Qisas almaq üçün darıxıb gəldim

Cəfərli Abdulla Həmdi oğlu 1963-cü ilin mart ayında Qərbi Azərbaycanın Zəngəzur mahalının Nüvədi kəndində anadan olub. SSRİ zamanında riyaziyyat üzrə olimpiadada 3-cü yeri tutan gənc Abdullanın bu qələbəsi həmin dövrdə Azərbaycan üçün ilk idi. Abdulla müəllimlə söhbətimiz zamanı məlum oldu ki, onun yaradıcılığa başlamasının tarixçəsi çox maraqlıdır. Özünün də dediyi kimi, ədəbiyyata və şeirə heç vaxt marağı olmayan Abdulla müəllim riyaziyyat və fizika üzrə ali təhsilini fərqlənmə diplomu ilə bitirib. Yaradıcılığa ömrünün orta yaşlarından başlayan şair Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, harada, hansı şəraitdə çalışmasından asılı olmayaraq, daim poeziya aləmində yeni zirvələr fəth etməyə cəhd edib. Qəlbi daim torpaq həsrəti ilə döyünən şairin ruhunun kədəri-qəmi onun yaradıcılığına da sirayət edib. Kövrək notlar üzərində qələmə aldığı şeirlərinə nəzər saldıqca şairin qəlbinin dərinliyində sirli bir aləmin olduğu üzə çıxır. Cəfərli Abdullanın qələmindən süzülüb gələn söz incilərinin xüsusiyyətləri barədə məlumat almaq üçün şairin yaradıcılığı ilə yaxından tanış olmağa ehtiyac var. Şair bir neçə sanballı kitab müəllifidir. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb bir neçə şeirini qəzetimizdə işiqlandırırıq və şairə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

 Məzarı qürbətdə qalmış atam tez-tez yuxularıma girir. Atamın yuxumda mənə dediklərindən...

 Yurdsuz ruhun harayı

 

Üstümdə dolaşan qara buludlar,

Bitirib qəbrimdə yabanı otlar,

Hər yan xarabalıq, ötür bayquşlar,

Dözmədim zülmətə, mən çıxıb gəldim.

 

Qışqırım, hayqırım- qəlbimi yarım,

Düşmən əlindədir doğma diyarım,

Baş çəkmir yanıma bir dostum, yarım,

Hicranı, nisgili mən yıxıb gəldim.

 

Evləri söküblər, yaşayanı yox,

Torpaq qısırlayıb, xışlayanı yox,

Qarğanı, quzğunu daşlayanı yox,

Əzabdan, zillətdən sıxılıb gəldim.

 

Mən Türkəm- soyumu əsla danmaram,

Özgə kölgəsində daldalanmaram,

Can verərəm, əyilmərəm, sınmaram,

 Qisas almaq üçün darıxıb gəldim.

 

Hələ pöhrələnir qolum-qanadım,

Dönüb torpaqlaşır düşən yarpağım,

Bir ovuc sizlərə Ana torpağım,

Ərmağan etməyə gətirib gəldim.

 

Qayıdacam ocağıma

 

Torpağımı basıb yağı,

Gəlib ömrün xəzan çağı.

Düşmənimə çəkib dağı,

Qayıdacam ocağıma!

 

Yetər söylədiyim ağı,

Sona yetsin hicran çağı.

Götürüb üstümdən dağı,

Qayıdacam ocağıma!

 

Çöl-çəmənin, çayın adı,

Damağımda qalıb dadı.

Torpağımdan qovub yadı,

Qayıdacam ocağıma!

 

Çiçək açmır, meyvə qalmır,

Qoca çinar nəfəs almır.

Yad üstünə kölgə salmır,

Qayıdacam ocağıma!

 

Yalqız qalıb məstan pişik,

Təkbaşına çəkir keşik.

Dağılsa da o ev-eşik,

Qayıdacam ocağıma!

 

Buz bulaqlar hələ süzür,

Göz yaşını daşa düzür.

Görən, mənsiz necə dözür,

Qayıdacam ocağıma! 

 

Atam, anam, qardaş-bacım,

Su verdiyim nar ağacım,

Burda sönmür ağrım-acım,

 Qayıdacam ocağıma!

 

Öpüm o məzar daşımı,

Torpağa qoyum başımı.

Bəsdir silim göz yaşımı,

Qayıdacam ocağıma!

 

Vüqarlı dağ sinə gərmiş,

Sal qaya ləkə görməmiş,

Çəmənlər xalı sərməmiş,

Qayıdacam ocağıma!

 

Ruhum, nə küs, nə də inci,

Bağışla məntək girinci.

Tapa bilmirəm sevinci,

Qayıdacam ocağıma!

 

Yaddan çıxmır o xoş çağlar,

Viran qalan bağça, bağlar,

Hələ ki, küsməyib dağlar,

Qayıdacam ocağıma!

 

Əs, ey külək, soraq gətir,

Lalə, nərgiz mənə xətir

Yağılara vermir ətir,

Qayıdacam ocağıma!

 

Gəzdiyim əyri dar cığır,

Gəl, sən məni özün çağır,

O yerlərsiz mənə ağır,-

Qayıdacam ocağıma!

 

Çəmən dönər laləzara,

Sağalar qəlbimdə yara.

Qoşulub gələn bahara,

Qayıdacam ocağıma!

