“Qarabağ danışıqlarına limit qoyulmalıdır” – Müsahibə

“Qarabağ danışıqlarına limit qoyulmalıdır” – Müsahibə
 

Teleqraf.com Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə müsahibəni təqdim edir:

- Qulamhüseyn müəllim, Ermənistanın indiki iqtidarının hakimiyyətdə olmasının bir ili yaxınlaşır. Sizcə, son bir ildə Ermənistan bir dövlət kimi irəliyə gedib, yoxsa geriləyib?

- Hesab etmirəm ki, inqilab nəticəsində Ermənistan ciddi şəkildə irəliləyib. Fikrimcə, Paşinyana qədər Ermənistanda proseslər, vəziyyət necə idisə, indi də elədir. Başqa sözlə, irəliləyiş yoxdur, sanki bu ölkə yerində sayır. Ümumiyyətlə, mən Ermənistanda baş verənləri Dağlıq Qarabağın işğalı çərçivəsində qiymətləndirməyin tərəfdarıyam. Ermənistan daxilində baş verən proseslərə o qədər də əhəmiyyət vermək lazım deyil. Bir çox məsələlər ola bilsin ki, erməni hakimiyyəti ilə siyasi qüvvələr arasında razılaşdırma kimi təzahür edə bilər. Bu mənada düşünmürəm ki, hakimiyyət dəyişikliyi nəticəsində bu ölkədə ciddi olaraq inkişaf müşahidə olunur. Əksinə, əvvəlki proseslər indi də davam edir. Düzdür, bizim mətbuatda Ermənistanın daxili durumu haqqında məqalələr yazılır, amma hələlik Ermənistanın dağılması hiss edilmir. Sadəcə olaraq, Azərbaycanda Dağlıq Qarabağla bağlı diqqətin artırılması, bizim danışıqlar prosesindəki mövqeyimiz ola bilsin ki, Ermənistanda çaşqınlıq yaradır. Amma rəsmi İrəvanın Dağlıq Qarabağ və Azərbaycanla bağlı siyasətində bir dəyişiklik görmürəm. Əksinə, Paşinyan dəstəsi ilə Xankəndinə gələrək özünün Təhlükəsizlik Şurasının iclasını keçirir. Deməli, erməni siyasətində pozitiv dəyişikliklər yoxdur və müşahidə olunmur. Əvvəlki kurs davam edir.

- Paşinyanın öz dəstəsi ilə Azərbaycanın işğal edilən Xankəndi şəhərinə gəlməsi və burada özünü reklam etməsi nəyə hesablanıb?

- Hesab edirəm ki, Paşinyanın bu addımı bir tərəfdən Ermənistanın daxili auditoriyasına hesablanıb. Yəni bu amildən Paşinyan erməni daxili siyasətindən istifadə edəcək. Eyni zamanda bizə mesaj verir. Demək istəyir ki, gücü o həddədir, işğal edilən ərazilərimizə gələrək Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirə bilər. Mən bunu Azərbaycana münasibətdə pis mesaj hesab edirəm. Sanki deyir ki, Azərbaycan öz ərazilərinə nəzarət edə bilmir, mən gəlib sizin ərazinizdə Təhlükəsizlik Şurasının iclasını keçirirəm və deməli sizdən qorxmuram. Paşinyanın addımlarının mənası kobud diplomatik dildə bundan ibarətdir. Mən əslində bunu Paşinyanın bizə meydan oxuması kimi qiymətləndirirəm. Təbii ki, Paşinyanın Azərbaycan ərazilərinə səfərini Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi açıq formada pislədi. Bunu müsbət addım hesab edirəm. Eyni zamanda Azərbaycan ordusu həmin ərəfədə hərbi təlimlər keçirdi. Əslində hüquq bizə imkan verirdi ki, Paşinyanın səfəri zamanı suverenliyimizi qoruyaq.

- Paşinyanın Qarabağ danışıqlarından qaçması və bütün məsuliyyəti Qarabağdakı separatçıların üzərinə atması halları müşahidə edilir. Erməni hökumətinin separatçıları danışıqlarda tərəf kimi göstərməyə cəhd etməsinin arxasında hansı məqsədlər durur?

- Əvvəla qeyd edim ki, belə iddia və təkliflər ilk dəfə deyil ki, səslənir. Əslində danışıqların müxtəlif mərhələlərində, müxtəlif dövrlərdə Dağlıq Qarabağı işğal edən separatçıların subyekt kimi danışıqlar prosesində iştirak etməsinə dair təkliflər irəli sürülüb. Ancaq nə Azərbaycan tərəfi, nə də ATƏT-in Minsk qrupu bu təklifi dəstəkləməyib. İndi məsələnin yenidən gündəmə gətirilməsi ola bilsin ki, fikirləri yenidən çaşdırmaq naminə edilir. Yəni danışıqları uzatmağa xidmət edən addımdır. Bütün hallarda hesab edirəm ki, bu təklifin meydana çıxmasının hüquqi əsası yoxdur. Çünki Dağlıq Qarabağ müstəqil dövlət kimi tanınmayıb, əksinə dünya orada separatçılığın mövcud olduğunu qəbul edir. Zamanında Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar vermişdi, ancaq buna da gedilmədi. Ümumiyyətlə, Qarabağın erməni sakinləri danışıqlar prosesinə yalnız icma formasında cəlb oluna bilər. Orada ermənilər yaşayırlar və onlar danışıqların hansısa mərhələsində prosesə cəlb oluna bilər. Sözsüz ki, bununla paralel Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlar prosesində iştirak etməlidir. İndiki vəziyyətin qorunub-saxlanılması beynəlxalq hüquqi əsaslara malikdir. İstər BMT Təhlükəsizlik Şurasının, istərsə də ATƏT-in qərarlarında bu münaqişə Azərbaycan və Ermənistan arasındakı münaqişə kimi qiymətləndirilir. Bu mənada Qarabağdakı separatçı rejimin müstəqil subyekt kimi danışıqlar prosesinə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur. Bu, bəlli məsələdir. Və Azərbaycan haqlı olaraq belə təklifləri rədd edir.

- Danışıqlar prosesinin perspektivini necə görürsünüz, müharibə riski varmı?

- Hesab edirəm ki, danışıqlar aparılmalıdır, amma sonsuza qədər uzanmalı deyil. Belə götürsək, 1992-ci ilin martından həmsdərlər danışıqlar formatını davam etdirir. Mənim mövqeyimə görə, danışıqlara limit qoyulmalıdır. Konkret Azərbaycan tərəfi bəyan etməlidir ki, əgər danışıqlarda nəticə əldə olunmursa, Ermənistan tərəfi bilərəkdən vaxtı uzadırsa, Azərbaycan dövlət suverenliyini bütün variantlardan istifadə edərək bərqərar edəcək. Sözsüz ki, bu zaman müharibə deyil, terrorizmə qarşı mübarizə formatı ortaya çıxacaq. Yəni hərbi gücdən istifadə edərək işğal edilən ərazilərimizi azad etməliyik. Azərbaycanın həm yerli, həm də beynəlxalq hüquqa əsasən öz ərazisində terrorizmə qarşı əməliyyatlar keçirmək haqqı var. Odur ki, biz konkret deməliyik ki, filan dövrə qədər danışıqlar prosesində razılıq əldə edilməlidir. Əgər edilmirsə, bu zaman hərbi yol qalır və biz buna üstünlük verəcəyik.

0.064414978027344