Azərbaycan mutikulturalizm modelinin Kanada modeli ilə oxşar cəhətləri çoxdur
Multikulturalizm pozitiv sosial təzahür olmaqla, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir
Müasir dünyamızda baş verən bir çox anlaşılmazlıqlar, bilavasitə dövlətlərarası münasibətlərin düzgün qurulmaması səbəbindən yaranır. Ələlxüsus da, bəzi dövlətlərin qarşılıqlı əməkdaşlıqdan və dialoqdan qaçması, öz siyasətlərini dünyaya qəbul etdirmək cəhdləri, son nəticədə mübahisələrə və münaqişələrə səbəb olur. Qarşılıqlı dialoq alınmadıqda isə bu kimi halların qarşısının alınması məqsədi ilə keçirilən tədbirlərin, forum və konfransların da, heç bir müsbət nəticəsi olmur.
Son zamanlar ölkəmizin paytaxtı Bakıda dünyada multikulturalizm dəyərlərinin təbliği və təşviqi məqsədiylə keçirilən tədbirlərin ictimaiyyət tərəfindən yüksək səviyyədə qəbul olunması da, onu deməyə əsas verir ki, Azərbaycanın multikulturalizm modeli bu gün üçün ən mükəmməl modellərdən biridir.
Azərbaycanın multikulturalizm modelindən söz düşmüşkən qeyd etmək lazımdır ki, indiyə kimi də dünyada bir çox multikulturalizm modelləri möcud olub. Bu gün biz həmin modellər barədə məlumat verməyə çalışacağıq. Həmin mövzuya keçməzdən əvvəl multikulturalizm anlayışına bir qədər aydınlıq gətirək.
Qeyd etmək lazımdır ki, "multikulturalizm" terminini siyasi leksikona ilk dəfə 1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi daxil edib. Multikulturalizmin nəzəri əsasını isə liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Multikulturalizm bir siyasət olaraq, öz mahiyyəti baxımından həm də tolerantlıqla sıx bağlıdır. Çünki tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur.
Qeyd edək ki, multikulturalizm həm də cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, məsələyə tam aydınlıq gətirmək üçün multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteid kimi təzahürləri də qeyd etmək lazımdır.
Məsələn, izolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasına imkan vermir. Buna nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunan "İmmiqrasiya haqqında Qanunu" göstərmək olar.
Assimilyasiya isə izolyasionizmə alternativ bir siyasətdir və bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur.
Aparteid isə müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlik siyasətdir. Bütün bu təzahürlərin tam əksi olaraq, multikulturalizm eyni bir cəmiyyətdə bütün xalqların və dinlərin qarşılıqlı anlaşma şəraitində yaşamasını özündə əks etdirir. Burada bir məqamı da qeyd etmək vacibdir ki, multikultural cəmiyyətin formalaşması və inkişafı - tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşib. Eyni zamanda, multikultural cəmiyyətin formalaşmasında və inkişafında demokratiya da mühüm rol oynayır, necə deyərlər, demokratiya olmayan yerdə multikulturalizm, multikulturalizm olmayan yerdə demokratiya olmur. Bu da məlum faktdır ki, multikultural cəmiyyətlər ilk növbədə Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində formalaşıblar. Bu ölkələrdəki tolerantlıq, əxlaqi qaydalara yüksək münasibət və demokratiyanın inkişaf səviyyəsi orada multikulturalizm ideyalarının yayılması və inkişafı üçün münbit şərait yaradıb.
Bütün qeyd olunanlara əsaslanaraq deyə bilirik ki, multikultural cəmiyyətlərin formalaşdığı bütün dövlətlərdə tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, multikulturalizmin müxtəlif modelləri meydana gəlib. Bu modellər arasında Amerika, İsveç, Avstraliya və Kanada modellərini xüsusi qeyd etmək lazımdır. Məsələn, multikulturalizmin Amerikan modeli 1960-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan "əridici qazan" ("melting pot") formasında meydana gəlib. Bu "qazanda" anqlo-saksonlar üstün mövqeyə malik olsalar da, bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişib. "Əridici qazan" "layihəsi" multikulturalizm ideologiyası ilə əvəzlənib. Bunun əsas səbəbi isə yeni "Vətəndaş Hüquqlarına dair Qanun" və "İmmiqrasiya haqqında Qanun"un qəbul edilməsi olub. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin edib. İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirib.
Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini digər tərəfdən isə etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi, bu cəmiyyətdə etno-mədəni oxşarlğın çatışmazlığını da açıq şəkildə görürük. Bu da Amerikanın dünyada hegemon mövqedə olmasından irəli gəlir.
Amerika modelindən fərqli olaraq, multikulturalizmin İsveç modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi durumla bağlıdır. Məlumdur ki, İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə öz mövqeyini qoruyub saxlaya bilib. Bu hökumət 1976-cı ildə əcnəbilərə səs vermək hüququ verib. 1997-ci ildə qəbul olunan "İmmiqrasiya haqqında Qanun" isə İsveçi multikultural cəmiyyət kimi tanımaq imkanı yaradıb.
Multikulturalizmin İsveç modelinin əsas istiqamətləri - dil və təhsil strategiyalarıdır. Bu strategiya immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. Həmçinin İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib zəruri bir reallıq kimi baxır.
Multikulturalizmin Avstraliya modelinin yaranması isə bir qədər uzun müddət çəkib və ölkədə multikultural cəmiyyətin formalaşması dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşayiət olunub. 1901-ci ildə Avstraliyada qəbul olunan "İmmiqrasiya haqqında Qanun" izolyasionizm siyasətinin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynayıb. Situasiya yalnız "Vətəndaşlıq haqqında Qanun","Miqrasiya haqqında Qanun", "Əcnəbilər haqqında Qanun", və "Viza rejimi haqqında Qanun" lara edilən düzəlişlərlə dəyişməyə başlayıb. Yuxarıda da qeyd etdiyimiz kimi, "multikulturalizm" terminini siyasi leksikona Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi gətirib. O, həm də anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsi istiqamətində çox böyük işlər görüb. Multikulturalizmin inkişaf etdirilməsində israrlı olan Avstraliya hökuməti 1979-cu ildə Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaradıb. Bu, Avstraliya dövlətinin immiqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların açıq təzahürü idi.
Qeyd edək ki, Kanada multikulturalizm modeli bir çox cəhətləri ilə Azərbaycan multikulturalizm modelinə bənzəyir. Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Hələ o dövrdə Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edib və bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyəti kimi özünü göstərib. Bu da o deməkdir ki, multikulturalizm həm də kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Kanadada multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.
ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.
Gördüyünüz kimi, bu gün bütün dünyada ən mütərəqqi model kimi qəbul olunan Azərbaycan mutikulturalizm modelinin Kanada modeli ilə oxşar cəhətləri çoxdur. Bununla belə, Azərbaycan modelinin nümunə kimi göstərilməsi onu deməyə əsas verir ki, Azərbaycanda gerçəkləşdirilən model daha mükəmməldir və həyatımızın bütün sferalarını əhatə edir.
Multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlilini aparan ekspertlər hesab edirlər ki, multikulturalizm pozitiv sosial təzahür olmaqla, cəmiyyətin inkişafına münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir. Multikulturalizm həm də cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlib.
Ekspertlər hesab edirlər ki, demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir.
Eyni zamanda, müxtəlif bölgələrin tarixi inkişafının xüsusiyyətləri də multikulturalizmin fərqli modelinin yaranmasına səbəb olur.
Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.
Bu baxımdan, Azərbaycan dövlətinin, dövlətimizin başçısı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü qlobal işlərin nəticəsidir ki, bu gün Azərbaycan multikulturalizm modeli dünyanın bütün sivil cəmiyyətləri tərəfindən nümunəvi model kimi qəbul olunur.
“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub