Dövləti qorumaq onu qurmaqdan çətindir, amma...

Dövləti qorumaq onu qurmaqdan çətindir, amma...

Milli ruh yüksək səviyyədə olsa, dövlət daim güclü olar

 

Hər bir millətin həm dünyəvi, həm də özünəməxsus adət-ənənləri olduğu kimi, bizim müillətin də müsbət özünəməxsusuluqları var. Hər bir millət kimi, biz türklər də tarix boyu dövlətimizin qurulması və qorunması üçün kifayət qədər şəhidlər vermişik. Bu şəhidlərin sayı-hesabı milyonlarladır. Xalqımız yaşam tarixi ərzində xeyli dövlətlər inşa edib və bu dövlətləri qurarkən hər dəfə xeyli şəhidlər verib. Ona görə də ŞƏHİDlərin adı çəkilən yerdə hər kəs dayanır və dövlətin ilk işlərindən biri bu dövləti qoruyarkən canını qurban vermiş ŞƏHİD qarşısında borcunu yerinə yetirmək olur...

Nəhayət, uzun çək-çevirdən, qısma-boğmadan sonra, tapşırılmış işin öhdəsindən lazımınca gələ bilməyən ƏƏSM naziri Sahil Babayevin buraxdığı ciddi və kobud səhvləri aradan qaldırmaq məqəsdi ilə, iki gün öncə ölkə prezidenti və onun xanımı xeyli zamandır dövlət tərəfindən veriləcək birdəfəlik yardım ala bilməyən Şəhid ailələrinin nümayəndələri ilə Prezident Sarayında görüşüblər. Prezident və xanımının ŞƏHİD ailələri ilə keçirdikləri görüş o qədər yerinə düşdü ki, bu görüşün iştirakçıları olan ŞƏHİD ailələri çox sevindilər və uğrunda ŞƏHİD verdikləri dövlətin onların yanında olmasından qürur duyduqları görüşdən çəkilmiş şəkillərdə çox aydın görünür. Əslində, cənab Prezident və xanımı ŞƏHİD ailələrinin birdəfəlik yardımı almaq üçün aylardan bəri çəkdikləri əzab-əziyyətə birdəfəlik son qoydular. Bu prosesdən şəxsi qazanc əldə etmək istəyən məmurların planlarının qarşısı da alındı.

Ölkə Prezidenti bu cür hər dəfə xalqla görüşəndə Ümummilli Lider Heydər Əliyevin hərəkətləri yadıma düşür. Onun ətrafındakı qorumaların göstərdikləri cürbəcür maneələrə baxmayaraq, onun üçün mühafizə tərəfindən əvvəlcədən müəyyən olunmuş hərəkət marşurutundan qəflətən sıyrılıb xalqın içərisinə şəst ilə, əmin-arxayın girməsini məmnunluqla xatırlayıram. Şahın, Sultanın, Prezidentin sadə xalqla görüşünün yaratdığı ecazkar mənzərənin Dövlətin güclənməsində nə qədər yaxşı təsir gücünə malik olduğunu hər kəs dövlətçilik tarixindən bilir. İlham Əliyevin ŞƏHİD ailələrinin nümayəndələri ilə görüşü də dövlətimizin xalqla birliyini nümayiş etdirən möhtəşəm təbii hadisəyə çevrildi. Dost sevindi, düşmən xar oldu! Ölkəmizi daxildən sarsıtmağa cəhd edən xarici düşmənlərə, onların ölkə daxildə hakimiyyətə soxulmuş xəfiyyələrinin və müxalifət sıralarında möhkəmlənmiş əlaltılarının ümidlərinə sarsıdıcı zərbə vuruldu.

ABŞ-da və Avropada sığınacaq əldə edib, Azərbaycana qarşı hər cür murdar hərəkətlərə baş vuran, ermənilərin və onların havadarlarının əlində ölkəmizə qarşı alətə çevrilmiş bir qrup xəyanətkarın son zamanlar çox fəallaşması müşahidə olunur. Onlar xaricdə ölkəmizə qarşı apardıqları təxribatların boşa çıxmasından qəzəblənərək, Azərbaycanda mövcud olan möhkəm daxili sabitliyi pozmaq üçün məmurların günahı üzündən əhalinin bəzi qrupları arasınada yaranmış ən xırda narazılıqlardan, xüsusən ŞƏHİD ailələrinin, müharibə əliləri və veteranlarının ehtiyac üzündən etdikləri etirazlarından belə, bəhrələnməyə cəhd edirlər. Mitinqin nəticələri üzərindən aparılmış təhlillər də sübut edir ki, məhz msüxalifətin 19 yanvar mitinqinin bundan əvvəlkilərə nisbətən, izdihamlı keçməsi tikinti sahəsində çalışanların işsiz qalmış kəsiminin, birdəfəlik maddi yardımı vaxtında almayan ŞƏHİD ailələrinin, haqlı-haqsız məhbəsdə olanların yaxınlarının, ölkə Prezidentinin başladığı struktur islahatları nəticəsində vəzifəsini itirmiş və itirmək təhlükəsi ilə üzləşmə ehtimalı olan məmurların hesabına baş tutub.

Bu dövlətin daxilidə olan düşmənlərin ilk növbədə, korrupsioner, rüşvətxor məmur olduğunu həmişə yazmışam, yenə də qeyd edirəm! Ölkə Prezidenti bu məmurlara qarşı nə qədər sərt tədbir görsə də, təəssüf ki, belələri hələ çoxdur! Rüşvətxorluq, korrupsiya, qohumbazlıq, yerlibazlıq ölkəni təhdid həddinə çatdırıb. Müxalifətin də sağlam olmadığını bilirik. Daim yersiz hərəkətləri ilə düşmən dəyirmanına su tökməklə məşğuldurlar, dövlətsevərlikdən, millətsevərlikdən, konstruktivlikdən zərrəcə əsər-əlamət hiss olunmur! Nə etməli?.. Ölkəmizin bu cür mənfi ünsürlərin əlində oyuncağa çevrilməsinə göz yumaqmı?! Əsal!..

Qeydlərimi yekunlaşdırıb, belə nəticəyə gəlirəm ki, Azərbaycan dövləti olduqca gəncdir, müstəqilliyini yeni qazanıb, düşmənləri isə çox qartımış və məkrlidirlər. 200 ildən çoxdur ki, xalqımız və dövlətimiz həm şimaldan, həm də cənubdan təhdid edilir, indi də bu təhdidə ABŞ və Avropa da qoşulubsa, deməli, ölkə vətəndaşları bu ölkənin hələ də çox möhkəmlənməmiş, təzə-təzə bərkiməkdə olan sütunlarına həddindən ziyadə ağırlıq salmaqdan, yəni ölkədəki sabitliyi pozmağa xidmət edən hərəkətlərdən mümkün qədər çəkinməlidirlər. Düşmənlərimizin, xüsusən torpaqlarımızın 20 faizini işğal etmiş, xalqımızın bir milyondan çoxunu yurdundan didərgin salmış Ermənistanın ölkəmizə qarşı dünyada apardığı təxribatların davam etdiyi hazırkı həssas zamanda vətəndaşların bu cür yanlış hərəkətlərə yol verməsi dövlətimizə qarşı xəyanətdən başqa bir şey olmadığını unutmayaq...

Tahir Abbaslı

 

 

0.074991941452026