Nəsimi obrazını yaradan  aktyor  “Nəsimi ili”ndə  iştirak edəcəkmi?

Rasim Balayev:  “Sözsüz ki,  dəvət etsələr və sağlamlığım imkan versə, yubiley tədbirlərinə qatılacağam”  

  2019-cu il bəlli olduğu kimi, “Nəsimi ili” elan edilib. Və bu il böyük Azərbaycan şairi İmadəddin  Nəsiminin 650 illik yubileyinin təntənəli şəkildə qeyd olunacağı gözlənilir. Ana dilində yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında fəlsəfi qəzəlin və şeirin əsasını qoyan dahi şairimizin yaradıcılığı mədəniyyət tariximizdə yüksək qiymətləndirilir. Bu ilin “Nəsimi ili” kimi qeyd olunması barədə  dövlət başçısının müvafiq sərəncamından sonra Nəsimi adına Dilçilik İnstitutu dahi şairin bütün yaradıcılıq nümunələrinin lüğətini hazırlayacaq.  Bundan başqa, şair haqqında araşdırmalar da hazırlanacaq, eləcə də Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə beynəlxalq konfransın keçiriləcəyi gözlənilir. Nəsimi irsinin təbliğiylə bağlı bölgələrə səfərlərin edilməsi də tədbirlər planına daxildir.

Qeyd edək ki, Nəsiminin 600 illik yubileyi vaxtilə UNESKO-nun tədbirlər  planına daxil edilib.  Yubileylə bağlı Azərbaycanda genişmiqyaslı işlər aparılıb, tədbirlər çərçivəsində Nəsiminin əsərləri nəşr edilib və xarici dillərə tərcümə olunub. Nəsimi haqqında ölkəmizdə müxtəlif səpkili, böyük miqyasda işlər aparılıb. Keçən əsrdə, 1973-cü ildə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilib.  1979-cu ildə Bakıda dahi şairin heykəli ucaldılıb. Xalqımızın mədəni tarixində silinməz iz qoyan dahi şair, İmadəddin Nəsimi haqqında çəkilən bədii film isə yaşlı və orta, hətta gənc nəslin də bu gün maraqla izlədiyi milli filmlərimizdən biridir. O illərdə azərbaycanlı ailələrdə dünyaya gələn uşaqlara qoyulan Nəsimi adı da dahi şairə sadə insanların məhəbbətinin bir nümunəsidir.

Xatırladaq ki, “Nəsimi” filmində  böyük bir komanda əmək sərf edib.  Yaradıcı heyətdən başqa,  filmin araya-ərsəyə gəlməsində  alimlərin, etnoqrafların, dilçilərin də böyük rolu olub. Nəsimişünasların, filoloqların, sənətşünasların da gərgin əməyi və zəhməti hesabına  meydana gələn, ekran tarixində müstəsna yer tutan bu filmin baş qəhrəmanı ilə həmsöhbət olmaq qərarına gəldik. Yeri gəlmişkən,   “Nəsimi”  filmi dahi şairimizin obrazını canlandıran xalq artisti Rasim Balayevin kinoda ilk işidir. Bu bədii film   “Kodak” kinolentinə çəkilən ilk Azərbaycan filmidir.  Ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Həsən Seyidbəyli olan, ilklərə imza atan “Nəsimi” filmi yeganə tarixi filmdir ki, heç bir dekorasiyadan istifadə edilməyib və çəkilişin aparıldığı məkanların hamısı təbiidir. İsmayıl Osmanlı, Məmmədrza  Şeyxzamanov, Tofiq Mirzəyev, Yusif Vəliyev, Səməndər Rzayev,  Kamal Xudaverdiyev,  Muxtar Maniyev kimi görkəmli kino və teatr aktyorlarının yer aldığı filmdə baş rolları gözəl və istedadlı aktrisamız Xalidə Quliyeva  (Fatimə) və Rasim Balayev (Nəsimi) paylaşıb.

Nəsimi rolu yaradıcılıq vəsiqəsi hesab olunan, bu  filmdən sonra yaxın və uzaq ölkələrdən rol dəvətləri alan,  haqqında bəhs etdiyimiz filmin çəkilişlərinin isə Azərbaycanın tarixi məkanlarında aparıldığını söyləyən Rasim Balayev, keçmişin xatirələrinə qayıdır. “Paralel” qəzetinə o vaxtın çəkilişlərindən bəhs edən xalq artisti,  filmin kadrlarının  ancaq tarixi abidələrin fonunda çəkildiyini söyləyir.  Filmin çəkilişləri əsasən, Bakıda, Naxçıvanda, Qobustanda  və bölgələrdə baş  tutub. “Nəsimi” filminin çəkilişi üçün yaradıcı heyət Orta Asiyaya, Suriyaya da səfər etməli olub və çəkilişlər orada da gerçəkləşdirilib: ”Həmin filmin çəkilişi müxtəlif  bölgələrdə, hətta ölkələrdə olub. ”Nəsimi” filmi çəkiləndə mən gənc idim,  24 yaşım vardı. Çəkilişlərlə bağlı maraqlı nüanslar çox olub,  amma təəssüf ki,  bəzilərini unutmuşam…  Bu il Nəsiminin 650 illik yubileyi olacaq. Yubileylərdə iştirakla  bağlı mənə müraciətlər olsa, yəqin ki qəbul edəcəyəm”. 

Sırf səhhəti imkan verərsə, yubileylə bağlı tədbirlərə qatılacağını söyləyən xalq artisti bunu da qeyd edir: “Hələlik mənə yubiley tədbirləriylə bağlı heç nə söyləməyiblər. Sözsüz ki,  dəvət etsələr və sağlamlığım imkan versə, tədbirlərdə iştirak edəcəyəm. Yubiley tədbirlərində iştirak edərəm,  mənə ehtiyac olarsa”

Nigar Vaqifqızı

0.072942018508911