Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olur

Multikulturalizm müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətidir

 Son zamanlar dünyada baş verən prosesləri izlədikdə, müasir dünyamızın sülh və harmoniya şəraitində yaşaması və inkişaf etməsinin bir qədər çətin olduğu qənaətinə gəlirik. Bunu dünyanın müxtəlif yerlərində baş verən qarşıdurmalar, toqquşmalar və anlaşılmazlıqlar da təsdiq edir. Bir çox hallarda bu qarşıdurmalara səbəb kimi, dini və milli anlaşılmazlıqlar göstərilsə də, görünən odur ki, burada güclülərin zəiflər üstündə hegemonluq iddiasını gerçəkləşdirməyə yönəlik bir siyasət ana xətt kimi keçir. Sadəcə olaraq, həmin qüvvələr öz siyasətlərinə müxtəlif donlar geyindirməyə çalışırlar. Ekspertlərin gəldikləri qənaət də belədir ki, bu vəziyyətdən çıxmağın yeganə yolu tolerantlığı və multikultural dəyərləri qoruyub inkişaf etdirməklə, dinlər, millətlər və dövlətlər arasında birgəyaşayışın vəhdətinə və harmoniyasına nail olmaqdır. 

Multikulturalizm dedikdə biz çoxmədəniyyətlilik və bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyəti göz önünə gətiririk. Bu baxımdan, multikulturalizmin bir siyasət olaraq öz mahiyyəti etibarı ilə həm də tolerantlıqla sıx bağlı olduğunu deyə bilərik. Multikulturalizm eyni zamanda, müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab olunur. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə bağlıdır.

Bu baxımdan müasir dövrdə multikulturalizm, siyasətinin gerçəkləşdirilməsi Azərbaycan dövləti üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan tarixən çoxmədəniyyətli bir dövlət olub və ölkəmizdə ta qədim zamanlardan avarlar, talışlar, ləzgilər, udinlər, ruslar, yəhudilər və s. millətlər və müxtəlif dini konfessiyaların nümayəndələri sülh və əminamanlıq içərisində yaşayıblar. Bu da bir həqiqətdir ki, multikultural cəmiyyətlər də müxtəlif mədəni strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf etmək imkanlarına malik deyillər. Bunun əyani sübutlarından biri Azərbaycan Respublikasının sosial- iqtisadi inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqlar da harmonik inkişaf edirlər.

Azərbaycanda multikultural cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun da böyük rolu olub. Belə ki, Azərbaycanın əlverişli coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi burada bir sıra xalqların və milli azlıqların məskunlaşmasına təsir göstərən əsas amillərdən biri kimi çıxış edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi onun etnik mədəni müxtəlifliyə malik bir cəmiyyət kimi formalaşmasına da öz müsbət təsirini göstərib. Bununla belə, qeyd etmək vacibdir ki, ölkəmizdə multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi şəraitlə bağlı deyil. Dünyada elə ölkələr var ki, onlar da Azərbaycan kimi əlverişli coğrafi məkanda yerləşirlər, lakin həmin ölkələrin bir çoxunda multikultural mühit Azərbaycandakından əsaslı şəkildə fərqlənir. Bunun müxtəlif səbəbləri var. Əsas səbəb Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi qəbul edilməsi və bu siyasətin Azərbaycan xalqının həyat tərzinə çevrilməsidir.

Bu da məlumdur ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı onun mədəni inkişafı ilə sıx bağlıdır və sosial-iqtisadi inkişaf mədəni inkişafdan kənar mövcud ola bilməz. Buna görə də, dünyada qlobal maliyyə böhranının yaşandığı bir zamanda belə, ölkəmizin iqtisadiyyatında müşahidə olunan inkişaf, həm də mövcud multikultural mühitə, dinlər və millətlərarası vəhdət və harmoniyaya da ciddi təsir göstərib. Respublikamız son dövrlərdə iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirən multikultural dəyərləri qoruması və inkişaf etdirməsi siyasətindən irəli gəlir. Çünki ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsində multikulturalizmin də rolunu inkar etmək mümkün deyil.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan multikulturalizmi bu gün bütün dünyada nümunəvi model kimi qəbul olunur. Ümummilli Liderimizin hakimiyyəti dövründə ölkəmizdə dinindən və milliyyətindən asılı olmayaraq, bütün xalqlar rifah və firavanlıq şəraitində yaşayıblar və bu siyasət indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan bu gün dünya miqyasında

multikulturalizm mərkəzi kimi tanınır. Prezident İlham Əliyevin ölkəmizdə  multikulturalizmin daha da inkişaf etdirilməsi məqsədilə 15 may 2014-cü il tarixli sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da, onun bu istiqamətdə gördüyü işlərin bariz nümunəsidir. Prezident İlham Əliyevin tövsiyələri və tapşırığı ilə dünyanın bir çox bölgələrində multikulturalizmin inkişaf etdirilməsi üçün böyük layihələr həyata keçirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələri Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirməkdir. Mərkəz həmçinin multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək istiqamətində də mühüm işlər görür. BBMM-in müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər də, ölkəmizdə multikultural dəyərlərin qorunub inkişaf etdirilməsinə xidmət edir.

