Qarabağ Türk yurdudur,hər zaman da bizim olacaq

Ceyhun Nuraninin Qarabağ nisgilli şeirləri

 

Avropadan kömək umma,
Bu bir yalan, bunu danma,
Kömək edəcəyin sanma,
Sənə əksdir bütün zaman,
Qalx ayağa Azərbaycan!

 Şərifov Ceyhun Şahsuvar oğlu 1966- cı ildə Ağsu rayonunun Nuran kəndində  anadan olub. 1973- cü ildə Nuran kənd orta məktəbin birinci sinifinə gedib. 1983 - cü ildə orta məktəbi bitirən Ceyhun Mingəçevir şəhər 39- saylı Texniki Peşə Məktəbinə qəbul olunub və bir il sonra həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək Mingəçevir Baza Politexnik Texnikomuna daxil olub. 1987- ci ildə texnikomu bitirən gənc mütəxəssis təyinatla oxuduğu 39- saylı TPM - nə göndərilir və elə həmin məktəbdə də pedoqoji fəaliyyətə başlayır. Ceyhun müəllim işlədiyi müddətdə təhsilini davam etdirmək qərarına gəlir və qiyabi ali təhsil alır. Gənc yaşlarından şeirə, ədəbiyyata maraq göstərən müəllim, elə o vaxtdan dövrü mətbuatda şeir və qəzəlləriylə çıxış edib. O, bir çox şeir və qəzəllərin müəllifidir. Aprel şəhidləri kitabında və "Xarı Bülbül" ədəbi almanaxda şeir və qəzəlləri çap olunub. Gözünün nurunu vaxtsız itirən Ceyhun müəllimin daşıdığı Nurani təxəllüsü doğulduğu Nuran kəndi ilə bağlı olsa da, şeirlərindəki Vətən sevgisi onun qəlbinin nurunu özündə təsəssüm edir.
Ceyhun müəllimin Qarabağ həsrəti ilə yazdığı şeirlərinin böyük əksəriyyəti, sadəcə şeir nümunələri deyil, hər birimizə ünvanlanan bir çağırışdır.
Bu çağırışdakı əminlik hər birimizin qəlbində bir ümid yaşadır ki, Qarabağ bizimdir, bir Türk yurdudur və hər zaman da bizim olacaq.

 Bu dünya yenə də Türkun olacaq

 Eşidin sözümü ey dünya əhli!

Türkün şücaəti tarixə bəlli,

İstər əlli il ötə, istər yüz əlli,

Sənin siyasətin bir gün solacaq,

Bu dünya yenə də Türkün olacaq!                

                   *****

Min hiylə işlədib, qursan yüz plan,

Varmı igidlikdə qarşımda duran?

Bunu söyləyibdir müqəddəs Quran

Canına bit düşüb, kürkün dolacaq.

Bu dünya yenə də Türkün olacaq!

                   *****

Sənsən qərar verib fərmanlar yazan,

Üzümə dost deyib, arxamı qazan,

Qalxsa dədəm Qorqud, gəlsə Xan Qazan,

Səhralar alışıb bürkün olacaq,

Bu dünya yenə də Türkün olacaq!

                    *****

Toxunma pərsəngə, itməsin meyyar,

Bəsdir ara qatıb böldün min diyar,

Millətlər yaşasın azad, bəxtiyar,

Bir gün etdiklərin görkün olacaq,

Bu dünya yenə də Türkün olacaq!

                     *****

Hər hiylə kələkdən uzaqda duran,

Min illər öncəsi dövlətin quran,

Tarixə həkk etmiş sözünü Turan,

Sanma ki, torpağım mülkün olacaq,

Bu dünya yenə də Türkün olacaq!

                   *****

Türk Oğuz elimi bölsəz də bir vaxt,

Osmanlı Türklərim dayanıb sərvaxt,

Ən yaxın zamanda bilmirəm nə vaxt,

Aşılmaz bir qalan, hörgün olacaq,

Bu dünya yenə də Türkün olacaq!

                    *****

Nə qədər hiylələr qursanda mənə,

Ceyhun Nuraniyəm söylərəm sənə,

Dolanıb zəmanə gələcək yenə,

Sənin bu aləmdən sürgün olacaq,

Bu dünya yenə də Türkün olacaq!

11.02.2018

 

 Bu dünya türk millətin parçalayaraq zəiflətmək üçün min kələk qursa da, bir gün çanaq yenə də onun öz başında çatlayacaq. Ceyhun Şərifovun şeir dilində bizə ünvanladığı çağırışın da əsas qayəsi bu qisas gününün gecikməsini özündə əks etdirir.

Qarabağnamə

 Könlüm yenə coşub daşır,

Düz dolanıb, dağlar aşır,

Düşündükcə əqlim çaşır,

Ötüb keçim hara bağdan?

Gözəl yurdum Qarabağdan.

           *****

Çox şairlər söz söyləyir,

Dünya mənə döz söyləyir,

Bu torlaşan göz söyləyir,

Güllər üzəm yara bağdan,

Xarı bülbül Qarabağdan.

          *****

Gözəl Xankəndi, o Şuşa,

Qara geyib başdan -başa,

İllər ötdü, dolduq yaşa,

Qəlbim sızlar yara, dağdan,

Söz düşəndə Qarabağdan.

            *****

Zəngəzur, Zəngilan tanı,

Laçın, Qubadlı de hanı?

Kəlbəcər bəzər dünyanı,

Yağı vurur yara sağdan,

Könlüm ötür Qarabağdan.

           *****

Cəbrayıl, Füzuli, Ağdam,

Xocavəndim ağlar müdam,

Xocalımın qəlbisə qan,

Qara edir düşmən ağdan,

Əl çəkməyir Qarabağdan.

