Təhsil ticarət deyil

N.İsrafilov: «Harvard iki ixtisasdan ibarət kollecə 30 min kitab və şəxsi vəsaitini bağışlayıb»

  Jurnalist Finlandiyanın baş nazirindən soruşur, niyə ölkəmizdə özəl (yəni ödənişli) məktəb yoxdur? Nazir deyir: Təhsil ticarət deyil.

Təbii ki, təhsilə belə yanaşanda bəhrəsi də bol olar. Bu gün Finlandiya həyat səviyyəsinə görə Avropada ilk yeri tutur. Bəs biz? Nələr, hansı eksperimentlər aparmadıq təhsilimizin üzərində. Bu gün nəinki dövlət ali təhsil ocaqları, hətta orta məktəblərin az qala böyük əksəriyyəti lisey adı altında pullu xidmətə keçiblər və proses artan xəttlə gedir. Paralel olaraq dövlət ali təhsil müəssisələri ildən-ilə ödənişli yerlərin sayını artırır ki, bu da imkansız, ancaq gələcəkdə ölkəsinə xeyir verə biləcək neçə-neçə gənci ali təhsil almaqdan kənarda qoyur. Kimdir hamam suyu ilə özünə dost tutmaq, guya dövlətin vəsaitinə qənaət etmək istəyən bu mafioz qüvvələr? Axı bu dövlət öz gücünə, puluna, vətəndaşına həm orta, həm də ali təhsil vermək iqtidarındadır. Bəlkə dövlətin ayırdığı vəsaiti daha əvvəlki kimi saga-sola, ailəyə xərcləmək çətinləşir? Necə də olmasa günün birində məsul qurumlar ayrılan vəsaitin hesab -kitabını soruşur. Ödənişdən, yoxsul bir ailənin çörəyindən kəsib balasının təhsili üçün verdiyi pulun xərclənmə istiqaməti heç kimi maraqlandırmır? Başqa sözlə, onu mənimsəmək asandır?

Mövzunu ekspertlərlə davam etdiririk:   

N.İsrafilov ile ilgili görsel sonucu

Azərbaycan ali təhsil məktəblərində təhsil haqqı yüksəkdir. Özəl ali təhsil məktəblərini başa düşürük, bəs dövlət ali təhsil müəssisələrinə dövlət dotasya ayırır, oradakı ödənişli ixtisaslarda təhsil haqqı niyə bu qədər yüksəkdir?

Nadir Israfilov:-“Bu məsələ dəfələrlə gündəmə gətirilib. Dəfələrlə qeyd olunub ki, bizdə təhsil haqqı ödənişləri əhalinin böyük əksəriyyətinin tələblərinə cavab vermir. Biz belə bir kurs götürmüşük ki, ali təhsil hamı üçün əlçatan olsun. Neft kapitalının insan kapitalına çevrilməsi və sairə. Bu istiqamətdə işlər gedir. Məsələn, deyək ki, ali məktəblərə qəbul olmaq üçün iki dəfə şans verilir . Universitetlərin nəzdində hazırlıq kursları açılır, yəni dövlət ali təhsillilərin sayını artırmaq istiqamətində mühüm addımlar atır. Amma o ki, qaldı ödənişlərin yüksək olması, əlbəttə ki, bu həmin prosesin qarşısında müəyyən bir maneədir. Bizdə ödənişlər həqiqətən də yüksəkdir. Bunu “Harvard”, “Kembric” universitetləri ilə müqayisə edənlər də var ki, orada daha da yüksəkdir. Mənə belə gəlir ki, bu cür müqayisə aparmaq düzgün deyil, çünki elə xarici universitet var ki, məsələn elə “Harvard”ın büdcəsi bizim dövlətin büdcəsindən iki dəfə artıqdır. Yəni bu cür müqayisələr aparmaq düzgün deyil. Bəzən müxtəlif rəqəmlər gətirilir ki, məsələn yüksək balla qəbul olunub amma həmin tələbənin təhsilini davam etdirmək üçün maddi imkanı olmadığına görə təhsil ala bilmir. Hətta artıq 2-3 cü kürsda oxuyanların bəziləri həmin ödənişi edə bilmədiyi üçün təhsilini davam etdirməmək təhlükəsi ilə üz-üzə qalır. Bunlar ödənişlərlə bağlı məsələlərdir. Digər tərəfdən məsələn, Rusiya, Türkiyə kimi ölkələrdə təhsil almaq bizdən ucuz qiymətə başa gəldiyindən gənclər orada təhsil almağa üstünlük verirlər, belə olan təqdirdə kapital da, beyin axını da ora gedir. Bu problemlərin həlli istiqamətində işlər görülür. Günahın hamısını universitetlərdə görmək olmaz. Onlar məsələni belə izah edirlər ki, bu ödənişlərdən yığılan vəsaitin böyük əksəriyyəti müəllimlərin əməkhaqlarına və tələbələrə verilən təqaüdlərə gedir. Elə universitetlər var ki, hətta tələbələr ödənişə görə universitetə borcludurlar, onları universitetlərdən xaric etmək də mümkün deyil və sairə. Bütün bunlardan çıxış yolu var. Məsələn elə ölkələr var ki, həmin ölkələrin ali təhsil məktəblərində ödəniş yoxdur, elələri də var ki, ödəniş var lakin bizdən dəfələrlə ucuzdur. Biz  beynəlxalq aləmə inteqrasiya edirik, beynəlxalq təcrübədə də bu məsələ təhsil kreditləri ilə həll olunur, yəni tələbə kreditləri ilə. O ölkələrdə tələbələrə banklar aşağı faizlə kredit verirlər, həmin tələbə ali məktəbə qəbul olur, bütün xərclərin ödəyir və ali məktəbi qurtarandan sonra götürdüyü həmin krediti hissə-hisssə ödəyir. Bu məsələ bizdə dəfələrlə gündəmə gəlib, məsələ qaldırılıb ki, tələbə kreditləri haqqında qanun qəbul olunsun. Dünya təcrübəsində bu kreditlər üçün müxtəlif faizlər tətbiq edilib -3%, 5% və digər faiz göstəriciləri var. Maliyyə naziri Samir Şərifov da etiraf etdi ki, bu faizlərlə kredit vermək bizim banklara sərf eləmir.  Bir neçə il bundan əvvəl bu məsələ qaldırılanda müzakirələrin sonunda təəssüf ki, razılıq əldə edilmədi. Bankların qarantiyası yoxdur ki, bu tələbə nə vaxt təhsilini başa vuracaq, işlə təmin olunacaqmı, olunmayacaqmı və sairə bu kimi məsələlər var. İsa Həbibbəyli son bəyanatında bildirdi ki, bu istiqamətdə dünya təcrübəsi öyrənilir və iş gedir. Yaxın vaxtlarda tələbə krediti məsələsi öz həllini tapacaq. Hələ ki, məsələ bu yerdə qalıb. Bu istiqamətdə maarifçilik fondu yaradılıb, burada da tələbə kreditlərinin verilməsi istiqamətində müəyyən qədər iş görülüb, lakin burada da bəzi şərtlər var ki, kredit məhz bu fondun üzvü olanlara verilir, birinci kurslara verilmir, müəyyən sənədlər tələb olunur və sairə.

