“ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” - Sülhəddin Əkbər

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Həyat və azadlıq” adlı kitab yazıb. Rus dilində yazılan kitabda Xocalı canisi Köçəryan Azərbaycan torpaqlarını necə ələ keçirdikləri barədə yazıb. Kitabın Kəlbəcərin və Ağdamın nə məqsədə işğal edildiyi barədə fraqmentini tanınmış publisist Vahid Qazi özünün facebbok səhifəsində şərhlə təqdim edib.

Köçəryan Ağdamı Kəlbəcərə görə tutduqlarını yazır: “Başqa yolumuz yox idi, çünki beynəlxalq birlik Kəlbəcərə görə bizə təzyiq edirdi. Kəlbəcər isə Laçından sonra Ermənistanla əlaqə saxlamaq üçün bizə hava-su kimi lazım idi. Neçə dəfə Rusiyadan, Ermənistandan zənglər gəldi ki, Kəlbəcəri qaytarın. Levon Ter-Petrosyan və Boris Yeltsin bizdən (Dağlıq Qarabağ separatçılarını nəzərdə tutur. R.Köçrəyan o zaman separatçıların lideri idi – red.) Kəlbəcərin qaytarılmasını tələb edirdilər. Bununla bağlı Gorusda görüşümüz oldu. Orada konkret razılığa gələ bilmədik. Sonra Ter-Petrosyan Stepanakertə gəldi, bizim parlamentin iclasında iştirak etdi və Kəlbəcəri təcili qaytarmağımızı tələb etdi. Biz ona dedik, bir şərtlə qaytara bilərik ki, oradakı silah-sursatı götürək və Kəlbəcərlə Mardakert arasında ciddi mühafizə xətti yaradaq. Bunun üçün bizə vaxt lazım idi. Ter-Petrosyan razı oldu. Bizi dalana dirəmişdilər.

 

Həmin dövrdə Mardakertə tam nəzarəti ələ keçirdikdən sonra qərara gəldim ki, mütləq Ağdamı tutmaq lazımdı, çünki oranı tutsaq, Kəlbəcər arxa plana keçəcəkdi. Bizə isə nə olursa-olsun, Kəlbəcəri saxlamaq lazım idi”.

Köçəryan sonra yazır ki, Ağdama hücum edəcəkləri haqda Ermənistan hökumətinin xəbəri yox idi: “Əməliyyat iyulun ortaları başladı. Ağdamın mərkəzinə girib orada yerləşən Azərbaycanın hərbi qərargahı ilə kəllə-kəlləyə gəlmək fikrimiz yox idi. Ona görə şəhəri boşaltmaq üçün manevr etdik. Əvvəl şəhəri cənubdan və şimaldan əhatə edib xəbər göndərdik ki, bu günlərdə hücuma hazırlaşırıq. Əhali panikaya düşüb şəhəri tərk etməyə başlamışdı. Şəhərin ətrafında xırda atışmalarımız olurdu və 23 iyul tarixində biz Ağdama daxil olduq. Telefonumuz susmurdu. Ermənistandan nə qədər adam zəng vurub bizdən nə baş verdiyini soruşurdu. Ermənistan parlamentinin sədri Babken Ararktsyan mənə zəng vurub əsəbi halda: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?” – soruşdu.

“Yox, elə bir şey baş verməyib, sadəcə, burada bir-iki təpəni tutub, oturub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”, – dedim. “Sizin orada nə itiniz azıb? Beynəlxalq birlik gözləyir, biz nə vaxt Kəlbəcəri qaytaracağıq, siz isə Ağdama girmisiniz?”

Dedim: “Yox əşi, biz heç hara girməmişik, sadəcə, qarşı tərəfdən artilleriya atəşi oldu, biz də onu susdurmaq üçün bir az irəliləmişik, vəssalam”.

Babkenə yalan söyləyirdim, halbuki bu sözləri ona Ağdamın mərkəzindən deyirdim. Onunla dost idik. Aldatdığıma görə pis olmuşdum. Sonra o, Qukasyana zəng elədi. Qukasyan da yanımda idi. O, Qukasyandan soruşdu: “Qulaq as, səni normal adam bilib zəng edirəm. Mənə deyə bilərsənmi, orada nə baş verir? İndi haradasınız?”

Qukasyan da mən dediyimi dedi. Dedi ki, Ağdam ətrafındakı təpələrin birində oturub şəhəri müşahidə edir. Düz 2 gün Ermənistan hökumətinə yalan məlumatlar verdik. Şəhəri tam ələ keçirəndən sonra onlara həqiqəti dedik. Ermənistanda bircə Vazgen Sarqsyanın bundan xəbəri var idi (qeyd: həmin dövrdə V.Sarqsyan Ermənistan prezidentinin müşaviri olub). Azərbaycanda 4 iyunda hakimiyyətə üsyan oldu, ara qarışdı. Bir dəfə onda Kəlbəcərdən çıxmaq məsələsi müəyyən qədər arxa plana keçdi. Sonra isə 1993-cü ilin 29 iyulunda BMT-nin 853-cü qətnaməsi qəbul olundu və beynəlxalq diqqət Ağdama yönəldi, Kəlbəcər arxa plana keçdi. Ağdamdam sonra Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı, Horadizi ələ keçirdik. Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik”.

