İqtisad Univarsitetinin professoru Alıcan Abbasov: "Cənab Prezident, xahiş edirəm, universiteti Ədalət Muradov bəlasından xilas edin!"
Azərbaycanın Əməkdar müəllimi, Professor Alıcan Abbasov: “Ədalət Muradov, bizim kimi universitetə can qoymuş alimlər dura-dura, kənardan, özü də “Azərsu”da böyük bir idarənin rəisi olan, öz işini yerinə yetirməyə güclə vaxt tapan birini nə məqsədlə magistratura kafedrasına müdir qoyursan?”
“Universitetdə baş verən bütün biabırçılıqların başında rektor Ədalət Muradov durur...”
Xəbər verildiyi kimi, “Təzadlar” qəzeti və eyni adlı saytda Azərbaycan Dövlət İqtisad Universitetində çalışan professor və müəllimlərin, tələbələrin müraciətləri əsasında aparılmış araşdırmalardan sonra yazılar dərc edilib. Və bu yazılardan əvvəl redaksiyadan universitetin rektoru Ədalət Muradova KİV qanunvericiliyinə uyğun olaraq rəsmi sorğu göndərilib, lakin cavab verilmədiyindən digər dövlət orqanlarına aidiyyəti üzrə sorğu verilib. İş məhkəməyə qədər gedib çıxıb... Və rektor Ədalət Muradov sorğulara cavab vermək əvəzinə özünün mirzəsi olan Etibar Əliyev adlı “təhsil eksperti”ni şantaj meydanına atıb, “Təzadlar”ı şantaj edən və böhtan atan yazılar dərc etdirib. Biz təmkinlə bu yazıları bir kənara atıb ədalətin (Ədalət Muradovun yox) ortaya çıxmasına səy göstərmişik. Bu dəfə isə yenə də Prezident imzaladığı bütün KİV qanunvericiliyi aktlarını ayaq altına atan rektor Ədalət Muradov Azərbaycan Mətbuat Şurasında və özünə yaxın bir-iki saytda “Təzadlar”ın əleyhinə qarayaxma addımlarına könül verdi. İş o yerə çatdı ki, MŞ Ədalət Muradovun sifarişi əsasında qəzetin rəsmi sorğu verib cavab almadığı məlumatlarının dərcindən sonra bu yazılara görə, cərimə sanksiyaları tətbiq etmək və qəzeti cəzalandırmaq kimi absurd addımlar atmağa başladı... Bu absurd addımların şərhinə vaxt itirmədən keçək mətləbə.
Beləliklə, Azərbaycan Mətbuat Şurası həmin yazılarda, guya “rüşvətsiz universitet” yaratmaqda olan rektorun barəsində qərəzli faktlar yayımlayıb və... Doğrudanmı belədir? Axı rektorun şikayətinin əsaslılığı araşdırılmadan, redaksiyadan əks sübutlar istənilmədən necə belə qərara gəlmək olar?
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Azərbaycanın Əməkdar müəllimi, iqtisad elmləri doktoru Alıcan Abbasov bütün bu və ya digər suallara Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə xitabən qəzetimizə verdiyi sensasiya dolu faktlarla zəngin müsahibəsində ətraflı cavab verilir:
RƏSMİ ARAYIŞ: iqtisad elmləri doktoru, Azərbaycanın Əməkdar müəllimi, professor Abbasov Alıcan Bayraməli oğlu:1940-ci ildə İsmayıllı rayonunun Ticran kəndində anadan olmuşdur. 1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmiş və 1962-1964-cü illərdə təyinatla Əli Bayramlı (hazırki Şirvan) şəhərində yerləşən “Şirvanneftçıxarma” tresti nəzdində müxtəlif qazma kontorlarında iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1965-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri vəzifələrində işləmişdir. 1984-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildə Moskva şəhərində “Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində əvvəlcə “Sənayenin iqtisadiyyatı” kafedrasının professoru, 2001-2014-cü illərdə “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Milli iqtisadiyyatın aktual problemlərinə aid 180-a qədər elmi əsərin, o cümlədən 15 kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.
- Alıcan müəllim, “Təzadlar” qəzeti redaksiyasına Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup professor və müəllimi tərəfindən vaxtilə daxil olmuş şikayətlər əsasında dərc olunmuş yazılara qarşı tərəfin etirazları olmuşdur və Azərbaycan Mətbuat Şurası qəzetə cəza tətbiq etmək üçün müzakirələr aparmışdır. Siz necə qiymətləndirirsiniz, doğrudanmı qəzet yalnışlığa yol vermişdir?
-Müzakirəsiz deyirəm: yazdıqlarınızın hamısı həqiqətdir, siz hələ çox az yazmısınız...
- Başa düşdük... Həmin şikayətlərin birində bildirilirdi ki, magistrlərə elmi rəhbərlər kənardan gətirilir. Məsələyə aydınlıq gətirilməsi üçün rektor Ədalət Muradova rəsmi sorğu göndərdik. Verilən cavabda göstərilir ki, guya magistirlər universitetin professorlarından imtina edirlər və s. Bu nə dərəcədə düzgündür?
-Şikayətlər tamamilə düzdür... Ədalət Muradov biz professorlara bir nəfər də olsun magistr vermir. Mən özüm də qəzetdə oxudum ki, kənardan 42 elmi rəhbər gətizdirib. Elmi dərəcəsi olmayan və yaxud hansısa şirkətdə çalışanları universitetə doldurublar, amma bizim özümüzün tanınmış professor və savadlı dosentlərimizi yaxına buraxmırlar. Məsələn, bizim kafedrada bütün dərs vəsaitlərinin müəllifi mənəm. Azərbaycanda dövlət və özəl universitetlərin demək olar hamısının bizneslə bağlı dərs vəsaitləri mənimkidir. O sahə üzrə 33 fəlsəfə doktorlarını mən hazırlamışam. Ədalət Muradov 2014-də gələndən mənə bir nəfər də olsun nə magistr, nə də doktorant vermir. Günümüz ancaq kafedada keçir. Halbuki həmin kafedranı da mən yaratmışam. Tərifləmək olmasın, mənim kimi təcrübəli iqtisadçı alimlər gələcəyin iqtisadçı alimlərin hazırlamalıdır. Özü də bizim kafedrada, digər professorlar da eyni gündədir. Məqsədi də odur ki, kafedrada baş girləyib inciyərək, baş götürüb gedək. Amma biz də heç yana gedəsi deyilik, axı o universiteti bizlər yaratmışıq, Ədalət Muradov kimdir ki?! Yığıb başına Türkiyədəki məlum... universitetlərin məzunlarını, guya hansısa mütərəqqi islahatlar həyata keçirir.
-Alıcan müəllim, redaksiyamız sonradan universitetə rəsmi sorğu da göndərdi ki, görək vəziyyət yazıldığı kimidirmi. Rektorluq rəsmi cavabından belə çıxır ki, guya magistrlər yerli professorları bəyənmir...
-Elə şey olarmı, özünüz fikirləşin? Hansı magistr tanınmış professoru, dosenti burda qoyub kənardan tanımadığı hansısa bir şirkət işçisini özünə elmi rəhbər seçə bilər, özü də savadına, biliyinə bələd olmadığı adamı. Onlar “bir pəncərə” sistemi yaradıblar, bu da onların bir fırıldağıdır.
“Ədalət Muradova sual verin ki, qeyri-ixtisas sahəli şirkətdə hazırlanan dissertasiya işi hansı səviyyədə ola bilər və o magistrin nə savadı ola bilər?”
-Magistirlərin də şikayəti var ki, biz elmi rəhbərlərimizi tapıb elmi suallarımızı verib cavab ala bilmirik.