Son vaxtlar belə bir fikir yayılmışdı ki, guya universitetlərdəki ödənişləri Tarif Şurası müəyyənləşdirir, Tarif Şurası isə dedi ki, bu məsələləri universitetlər özləri həll edirlər, biz baxmırıq. Şübhəsiz ki, bu məsələdə dövlət dəstəyi mütləq lazımdır. Bu universitetlər hələ ki, özlərinin imkanlarını genişləndirənə qədər dövlət öz köməyini əsirgəməməlidir. Dünya təcrübəsində də var ki,  iş adamları, imkanlı şəxslər vəsaitlər qoyub tələbələrin oxumasına şərait yaradırlar. Bizdə də vaxtilə Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi şəxsiyyətlər xaricdə xeyli tələbə oxudublar. Səməd Vurğun həm də bu keyfiyyəti ilə yadda qalan insanlar sırasındadır. Bu gün bizim bu qədər imkanlı iş adamlarımız var ki, onlar belə məsələlərə ciddi yanaşmırlar. Lakin bu xeyriyyəçilik yönümlü məsələlər həm dünya təcrübəsində var, həm də qeyd etdiyim kimi bizdə də olub. Bir misal da göstərim ki, Con Harvard- iki ixtisasdan ibarət bir kollecə 30 minlik kitabxanasını və öz şəxsi vəsaitlərini  bağışlayıb - kiçik bir kollec bu gün çevrilib olub dünya nüfuzlu Harvard Universiteti. Belə nünunələr çoxdur. Bizim iş adamları da bir neçə il əvvəl məscid tikintisinə başlamışdılar, o da uzun çəkmədi. Mənə şəxsən maraqlıdır ki, bu iş adamları, imkanlı şəxslər niyə öz maddi imkanlarından istifadə edib yaxşı əməl sahibi kimi insanların yaddaşında qalmaqdan çəkinirlər?

 

 Son olaraq fikirimi belə yekunlaşdırıram ki, hər bir işi də dövlətin üzərinə atmaq olmaz. Vətəndaş olaraq hər kəs bacardığı qədər köməkliyini əsirgəməməlidir. Bir halda ki, gənclər bizim gələcəyimizdir deyirik, milli maraqları öndə tutub həmin gənclərin gələcəyini düşünmək lazımdır. Hesab edirəm ki, bu işdən çıxış yolu kimi tələbə kreditləri üçün qanun qəbul olunsa şübhəsiz ki, bu işlər üçün müəyyən yardım ola bilər.”

Təhsil ticarət deyil

K.Əsədov: «Azərbaycan universitetlərində təhsil haqqı dünyanın 1000 universitetindən bahadır»

 

K.Əsədov ile ilgili görsel sonucu

Kamran Əsədov: - İlk növbədə qeyd edim ki, Azərbaycanda təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır. Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir. Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik tədbirlərini müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar. Təəssüflər olsun ki, son 7 ildə 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar həmin o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Dünyada bahalı universitetlər çoxdur. Məsələn, Harvard Universiteti. “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, dünyanın birinci ən reytinqli bu universiteti dünyanın ən bahalı universitetlərindəndir. Azərbaycanda da bahalı universitetlər var. Amma bahalı ixtisaslar daha çoxdur. Üstəlik, qiymətlər heç də ali məktəbin dövlət, ya da özəl universitet olması ilə də əlaqəli deyil.Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400-3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu, dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir. Beləliklə, onu deyə bilərəm ki, adı dünya universitetləri siyahısına düşməyən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanları ilə tərs mütənasib - yüksək dəyərləndirilən təhsil haqqı özlüyündə bir çox problemə yol açır. Məsələn, yüksək təhsil haqqı ixtisas seçiminə təsirsiz ötüşmür. Gənclərin qonşu ölkələrdə fəaliyyət göstərən daha ucuz ali məktəblərə üz tutmasına səbəb olur və.s

0.10433197021484