 

Çil xoruzlar damda banlar,

İncik quşlar məni danlar.

Görən, necədir o yanlar?

Qayıdacam ocağıma!

 

Yağan yağışlar nur çilər,

Qucaq açar gen dərələr.

Dağlar pişvazıma gələr,

Qayıdacam ocağıma!

 

Boynu bükük tər bənövşə,

Yastı yamac, yaşıl meşə.

Salam verər bu dönüşə,

Qayıdacam ocağıma!

 

Qurdum qovacaq donuzu,

Mələyəcək qoyun-quzu.

Əridəcəm qarı, buzu,

Qayıdacam ocağıma!

 

Yol gedirəm- yola davam,

Dağılsa da elim-obam.

Soyumayıb hələ yuvam,

Qayıdacam ocağıma!

 

Şəhid ruhu, ulu torpaq,

Bir-birinə arxa-dayaq.

Əlimdə üçrəngli bayraq,

Qayıdacam ocağıma!

 

Vətən oğlu, ümidim sən,

Səninlə fəxr edirəm mən.

İgid əsgər, bir gün hökmən,

Qayıdacam ocağıma!

 

Azərbaycan- mənim canım,

Damarımda axan qanım.

Yurdum, yuvam, qibləgahım,

Qayıdacam ocağıma!

 

Yağı düşmən dayan, yavaş,

Qalmasa da daş üstə daş.

Qarşıdadır hələ savaş,

Qayıdacam ocağıma!

 

O dağlara çıxacağam,

Zirvələrdən baxacağam.

Düşmənləri yaxacağam,

Qayıdacam ocağıma!

 

Hicrana son qoyacağam,

Gözlərini oyacağam.

Qanı qanla yuyacağam,

Qayıdacam ocağıma!

 

Dövr etdikcə damarda qan,

Vətən üçün verərik can.

Zirvələrdə Günəştək yan,

Yaşa, var ol, Azərbaycan!

Qayıdacam ocağıma!

 

Ucalıbdır Bayrağım

 

Yenə sıxılıram, çatışmır havam,

İnan qiyamətə qalmaz bu davam!

Tanrım mənə güc ver düşməni qovam,

Şuşa, Laçın, Kəlbəcərdir oylağım.

 

Zəngilanda çinar qara bağlayır,

Ağdərə, Xocəvənd hələ ağlayır,

Axan yaşdan Araz coşur, çağlayır,

Xocalı dərdimdir,- böyükdür dağım.

 

Füzuliyə, Cəbrayıla dönərəm,

Qubadlıda yenə dövran sürərəm,

Ağdamdan boylanıb bir gün görərəm,

 Xankəndində ucalıbdır Bayrağım.

 

İrəvan, Zəngəzur, Göycədir elim,

Anlayan anlasın, bu mənim dilim,

Təbrizə, Dərbəndə yetəcək əlim,

Gör nə qədər ucadadır Bayrağım.

 

Azərbaycan mənim ürəyim, gözüm,

Çək qılıncı daha qalmayıb dözüm,

Dünya bilsin budur məramım, sözüm,

 Enən deyil, ucalıbdır Bayrağım,

Ucaladıqca- ucalacaq Bayrağım.

 

Qüdrətə bax

 

Yaratdığın ən mükəmməl varlığa bax,

Bəşər oğlu calxalayan cahana bax,

Doğulduğum, böyüdüyüm torpaqlarda

Necə ildir davam edən zillətə bax.

 

Qarabağdan havalanmır Xanın səsi,

Xarı bülbül indi təkdir, yox kimsəsi,

Əl-qolumu bağlayıbdır bütün dünya

Çırpınıram, Tanrı səndə mürvətə bax.

 

İrəvana çatmır artıq Türkün səsi,

Araz bölüb o tayının yox kimsəsi,

Bakı, Təbriz parçalanıb iki cana

Tanrı, sənin verdiyin bu qismətə bax.

 

Qurdu basan bu arxalı köpəyə bax,

Dağa meydan oxuyan o təpəyə bax,

Arxa duran bu naxələf gücləri göm

Onda deyim, Tanrı, səndə qüdrətə bax.

 

Hara getmisən-?

 

Yanıb viranəyə dönəndə obam,

Kül olub soyuyub sönəndə sobam.

Yadın nəfəsini duyanda babam,

Hayqırıb söylədi-hara getmisən?

 

Uca dağ başında qarın nəfəsi,

Yaşıl budağında bülbülün səsi.

Ürəyim dağıtdı qızıl qəfəsi,

Hayqırıb söylədi-hara getmisən?

 

Sirrini gizlədib ən dərin qatda,

Torpaq inildədi yad kotan altda.

Gecə də, gündüz də baxmadı vaxta,

Hayqırıb söylədi-hara getmisən?

 

Bu necə yanğıdı, bu necə azar,

Nə nahaq dünyadı, nə haqsız bazar?!

Dil açıb danışdı bir daşsız məzar,

Hayqırıb söylədi-hara getmisən?

 

Hökmən yüksələcək elin nərəsi,

Qursaqda qalacaq düşmənin səsi,

Qarabağ, Zəngəzur-türkün Kəbəsi,

Bir dün dönəcəyəm-hara getmişəm!

 

Şahnaz Salehqızı

0.057475090026855