-Əlbəttə elə olacaq. O elmi rəhbərlər orda-burda şirkətlərdə işləyirlər. Onlar rektorun, magistratura kafedrasının rəhbəri Yaşar Kəlbiyevin dost-tanışlarıdır. Onların niyə bizim professorlara və dosentlərə magistr verməməyinin səbəbi odur ki, istədiklərini həyata keçirə bilsinlər. Yaşar Kəlbiyev “Azərsu”da idarə rəisidir. Magistrlərdən ibarət kafedra yaradıb veriblər ona, mərkəzləşdiriblər. Təsəvvür edin, bir kafedrada 40 fənn öyrədilir magistrlərə. Bu qədər fənn necə tədris oluna bilər? Texniki cəhətdən də mümkünsüzdür. Bu tədris saatlarını da burdan-bura özümüzə deyil, kənardan gətirilən dost-tanışa verirlər. Bu böyük ədalətsizlikdir, özbaşınalıqdır. Kənarda bir şirkət yaradıblar, magistr dissertasiyalarını göndərirlər həmin şirkətə, onlar da orda bir X qiymətə plan hazırlayırlar, gətirirlər, bunlar da həmin X qiymətini 2-yə vurub istədiklərini edirlər. Soruşursunuz ki, magistrləri niyə bizə vermirlər. Axı biz o yolu heç vaxt getmərik. Ən dəhşətlisi odur ki, yerinə yetirilən magistr dissertasiyalarının da səviyyəsi son dərəcə aşağıdır. Siz özünüz bir araşdırma aparın, bu dissertasiyaların bir hissəsini araşdırın, görün nələr üzə çıxacaq.
“Elə dissertasiya rəhbərləri var ki, onlar heç dissertasiya planını belə qura bilmirlər...”
Hətta onların içində tələblərə cavab verən 1% magistr dissertasiyasını tapa bilməzsiniz. Ədalət Muradova sual verin ki, qeyri-ixtisas sahəli şirkətdə hazırlanan dissertasiya işi hansı səviyyədə ola bilər və o magistrin nə savadı ola bilər? Sonra da sənədləşdirirlər ki, bu dissertasiya işi planlaşdırmadan keçdi. Adi tərcümeyi- hal da yazsan ordan keçməlidir də... Birinci vacib olan odur ki, həmin dissertasiyaların səviyyəsi olsun, bu da yoxdursa, daha nə deyəsən?! Elə dissertasiya rəhbərləri ki, var, onlar heç dissertasiya planını belə qura bilmirlər.
“Onların bütün fırıldaqları bundan ibarətdir ki, bütün magistirlər və onların elmi rəhbərləri bir əldə cəmləşsin...”
-Əlbəttə, istehsalatda qeyri-ixtisas sahəsində çalışan elmi rəhbərin də nəzəri biliyi o tələblərə cavab verə bilməz...
-Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda bu sahə üzrə bir nömrəli kadr yetişdirən mənəm və mənim hazırladığım 11 iqtisadçı alim və dosent bizim universitetdə işləyir ki, onları da bizim kafedrada mən yetişdirmişəm. Onların elə 8 nəfəri bizim kafedradadır. Həmin kadralarımızı da atıblar ora-bura...
“Yaşar Kəlbiyev müdafiə vaxtı bir tanınmış şəxslə mənim evimə gəldi ki...”
