“Prezidentimiz dostluğa sadiqdir, jurnalistləri darda qoymayacaq”- Baş redaktor

 

 

Tapdıq Abbas: “Qəzetlərə və jurnalistlərə daim diqqət lazımdır”

 

 “Paralel” qəzetinin baş redaktoru, “Əməkdar mədəniyyət işçisi”,  pedaqoji fəlsəfə doktoru, Qarabağ müharibə veteranı Tapdıq Abbas gündəlik qəzetlərin fəaliyyətində yaranmış böhranla bağlı müxbirimizin sualını cavablandırıb. Həmin cavabı oxuculara təqdim edirik:

- Tapdıq bəy, bildiyiniz kimi, 31 yanvar 2019-cu il tarixdə KİVDF Müşahidə Şurasının iclasında qəzetlərə ayrılan yardım şərtlərinin ikiqat qaldırılması, yəni yardım veriləcək qəzetin tirajının 5 minə, abunə və satışın 2 minə qaldırılması gündəlik qəzetlərin fəaliyyətinin pozulması ilə nəticələnib, artıq bir neçə qəzet fəaliyyətini dayandırdığını elan edib. Sizcə, nə baş verir?

- Azərbaycan iqtisadiyyatına görə, güclü dövlətdir. Bir çox sahələrdə dünyanın inkişaf etmiş dövlətlərilə əməkdaşlıq edir, rəqabət aparır. Hətta bir sıra sahələrdə qabaqcıl mövqeyə malikdir. Buna baxmayaraq, qəzetçilik ölkədə hələ də lazım olan səviyyədə inkişaf etməyib. Bunun əsas səbəbi dünya təcrübəsində sınaqdan çoxdan keçmiş, uğur qazanmış vasitə olan qəzetlərin  reklamla təmin edilməsinin unudulmasıdır. Bu çatışmazlığa görə, Azərbaycanda qəzetlər normal fəaliyyət göstərə bilmir. Yardımla qəzet çıxarmaq təcrübəsi dünyada olsa da, özünü doğruldan vasitə deyil. Digər səbəb, ölkədə azad iqtisadi rəqabət mühiti tam formalaşmayıb deyə, qəzetlərə reklam verən də yoxdur. İnhisarçılıq rəqabət mühitinin normal formalaşmasına imkan vermir...

O ki qaldı qəzetlərə verilən yardımların şərtlərinin iki dəfə yüksəldilməsinə, bu yüksəlməyə haqq qazandırmaq üçün bəzi dostların gətirdiyi arqumentlərlə razılaşmaq mümkün deyil. Arqument kimi, guya, internet medianın xəbərləri daha operativ çatdırmasını, hər kəsin mobil telefonla lazım olan informasiyanı daha tez əldə etməsini, qəzetlərin zamanla ayaqlaşa bilməməsini, insanların qəzeti daha oxumadıqlarını, qəzetlərin forma və məzmunca zəifliyini və sairə əsas gətirirlər. Bu, düz yanaşma deyil. Sual yaranır ki, bəs dünyanın inkişaf etmiş ölkələrində qəzetlər niyə gündəmdən düşmür, hətta hazırda bir sıra Avropa ölkələrində, gündə bir dəfə yox, üş dəfə bir neçə milyon tirajla çıxan qəzetlər çıxırsa, bəlkə həmin ölkələrdə internet media, sosial şəbəkələr yoxdur?!.. Lap elə götürək, qonşu Rusiyada, qardaş Türkiyədə, Azərbayvandan bir neçə dəfə kiçik olan qardaş Kıprız Türk Cümhuriyyətində nəşr olunan çoxtirajlı, baxımlı qəzetlər bəs, niyə iflas etmirlər?!..

Düşünürəm ki, gündəlik qəzetlərin məmur çubuğunun təsiri ilə salındığı hazırkı xoşagəlməz durum əsla ölkəmizin xeyirinə deyil, tam ziyanına işləyəcək bir haldır. Digər tərəfdən, çap mediasının hazırkı xoşagəlməz durumu ilə, ən azı, mətbuatın, xüsusən müstəqil gündəlik qəzetlərin dövlətin həyatında böyük rol oynadığını yaxşı bilən, jurnalistlərin Böyük Dostu, ölkə Prezidenti cənab İlham Əliyev qəzetlərin və jurnalistlərin dar gününə biganə qalmayacaq və çətin duruma salınmış qəzetləri, həmin qəzetlərdə çalışan, peşəsini dövlətinin güclənməsinə sərf edən və burada qazandığı cüzi məvaciblə ailəsini dolandıran jurnalistlər ordusundan köməyini əsirgəməyəcək! Buna tam əminəm!..

- Tapdıq bəy, çox sağ olun!

- Siz də sağ olun!..

Söhbət etdi: Züleyxa

0.11100506782532