Əbülfəz Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər isə “Yeni Müsavat”a bildirib ki, 1993-cü ilin 4 iyun qiyamı olmasaydı, Kəlbəcərin azad olunması real idi: “BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Ermənistan əməl etmək məcburiyyətində qalmışdı. 4 iyun qiyamının Kəlbəcərin azad olunmasının qarşısını aldığını təkcə biz demirik, bunu hətta düşmən ölkənin o zamankı prezidenti Levon Ter-Petrosyan da etiraf etmişdi, Robert Köçəryan da müsahibələrində, yazılarında etiraf edib. Odur ki, 4 iyun qiyamında iştirak edənlərin, o qiyama siyasi dəstək verənlərin Azərbaycan dövləti və xalqına misli görünməmiş xəyanət etdiyi birmənalıdır. Onlar bağışlanmamalıdır və tarix onları bağışlamayacaq”.

S.Əkbərin sözlərinə görə, təbii ki, R.Köçəryan bütün həqiqətləri kitabında yazmayıb: “Gələcəkdə də çətin ki, hər hansı bir erməni lideri bütün həqiqətləri desin, yazsın. Həqiqətlərdən biri ondan ibarət idi ki, Kəlbəcərin işğalına Rusiyanın hərbi birləşmələri dəstək verirdi. Həmin dövrdə rus hərbi birləşmələrinin arasında gedən telefon danışıqları bizim tərəfimizdən yazılmışdı. BMT-nin Azərbaycandakı nümayəndəliyinə də bu barədə məlumat verilmişdi. Rusiyanın bu prosesə faktiki olaraq qarışmasını Azərbaycanda maraqlı olan xarici kəşfiyyat orqanları da bilirdi. Region ölkələri – Türkiyə və İran da bilirdi. Hətta ABŞ, Böyük Britaniya, İsrail kimi regionda xüsusi marağı olan dövlətlərin kəşfiyyatları da məlumatlı idi. Onlar artıq gördülər ki, Rusiya hərbi qüvvələrinin faktiki olaraq Azərbaycan torpaqlarının işğalına müdaxilə etməsi faktı ortadadır. Eyni zamanda bilirdilər ki, işğalın Dağlıq Qarabağın ətrafındakı rayonlara keçməsi faktı da var. Bu iki fakta görə ABŞ və Britaniya kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri məsələyə ciddi yanaşmağa başladılar. Rusiya hakimiyyətinə və Ermənistan hakimiyyətinə Kəlbəcərdən qoşunların çıxarılması üçün ciddi təzyiqlər edilirdi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə tez bir zamanda əməl edilməsi tələbi qoyulmuşdu.

 

Ona görə də Rusiya “dərin dövlət”i, Rusiya silahlı qüvvələrinin Baş Kəşfiyyat İdarəsi 4 iyun qiyamını təşkil etdilər, həm Kəlbəcərin azad olunmasının qarşısını aldılar, həm də digər rayonlarımız işğal edildi. 4 iyun qiyamından sonra Ağdamın və digər rayonların işğalında məqsəd təkcə Kəlbəcərdən diqqəti yayındırmaq deyildi. Əbülfəz Elçibəy-Heydər Əliyev cütlüyü Rusiyanın planını pozmuşdu. Rusiyanın 4 iyun qiyamı ilə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək planını Elçibəy və Heydər Əliyev pozmuşdu. Ona görə də Rusiya ermənilərin əli ilə işğalı genişləndirməklə Heydər Əliyevə təzyiq edirdi. Çünki plana görə, prezident postuna Ayaz Mütəllibov qaytarılmalı idi. 4 iyun qiyamı buna hesablanmışdı. Rusiya dərin dövləti 1992-ci ildə məxməri inqilab edən və Ayaz Mütəllibovu istefaya göndərən qüvvələri bağışlaya bilmirdi və intiqam alma istəyirdi. 4 iyun qiyamı revanş idi”.

R.Köçəryanın kitabında Ağdamın işğalı əməliyyatından, guya, Ermənistanın xəbərinin olmadığı və bu əməliyyatı yalnız Dağlıq Qarabağdakı ermənilərin hazırlayıb həyata keçirdiyi barədə iddialara gəlincə, S.Əkbər qeyd edib ki, biz hadisələri bütün detallarına, xırdalıqlarına qədər bilmirik və bəlkə də sonuna qədər bilməyəcəyik: “Amma bir həqiqət var ki, həmin dövrdə Dağlıq Qarabağdakı erməni separatçı qüvvələr Ermənistan hakimiyyətindən çox, Rusiya dərin dövlətinə, Rusiyadakı xüsusi hərbi kəşfiyyat dairələrinə daha çox bağlı idilər. Həmin dairələr bir tərəfdən erməni separatçılarla, bir tərəfdən isə Azərbaycandakı beşinci kolonla əlaqəli işləyirdi, əməliyyatlar qururdu. Ağdamın və digər rayonların işğalı və qiyam yolu ilə dövlət çevrilişi hazırlanması da bu əməliyyatlardan biri idi”.

0.052436828613281