           *****

Ceyhun Nuraniyəm mənim,

Vətən boyda dərdim-qəmim,

İtib yönüm, batıb çəmim,

Necə deyim gözəl çağdan?

Darda qalan Qarabağdan.

18.02.2018

 

Ceyhunun Qarabağın gözəlliyini tərənnüm edən "Qarabağnamə"sində də, bir nisgil, bir həsrət var:

Necə deyim gözəl çağdan?
Darda qalan Qarabağdan.

 Bununla belə, şair bu nisgil və həsrətlə barışmaq istəmir, hamını mübarizəyə, qisasa çağırır  

 Qalx ayaga Azərbaycan!

 İllərdir Qarabagim darda,

Hardasiz igidlər harda?

Sönüb gedir arzular da,

Əksə gedir butun cahan,

Qalx ayaga Azərbaycan!

            *****

Söz davasın dayandır sən,

Bu dunyanı oyandır sən,

Qoy sevinib gülsün vətən,

Dagılmasın bu kahkəşan,

Qalx ayaga Azərbaycan!

             *****

Yalan vədlər, yalan sözlər,

Qaçqınlarım susub, gözlər,

Yollarına dikib gözlər,

Körpə gələn olub cavan,

Qalx ayaga Azərbaycan!

              *****

Avropadan kömək umma,

Bu bir yalan, bunu danma,

Kömək edəcəyin sanma,

Sənə əksdir bütün zaman,

Qalx ayağa Azərbaycan!

            *****

Ruslar sənə qurub oyun,

Bu oyuna əymə boyun,

Qoy çoxalsın nəslin, soyun,

Hər igidin bir qəhrəman,

Qalx ayaga Azərbaycan!

             *****

Yollar uzun, dolay-dolay,

Nə coxdur il, nə coxdur ay,

Amerikadan yoxdur haray,

İnildəyir Kərkicahan,

Qalx ayaga Azərbaycan!

            *****

Ceyhun Nuraniyəm mənim,

Vətəndir könül həmdəmim,

Qarabagım ömrüm, günüm,

Dagılıb getdi Əskəran,

Qalx ayaga Azərbaycan!

 

Bütün çağırışlardan, həsrət dolu şeirlərində yorulan şair, daha sonra nəsihətə keçir

 Nəsihətnamə

 Aldanıb yalanlara, uyma ki, şeytanə könül,

Yaşamaqçın verilir, bir kərə insanə ömür.

 

Çalış mənalı yaşa, boş keçirmə günlərini,

Çünki növraq dəyişsə, ömür də zindanə dönür.

 

Əlində imkan olsa, sərf elə xeyir əmələ,

Əcəl döysə qapını, səndəki dürdanə sönür.

 

Nakəslə dostluq edib, uyma yalan sözlərinə,

Mərəkə qopsa ara, davakar meydanə çönür.

 

Kimsəni incidərək, dəymə ki, gəl xətirinə sən,

Yaradandır yaradıb, sahibdir hər yanə, görür.

 

Gülşənin seyrinə çıx, bağı dolan, baxçanı gəz,

Geciksən, ötsə bahar, gülüstan xəndanə dönür.

 

Aludə olmagınan, uyma ki, dünya malına,

O axirətdə sənin, önündə səddanə kömür.

 

Ceyhuna lövbəri çək, bəsti daha, vaxt yetişib,

Gözünü zilləyərək, baxma o şamdanə, sönür.

 01.03.2018

 Və nəhayət, nəsihətindən də bir şey alınmadığını görən şair yenidən üsyan edir:

Ceyhunam bəsdi daha! Bunca yetər gözlədiyin!
Torpaqlar səninkidir, kim deyir, hardan görünür!?

  Hardan görünür?

 Çıxdım Mirov dağına, hər tərəf, hər yan görünür.

Vurğunam torpağıma, gör necə əlvan görünür.

 

İtirdim Kəlbəcəri, aşammıram mən o taya.

Baxdıqca üfüqlərə, uzaqdan orman görünür.

 

Şəfalı İstisuda, ermənilər keyf eləyir.

Qızılım yağmalanır, erməni şadman görünür.

 

Fələyin çərxi dönüb, tərsinə dövran eləyir.

Qarabağ bizimkidir, yalnızca fərman görünür.

 

 Şuşa qeyrət qalası, qırıldı əzim vüqarım.

Qarabağ erməniyə, aşkara qurban görünür.

 

Erməni torpağımda, ev də tikir, yol da çəkir.

Gələn il torpağımda, keçirilən idman görünür.

 

 İtirmişik Laçını, Qubadlını, Zəngilanı.

O Cəbrayıl, Füzuli uzaqda Ağdam görünür.

 

İllərdir həsrətilə dalğalanır Göyçə gölüm.

Dəyişərək adını, etdilər Sevan görünür.

 

 Xocalım, Xocavəndim, Xankəndim qalıb yağıda.

Bu mənim ağrılarım, kim duyur, hardan görünür!?

 

İrəvan, Zəngəzuru, "dosta" ərmağan elədik.

Dığalar torpağımda, gör necə mehman görünür?

 

 Ceyhunam bəsdi daha! Bunca yetər gözlədiyin!

Torpaqlar səninkidir, kim deyir, hardan görünür!?

 16.12.2018

 Ceyhun Nuraninin vətən sevgisi ilə yoğrulan bir neçə şeirini sizlərə təqdim etməkdə məqsədimiz, düşmən tapdağında olan Qarabağımızın kimlərinsə göstərişi, sərəncamı ilə deyil, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan ordusunun gücü ilə azad ediləcəyinə əminliyimizi ifadə etməkdir. Nisgil və həsrət bir gün bitəcək. Əmin olun ki, o gün uzaqda deyil.  

 Şahnaz Salehqızı

0.091834783554077