Dini tolerantlıq mühitinin qorunub saxlanılması qarşımızda duran əsas vəzifələrdən biridir

Dini tolerantlıq mühitinin qorunub saxlanılması qarşımızda duran əsas vəzifələrdən biridir

Ölkəmizin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsiplərinə əsaslanır

 Məlumdur ki, hər hansı bir dövlətdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitliyin göstəricisidir. Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan cəmiyyəti bu gün də tolerantlıq prinsiplərinə, multikultural ənənələrə sadiqdir. Bu səbəbdən də Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olaraq təqdim olunur. Bu da Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində görülən işlərin nəticəsidir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda dünyəvilik dövlət və Konstitusiya səviyyəsində dəstəklənir. Ölkəmizdə dünyəvi dəyərlərə, bəşəri ideallara, eləcə də başqa dini dəyərlərə böyük hörmət göstərilir. Digər dünya dövlətlərindən fərqi olaraq, Azərbaycanda antisemitizm əlamətləri belə, heç vaxt müşahidə olunmayıb. Azərbaycanda digər millətlər və xalqlarla yanaşı, yəhudilərə də həmişə doğma münasibət olub. Ölkəmizdə digər konfessiyaların nümayəndələri kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirmək imkanlarına malikdirlər. Dövlətimizin qeyri-müsəlman dini konfessiyalara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın nümunəvi tolerant modeli müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını açıq şəkildə ortaya qoyur.

Azərbaycanda mövcud olan dini tolerantlıq mühitinin qorunub saxlanılması və  daha da möhkəmləndirilməsi, eyni zamanda, bu sahədə əldə edilən nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, bu gün qarşımızda duran əsas vəzifələrdən biridir.

Bu vəzifələri layiqincə yerinə yetirmək üçün isə təbliğat və təşviqat işlərini daha da genişləndirmək lazımdır. Məlumdur ki, Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Ölkəmizin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsiplərinə əsaslanır.

Bu, Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiynın 25-ci maddəsinin III bəndində öz əksini tapıb: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Bu maddədən də göründüyü kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə

münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir".

Bu da o deməkdir ki, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır.

O dövrdə qəbul olunan bütün qanunlara rəğmən Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ciddi islahatların həyata keçirilməsi zərurəti var idi. Bu zərurətin aradan qaldırılması məqsədi ilə Ümummilli Lider  Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Bu fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasını, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdir. Eyni zamanda,

Dövlət Komitəsi ölkədə dini durumda gərginliyin yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinə yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir.

Komitə qarşıya qoyulan bu vəzifələrin öhdəsindən gəlmək üçün həmçinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. 

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir, onların da təkliflərini dinləyir və müvafiq tövsiyələr verir.

Komitə tərəfindən görülən işlərin nəticəsidir ki, Azərbaycanda yüksək tolerant və multikultural mühitin olduğu və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi ölkəmizə səfər edən bir çox din xadimləri və rəsmi şəxslər tərəfindən də dəfələrlə bəyan edilib. Belə mötəbər şəxslədən biri də, vaxtı ilə ölkəmizə səfər edən BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangirdir. O, ölkəmizdəki multikultural mühitlə tanışlıqdan sonra qeyd edib ki, Azərbaycan cəmiyyətində mövcud olan dözümlülüyün səviyyəsi çox  xoş təəssürat yaradır. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, bir sıra rəsmi şəxslərlə görüş keçirib, 1 saylı cəza çəkmə müəssisəsinə baş çəkib. Asma Cahangir həmçinin Naxçıvan və Gəncəyə səfər edib, Bərdədə qaçqın və məcburi köçkünlərlə görüşüb.

Bütün gördüklərindən məmnun qalan BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, dinlər arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyini xüsusi qeyd edib

Onu da qeyd edək ki, 1999-cu ildən etibarən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Tolerantlıq Günü (16 noyabr) xüsusi qeyd olunur. Tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiya nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Tədbirdə Bakıda akkreditə olunmuş səfirliklərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimai və dini xadimlər və digər şəxslər iştirak edirlər.

Bu kimi tədbirlərin də əsas məqsədi heç şübhəsiz ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Azərbaycan Respublikasında dini tolerantlığın yüksək səviyyədə olması barədə həqiqətlərin dünyaya yayılması istiqamətində ölkəmizin müxtəlif dövlətlərdə akkreditə olunan səfirlikləri tərəfindən də çox böyük işlər görülür. Məsələn,

2008-ci il iyun ayının 3-də Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Almaniyanın Konrad Adenauer və Almaniya-Azərbaycan Forumu ilə birgə əməkdaşlığı ilə Berlində Azərbaycanda dini tolerantlığa həsr edilmiş tədbir keçirilib.

Tədbirdə hər iki ölkədən dini və siyasi xadimlər, alimlər, mütəxəssislər və mətbuat nümayəndələri, o cümlədən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Bakı və Xəzəryanı Yeparxiyasının Yepiskopluğunun, Dağ yəhudiləri dini icmasının rəhbərləri iştirak edib.

Bu kimi tədbirlərin mütəmadi keçirilməsi ölkəmizdə mövcud olan dini və milli tolerantlığın beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda Azərbaycanda mövcud olan dini mərkəzlər, idarə və təşkilatlar xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Məsələn, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında çox möhkəm əlaqələr var. Bakıdakı Rus Pravoslav Kilsələri Yepiskopluğu da, Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələri yaratmaqla öz fəaliyyətini davam etdirir. Azərbaycanda fəaliyyət göstərən yəhudi icmaları  "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayaraq, ölkəmizdə mövcud olan multikultural mühitin təbliği istiqamətində mühüm işlər görürlər.

Azərbaycanda mövcud olan tolerant mühitdən istifadə edən bu mərkəzlər əsasən ABŞ-da, İsveçdə və Almaniyada fəaliyyət göstərən dini icmalarla qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım ala bilirlər. Azərbaycan qanunları bu mərkəzlərə öz fəaliyyətləri üçün bütün imkanları yaradıb.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.067806005477905