Sosial MÜDAFİƏ NAZİRİNİN sosial HÜCUM ƏMRİ

Təəssüflər olsun ki, cənab Sahil Babayev də sələfi Səlim Müslümovun yolunu davam etdirir...
…Cənab Sahil Babayev ötən il əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan az sonra nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoruna, Fondun yerli orqanlarının rəhbərlərinə ünvanlanan bir şanlı məktub imzaladı. Bu məktuba, birmənalı olaraq, cənab nazirin əhalinin sosial müdafiəsinə deyil, belə müdafiəyə ehtiyacı olan vətəndaşlara əsl sosial hücum əmri də demək olar. 
Nazirin göstəriş məktubundan sitat: “Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən 2017-ci ilin yanvarından 1 iyul 2018-ci ilədək olan dövrdə məhkəmə qətnamələrinə əsasən təyin edilən və ödənilən pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım işləri üzrə məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, 12419 ədəd birinci instansiya məhkəmələrinin qətnamələrindən cəmi 1050 iş üzrə apellyasiya şikayəti, 279 iş üzrə isə kassasiya şikayəti verilmişdir...”. Bunun nəticəsidir ki, bu məsələlərlə bağlı qaldırılan mülki işlərdə yerli orqanların əleyhinə çıxarılmış məhkəmə qətnamələrinin sayı artmışdır.
Daha sonra nazir qeyd edir: “Göstərilənləri nəzərə alaraq aşağıdakılar rəhbərlik və icra üçün qəbul edilsin…” 

Sonra nazir 5 bənd üzrə hücum göstərişi verir ki, «...məhkəmə proseslərinin bütün mərhələlərində yerli orqanların nümayəndələri iştirak etsinlər, yerli orqanların əleyhinə çıxarılan bütün qərarlardan yuxarı instansiyalara mütləq şikayətlər edilsin, Ali Məhkəmənin qərarı olmadan pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları ödənilməsin, aylıq ödənişin məbləği 500 – 1000 manat olanda sosial ödənişlərin verilməsi barədə Ali Məhkəmənin Qərarı DSMF aparatı ilə razılaşdırılmaqla, 1000 manatdan çox olduqda, nazirliyin hüquq şöbəsi ilə razılaşdırılmaqla həyata keçirilsin...» və sair. 
Fikrimcə və məntiqin də diktəsi budur ki, nazir öz göstərişinin 1-ci bəndində yazmalı idi ki, Dövlət Sosial Müdafiə Fondu orqanları elə işləsinlər ki, vətəndaşların qanunla qorunan hüquqlarına xələl gəlməsin, məhkəmələrə edilən müraciətlərin sayı minimuma endirilsin. 
Təəssüflər olsun ki, cənab Sahil Babayev də sələfi Səlim Müslümovun yolunu davam etdirir. Budur, bu bir ilyarımda 12 419 məhkəmə qərarı var! Bu, vətəndaşların qanunla qorunan hüquqlarının Sosial Müdafiə Fondu tərəfindən ilyarım ərzində 12 419 dəfə tapdalanması faktıdır. Bu bir ilyarımda 361 iş günü var. Belə görünür ki, Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının əleyhinə hər iş günü 34-35 məhkəmə qərarı olub. Təəccüblü deyilmi?
Məhkəmələrdə bir neçə dəfə təsadüfən bu sayaq işlərə baxılmasının şahidi olmuşam. Təsəvvür edin ki, məcburi köçkün həyatı keçirən bir şəxs pensiya yaşına çatıb, əmək kitabçasında işğal olunmuş rayonda harada işləməsi barədə qeydlər var. Lakin pensiya təyin edən orqanlar həmin dövrü vətəndaşın əmək stajına hesablanmasından qeyri-qanuni olaraq imtina edirlər. Vətəndaş məhkəməyə üz tutur, çətinliklə də olsa onunla birgə işləmiş şahidlər tapır, onlar məhkəmədə şəxsin həqiqətən filan dövrdə filan müəssisədə işləməsini təsdiq edən ifadələr verirlər. Məhkəmə həmin şəxsin göstərilən dövrdə işləməsini təsdiq edən qərar çıxarır. Sonra o, Dövlət Sosial Müdafiə Fondu orqanının şikayətləri əsasında apellyasiya, Ali məhkəmələrə cəlb olunur və uzun müddət həqiqəti sübut etməyə çalışır. 
