərin həyata keçirdikləri soyqırım və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurdu, onun tarixi yaddaşında silinməz izlər buraxdı. Xalqımızın böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin xalqın tələb və təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin illərlə reallaşdırdıqları soyqırım və deportasiya siyasətinin mahiyyəti dünya ictimaiyyətinə açıqlandı. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 martın azərbaycanlıların soyqırım günü elan edilməsi, soyqırımı qurbanlarını anma tədbirlərinin keçirilməsi, Azərbaycan həqiqətlərinin dünya miqyasında daha geniş yayılmasına imkan verdi.

Bunun nəticəsidir ki, hazırda Azərbaycanın rəsmi və ictimai dairələri, qeyri-hökumət təşkilatlar (QHT), Azərbaycan ərazisində erməni ekstremistlərinin törətdikləri etnik təmizləmə və soyqırım əməllərinə dair təkzibolunmaz faktları beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırmaqla, özlərini soyqırım qurbanı kimi təqdim edən erməni ekstremistlərinin iç üzünü dünyaya göstərə bildilər. Heç şübhəsiz ki, ermənilərin azərbaycanlılara və digər xalqlara qarşı həyata keçirdikləri gerçək soyqırım cinayətlərinin üstü gec-tez açılacaq və onlar bu cinayətlərə görə layiqli cəzalarını alacaqlar. Bu gün erməniləri dəstəkləyən, onların cinayətkar əməllərinə haqq qazandırmağa çalışan, onlara havadarlıq edənlər bilməlidirlər ki, haqq-ədalət gec-tez qalib gələcək və öz yerini tutacaq. Bu, danılmaz bir aksiomdur, çünki layiqli qiymətini almayan qətliamlar yeni-yeni bəşəri cinayətlərə yol açır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, miqrant köçkünlər ordusunun yaranmasına zəmin yaradır. Beynəlxalq terrorizmin tüğyan etməsi, həyata keçirilən silsilə terror əməlləri, tarixi və dini abidələrə qarşı vandalizm aktları bu növ bəşəri fəlakətlərə zamanında layiqli hüquqi-siyasi qiymətin verilməməsinin acı nəticəsidir.

Azərbaycan xalqı tarixin bütün dönəmlərində dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgəyaşayış normalarının, multikulturalizmin və tolerantlığın tətbiq olunmasının tərəfdarı olub və bu gün də həmin prinsiplərin təbliği və təşviqi istiqamətində dünyaya örnək ola biləcək töhfələr verir.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.038908958435059