Ümumi təhsil haqqında qanun layihəsində nələr var?

Təhsilin aktual məqamları  müzakirə mövzusudur

 Təhsil ölkənin prioritet sahələrindən biri olmaqla aktuallığını saxlamaqdadır.  Daim diqqət mərkəzində olan bu sektorda baş verənlər, yeniliklər və köhnə olsa da həll edilməmiş məsələlər cəmiyyətin maraq dairəsindədir. Elə Milli Məclisin elm və təhsil komitəsinin  müzakirə etdiyi və 33 maddədən ibarət olan  “Ümumi təhsil haqqında”  qanun layihəsi də ictimaiyyətin marağına səbəb olub. Layihəyə görə, ümumi təhsilin səviyyələri  məktəbəhazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir.  Bu mövzuda ictimaiyyətin marağına səbəb olan əsas məsələ də, qanun layihəsinə görə, dövlət, bələdiyyə, Azərbaycanın və xarici dövlətlərin  hüquqi şəxsləri, öz vətəndaşlarımız, əcnəbilər və vətəndaşlığı olmayan  şəxslərin ümumi təhsil müəssisəsinin təsisçisi ola bilmələridir.

 Xatırladaq ki,  Azərbaycanda təhsil haqqında qanun uzun illər müzakirə mövzusu olub. Qanunun müxtəlif aspektlərdən zərrəbindən keçirilməsi, incələnməsi uzun zaman aparıb. Nəhayət, on il öncə qanun qəbul edilib, fəqət boşluqlar və mübahisə yaradan məqamlarıyla elə də bitkin olmayıb. Bu mənada, təhsil haqqında qanunla bağlı  müəyyən istiqamətlərində vaxtaşırı suallar yaranır, müvafiq boşluqlar, qeyri-müəyyənlik yaradan məsələlər rəsmi və  müstəqil ekspertlər tərəfindən mütəmadi şəkildə müzakirə olunur.  Eləcə də, ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ibtidai ümumtəhsil, ümumi orta ümumtəhsil, tam orta ümumtəhsil məktəbi, lisey, gimnaziya, ümumtəhsil internat məktəbi formalarına müxtəlif  baxış bucagı sərgilənir. Bununla bərabər, inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi, xüsusi məktəb və xüsusi internat məktəbi, inteqrasiya təlimli internat tipli gimnaziya, valideyn himayəsindən məhrum olan uşaqlar üçün ümumtəhsil internat məktəbi və digər təhsil müəssisələri də daim diqqətdə saxlanılır.

 Müzakirə olunan qanunun mahiyyəti nədir?

 Ümumi təhsil haqqında sözügedən qanunun mahiyyətini tanınmış ekspert Nabatəli Qulamoğlu izah edir. Həmsöhbətimiz söyləyir ki, müvafiq qanunla təhsilə investisiya buraxmaq üçün xarici dövlətlərin vətəndaşlarına icazə verilir: “Sözügedən qanunun mənası budur. Ola bilsin ki, bir ingilis Azərbaycanda  hansısa bir təhsil müəssisəsi açmaq istəyir. Və eləcə də, bu təhsil müəssisəsi Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir. Yəni o, qanuni icazəylə təsisçi ola bilər. Lakin bu mexanizmin necə olacağı, işləyib-işləməyəcəyi sual altındadır. Xatırlayırsınızsa,  2009-cu ilin təhsil haqqında qanununda təhsilin formaları qeyd edilmişdi. Dövlət, bələdiyyə və özəl sektorlar vardı. Dövlət sektoru hazırda bütün gücü ilə, amma boşuna  işləyir. Özəl sektor isə monopollaşıb. Yəni özəl sektor üçün rəqabət apara biləcək yer yoxdur.  Bələdiyyə sektoru üçün isə Azərbaycanda bir nümunə də göstərə bilmərik. Təhsil qanunu haqqında nəzərdə tutulan layihə bu mənada, yenə də qeyri-müəyyəndir”.

 Mövcud şərait dəyişməyincə,  bu məsələyə münasibət də eyni olacaq

 Ekspert müqayisə üçün deyir ki, Pedaqoji Şuranın katibi işlədiyi  vaxtlarda protokolun sonunda bir rübdə buraxılan nöqsanların sonrakı rübdə aradan qaldırılacağı daim qeyd olunurdu. 2009-cu ildə qəbul edilən qanun da üstündən on il keçəndən sonra, yenidən mübahisə doğuran məqamlarla gündəmə gəlib: “Təhsil haqqında qanunun 2009-cu ildə qəbul edilməsi də bir problem idi. Neçə il mübahisə gedəndən sonra onun ölü bir qanun kimi ortada qaldığı məlum oldu və səsləndirilən iradlara, nöqsanlara məhəl qoymadan qəbul etdilər. İndi yenidən qanuna baxır, müzakirə edirlər. Düşünürəm ki,  xarici təsisçinin Azərbaycana  gəlib burda təhsil müəssisəsi açması üçün öncə  mövcud  şərait dəyişməlidir.  Korrupsiyanın basqısı altında olan müəssisə necə fəaliyyət göstərə bilər?! Həmin müəssisələr korrupsiyanın yemi olaraq çox keçmədən, fəaliyyətini dayandıra bilər. İlk növbədə,  belə müəssisələrin fəaliyyət göstərməsinə şərait yaratmaq, daha sonra isə xarici təsisçinin işləməsini iddia etmək olar. Bu şərait  təkcə orta təhsil sahəsinə aid edilməməlidir.  Vaxtilə Azərbaycanda Qafqaz Universiteti və digər təhsil müəssisələri vardı, hazırda yeganə qalan Xəzər Universitetidir. İstənilən sahəyə xarici təsisçini gətirmək lazımdır, amma ilk növbədə qeyd edilən şəraiti yaratmaqla. Sinqapuru inkişaf etdirən məhz xarici investorların təsisçiliyi oldu. Amma onlar fəaliyyət üçün bəzi strukturlara rüşvət verməyin gərək olduğunu demədilər.  Onlar heç bu istiqamətdə dövlət rüsumu da almadılar. Xarici təsisçiyə dedilər ki, gəlin, müstəqil şəkildə müəssisə açıb qazanın,  qoy bizim camaat da orda işləsin, varlansın. Elə də oldu və xarici təsisçilər də o ölkədən getmədilər. Sinqapur yolu getmək istəyirlərsə, belə şərait yaratsınlar”.

