"Ürəyimin səsi"-mənim səsimdi

Dərk edən dərk edir başlayır həyat, Allahın eşqilə yaşar kainat.

 Əsl insanın həyatda pərəstiş etdiyi- elmin, sənətin qüdrəti ilə insanların şüurunu, duyğularını ülvi bir səviyyəyə qaldırmaq məqsədi durur.

Bu əsil alim və tədqiqatçının müdriklik səlahiyyətidir. Yanar zəka məhz belə halda bəşəriyyətə öz nurunu səpələyir.

Alim öz məhsuldar tədqiqatı, yazıçı və şairlər əbədi müasirlik qazanan əsərləri, aktyor və müğənnilər öz ifaları ilə yaddaşlarda əbədilik qazanır.

Yanar ürəkdə Allaha, Vətənə, ata-anaya məhəbbət, həyat davam etdikcə yaşayır. Əli Vahid Çaylı, uca-sıldırımlı qayaları, billur bulaqları, sıx meşələri ilə dünyaya tanınan Şirvan elində- Şamaxıda göz açanda onun valideyinləri özləri də bilmirdilər ki, bu körpə yetkinləşəndə Ulu Məkanı Şirvanı, Qədim Şamaxını bacarıqla tərənnüm edəcək.

Əli Vahid arzularının, sevincinin, məhəbbətinin, kədərinin, nifrətinin əbədi karvan yolunun işığı onun əsərlərindən duyulur. Bu baxımdan Əli Vahidin "Ürəyimin səsi" adlı əsəri diqqəti daha çox çəkir.

 

Canlılarda yaşayış müddətində "daimi mühərrik" ürəyi Əli Vahid belə təsvir edir.

 

 Eşq, məhəbbət həvəsiylə,

Gecə-gündüz yanır ürək.

Şeir, sənət nəfəsiylə,

Ömrümüzü yazır ürək.

 

Əli Vahidin bu tərənnümü ürəyin insan həyatı üçün əvəzedilməzliyini ifadə edir.

 

Sevməz qəm, qüssə kədəri,

İstəməz qövrü-qədəri.

Eşidəndə şad xəbəri,

Meylin eşqə salır ürək.

 

Bu misralarla şair insanları qəm-qüssədən uzaq olmağa, həmişə xeyirxahlıq etməyə səsləyir.

Əsil fikir və ideya- Prometey odudur, onsuz bəşər həyatı qaranlıq zindana düçar olardı.

Poeziya, müasir həyatı bizə yaxınlaşdırır, min illər bundan əvvəlki əsərlər, cəmiyyət həyatında indi də gərəkli olur.

İnsan yaranışının mənbəyi anadır, elə buna görə də Əli Vahid Vətən və Ananın təsvirlərini çox məharətlə verir.

 

Arzu dolu ürəyimdi,

Axar qanımdı Vətənim,

Dilimdən heç vaxt düşməyən,

Şirin canımdı Vətənim.

 

 Odur atam, odur anam,

Əlçatmaz basılmaz qalam.

Əziz övladım gül balam,

Doğum daşımdı Vətənim.

 

Və yaxud

 

Sinəsi yara dağlıyam,

Həm qaralı, həm ağlıyam.

Mən Əli Vahid Çaylıyam,

Ölməz adımdı Vətənim.

 

Əli Vahid ana zəhmətini, ana qayğısını, ana məhəbbətini belə qələmə alır:

 

Sənin alnın qırışdıqca,

Ömür yolum hamarlanıb.

Qara saçın ağardıqca,

Mənim saçım tumarlanıb.

 

Sənin əlin qabardıqca,

Mənim qarnım tox olubdu,

Aman!.. anam qocaldıqca,

Qəm, kədərim çox olubdur.

 

İnsan taleyi, taleyin qismətini bədii tərənnüm edən Əli Vahid Çaylı belə ifadə edir:

 

Əbəs yerə heyfislənmə,

Qəm qüssəni Allah verir.

Elə ölçür, elə biçir,

Hər bir şeyi Allah verir.

 

Ruzi verir ümman-ümman,

Vaxt da verir zaman-zaman.

Əgər tökülsə- nahaq qan,

"Yaxşı dərsi" Allah verir.

 

Sonda Əli Vahid deyir:

 

Mən özüm qurban adına,

Yetişirsən imdadına.

Şükür olsun taxt-tacına,

Hər bəhəri Allah verir.

 

Belə bir atalar misalı var "Nə əkərsən, onu biçərsən". Mən burada Süleyman Rüstəmin "Oğluma nəsihət" əsərində bir beyti də oxucuya çatdırmağı lazım bildim.

 

Yel qanadlı, illər ömürdən gedir,

İnsan əməyiylə kəmala yetir.

Bağında nərgizlər, lalələr bitir,

Tikanlar, qanqallar bitirmə oğlum.

 

Əli Vahid bu aspektdə oxucuya əməlində xeyirxah olmağı tövsiyyə edir. O, "Axtarsan taparsan özündə həlli" başlıqlı şerində yazır:

 

İzi bəlli olan, elsiz məkan var,

Yurdun atıb gedən, evsiz qalan var.

