Şair Sədi Yaradanquludan şeir çələngi

Bir cücə başını kəsə bilməyən, Nadanlar pambıqla baş kəsir indi

 

Sədi Yaradanqulu (Sədi Qədiroğlu, Sədi Borçalı, Sədi Dağlaroğlu, Sədi Tənha) 01.04.1954-cü ildə ulu Borçalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Salamməlik kəndində anadan olub.

1971-ci ildə Orta məktəbi bitirib. 1972-1974-cü illərdə hərbu xidmətdə olub. 1975-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib.

 1968-ci ildən şeirləri yerli və mərkəzi qəzetlərdə çap edilir.

Daha sonralar isə şeirləri ilə yanaşı tarixi məqələləri də jurnallarda, almanaxlarda və dövrü mətbuatda çap olunub. 

 Bir sıra şeirləri rus, özbək və türk dillərinə tərcümə edilərək kitablarda və almanaxlarda çap edilib. 

 9 kitabın - o cümlədən, "Bir ağacın pöhrəsiyik" (2000) və "Tarix övlad kimidir" (2015) adlı tarixi əsərlərin, "Əzizdir bu yerlər mənə"(2002), "Könlümə təsəlli söz axtarıram" (2003), "Ürəyimə dəyməyin" (2005), "Vətənin qucağında" (2011), "Sənə məhəbbətim dünyalar qədər" ( 2012), "Ömür ötüb gedib məndən xəbərsiz" (2014) və "Mənimlə yaşayan xatirələrdi" (2017) adlı şeirlər kitabının və "Sazlı-sözlü Borçalı" Ədəbi məcmuənin №01(2018) müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.

2014-cü ildə "Qızıl Qələm" mükafatına layiq görülüb.

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin ideya müəllifı və aparıcısıdır. "Dirili Qurbanı", "S.Ə. Şirvani", və "Sarı aşıq" Ədəbi Məclisinin fəal üzvüdür. 

Çoxşaxəli ədəbi fəaliyyəti ilə yetərincə pərəstişkarlıq qazanan bu maraqlı yaradıcı insanın şeirlər çələngini oxucularımıza təqdim edirik.

 

Elə duyğular var ürəyimizdə

 

Elə duyğular var ürəyimizdə,

Dodaq tərpənməyir, dil deyə bilmir.

Elə sevgi də var ürəyimizdə,

Yanıb külə dönüb, bir kimsə bilmir.

 

 

Sevgi var ömürü bir şam ömürü,

Yanından meh əssə vurub söndürər.

Elə sevgi də var, daş ürəkləri,

Yumşalda-yumşalda muma döndərər.

 

Ürəyi tərk edər cılız məhəbbət,

Böyük məhəbbətsə ürək yandırır.

Necə ki, küləklər şamı söndürür,

Söngümüş ocağı alovlandırır.

 

Sevgimiz Günəşdir, arzular dəniz,

Arzular tükənməz sevən ürəkdə.

Günəş əbədidir, müqəddəs dəniz,

Min bir arzular var hər xoş diləkdə....

 

AY QƏDİROĞLU

 

Düşünmə üzünə taleyin gülər,

Sənin də üzünə xoş günlər gələr,

Gözləmə, işlərin bir gün düzələr,

Düzələr, düzələr, ay Qədiroğlu.

 

Görüb gördüyünü heç zaman danma,

Əyri olanları sən də düz sanma,

Sözlə-əməlləri çəksən inanma,

Düz gələr, düz gələr, ay Qədiroğlu.

 

Yenə nələr düşüb, nələr yadına?

Söz açıb danışma doğma-yadına,

Düz başa düşməzlər, təmiz adına,

Söz gələr, söz gələr, ay Qədiroğlu.

 

Sənin dar günündə kim yaxın gələr,

Nə doğma, nə bir dost, nə yaxın gələr,

Öləndə tökülüb bir axın gələr,

Özgələr, özgələr, ay Qədiroğlu.

 

ATALAR DEMİŞ

 

Bir işarə arif olana bəsdir,

O, sənin anlayıb tez başa düşər.

Nadana səhvini desən əbəsdir,

Aqillər səhvini tez başa düşər.

 

Hələ suyu başdan bulandıran var,

Çox çəkər bu suyun durulmağı da,

Hələ gözü - könlü bulandıran var,

Çətindir saflaşıb, durulmağı da.

 

Çox su aparacaq hələ bu xəmir,

Urvasız kündələr küt düşəcəkdir.

İşlək deyildirsə paslanar dəmir,

Xəncər də qınında küt düşəcəkdir.

 

Özünün əlindən bir iş gəlməyən,

Tazıya dovşanı "tut", deyən də var.

Özgə kölgəsində rahatca yatan,

Arabayla dovşan tutanlar da var.

 

Daha haqsızlığa dözə bilməyən,

Buraxıb sənəti daş kəsir indi.

Bir cücə başını kəsə bilməyən,

Nadanlar pambıqla baş kəsir indi.

 

Qotur bir eşşəyə minə bilməyən,

Özgənin atını minib oynadır.

Ağzına su alıb dinə bilməyən,

İndi dilə gəlib, əl-qol oynadır.

 

Qonşuya həmişə umudlu qalan,

İnanın, o gecə şamsız qalacaq.

Bir tikə çörəyə umudlu qalan,

Bilin ki, hər gecə şamsız yatacaq.

 

Əzəldən bu sözü babalar demiş:

- "Özgənin atına minən tez düşər".

