Beyləqan poeziya məktəbindən nümunələr

Hakimi-mütləqsən, ona güvənmə, Dünyayla heç zaman qumar oynama.

 

Beyləqanın Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğu, xüsusən Vlll - Xll əsrlərdə məşhur ticarət şəhəri kimi tanındığı və monqol - tatarların işğalı nəticəsində darmadağın edildiyini və süquta uğradığını  tarixdən bilirik.

Bu cür vəhşi basqınlara məruz qalaraq, daim işğalçı düşmənlərin hədəfinə çevrilməsinə baxmayaraq, Beyləqan torpağı zaman - zaman güclü şəxsiyyətlər diyarı, xalqımıza Mücürəddin Beyləqani və bir çox başqa tarixi şəxsiyyətlər bəxş edən bölgə kimi tanınır...

Şarir kimi fəaliyyətinə sovetlər dönəmində başlayan və hazırda yaradıcılığının ən gözəl dövrünü yaşayan görkəmli Azərbaycan şairi Yusif Nəğməkar, qəzəlləri hər zaman muğam ifaçılarının dillərinin əzbəri olan Gileyli Bəylər, istedadlı, mərhum şair Vaqif Cəfərli, Nəzər Sönməz kimi şairlər məhz, Beyləqan poeziya məktəbinin yetirmələridir.

Ölkəmiz müstəqillik əldə etdikdən və sürətli inkişafa nail olduqdan sonra, yerli ziyalıların müraciəti ilə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan bölməsi yaradıldı və artıq xeyli vaxtdır ki, fəaliyyət göstərir. Bölmə çox sayda yaradıcı insanları - ziyalıları, şairləri, yazıçıları, söz və sənət adamlarını öz ətiafında birləşdirir.

"Paralel" qəzeti oxucularının marağını nəzərə alaraq, AYB - in Beyləqan bölməsinin yaradıcı insanlarının əsərlərini silsilə şəklində oxuculara təqdim edir.

Bundan əvvəlki sayımızda istedadlı şair Allahverdi  Kərimoğlunun təcnislərindən bir neçəsini oxuculara təqdim etmişdik. Bugün isə, Bölmənin istedadlı şairi Vəliyəddin Nizami Əhmədbəyin dekabr ayında yazdığı şerlərindən bir neçəsini poeziyasevərlərə ərməğan edirik.

 BƏH-BƏH

 Nə gözəl təsadüf, gəldik üz-üzə,

Sən hardan çıxmışdın qarşıma, bəh-bəh.

Əllər vüsal etdi, baxdıq ğöz-ğözə,

Baxmadın sinnimə, yaşıma, bəh-bəh.

 

Sönməyib qəlbimin atəşi, odu,

Sevgidi həyatın mənası, dadı,

Mən qoca, sən cavan, bu nə sevdadı?

Gəlmədi ağlıma, huşuma, bəh-bəh.

 

Nəyimə gərəkdi bu şan, bu şöhrət,

Sənsiz bu dünyada yaşamaq, heyrət,

Bir nərd oyunuydu bu eşq, məhəbbət,

Yek atdın, dəymədin şeşimə, bəh-bəh.

 

İndi də bilmirəm, sən niyə getdin?

Yoxsa elə bildin arzuna çatdın,

Sonda Vəlyəddini ziyarət etdin,

Gül qoydun qəbrimdə daşıma, bəh-bəh.

 

SONRA DİNCƏL

 

Sən bir nəğməkarsan, lütf eylə bir az,

Könlümün rübabın çal, sonra dincəl.

Məndən uzaqlaşma, eyləmə pərvaz,

Qəlbimdə mehman tək qal, sonra dincəl.

 

Yoxu da həzin de, kəskin eyləmə,

Məni bu sevdadan küskün eyləmə,

Qoyma tənhalaşam, miskin eyləmə,

Ürək pasibanım ol, sonra dincəl.

 

Bu saf duyğularım həm ilkdi, əzəl,

Qıyma qismətinə tökülsün xəzəl,

Belə insafsızlıq olmaz, ay gözəl,

Bir canım qalıbdı al, sonra dincəl.

 

Nə olar, bir dəfə, ay ömrüm söylə,

Yalandan da olsa, bir könül əylə,

Qaymaq ləblərindən ərməğan eylə,

Göndər Vəlyəddinə bal, sonra dincəl.

 

ÖLƏN ŞEİRLƏRƏ

QƏBİR DAŞIYAM

 

Başıma səpilən qarın rəngidi,

Bəyazı sevirəm,Tanrım da bilir.