Onların bütün fırıldaqları bundan ibarətdir ki, bütün magistirlər və onların elmi rəhbərləri bir əldə cəmləşsin. Adını da “vahid pəncərə” qoyublar. O kafedraya Yaşar Kəlbiyevi müdir qoyublar. Təkcə aylıq maaşı 5000 manatdır. Guya axşam saat 8-də gəlir, o da yarım saatlıq. Ondan kafedra müdiri olar? O vaxt, ancaq universitetə yatmağa gəlmək olar... Yaşar Kəlbiyev müdafiə vaxtı bir tanınmış şəxslə mənim evimə gəldi, yalvarıb xahiş etdi ki, mən onun müdafiəsinə dəstək verim. Təmənnasız kömək etdim. Amma o, bu yaxşılığı unutdu. Neçə dəfədir ki, magistrlərə elmi rəhbər olmağıma imkan vermir. O, Ədalət Muradova deyə bilərdi ki, gəl ədalətsizlik eləmə... Yaxşılığı unutmaq isə ən azı nankorluqdur... Ədalət Muradov, bizim kimi universitetə can qoymuş alimlər dura-dura, kənardan, özü də “Azərsu”da böyük bir idarənin rəisi olan və öz işini yerinə yetirməyə güclə vaxt tapan birini nə məqsədlə belə böyük bir kafedraya müdir qoyursan? Nədir o dünya şöhrətli alimdirmi, yoxsa bəşəri biliyə malik bir şəxsdir?
“Onu bir dəfə gördüm, dedim, ay Yaşar, bu nə oyundur, magistraturanı niyə bu günə salmısınız, sabah bu xalqa, ölkənin prezidentinə nə cavab verəcəksiniz? Dedi, Alıcan müəllim, vallah mənlik deyil...”
Ona nə ehtiyac var ki, ordan gətirirsən bu elm ocağına? O, haranın alimidir? Neçə kitabı nəşr olunub, hansı kəşfin müəllifidir? Belə çıxmasın ki, mən nəsə gözügötürməzlik edirəm, onunla çox yaxın münasibətdəyəm, amma indi universitetdə elmin və gələcək kadrların taleyi həll olunur. Mənim ona çox köməyim dəyib. Onu bir dəfə gördüm, dedim, ay Yaşar, bu nə oyundur, magistraturanı niyə bu günə salmısınız, sabah bu xalqa, ölkənin prezidentinə nə cavab verəcəksiniz? Dedi, Alıcan müəllim, vallah mənlik deyil... Eşitdiz? Deməli, hamısını o edir – Ədalət Muradov.
-Siz tanınmış alim, bir ağsaqqal kimi Ədalət Muradova baş verənləri söyləyə bilməzsinizmi?
-Mən özüm ötən ilin mayında görüşəndə, ildə iki dəfə işlə bağlı görüşürəm, əvvəlcə köməkçisinə zəng edib dedim ki, Ədalət Muradova de, məzuniyyətə getməmişdən əvvəl görüşmək istəyirəm, olduqca vacib sözüm var. Köməkçisi səhəri gün zəng edib bildirdi ki, “Ədalət müəllim sizi gözləyir, gəlin”. Getdim... Dedim ki, Ədalət müəllim, əvvəlcə məni 10 dəqiqə dinləyin, sonra cavabını verərsiniz. Və müzakirə edərik. Dedi, baş üstə...
“Dedim, Ədalət müəllim, axı, sən bu professorları niyə incidirsən, onların nəyi xoşuna gəlmir? Türkiyədə o bağlanmış bəzi universitetləri bitirmişləri gətirib yığmısan bura... Ədalət özü axı saxta diplom alıb, professor deyil, savadsızın biridir...”
Mən düz yarım saat onunla söhbət etdim. Yeri gəlmişkən, sizin qəzetdə yazılanların hamısını ona dedim, problemləri qaldırdım. Professorların bayaq qeyd etdiyim məsələsini, magistratura məsələsini, “differensial əmək haqqı” məsələsini... hamısını danışdım. Dedim, Ədalət müəllim, axı, sən bu professorları niyə incidirsən, onların nəyi xoşuna gəlmir? Türkiyədə o bağlanmış bəzi universitetləri bitirmişləri gətirib yığmısan bura... Heç nə demədi... Ədalət özü axı saxta diplom alıb, professor deyil, savadsızın biridir.
-Bizim qəzetdə şikayət əsasında bu barədə sənədlərə istinadən məlumat getmişdi.
