Gömrük məntəqələrinin sayı artırılacaq

 

Gömrük məntəqələrinin sayı artırılacaq
 

Səfər Mehdiyev: “Problemin aradan qaldırılması üçün təkliflər hazırlayırıq”  “Fevralın 1-dən sahibkar heç bir gömrük məmurunu görməyəcək” 

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin “Trend” İnformasiya Agentliyinə müsahibəsini ixtisarla təqdim edirik.

- Azərbaycanda gömrük nəzarətində blokçeyn texnologiyasının tətbiqi nə vaxta planlaşdırılır? Bütün dünyada rəqəmsal texnologiyalara keçidlə bağlı işlər aparılır. Azərbaycanın gömrük sistemində bu məqsədlə hansı tədbirlər görülür və bu, tədricən kadr siyasətinə yenidən baxılmasını zəruri edəcəkmi?

- Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir.

Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri - idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqini “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında həyata keçirilməsini tələb edir. Bu baxımdan, yeni texnologiyaların gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır.

Blokçeyn texnologiyasına gəldikdə isə, Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, bu texnologiyanın tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatlarında (məsələn, akkreditiv hesabların açılması) və logistika sektorunda sınaqdan çıxarılmaqdadır.

Buna misal olaraq, sözügedən sahədə dünyanın ən böyük logistika şirkətlərindən olan “Maersk” şirkəti IBM şirkəti ilə birgə müvafiq layihələr həyata keçirib. Eyni zamanda, bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Cənubi Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir.

Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnolgiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilmişdir. Müəyyən edilmişdir ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivi böyükdür.

Son illər bu istiqamətdə Dövlət Gömrük Komitəsi də müəyyən addımlar atır. Komitə müxtəlif innovativ texnologiyaların gömrük işində tətbiqi sahəsində ən yaxşı təcrübələrin öyrənilməsi, akademik araşdırmaların üzə çıxarılması və inkişafı üçün ən yüksək səviyyədə beynəlxalq konfranslar təşkil edir, konfransların işinə bəzi Nobel mükafatı laureatları da daxil olmaqla, gömrük sahəsində ən mühüm universitetlərin, tədris müəssisələrinin və gömrük xidmətlərinin ekspertləri dəvət olunur. Bu tədbirlər beynəlxalq tendensiyaları öyrənməyə imkan verir və blokçeyn texnologiyası da daxil olmaqla, digər yeni yanaşmaların təhlilinə və qiymətləndirilməsinə şərait yaradır.

- Nəzarət-keçid məntəqələrində “Tax-Free” sisteminin tətbiqi tam başa çatıb? Xarici ölkələrin təcrübəsinə əsaslanaraq bu sistemin daha da təkmilləşdirilməsinə ehtiyac varmı?

- Son illər ərzində “Tax-Free” sisteminin inkişafı mövcud sahə üzrə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədini daşıyır. Bu sistemin tətbiqinə ilkin olaraq beynəlxalq hava limanlarında başlanılıb. Artıq digər sərhəd-keçid məntəqələrində də bu sistemin tətbiqi ilə əlaqədar aidiyyəti tədbirlər görülür və yaxın zamanlarda “Tax-Free” sisteminin tətbiqi ölkəmizin bütün sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.

Xatırladım ki, Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2016-cı il tarixli, 985 nömrəli Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilib. Qaydaya uyğun olaraq, elektron vergi hesab-faktura sistemi vasitəsilə protokola daxil edilən aidiyyəti məlumatlar əsasında alıcı tərəfindən şəxsiyyətini təsdiq edən pasportu gömrük-sərhəd buraxılış məntəqəsində təqdim etməklə, mallar üzrə ödənilmiş əlavə dəyər vergisi ölkəni tərk edərkən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aidiyyəti üzrə icra orqanları tərəfindən qaytarılır.

- 2019-cu ildən tütün məhsullarının daxili istehsalına aksiz dərəcələrinin qaldırılacağını nəzərə alsaq, bu məhsulların idxalına aksizlərin artırılması nəzərdə tutulurmu?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsinə əsasən, ölkə ərazisinə idxal edilən aksizli mallara tətbiq olunan (minik avtomobilləri, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, habelə platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, xəz-dəri məmulatları istisna olmaqla) aksiz dərəcələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla tənzimlənir.

