Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini tam şəkildə özündə əks etdirir

Azərbaycandakı tolerantlıq mühiti ölkənin dini mənzərəsini tam şəkildə özündə əks etdirir

Ölkəmizdə tolerantlığın tam təmin olunması faktı müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb

 Hər il 16 noyabr tarixində bütün dünyada qeyd olunan Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis olunub. Beynəlxalq Tolerantlıq Gününun əsas məqsədi bütün dinlərin və xalqların nümayəndələrini bir-birinin dəyərlərinə hörmət ehtiram şəraitində yaşamağa çağırışdır. Müasir düynamızda tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınan ölkəmizdə də Beynəlxalq Tolerantlıq Günü yüksək səviyyədə qeyd olunur.

Bu münasibətlə keçirilən tədbirlədə qeyd olunur ki, Beynəlxalq Tolerantlıq Gününun təsis olunmasının səbəbi, təkcə yuxarıda qeyd etdiyimiz çağırış deyili, həm də son onilliklərdə dünyanın müxtəlif yerlərində milli və dini zəmində baş verən qarşıdurmaların daha geniş regionları əhatə etməsidir. Əgər son illərə qədər milli və dini zəmində qarşıdurmalar əsasən Yaxın Şərq və ərəb ölkələrində baş verirdisə, bu tendensiya artıq bir çox ölkələrdə özünü göstərməkdədir. Vəziyyət o həddə çatıb ki, bir zamanlar demokratiyanın beşiyi hesab olunan Qərb dövlətlərində də, bu tendensiya artıq günün ən aktual problemlərindən birinə çevrilib. Çünki multikulturalizmin iflasa uğradığını iddia edən həmin ölkələrdə heç kim birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bu da son nəticədə qarşıdurmalara, milli və dini zəmində toqquşmalara gətirib çıxarır. Buna görə də Beynəlxalq Tollerantlıq Gününün təsis edilməsini günümüzün zəruru hadisələrindən biri kimi qiymətləndirmək olar.

Bu gün tolerantlıq və multikulturalizm sahəsində dünyada baş verən arzuolunmaz hadisələrə diqqət etdikdə aydın şəkildə görürük ki, ölkəmizdə vəziyyət tamamiylə fərqlidir. Bu fərqli mühit isə yeni yaranmayıb. Məlumdur ki, əhalisinin 90 faizindən çoxunun müsalman olduğu bu unikal məkanda tarixin bütün dönəmlərində bir çox xalqların və dini konfessiyaların nümayəndələri dinc yanaşı yaşayıblar və bir-birilərin mədəniyyətlərinə böyük sayğı göstəriblər. Eyni zamanda, tarixin heç bir dönəmində bu coğrafiyada dini və ya mili zəmində qarşıdurmaların, yaxud ziddiyyətlərin meydana çıxması faktı qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri ta qədim dövrlərdən mövcud olub.

Bunun nəticəsidir ki, ölkəmizdə müxtəlif dinlərə və burada məskunlaşan çoxsaylı millətlərə, etnoslara münasibət bu gün də dəyişməyib, tam əksinə, daha da möhkəmlənib.

Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra isə ölkəmizdə yaşayan azsaylı xalqlar və müxtəli dini inanclara münasibət yeni mərhələyə qədəm qoyub. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri, eləcə də ölkəmizdə yaşayan bütün azsaylı xalqara və etnik qruplara bərabər hüquqların tanınması, tarixin dərinliklərindən süzülüb gələn milli və dini tolerantlığın Azərbaycan modelinin formalaşması ilə nəticələndi. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışındın sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, burad yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki kimi mehriban, qardaşlıq və dostluq şəraitində birgə yaşamaları təmin edildi. O dövürdə yaranmız siyasi xaosdan istifadə edərək ölkəmizin ərazisində milli və dini zəmində separatçılıq, düşmənçilik toxumu səpməyə cəhd edən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.

 Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur hissi yaradır. Bu zaman ərzində ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin də diqqətini cəlb etdi. Ölkəmizi dünyaya tanıdan həm də tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi oldu. Çünki Prezident İlham Əliyevin bu dövrdə Azərbaycanda həyata keçirdiyi dövlət siyasəti ölkəmizdə mövcud olan tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib və inkişaf etdirib. Bunun nəticəsi olaraq da, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Bu da danılmaz faktdır ki, Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də, ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Həmin tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xususi qeyd olunmalıdır. Çünki bu kimi tədbirlər və qarşılıqlı əməkdaşlq sayəsində bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və  bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir.

Multikulturalizmi və tolerantlığı xalqımızın həyat tərzi və dövlət siyasəti qəbul edən Azərbaycandakı dözümlülüyün ən gözəl nümunələrindən biri də, burada fəaliyyət göstərən bütün dini icmaların nümayəndələrinin tez-tez bir araya gəlməsi, bütün dini və milli bayramlarını, digər tədbirləri birgə keçirmələridir. Qeyd edək ki, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndələrinin mehriban şəkildə bir araya gəlməsi, olduqca nadir hadisə və sevindirici haldır ki, məhz Azərbaycanda baş verir, dünyanın başqa bir yerində belə halla rastlaşmaq mümkün deyil. Bunu ölkəmizdə səfərdə olan müxtəlif dinlərin nümayəndələrinin özləri də etiraf edirlər.

Burada Prezident İlham Əliyevin Beynəlxalq səviyyəli tədbirlərin birində səsləndirdiyi bir fikiri diqqətinizə çatdırmaq istərdik. Prezident qeyd edib ki, dinlər və məzhəblər arasında mövcud olan dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: "Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal

problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb

etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur".

Azərbaycan Respublikası Prezidentinin belə bir mövqedə olması, heç şübhəsiz ki, ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafına xidmət edir. Azərbaycandakı tolerantlıq mühitinin inkişafına töhfə verən dövlət qurumlarında biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Komitə öz səlahiyyətləri çərçivəsində respublikamızda dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, dini qurumlarla bağlı qanunvericiliyə riayət olunmasına nəzarəti həyata keçirir, həm də mərkəzi icra hakimiyyəti orqanı olaraq sağlam dini mühitin qorunub saxlanılmasını diqqətdə saxlayır. Komitənin əsas vəzifələrindən biri də, dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini konfessiyalar arasında əlaqələrin daha da dərinləşməsi, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə dəstək verməkdir. Komitənin bu fəaliyyəti də nəticə etibarı ilə mövcud tolerantlıq mühitinin daha da təkmilləşdirilməsinə xidmət edir.

Keçən ilin noyabrın 15-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birinin, məhz tolerantlıqla bağlı olduğunu diqqətə çatdıraraq bildirib ki, xalqımızın minilliklər ərzində formalaşan tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri arasındadır. S.Salahlı qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu isə öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyaya əyani şəkildə çatdıra bilib.

Konfransda qeyd olunub ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək olar. Azərbaycanda təkcə səmavi dinlərin yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb. Tolerantlıq Azərbaycan xalqının spesifik mental xüsusiyyətidir. Azərbaycandakı tolerantlıq mühiti həm də ölkənin dini mənzərəsini tam şəkildə özündə əks etdirir.

Bunu da qeyd etməyi vacib bilirik ki, Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır. İnanırıq ki, Azərbaycandakı tolerantlıq mühiti bundan sonra daha da möhkəmlənəcək və ölkəmizin yüksəlişinə özünün layiqli töhfəsini verəcək.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.087808847427368