Qız bəsdi oxudun, Şuşam var Xan var,

Şirvanşah nəsliyəm izimdən bəlli,

Axtarsan taparsan özündə həlli.

 

Şamaxılıyam, Şirvan adım-sanımdı,

Şeyx İbrahim, Fərrux Yaşar şahımdı.

Cismi bədənimdən axan qanımdı,

Unudulamz torpağım, şairi bəlli,

Axtarsan taparsan özündə həlli.

 

Əli Vahid qoşmalarına belə bir ad qoyub, "Gülsün oğlu, qızı Şirvanın". Bununla da o, gənc nəsli xoş əməlləri ilə şadlığa çağırır.

 

Nədən kövrəlirsən, ay Əli Vahid?

Görən güləcəkmi yazı Şirvanın!

Birləşib bir olsaq, ay Əli Vahid,

Dinər eldə telli sazı Şirvanın.

 

Şeirim yol alar dağdan arana,

Nur çiləyər zəhmət çəkib qurana.

Qurbanam bu böyük Azərbaycana,

Rövnəqlənsin sərvinazı Şirvanın.

 

Tarix yaşadır hər cığırı, izi,

Yurda naxış vurur ellərin özü,

Dil açır, danışır şairin sözü.

Gülür söz baharı, yazı Şirvanın.

Sevinir həm oğlu, qızı Şirvanın.

 

Mərhum akademik, gözəl insan, unudulmaz şəxsiyyət Teymur Bünyadovun Azərbaycan tarixinə dair çıxışından vəchə gələn Əli Vahid "Şirvanın tarixi" başlığı şerində deyir:

 

Şirvanın tarixi sirr yaddaşıdır,

Çoxları utanır ulu deməyə...

Azərbaycanın ölməz qardaşıdı,

Hazırdı yolunda diri ölməyə.

 

Danışıqın şirin, söhbətin dərin,

Sadəlik ucaldır şöhrətə birin.

Baldanda şirindir suyu Zəm-zəmin,

Aqillər can atır onu içməyə.

 

Öz şeirlərində Vətən sevgisi, Ana sevgisi və insanları əxlaqa, xeyirxahlığa çağırmaqla yanaşı, buraxılan səhvlərin etirazını da müsbət qiymətləndirir.

İstənilən oxucu üçün vacib olan Əli Vahidin "Etiraf" şerini bütövlükdə verməyi məqsədəuyğun hesab etdim:

 

Kimlərin gözündə kiminsən sən,

Bəlkə, dərdə dərman həkimsən sən.

Xəstəyəm dərdimin loğmanı sən,

Axı möhtəşəm bir ölkə şahısan.

 

Qoyma əzab çəksin, çöldə çəmən,

Su istəyir körpə, məmə əmən,

Mən yazıram dərdi, əldə qələm,

Görən varmı eldə dərdə ələm.

 

Öz sevincim pay umur ellərdən,

İlhamım qanad alır güllərdən,

Yazılır ömür ötən illərdən,

İnsanlıq duyulur ürəklərdən.

 

Dəyərli ol, ata-anaya sadiq,

Qoy bilməsinlər, kimsə biz yadıq.

Vətən, Vətən deyə ucalırıq biz,

Dosta-dost, düşmənə yadıq, yad biz.

 

Əli Vahid Çaylı Allahla ünsiyyəti bizim ata-anadan öyrəndiyimizi bədii şəkildə çox gözəl verir. "Ürəyimin səsi" şerində o, yazır:

 

Soruşdum anamdan, nədir məhəbbət,

Süzüldü dilindən bulaq tək şərbət.

Allahı gətirdi birici dilə,

Sevgini bənzətdi cənnətə gülə.

 

Gözə görünməyən o bu varlığı,

Bizlərə öyrətdi bu reallığı.

Sevənlərin qəlbi billur güzgüdü,

İnsanların gözü canlı bölgüdü.

 

Cismani başlayır, harda nə varsa,

Canlı, cansız həyat onunla yarsa.

İlk sevgini ana atadan alır,

Ömür yollarına o işıq salır.

 

Öyrədir eşq nədir, məhəbbət nədir,

Sanki İlahisiz eşq əfsanədir.

Bəli addım-addım yaranır hisslər,

Oyanır nəfəslər, oyanır hisslər.

 

Düşünürəm bu qibleyi-aləmdə,

Kimlər gəlib, kimlər gedir bir anda.

Dərk edən dərk edir başlayır həyat,

Allahın eşqilə yaşar kainat.

 Əli Vahidin şeirləri fəlsəfi süzgəcdən keçmiş bədii tərənnümüdür. Bu şeirlərin hər misrasında həyat üçün götürülməli olan fikirlər var.

Bütövlükdə Əli Vahid Çaylı yaradıcılığına ekskursiya etdikdə belə qənaətə gəlmək olur ki, Şirvan torpağında dünyaya gəlmiş, yazıb-yaratmış Xəqani, Nəsimi, Seyid Əzim Şirvani, Sabir ruhu bu torpaqda hələ qalmaqdadır və uzun müddət qalacaqdır.

 Tacəddin Vahidov ADPU

 

12.01.2019

0.092062950134277