Qeyd edək ki, dünyanın ən çox bəyənilən təhsil sistemlərindən biri olan Sinqapurda uşaqlar İqtisadi Əməkdaşlıq və  İnkişaf Təşkilatının neçə-neçə ölkədə reallaşdırdığı dəqiq elmlər və oxumaq sahəsində fəaliyyəti müəyyənləşdirən PİSA imtahanlarında  öncül yeri tuturlar. Bunun və təhsil sahəsindəki bütün uğurların səbəbi isə sözügedən sektordakı maaşlar, maliyyə və sənaye sahələriylə rəqabət, ən yaxşı mütəxəssislərin işə cəlb edilməsidir. Bu ölkə öz büdcəsinin yüzdə 20 faizini təhsilə ayırmaqla bir vaxtlar Asiyanın ən yoxsul ölkələrindən biri olmaqdan qurtulub. Ölkənin heç bir təbii ehtiyatı da olmadığından,  sərmayəni insanlara yatırıblar. Bu da öz növbəsində təhsil sahəsində bugün özünün uğur modelini  təqdim etməkdədir. Hökumətin əsas siyasəti də düşünən məktəblər, öyrənən millətdir.

 Dövlət müəssisələri tamamilə ləğv olunmalıdırmı?

 Ekspertə görə,  təhsillə bağlı  məsələnin icrasına sıradan bir hadisə kimi deyil, diqqətlə yanaşılmalıdır.  O, qanuna demokratiya donu geydirərək təqdim etməyi deyil, xarici təsisçinin burda işləməsi üçün müvafiq şəraitin yaradılmasını vacib hesab edir. Həmsöhbətimiz yada salır ki, hələ on-on beş il öncə, bu istiqamətdə maraqlı bir təklif də irəli sürüb: “Bildirmişdim ki, Azərbaycan xalqının mentalitetinə uyğun olaraq, dövlət müəssisələri tamamilə ləğv olunmalıdır. Lakin bu şərtlə ləğv olunmalıdır ki, dövlət müəssisələrinə özəl müəssisələrlə rəqabət aparmaq  imkanı yaradılsın. Rəqabət apara bilən müəssisə yaşasın, buna iqtidarı olmayan müəssisə də ləğv edilsin.  Diqqət edin, bu gün də İsmayıllıda kolxoz sistemi fəaliyyət göstərir. Çünki o,  müasir dövrdə xüsusi mülkiyyətlə rəqabət apara bilir. Təhsil sahəsində də təxminən belə etmək lazımdır. Yoxsa, dövlət müəssisələrinin  birbaşa xarici təsisçiyə təhvil verilməsi mümkün olan iş deyil”.

Ekspert hazırkı şəraitdə mümkün variantın olduğunu da söyləyir. O, təklif edir ki, hər bir şagirdə və tələbəyə  oxuduğu11 il ərzində  dövlətin ayırdığı məvacib, tutaq ki, beş, yaxud, on min manat valideynə verilsin: “Məsələn, üç övladı olan valideynə 30 min manat verilsin, valideyn də onu istədiyi şəkildə yerləşdirsin. Hansı özəl müəssisə yaxşı təhsil verirsə, valideyn də övladını ora yerləşdirəcək. Bugün orta məktəblər arasında pul üstündə rəqabət gedir. Hər kəs məktəbinə pul cəlb etmək istəyir. Amma  bilməlidirlər ki, pul cəlb etmək bilik verməklə mümkün olur. Bilik verməyincə,  təhsil müəssisəsinə  pul cəlb etmək olmaz. Sistem belə formada olmasa, effekt əldə etmək mümkün olmayacaq”.

Həmsöhbətimiz bir məsələyə də diqqəti cəkir. Ekspert deyir ki, maddi vəsaitin mənimsənilməsində istənilən ölkədə problemlər yaşanıb. Məsələn,  Rumıniyada,  kurikulumla bağlı Niderlandda neçə müqavilə bağlandı, amma vəsaiti mənimsədilər.  Belə də ola bilər: “Xarici təsisçi çağırmaq  çətin məsələ deyil.  İstənilən ölkədə bu işin asanlığı və çətinliyi  yarana bilər. Yəni xarici təsisçi məsələsində də hər bir ölkədə problem yarana bilər və heç kim bundan sığortalanmayıb”.

0.039794921875