-Bilirəm, amma siz yazmamışdan əvvəl də bu faktlar bizə məlum idi. Dedim, ay cənab rektor, axı sən bu professorlardan nə vermisən ala bilmirsən? Sənin ətrafındakı bu elmlər namizədlərini araşdır gör, özləri dissertasiya yazıblarmı? Ona bir-ikisinin adını da çəkdim. Biri prorektordur, biri də pul yığan Həmiddir. Dedim onlardan soruş, gör dissertasiyalarını necə yazıblar? Üzümə baxdı... Dedim, onların ikisinin də dissertasiyasını kim yazıb, mən yaxşı bilirəm. Onlar bizim Şurada müdafiə ediblər. Mən də onda Elmlər Akademiyasında doktorluq üzrə müdafiə Şurasının üzvü idim...
“Dedim, Ədalət müəllim, sən gəl, ətrafına savadlı elmlər doktorlarını, professorları yığ, o savadsızları uzaqlaşdır, bir gün onlar sənin axırına çıxacaqlar...”
-Bu sərt ittihamları deyəndə Ədalət müəllim necə reaksiya verdi?
-Nə desə yaxşıdı?! Dedi ki, bəs onları niyə müdafiəyə buraxırdın? Dedim a kişi, sən nə danışırsan? Mən necə buraxmaya bilərdim?! O dissertasiyanı yazan gəlib oturub orda, mən də ciddi tənqid edib iradlarımı qeyd etdim. Orda Müdafiə Şurasının sədri var, buraxmayaydı. Bir nəfərin səsi ilə bəyəm müdafiə dayandırılır? Dedim, Ədalət müəllim, sən gəl, ətrafına savadlı elmlər doktorlarını, professorları yığ, o savadsızları uzaqlaşdır, bir gün onlar sənin axırına çıxacaqlar. Gəl birləşib universitetin nüfuzunu qaldıraq. Ətrafında olanların əksəriyyəti “juliklərdir”. Bax o prorektor vardı - Damət Bağırov, onu çaxartdı...
““Təzadlar” qəzetindən Ədalət Muradova sorğu verin ki, yaxşı, Damət Bağırov sənin əsas pulyığanın idi, niyə onu işdən çıxartdın?”
Ədalət rektor gələn kimi dedim, bu Daməti burdan uzaqlaşdır. Damət də, duzdür, gəldi xırda bir işin üstündə “ilişdi”... O da ona görə məcbur olub onu işdən qovdu. “Təzadlar” qəzetindən Ədalət Muradova sorğu verin ki, yaxşı, Damət Bağırov sənin əsas pulyığanın idi, niyə onu işdən çıxartdın? Soruşun da...
“Bu Ədalət Muradov özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır...”
Yuxarılar da bunu bilir. Burda nə var ki... Bu Ədalət özü zəhmət çəkib müdafiə etməyib. O, əziyyət çəkib diplom almayıb, əyri yollarla alıb. Ona görə də, belə adamlar əsl alimləri yaxına buraxmır. İnanın, bu belədir. Özü üçün “differensial əmək haqqı” yaradıb, guya. Öz adamlarıdır o 100 nəfər. 3 ildir mən dalbadal beynəlxalq konfransda iştirak edirəm, dərslik, monoqrafiya dərc etdirirəm...
“O rəqəmləri də Ədalət Muradov özü qurub-qoşur. Hamısı onun özünün əməlləridir. Yaxşı, yuxarılar bunu görmürmü, bilmirmi?”