- 1 yanvar 2019-cu ildən etibarən idxal olunan minik avtomobillərinə aksiz dərəcələri artırılıb, avtobus nəqliyyat vasitələrinə tətbiq olunan aksizli malların siyahısı isə genişlənib (energetik içkilər, elektron siqaret üçün maye). Daxili istehsalın qorunması ilə bağlı olan bu qərar (əsasən avtonəqliyyat vasitələri ilə bağlı) gömrük daxil olmalarına necə təsir edəcək?

- Ötən illərdə ölkə ərazisinə gətirilən aksizli mallara tətbiq olunan aksiz dərəcələrinin artırılması bu qəbildən olan malların idxalının say baxımından azalması ilə nəticələnib. Buna baxmayaraq, aksizli mallara yüksək aksiz dərəcələrinin tətbiqi nəticə etibarilə bu vergi növü üzrə büdcə daxilolmalarını artırıb.

- Azadolmaların idxalda xüsusi çəkisinin azaldılması nə qədər mümkündür?

- İdxal mallarına güzəştlərin verilməsi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Hər il üçün “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına müxtəlif təsərrüfat subyektləri tərəfindən daxil olan təkliflər araşdırılır. Geniş təhlillər aparıldıqdan sonra xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (XİFMN) uyğun malın kodu və hər hansı dövrü, sahəni əhatə etməklə güzəştlərin tətbiqi məsələsinə baxılır. Müzakirələrdən sonra aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla mövcud qanunvericilik aktlarına əlavə dəyişikliklər edilir. İllərin təcrübəsi göstərir ki, hər il ölkə ərazisinə idxal olunan mallara tətbiq edilən güzəştlərin xüsusi çəkisi ümumi idxala münasibətdə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə 50-55 faiz təşkil edir.

- Dövlət Gömrük Komitəsi daxili istehsalın müdafiəsi üçün gələcəkdə əlavə hansı tədbirləri planlaşdırır?

- Azərbaycan Respublikasında tətbiq olunan gömrük rüsum dərəcələri 1 yanvar 2018-ci il tarixindən təkmilləşdirilərək çoxpilləli (0, 0.5, 1, 3, 5, 10, 15) sistemdən azpilləli (0, 5, 15) sistemə keçirilib.

Azərbaycan Respublikasında daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixrac yönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi bundan sonra da davam etdiriləcək.

- 2019-cu il üçün Dövlət Gömrük Komitəsinin əsas prioritetləri nədən ibarət olacaq?

- Gömrük xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək.

Dövlət Gömrük Komitəsi son zamanlar iş adamları və gömrük əməkdaşları arasında da davamlı görüşlər keçirir, sahibkarların rəy və təkliflərini öyrənir. İstər gömrük-biznes münasibətlərinin şəffaflığı, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı iş adamlarının bütün təklifləri nəzərə alınır.

2019-cu il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək. Eyni zamanda, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə “Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar mallarını insan amili olmadan anbarlara boşalda biləcəklər. Fevralın 1-dən isə iş adamları idxal-ixrac əməliyyatlarını gömrük məmurunun iştirakı olmadan, öz ofislərindən apara biləcəklər.

Qarşıdakı əsas vəzifələrdən biri də iqtisadiyyatın innovativ inkişafının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi, kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin informasiya cəmiyyətinə təsirinin artırılması, həmçinin Azərbaycan xalqına məxsus mədəni irsin qorunmasının təmin edilməsidir.

Buna uyğun olaraq, insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafı və əqli mülkiyyət hüquqlarının qorunması üzrə dayanıqlığın təmin edilməsi məqsədilə əqli mükiyyət hüquqları üzrə qanunvericilik bazasının yenidən işlənməsi və reyestr sisteminin təkmilləşdirilməsi yaxın zamanlarda nəzərdə tutulan işlərə daxildir.

Eyni zamanda, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etməklə mövcud alət və vasitələrin tətbiqi əsasında beynəlxalq ticarətin asanlaşdırılması və xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Səlahiyyətli İqtisadi Operator üzrə qanunvericilik bazasının yenidən işlənməsi, Səlahiyyətli İqtisadi Operator institutunun inkişafı, xarici ticarət iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi və bu statusu əldə etmiş şəxslərlə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üzrə işlərin görülməsi əsas hədəflərdəndir.

Əminliklə bildirirəm ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaq.

0.073860883712769