Kurikulum təhsillə bağlı faydalı proqramdır

Bu proqramı tənqid edənlər yanlışlığa yol verir

 Tez-tez tədbirlərdə, mətbuatda məktəblərdə tətbiq edilən kurikulumların (proqramların) lazımsız və yanlış bir proqram olduğu barədə xeyli yazılar oxuyuruq.

“Yol” mənası verən kurikulum əslində, tənqid edildiyi mahiyyəti daşımır. Kurikulum məktəb və ümumiyyətlə təhsillə bağlı olan bütün sahələri – planlaşdırmanı, öyrənmə nəzəriyyəsini və praktikasını, idarəetməni özündə ehtiva edən proqram toplusudur. Kurikulum hər hansı bir sinifdə (məktəbdə) təlim prosesinin ardıcıllığını və təşkilini əks etdirən plandır. Elementləri bütün icbari təhsil üçün öyrənmə və qiymətləndirmə standartıdır. Proqram akademik tədris ili üçün öyrənmə və qiymətləndirmə, yerli səviyyəni nəzərə alıb, nəticəyə görə ümumi planlaşdırmanın aparılmasına, yerinə yetirilməsinə yaradıcı yanaşmanı təmin edir.

Kurikulumun “nəyi, necə və nə üçün” düsturu şagirdlərin əsas bilik və həyatı bacarıqlarının formalaşmasına , onun sosiallaşmasına geniş imkanlar verir. “Nə tədris olunmalıdır?” (təhsilin məzmunu), “O necə tədris olunmalıdır” (metod, üsul, forma) düsturuna əsaslanaraq, müəllimdə, eləcə də idarəçilərdə öz gündəlik fəaliyyətlərini planlaşdırmaqda müstəqilliyinə kifayət qədər zəmin yaradır, müxtəliflik verir və məsuliyyət hissini artırır. İnformasiya bolluğu, elm və texnikanın sürətli inkişafı, inteqrasiya (qloballaşma), şəxsiyyət azadlığı, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması və s. səbəblər vardır ki, bu proqramın tətbiqini zəruri edir.

Qeydlərdən göründüyü kimi, XXI yüzilliyin insanı fərqli bilik və sosial davranışlara malik olmalıdır. Bu, sürətlə dəyişən dünyanın verdiyi sosial sifarişdir. Belə keyfiyyətli insan isə  məktəblərdə yetişir. XX yüzilliyin təhsil sistemi, təlimin məzmunu və onun tədrisi metodikası bu tələbləri yerinə yetirmək imkanına malik deyil. Dünyanın bir çox ölkələrində tətbiq olunmuş təhsil islahatlarının aparılması bu tələbləri yerinə yetirmək baxımından əhəmiyyətlidir. Proqram və onun yerinə yetirilməsi heç də “çətin” deyil. Aparılan müşahidələr, proqramın “çətinliyinə” yol açan bir sıra problemlərin olduğunu göstərir. Müəllimlərin peşəkarlıq səviyyəsinin tələblərə cavab verməməsi (pedaqoji universitet hazırlığı da daxil olmaqla), dərslik və proqramların məzmunundakı elmi-metodik keyfiyyətlərin qüsurlu olması, qiymətləndirmə meyarlarının tələblərə uyğun olmaması, idarəetmədə inzibati-amirlik metodlarının mövcud olması, müəllimlərin elmi-metodik vəsaitlərlə təmin olunmaması əsas problemlərdir.

ABŞ sosioloqu C.Dreykin fikrincə desək, kurikulumlar bizim kim olduğumuz, hansı səviyyəyə çatdığımızı bizə bildirən məqamlardır. Gəlin, bu məqamı düzgün qiymətləndirərək,  fəaliyyətimizdə səmərəli şəkildə tətbiq edək.

Apardığımız qısa qeydlərdən göründüyü kimi, kurikulumun ölkəmizin təhsil sistemində tətbiq edilməsi ona görə tənqid olunur ki, bu proqramın tətbiqi ölkənin demokratikləşməsi ilə sıx əlaqədar olan məsələrdəndir. Ona görə də kurikulumun zərəli proqram olması barədə tənqidi fikir söyləyənlər yaxşı olar ki, bu amili də nəzərə almağı unutmasınlar.

 Züleyxa Ələkbərqızı

0.1091890335083