Mənim kimi alim hər dəfəsində 2-ci yer tutur. Atır məni 105-ə, 110-a, gah da 115-ə... Deyirəm, a kişi, mən ikinci yerdəyəm, sən nə edirsən? O da hirslənib məni atır 100-dən o tərəfə. Onları da, o rəqəmləri də Ədalət özü qurub-qoşur. Hamısı onun özünün əməlləridir. Yaxşı, yuxarılar bunu görmürmü, bilmirmi? Özü də bu dəstəyə Türkiyədə oxuyanları gətirib yığıb. Onların da əksəriyyəti Fətullah Gülənin universitetində təhsil alanlardır. Onun biri Ədalətin ən yaxınıdır Fariz adında. Beynəlxalq magistratura və doktoranturanın rəhbəridir. 6-7 il bundan əvvəl, o gəldi universitetə, onda Şəmsəddin Hacıyev rektor idi. Dedi ki, Alıcan müəllim, bu bacarıqlı uşaqdır, onu götür kafedrana işə. Dedim yaxşı, gəlsin. Gəldi söhbət etdim. Gördüm ki, o iqtisadi nəzəriyyədən yazıb, biznesə aidiyyəti yoxdur. Həm də gördüm ki, elmi səviyyəsi elə də yüksək deyil... Dedim ay Şəmsəddin müəllim, bizdə iki iqtisadi nəzəriyyə kafedrası var. O sahədə də müdafiə edib. O kafedraların birinə yerləşdir, bizdə uyğun yer yoxdur. Yəni, mən onu işə götürmədim... Bizdə indi iki doktorantura var. Birində Həmiddir, bir dənə də beynalxal magistratura və doktorantura mərkəzi yaradıb, orada da bu Farizi qoyub... Baxın, universitetdə həm də 3 dənə iqtisadiyyat və idarəetmə kafedrası var. Ədalət Muradov belə paralellik yaradıb, istədiyini edir ki, hər şeyi öz əlinə keçirsin, öz adamlarını qoyub, yüksək maaş təyin etsin.
“Nə soğan? Lazım olsa mən özüm Ədalət Muradova soğan sataram...”
-Alıcan müəllim, Yeni il qabağı o mükafat və soğan məsələsi nə idi? Sizə soğan verildimi?
-Yox, a qardaş, nə soğan (Gülür.). Heç mənim xəbərim olmayıb. Çox adam da deyəsən, acıq edib götürməyib. Sonra dedilər ki, soğan paylayıblar... Nə soğan? Lazım olsa mən özüm Ədalət Muradova soğan sataram... Hamı bilir ki, onun barəsində materiallar cənab Prezidentə kimi gedib. Heç kim problem istəməz. O, əsil alimləri incidir. İstədiyi adamlara da ayda min, iki min pul verir, mükafat verir...
-Bizə şikayət edilmişdi ki, kimlərsə Türkiyəyə gedir, hardansa sertifikat alıb gəlir və 100-yə düşüb yüksək əmək haqqı alırlar...
-Axı sertifikat sənəd deyil... Amma biz elmi konfrans keçirmişik və konfransın materialı da çap olunub, amma 100-yə düşə bilmirik. Sonra da deyirlər ki, bu nə narazılıqdır. Deyirik ki, bu kitabdır, sənəddir, sertifikatda nə var ki? O işi elə qurub ki, yalnız öz adamları bəhrələnsin. Mən 3 il dalbadal fəal oldum, İsveçrədə konfransımız oldu, monoqrafiyam çıxdı. Mən bütün meyarlara görə keçən il 1-ci yeri tutdum. Amma gəlib məni atdı 100-dən geriyə. Dedim ona, ki, bu nə oyundur oynayırsan? Bunları da onun bir müşaviri var, Elşənbala... O edir hamısını Ədalət Muradovun tapşırığı ilə. Onun yaxın adamlarındandır. Savadsızın biridir...
-Alıcan müəllim, sonda nə sözünüz qaldı, nə deyərdiniz?
-Cənab Prezident İlham Əliyevdən xahiş edirəm, rektor Ədalət Muradovun barəsində araşdırma aparılsın və bizi bu bəlalardan xilas etsinlər... Axı bu özbaşınalıq nə vaxta kimi davam edəcək?
Dinlədi: A.Məmmədli
P.S.Digər şikayətçi professorların açıqlamalarını az sonra təqdim edəcəyik...
Təzadlar.az
"Paralel.az": Material təzadlar.az-dan olduğu kimi götürülüb, heç bir düzəliş edilmədən dərc olunub.