Trampın Colan təpələrinə “qol qoyması” Qarabağın “gülünü açır”

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Gərək
Azərbaycan ordusu "ermənibaşların" başına elə qapaz vursun ki, gələcəkdə Dağlıq Qarabağ Colanın gününə düşməsin


"Ağ evin" demokratiya adı altında bütün dünyanı qara günə qoyması artıq heç kimə sirr deyil. Yetənə yetib, yetməyənə bir daş atan ABŞ və ya onun ağbaş prezidenti Donald Tramp üzdə özünü dünyanın gözünə nə qədər "demokratiya atası" kimi dürtməyə çalışsa da, içindəki "qara donlu" kafirliyi gizlədə bilmir.


Yəqin ki, hələ 2017-ci ilin 6 dekabrında Trampın Yaxın şərqdə güya sülh prosesinə təkan vermək üçün, hətta "gecikmiş addım" adlandırdığı, İsraillə Fələstin arasında mübahisəli məsələ olan qədim Qüdsün İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini ora köçürməsini hər kəs yaxşı xatırlayır. Onun bu addımını əksər müsəlman ölkələri və beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i qınasa da, Tramp "burda mənəm, şərqdə Netanyahu" deyib özü üçün bildiyinə davam edir.

Dünyanı qarışdırmaq işinə tamam etmək əvəzinə davam edən Donald, bu dəfə Suriyanın Colan təpələrini İsrailin ərazisi kimi tanıması ilə haqsızlığın lap təpəsinə çıxmış oldu. O, bu addımı ilə ABŞ-ın dünyada müəyyən qədər həm "demokratiya atası" imicini, həm də az-çox ümid bəslənən beynəlxalq hüququ açıqcasına məhv etdi. 

Bu arada xatırladaq ki, zəngin su qaynaqları olan və 1944-cü ildən Suriyaya məxsusColan təpələri 1967-ci ildə İsraillə Suriya arasında baş vermiş 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal olunub. Hətta 1981-ci ildə İsrail oğulları bu yerləri öz ərazilərinə birləşdirmələri barədə dünyaya rəsmən bildiriş versələr də, beynəlxalq təşkilatlar Colanı bu günədək Suriya ərazisi kimi qəbul edirlər.

Sözsüz ki, Trampın növbəti bu yeni oyunundan sonra bəzi dünya ölkələri və beynəlxalq təşkilatlar ənənəvi olaraq öz etiraz "təbillərini" çalmağa başlasalar da, amma nə fayda, Tramp "Ağa Nəzərəm, belə gəzərəm" - deyib dünyaya yalnız dollar gözü ilə baxmaqla öz işində davam edir.

Əslində beynəlxalq hüququn bu kimi problemlərin həllində paslanaraq işlək olmadığını və dünyanı yalnız güclülərin idarə etdiyini hər kəs yaxşı bilir. Məhz, bu üzdəndir ki, neçə illərdir beynəlxalq hüququn Azərbaycan Dağlıq Qarabağ məsələsində hərtərəfli haqlı olduğunu sübut etsə də, rəsmi Bakı onu öz istəyinə uyğun şəkildə həll edə bilmir.

Əlbəttə, Donald Trampın Colan təpələrini İsrailin ərazisi kimi tanıması barədəki sənədə "qol qoyması", birbaşa olaraq Ermənistan üçün Qarabağın "gülünü açır", yəni onlara stumul verir. Çünki bu proseslərin gedişində bəzi oxşarlıqlar mövcuddur. Məsələn, əgər bir vaxtlar Colan İsrail tərəfindən zəbt edilib uzun müddət işğalda saxlanılaraq de-fakto İsrail oğulları tərəfindən idarə olunubsa, Dağlıq Qarabağ və ətraf rayonlar da Ermənistan tərəfindən işğal olunub və hazırda da de-fakto onların nəzarətində saxlanılır. Bu barədə bəzi "deyişmələrə" diqqət yetirəndə də oxşarlıqlar görünür. Baxın, məgər ötən ilin oktyabrında İsrailin baş naziri Netanyahunun dediyi - "Heç zaman Colan təpələrini azad etməyəcəyik" sözü, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın "dqr prezidenti" ilə birgə işğal altında olan Cəbrayıl-Füzuli istiqamətindəki təmas xəttinə gəlib - "Azərbaycana bir qarış da olsun torpaq verilməyəcək, Arazboyu ərazilər məskunlaşdırılacaq" sözünün başqa bir forması deyilmi?

Belə məsələlərdə fürsəti qaçırmayan ermənilər ağızgüdənlik edib həmişə "himə bənd" olurlar. Onları Suriyadakı "aslanların" bir-birini "didib-didişdirməsi" heç də maraqlandırmır. Tülki kimi kənarda durub lazımi "haləti" gözləyirlər ki, oradan özlərinə pay götürsünlər.  

Doğurdan da hər an "himə bənd" olan haylar üçün Colan təpələrinin acı taleyi, bu məqamda nümunə olaraq onlara ciyəri susuzluqdan yanan adama verilən sərin su kimi lap ləzzət etdi.

Məhz bu üzdən də, Colan təpələrinin "suyunun" haylar üçün "şirin" gəlməsi özünü çox gözlətmədi. Baxın, əgər belə olmasaydı "dqr mətbuat katibi" David Babayanın Ermənistan mediasına açıqlamasında Trampın bu haqsız "bardağına" haqq "süzüb"  Azərbaycanın erməni işğalı altındakı Kəlbəcər bölgəsinin  işğalçılar üçün "statusu"nu da Colan təpələri ilə eyniləşdirərək bu rayonun bulaqlar, çaylar, göllərlə zəngin, dağlarının da Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinin "kritik komponenti", yəni burada içməli su problemi ilə təminat baxımından strateji əhəmiyyətini önə çəkərək "bu kontekstdə "böyük dövlətin" tövsiyələrindən yararlanmamaq, sadəcə, yolverilməzdir" deyərdimi?

Bu mənada Ermənistandan fərqli olaraq rəsmi Bakı indiyədək həmişə məşhur bir mahnıda oxunduğu kimi - gah Araz olub Kürə, gah bülbül olub gülə, gah da təəssüf ki, daha çox "sülh yolu" nağılına uyub kimlərinsə "şirin" dilinə bənd olub. Halbuki, ən yaxşısı elə, yəni el deyənə bənd olmaq daha doğru olardı.

Sülh demişkən, Ermənistana "paşalıq" edən Nikolun martın 29-da Vyanada Azərbaycan prezidenti ilə Qarabağın ağ günə çıxmasını sülhlə, danışıqlarla həll etmək üçün baş tuta biləcək görüş ərəfəsində, Ermənistan Müdafiə Nazirliyinin "başbilənlərini" başına toplayıb qapalı iclas keçirməsini bu görüşə "vur-vurum" niyyəti ilə gedəcəyi kimi güman etmək olar. Əgər görüş zamanı bu güman özünü həqiqətən doğrultmuş olsa, onda gərək rəsmi Bakı bu kimi görüşləri və ya danışıqları birdəfəlik "qapatsın" və Azərbaycan ordusu "ermənibaşların" başına elə qapaz vursun ki, gələcəkdə Dağlıq Qarabağ Colanın gününə düşməsin.


0.088824987411499