Azərbaycanda yaşayan müxtəlif millətlərin və etnik azlıqların bərabərhüquqlu olması, yəni onlara yerli əhali ilə müqayisədə fərq qoyulmaması da, ölkəmizdə multikulturalizm siyasətinin uğurla həyata keçirildiyini əyani şəkildə sübut edir.

Bu gün Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən azərbaycanlı əhalisiylə yanaşı, bir sıra digər azsaylı xalqların və etnik qrupların nümayəndələri də yaşayırlar ki, onların arasında ləzgilər, ruslar, talışlar, avarlar,  tatarlar, gürcülər, yəhudilər, kürdlər  çoxluq təşkil edirlər.

Azərbaycanda multikulturalizmin sosial- iqtisadi inkişafa təsiri həm də ondan ibarətdir ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqların, etnik qrupların və etnosların nümayəndələri yerli əhali ilə bir yerdə iqtisadiyyatın və idarəetmənin istənilən sahəsində fəaliyyət göstərmək imkanlarına malikdirlər. Onlar eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatıraraq həm mənfəət əldə edə, həm də ölkənin iqtisadi inkişafına təsir göstərə bilərlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən və ölkənin sosial- iqtisadi inkişafında mühüm rolu olan bir çox iri müəssisələr var ki, həmin müəssisələrə ölkəmizdə məskunlaşan qeyri-azərbaycanlıların nümayəndələri rəhbərlik edirlər. Məlumdur ki, hər bir ölkənin makroiqtisadi göstəricilərindən biri də, ölkə əhalisinin rifah səviyyəsidir. Ölkəmizdə mövcud olan multikultural mühit, heç şübhəsiz ki, burada yaşayan bütün millətlərin və xalqların da rifahına öz müsbət təsirini göstərir. Azərbaycanda hökm sürən siyasi -iqtisadi stabilliyin özü də, respublikamızda məskunlaşan millətlərin sülh və əminamanlıq içərisində yaşamasına, hüquqlarının qorunmasına, bərabərhüquqlu olmalarına, rifah səviyyələrinin yüksəlişinə tam təminat verir. Burada nə dini, nə də milli xüsusiyyətinə görə ayrı-seçkiliyə yol verilmir. Məsələn, ölkəmizdə yaşayan milli azlıqlar, etnik qrupların nümayəndələri də, azərbaycanlılar kimi müxtəlif təşkilatlarda və müəssisələrdə çalışır, eyni əmək haqqı alır, sabitlik və rifah içərisində yaşayırlar. Onlar da yerli əhali kimi dövlətə vergi ödəyərək, dövlət  büdcəsinin formalaşmasına öz töhfələrini verirlər.

Ölkəmizdə multikulturalizmin bir siyasət olaraq inkişaf etdirilməsi dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri ilə iqtisadi əlaqələrin qurulmasında və möhkəmlənməsində də mühüm rol oynayır. Çünki bir sıra dünya ölkələri ilə xarici ticarət əlaqələrinin qurulmasında, xarici investorlar tərəfindən ölkəmizin müxtəlif sahələrinə külli miqdarda investisiya yatırılmasında, xarici iş adamlarının ölkəmizdə şirkət qurub həm yerli əhalini, həm də müxtəlif millətləri işlə təmin etməsində multikulturalizm faktorunun  böyük rolu var.

 Bildiyiniz kimi, son illər ölkəmizdə qeyri-neft sektorunun, əsasən də turizmin inkişaf etdirilməsi prioritet istiqamət kimi, dövlət başçımızın da xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Turizmin inkişaf etdirilməsi baxımından da, ölkəmizdə mövcud olan multikultural mühit çox böyük önəm daşıyır. Çünki öz istirahəti üçün hansısa bir məkanı seçən insan, ilk növbədə oradakı mühitə, təhlükəsizlik baxımından mövcud şəraitə diqqət edir. Ölkəmizin dünyada multikultural bir dövlət imici qazanması da, heç şübhəsiz ki, respublikamızda turizm sektorunun inkişafına böyük stimul verən amillərdən biridir. Buna əsaslanaraq deyə bilərik ki, ölkəmizdə turizmin inkişafı əsas etibarilə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasətinin müsbət nəticəsidir. Heç şübhəsiz ki, ölkəmizdə multikulturalizm siyasətinin yüksək səviyyədə və uğurla həyata keçirilməsi təkcə turizm sektorunun deyil, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına ciddi təsir göstərir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.087510108947754