Qabilin oğlu: “Qoy bu məsələyə Yazıçılar Birliyi münasibət bildirsin!” - “Poet Qabil” QALMAQALI

Dövlət Neft Şirkətinin (SOCAR) Xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə təəccüblə qarşılanıb. (“Palmali” Şirkətlər Qrupu tərəfindən 2015-ci ildə suya buraxılan "Poet Qabil" gəmisi 2017-ci ildə SOCAR-ın sərəncamına keçib).

Paralel.az saytı məsələylə bağlı şairin varisi, yazıçı-publisist Mahir Qabiloğlunun da münasibətini öyrənməyə çalışıb. Mahir Qabiloğlu bu halın xoş olmadığını vurğulayıb:

"Bu məsələylə bağlı Azərbaycan Yazıçılar Birliyi (AYB) münasibət bildirməlidir, mən yox. Çünki Qabil ilk növbədə Azərbaycan xalqının şairidir. Qabilin dostları - Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Çingiz Abdullayev, Rəşad Məcid, buyurun, söz sizindir. Bir də... Qabil 12 ildir rəhmətə gedib. AYB rəhbərliyindən xahiş edirəm ki, Xalq şairi Qabilin xatirəsinin əbədiləşdirilməsiylə bağlı nəhayət ki, Prezidentimiz İlham Əliyevə rəsmi məktubla müraciət etsin. Bu, tam şəkildə onların səlahiyyətinə daxildir. Vəzifə borcları bir yana, həm də dostlarının və qələm dostlarının ruhu qarşısında mənəvi borclarıdır".

M.Qabiloğlu onu da qeyd edib ki, vaxtilə gəmiyə atasının adının verilməsi onun "Palmali"yə müraciəti,  jurnalist həmkarı İbrahim Nəbioğlunun təşəbbüsü və Mübariz Mənsimovun xeyir-duasıyla baş tutub. O əmindir ki, belə bir təşəbbüs nəvaxtsa SOCAR-dan, Xəzər Dəniz Gəmiçiliyindən də gələcək.

“Çünki onların da rəhbərliyində milli qanı olan, ədəbiyyata, incəsənətə, mədəniyyətə böyük hörmət bəsləyən azərbaycanlılar dayanır”.

Mahir Qabiloğlu SOCAR sözçüsünün “Gəmilərin sahibkarı dəyişəndən sonra adlarının da dəyişilməsi standart prosedurdur” açıqlamasına da münasibət bildirib:

"Əgər qanun-qayda belədirsə, riayət olunmalıdır. Buna etiraz edə bilmərəm. Amma kosmetik dəyişiklik də edil bilərdi. "Poet Qabil"i silib, sadəcə “Qabil” və ya "Qabil İmamverdiyev" də yaza bilərdilər. Bu da olardı DƏYİŞİKLİK. Görüntü dəyişərdi, mahiyyət isə qalardı". 


0.086493968963623