Nankor oğullar, atalar demiş:

- "El-oba gözündən inan tez düşər".

 

NƏĞMƏLƏR ƏBƏDI

YAŞAYACAQDI

 

Bir nəğmə qəlbimi isindiribsə,

Birisi dondurub buza döndərib.

Biri sehirləyib lal eyləyibsə,

Birisi dərdimi yüzə döndərib.

 

Elə nəğmə var ki, yaxıb, yandırır,

Külümü göylərə sovurur birdən.

Elə də nəğmə var, göydən endirib,

Qatıb od - kösövə, qovurur birdən.

 

Bir nəğmə özümü alıb əlimdən,

Aparır özüylə öz dünyasına.

Bir nəğmə düzülüb gəlir dilimdən,

Aparır qataraq söz dünyasına.

 

Tarixi bilinmir bu nəğmələrin,

Yaradanı kimdi, deymi kimindi?

Analar dilindan qopan nəğmələr,

Könüllər oxşayan ofsun kimidi.

 

Bəlkə, - Analar yaratmış bu nəğmələri,

Ömrü də dünyanın yaşı qədərdi!

Acılı - şirinli bu nəğmələrin,

Sayı da dəryanın daşı qədərdi.

 

Nə qədər Analar vardır dünyada,

Gündə neçə nəğmə yaranacaqdır.

Ötsə də əsrlər, ötsə də illər,

Nəğmələr əbədi yaşayacaqdır...

 

MƏNI

 

Gəl başını çiynimə qoy,

Gül ətrinə bələ məni.

Sözlərimi şirin edim,

Qat qaymağa, bala məni.

 

Gül - çiçəyi yerdən üzüb,

Tellərinə bir-bir düzüb,

Gözaltı da hərdən süzüb,

Salma haldan - hala məni.

 

Könül verib, könül alaq,

Çinarlar tək cüt ucalaq.

Saç ağardaq, bir qocalaq,

Ver birtəhər yola məni.

 

Sədi biraz da yaşlaşıb,

Qayğıları başdan aşıb,

Gəl ay gülüm, halallaşıb,

Ötür dağdan yola məni.

 

SEVİNC DƏ MƏNİMDİ,

QƏM DƏ MƏNİMDİ

 

Bu mənim sevincim, bu da kədərim,

Sevincdən kəsədəm, kadardan bolam.

Bircə sevincimə min kədər düşür,

Qurtarmaq olmayır kədərdən, balam!..

 

Sevincin nəşəsi, şəni olan tək,

Kədərin nisgili, qüssəsi vardı.

Sevincdə şəgarək gülüş olan tək,

Kədərin gözyaşı, naləsi vardı...

 

Sevinc də mənimdi, qəm də mənimdi,

Sevincin nəşəsi bircə an çəkir.

Kədər yaxın dostum, qəm həmdəmimdi,

Məni tərk etməyə onlar can çəkir.

 

Məni tərk eləyən sevincdən qalan,

Qəlbimi göynədən xatirələrdi.

Məni tərk etməyən kədərdən, qalan

Hicranlı, qüssəli, eh.., gör nələrdi...

 

Nələr görməliyik, o da olacaq...

İnkar etmək olmur bil, həqiqəti.

Fələk əlimizdən bir gün alacaq,

Gözümüzdən nuru, dizdən təqəti.

 

Bu da bir ömürdür, yaşayırıq biz,

Bilki, hər ömürün sonu olacaq.

Ancaq bu həyatda bilmirik balam,

Bizlərdən yadigar nələr qalacaq?..

 

GƏZDİYİM YERLƏR

 

Dönüb mənim üçün inci, lələ,

Bir vaxtlar inciyib, bezdiyim yerlər.

Oxşayıb-əzizlər qoynunda hələ,

Qoruyur izimi, gəzdiyim yerlər.

 

Gözləri yoldadı hər yaz, hər bahar,

Getsəm el-obalar min busat qurar.

Bulaqlar, gözündə qalmasın qubar!

Gələcəm: - Özümü üzdüyüm yerlər.

 

O kövrək nəğmələr səslənə, dinə,

Məni də gətirə imana-dinə,

Ətrlı çəmənlər, şehli çəmənlər,

Məni öz qoynuna alsaydı yenə,

Görən xatırlarmı, güldən, çiçəkdən,

Yarımın telinə düzdüyüm yerlər!?

 

Göynəyib tökülür köksümün başı,

Ey könlüm həmdəmi, könlüm sirdaşı!

Gələcəm, çökərək mən dizim üstə,

Əyilib öpməyə torpağı-daşı,

Ey, quş tək qoynunda süzdüyüm yerlər!

 

Gələcəm, həsrətin daşını atıb,

Gecəmi gündüzə calayıb, qatıb,

Sədiəm, çəmənin şehinə batıb,

Gələcəm, əlimə düşərsə, bir gün,

Sənin möhnətinə dözdüyüm yerlər.

 

DALĞALAR KİMİ

 

Sən sahil, mən dəniz : - Aylı bir gecə,

Görüşnə gəlirəm, sənin hər gecə.

Gəlirəm gecənin sakitliyində,

Mən bəzən aşikar, bəzən gizlincə.

 

Gəlirəm utancaq ləpələr kimi,

Gəlirəm, öpməyə  ayaqlarından.

Qayıdıb gedirəm dalğalar kimi,

Hər səhər öpərək dodaqlarından...

 

Sədi Yaradanqulu

0.056841135025024