Mənimçün başqadı göyün ahəngi,

Şerimə misralar göylərdən gəlir.

 

Dəyişib ömrümün tövrü, təhəri,

Qərib bir sevginin son yaddaşıyam.

Qələmin qüdrəti itəndən bəri,

Ölən şerilərə qəbir daşıyam.

 

Göy üzü rəngbərəng, min cürə çalar,

Xəyalım vüsala ümidlə dolsun.

Gözümə yol çəkir ötən buludlar,

Hicranın gələndə qoy rahat olsun.

 

Daha nagümanam sabaha, vaxta,

Bu şıltaq əcəl də üzümə gülür.

Taleyim belədi, baxta bax, baxta,

O da aram-aram ruhuma gəlir.

 

Mənasız bir ömür de, kimə gərək,

İlham pərisini çağırma, getsin.

Bəlkə Vəlyəddinə bir fürsət verək?

Yazsın son şerini, sonra köç etsin.

 

GÖZLƏRİMƏ BAX

 

İçimdə ruhum üşüyür,

Şimşək kimi sən çaxanda.

Sinəm qəzəbdən töyşüyür,

Əlin əlimdən çıxanda.

 

Sən baxanda gözüm gülür,

Vurğununam, aləm bilir,

Nazından çox xoşum gəlir,

Yandırıb məni yaxanda.

 

Bulud gözlərimdən yağır,

Ay boylanır fağır-fağır,

Bu dünya könlümə sığır,

Gözüm, gözünə baxanda,

 

Göy qurşağı, min bir çalar,

Ürəyimə atəş salar,

Vəlyəddinə çox xoş olar,

Qəlbinə su tək axanda.

 

QIRILMIŞ BİR ÜMİD

 

Qırılmış bir ümid, tənha gecələr,

Sığınıb köksümə yuxusuzluğum.

Bəlkə kipriklərim bir az dincələr,

Keçərmi görəsən bu susuzluğum.

 

Hissim ac qurd kimi qıcırdır dişin,

Dişləmək istəyir yatan sevgimi.

Rəngləri tökülüb saçıma qışın,

Ağlayır ümmanda batan sevgimi.

 

Düşüb xatirələr burulğanına,

Səbrim təlatümlər içində qaçır.

Güvənib Tanrının ərməğanına,

Yenə də xəyalım yanına uçur.

 

Sənsizlik tər kimi axır alnımdan,

Düşür damla-damla köksümün üstə.

Taleyim kölgə tək ötür yanımdan,

Huşum daha kəsmir, durubdu qəsdə.

 

Dağ da, daş da, nə çıxsa yollarıma,

Baxmaram hayına, haray səsinə.

Harda tapsam, götürüb qollarıma,

Səni aparacam göy qübbəsinə.

 

SAÇLARIM VAXTSIZ AĞARDI

 

Gəncliyimdən qəm yüklədi bu fələk,

Ay ana, saçlarım vaxtsız ağardı.

Əsdi başım üstən xəzanlı külək,

Mən sevinc axtardım, dərdlər çağırdı.

Ay ana, saçlarım vaxtsız ağardı.

 

Ürək ağlayanda, gözlər gülərmiş,

Axan göz yaşların hicran silərmiş,

Demə qəm karvanı qonaq gəlirmiş,

Mən elə bildim ki, gələn bahardı.

Ay ana, saçlarım vaxtsız ağardı.

 

Bulud nəm çilədi qalxan tüstümə,

Sanki,kainat da durub qəsdimə,

Allah da qəzəbin tökdü üstümə,

Şimşək naləsiylə göylər çığırdı.

Ay ana, saçlarım vaxtsız ağardı.

 

Baxmadı gəncliyə, cavan yaşıma,

Ancaq toxunmadı ağıl, huşuma,

Erkən qar ələdi Tanrı başıma,

Dedi Vəlyəddinə dəymə, fağırdı.

Ay ana, saçlarım vaxtsız ağardı.

 

SEVGİNİN BUDAĞINDAN ASILIB...

 

Bir sevginin budağından asılıb,

Yarpaq-yarpaq səpilmişəm dünyaya.

Həsrətin qoynuna hər gün qısılıb,

Gecələr baxmışam ulduza, aya.

 

Tənhalıq ağladıb, töyşüdüb məni,

Dərdimi sulara, ğöyə demişəm.

Yayın cırhacırı üşüdüb məni,

Gecəyə bürünüb hey titrəmişəm.

