Səttar Möhbalıyev: "Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq"

Ali məktəb tələbələri arasında təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi(ATİAHİ) tərəfindən ali məktəb tələbələri arasında təşkil olunmuş ənənəvi «Nə? Harada? Nə zaman?» intellektual oyunu, futzal yarışı və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi artıq 9-cu ildir ki, ali məktəb tələbələri arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda turnir və futzal yarışları təşkil edir. Həmçinin 2018-ci ildə AHİK-in İcraiyyə Komitəsinin qərarı əsasında ATİAHİ Respublika Komitəsi tərəfindən respublikanın təhsil sistemində çalışan gənclər arasında “İlin peşəkar gənci” müsabiqəsi keçirilib.  S.Möhbalıyev hər üç tədbirin iştirakçılarının gənclər olduğunu vurğulayaraq deyib ki, belə tədbirləri təşkil etməkdə əsas məqsəd gənclərimizin asudə vaxtının daha səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.

“Gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, layiqli vətəndaş kimi yetişmələri cənab Prezidentimiz, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin və Azərbaycanın I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir” deyən millət vəkili qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır.

Son illərdə gənclərlə bağlı icra olunmuş dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur: “Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə  Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunmaqdadır.    Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır”.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan gənclərinin ölkənin gələcək inkişafında fəallığını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclər arasında fikir mübadiləsinə şərait yaratmaq, onların dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətlərini asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirilib. Eyni zamanda, 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoydu. Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər.

AHİK sədri vurğulayıb ki, gələcəyimizin etibarlı təminatı peşəkar kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz bu reallığı nəzərə alaraq AHİK bütün üzv təşkilatları ilə birgə dövlətin gənclər siyasətinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AHİK-in “Kadr siyasəti Konsepsiyası”nda gənc mütəxəssislərə ehtiyacı ödəmək üçün sahə həmkarlar ittifaqı komitələri qarşısında vəzifələr qoyulub. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının Gənclər Şuraları fəaliyyət göstərir, gənc liderlər beynəlxalq təşkilatların toplantılarına dəvət olunurlar. Onlar Yaponiya, İtaliya, Rusiya, Litva, Türkiyə və digər ölkələrdə gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə yaxından iştirak edirlər.

Səttar Möhbalıyev bildirib ki, hazırda respublikamızda həmkarlar ittifaqı üzvlərinin üçdə birini 35 yaşınadək gənclər təşkil edir. Belə böyük bir qüvvənin təşkilatın işində yaxından iştirakı vacib məsələlərdəndir. Həmkarlar İttifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilib. Gənclərin məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili və digər bu kimi məsələlər ön plana çəkilir. Müntəzəm olaraq elmi-praktik konfranslar, seminarlar təşkil edilir. Şübhəsiz ki, hər bir dövlətin gənclərə yanaşması gələcəyə olan münasibətdir.

S.Möhbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də Azərbaycanın gənclər siyasətinin fəal iştirakçılarındandır: “Biz də çalışırıq ki, gənclərə diqqət və qayğı göstərək, onlara dəstək olaq. Bu məqsədlə ATİAHİ Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarış-ları keçirilir, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensial imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil olunur.

Həmkarlar ittifaqı təşkilatı tərəfindən təşkil olunan bu tədbirlərdə iştirak edən gənclərin sayının hər il əhəmiyyətli dərəcədə artması, onların bu tədbirlərə gös-tərdiyi maraq bizi gələcəkdə bu istiqamətdə tədbirlərin sayının artırılmasına, əhatə dairəsinin genişləndirilməsinə ruhlandırır”.

Sonra tədbirdə qaliblər mükafatlandırılıb. Onlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Tahir Abbaslı

0.041103839874268