Beləcə, artan şikayətlərin çoxluğundan işə dövlət başçısı qarışmalı oldu, müvafiq sərəncam verdi. Bu sərəncama əsasən 2006-cı ildən bəri əmək kitabçasında az müddət də olsa işləməsi barədə qeyd olduğu təqdirdə, vətəndaşa həmin vaxtdan əvvələ 25 il sosial sığorta stajı hesablanacaq.
Bununla belə, hörmətli nazir Sahil Bbabayevin aztəminatlı həssas təbəqəyə “sosial hücum” strategiyası vüsət almaqdadır. Təəssüf ki, bir çox hallarda bəzi ədalət keşikçiləri də bu hücumların iştirakçılarına çevrilirlər.
***
… Sosial müdafiə orqanının qanunsuz hücumuna düçar olanlardan biri də mənəm. Hələ mən, Məşədi İbadın sözü olmasın, “Tarixi Nadiri” yarısına qədər oxumuşam, amma Sahil Babayevin nə demək istədiyini hələ də başa düşə bilmirəm… Bununla belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsinin direktoru Şiraslan Əsədov qanuni yolla təqdim etdiyim xəstəlik vərəqələri üzrə sosial sığorta ödənişlərimin icrasından 6-cı ildir ki, müxtəlif qanunazidd şərtlər irəli sürərək imtina edir. Mən də 6-cı ildir ki, məhkəmə instansiyalarının “karuseli”ndə fırlanıram. Nəhayət, ədalətli qərara nail ola bilmişəm. Amma bu “karusel” fırlanmaqda hələ də davam edir. 
Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş və tamamilə aydın yazılmış qərarı cavabdeh DSMF orqanı üçün məqsədli şəkildə “başa düşülmədiyi” bu səbəbdən qərarın icrasını göstərilən səviyyədə yerinə yetirmək istəmədiyi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ilə müraciətimiz əsasında hakim müvafiq qanun normasına əsasən öz qərarına məzmununu dəyişdirmədən izah vermişdir. Hüquqdan sui-istifadə edərək işi mümkün qədər uzatmağa cəhd göstərən cavabdeh bu barədə qərardaddan prosessual müddəti üzrsüz səbəbdən ötürməklə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyası 2 ay sonra kassasiyanın mümkünlüyünə baxmış, müddətin ötürülməsinə baxmayaraq müəmmalı şəkildə baxışı mümkün hesab etmiş, daha 2 ay sonra cavabdehin şikayətini təmin edərək təkrar apellyasiya baxışına qaytarmışdır. Yəni, məhkəmə bununla da cavabdeh Dövlət Sosial Müdafiə Fondu yerli orqanının hücumuna dəstək vermişdir. İndən sonra da 4 aydan çox gözləməli, məhkəmə karuselinin “sərnişini” funksiyamı yerinə yetirməli olacağam. Hələ cavabdehin başqa qanunazidd bəhanələri ortaya çıxmasa...
Kollegiya (sədrlik edən İlqar Dadaşov) bu işə baxarkən maraqlandım, həmin gün, yəni 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında baxılan 55 inzibati işin düz 60 faizi, başqa sözlə, Sahil Babayevin yazdığı kimi, 34 ədədi (!) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən 32-si Dövlət Sosial Müdafiə Fondunun yerli idarə və şöbələri ilə əlaqədardır. Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri bu qədər işin 3-də iddiaçı, 29-da isə cavabdehdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında cəmi 9 hakim, yəni, 3 kollegiya tərkibi var. Bir gündə 33 işə ədalətlə baxmaq üçün bu hakimlər iş materialları ilə diqqətlə tanış olmalı, barəsində şikayət verilən qərarı ciddi şəkildə oxumalıdırlar ki, ədalətli nəticəyə gələ bilsinlər. Fiziki cəhətcə və vaxt baxımından da bunun mümkünlüyünə inanmaq olarmı? Odur ki, baxılan işlərə dair qərarlar da çox vaxt obyektiv olmur, ədaləti əks etdirmir. 
Eldar İsmayılov,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti
0.12261199951172