 

Sevgimiz duvağa bürünməsə də,

Baxmadım vüsala heç vaxt doyunca.

Üfüqdən bir kimsə görünməsə də,

Baxmışam yollara, gözüm boyunca.

 

O yollar aparıb səni uzağa,

Verdiyim çiçək də saralıb yerdə.

Hicranın dönübdü əlçatmaz dağa,

Görən əllərimiz görüşər birdə?

 

MƏNİ QINAMAYIN,DƏLİ OLMUŞAM

 

Gözümə göylərin rəsmin çəkirəm,

Məni qınamayın, dəli olmuşam.

Günəşi,ulduzu, ayı sökürəm,

Tutub kainatdan, zəli olmuşam.

 

Məni qınamayın, dəli olmuşam.

Çıxmışam dünyanın uca dağına,

Baxmışam cənnətin bağça, bağına,

Xəyalım uçubdu göy qurşağına,

 

Onun rənglərinin gülü olmuşam.

Məni qınamayın, dəli olmuşam.

Batıb yer üzünün dərdi, qəminə,

Dözüb ağrısına, hər sitəminə,

 

Uçub fəzalara, dürr aləminə,

Göydə mələklərin dili olmuşam.

Məni qınamayın, dəli olmuşam.

Soruşdum göylərdən haqqın sorağın,

 

Dedilər Vəlyəddin, nədir marağın?

Yaxşı ki, yerdəyəm, ana torpağın,

Yaqutu, incisi, ləli olmuşam.

Məni qınamayın, dəli olmuşam.

 

DÜNYAYLA QUMAR OYNAMA

 

Hakimi-mütləqsən, ona güvənmə,

Dünyayla heç zaman qumar oynama.

Zirvəyə boylanıb, dərəyə yenmə,

Dünyayla heç zaman qumar oynama.

 

Külə də əl vurma, yana bilərsən,

Olar ki, sən haqqı dana bilərsən,

Çıxma məhvərindən, sına bilərsən,

Dünyayla heç zaman qumar oynama.

 

Heç nə demə, çatmaz söz qulağına,

Çapma köhlənini at oylağına,

Nə dilinə uyma, nə qılığına,

Dünyaya heç zaman qumar oynama.

 

Matah təam kimi dadacaq səni,

Korun ocaqlarda çatacaq səni,

Çətin oyunçudu, udacaq səni,

Dünyayla heç zaman qumar oynama.

 

Zaman sinəsində çox məzar qazdı,

Tanrı insanları qoynuna yazdı,

Vəlyəddin oynadı, tez də uduzdu,

Dünyayla heç zaman qumar oynama.

 

KİMİM VAR Kİ, SƏNDƏN BAŞQA

 

Həmişə səni anmışam,

Kimim var ki, səndən başqa.

Ülfətinə sığınmışam,

Kimim var ki, səndən başqa.

 

Tənha qoyma, qallam naçar,

Qəm karvanı qolun açar,

Sən də getsən dünyam uçar,

Kimim var ki, səndən başqa.

 

Bilirsənki, sənsən canım,

Son ümidim, son gümanım,

Sənsən ömür pasibanım,

Kimim var ki, səndən başqa.

 

Məni eşqdə Məcnun sayma,

Şirin sözə, vədə uyma,

Vəlyəddini yalqız qoyma,

Kimim var ki, səndən başqa.

 

ANAMIN TABLOSUN YARAT

 

Rəssam qardaş, anamın rəsmini çək,

O tablonu ürəyimə tikəcəm.

Üzündəki nurunu, ömrünü çək,

Qəm yüklü qayğısın özüm çəkəcəm.

 

Saçına rəng çəkmə, qar idi saçı,

Bacarsan, əlində qabarları çək.

Üzü gülər idi, dərd idi içi,

Qəlbində yer alan qübarları çək.

 

Ana deməsə də, min-bir dərdi var,

Gizləyər köksündə, deməz arzusun.

Fırçanı xəncər et, ürəyini yar,

Çək orda gizlənən bala yanğısın.

 

Anam cəfakeşdi, rəssam, cəfa çək,

Kürəyinə neçə dərd şələlənib.

O nurlu üzünə gülüş, vəfa çək,

Çəkmə ki, gözündə yaş gilələnib.

 

Ay rəssam, anamın tablosun yarat,

Elə çək dünyanın anası olsun.

Rəsmindən güc alsın qoca kainat,

Dünyanın sülh marşı, mənası olsun.

  

Vəliyəddin Nizami Əhmədbəy

0.1099681854248