Vətəndaşların mülkiyyət hüququnu pozan "Tac Mahal" MTK - nın rəhbəri Vilayət Talıblı kimə güvənir?

Vətəndaşların mülkiyyət hüququnu pozan 
 

Hindistandan “Tac Mahal”ı gətirib özünə brend edən kooperetivə də ”stoyanşik”i rəhbər qoyub

 

Ölkəmizin paytaxtı Bakı günbəgün gözəlləşir, böyüyür, sürətlə inkişaf edir. Bu inkişafda sözsüz ki, gündən-günə artan göydələnlərin də rolu var. Əmma, ilk baxışdan gözoxşayan, şəhərə möhtəşəm görüntü verən nəhəng göydələnlərin böyük əksəriyyəti öz sakinlərinin baş bəlasına çevrilib. Çünki Bakı şəhərində ucaldılan göydələnlərin böyük əksəriyyətini idarə edən də, onları inşa edən  şirkətlərdir. Binalar var ki, insanlar 100 minlərlə pul ödəyib, ev alıb, amma bu binalarda kommunal xidmət haqqları o qədər şişirdilib ki, mənzil sahibi sanki yenə də "kirədə qalır" - 200, 250, hətta, 500-600 manat kommunal xidmət ödənişləri qeydə alınır. Bu məsələnin bir tərəfi, digər problem ondan ibarətdir ki, göydələnlərin çoxunda tikinti şirkətinin yaratdığı xidmət müəssisəsinin əməkdaşları vətəndaşlara normal xidmət göstərməsələr belə, özlərini binanın əsil sahibi, sakinlərin ağası kimi aparırlar. Belə göydələnlərdən birininin sakinləri şikayətlərini dövlət başçısına, bir sürətini isə redaksiyamıza ünvanlayıb.

Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış bunasının sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Fövqələdə Hallar nazir Kəmaləddin Heydərova, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə  Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Həmin müraciətdə bildirilir ki, yaşadıqları binanın təməli 2003 - cü ildə "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən qoyulub. 2007-ci ildə tikintisi başa çatan 300 mənzilli binada o vaxtdan yaşayış mövcuddur. Lakin 10 ildən artıq müddətdir ki, sakinlər öz halal pullarını ödədikləri mənzillərinə mülkiyyət şəhadətnaməsi ala bilmirlər. Kooperativin rəhbərliyi bu prossesi müxtərlif bəhanələrlə yubadır. Hər il "bu il həll olunacaq" deyir, illər keçir, problem isə həll olunmur. Bir mənzili başqa bir vətəndaşın adına keçirmək üçün 10 min pul tələb edirlər: "Azərbaycan Respublikasının vətəndaşları kimi bizim bütün hüquqlarımız pozulur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü - "Mülkiyyət hüququ" maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 43-cü- "Mənzil hüququ" maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".

Şikayət məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 139-cu maddəsinə, "Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında" qanunun 152-ci maddəsinə əsasən daşınmaz əmlaka görə vətəndaşların hüququ və əmlakın qeydiyyat məsələləri tənzimlənir: "Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla bizə verilən hüquqlardan məhrum edilmişik. Yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Ölkəmizin ictimai həyatında, keçirilən seçkilərdə iştirak edə bilmirik. Belə ki, hər bir sakin müxtəlif ünvanlarda, bölgələrdə qeydiyyatdadır. Əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur.

Dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etsək də, qəbullarda olsaq da, bu günə qədər bizim problemlərimizin müsbət həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Məmurlar tərəfindən müxtəlif vədlər verilsə də, vədlər yerinə yetirilmir".

Məktubda bildirilir ki, vətəndaşlara yaradılan bütün bu problemlərin başında "Tac Mahal" MTK - nın rəhbəri Vilayət Talıblı durur. V.Talıblı on ildən artıq müddət keçməsinə baxmayaraq, sakinlərin problemini həll etmir. İdarəçiliyində olan binaya məsuliyyətsiz yanaşır, sakinlərdən kommunal haqqların artıqlaması ilə yığılmasına baxmayaraq, binanın liftlərinə vaxtı-vaxtında texniki qulluq edilmir: "Dəfələrlə liflərdə qəza vəziyyəti yaranıb. 2017 - ci ilin aprel ayında toy mərasimi zamanı lift qırıldığından xəsarət alanlar olub. Bu barədə FHN-də və təcili yardım satansiyasında qeydlər var. Liflər müntəzəm işləmir, tez-tez sakinlərin liftdə köməksiz qalma halları baş verir. Bu barədə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə məlumatlar verilib. Agentliyin şöbə mudiri Sahil Məsimov dəfələrlə binaya baxış keçirsə də, heç bir tədbir görülmür. FHN-in sənədlərinə görə, bizim yaşadığımız binada liftlər, guya istifadəyə yararsız olduğundan bağlanıb, halbuki liftlər hal-hazırda elə yararsız vəziyyətdə də istismar olunur. Bu liftlər hər an faciə törədə bilər. Binada antisanitariya hökm sürür. Bina mühafizə olmadığından, həyəti nəzarətsiz qaldığından son dövrlərdə binada bir neçə oğurluq hadisəsi baş verib". Sakinlər bildirirlər ki, onlarla heç bir razılaşma olmadan binaya kənar idarəedici təyin edilib, yığılan kommunal xidmət haqqlarının xərclənməsində qeyri-şəffaflıq hökm sürür. Belə ki, binanın içməli su hövuzu 10 ilə yaxındır ki təmizlənmir.

Şikayətçilər sözlərinə görə, MTK-nın sahibi Vilayət Talıblı binada qoçu dəstəsi saxlayır, onun Vüsal adlı kürəkəni aktiv sakinlərin qarşısını kəsir, onlara hədə-qorxu gəlir: "Bu barədə tərəfimizdən Daxili İşlər Nazirliyinə müraciət ünvanlamışıq. Binanın komendantı aktiv sakinlərə pul təklif edib ki, mənimlə işiniz olmasın, yığılan pulları (kommunal xidmət haqqları - red-dan) sizinlə bölüm. Biz isə halal haqqımızı, mənzillərimizin mülkiyyət hüququnu təsdiq edən sənədlərimizi istəyirik".

Sonda qeyd edilir ki, bu məktubla cənab Prezidentdən Azərbaycan Respublikasının vətəndaşları olaraq Azərbaycan Respublikasının Konstutusiyasının və qanunvericiliyinin bizə verdiyi hüquqların bərpasının təmin edilməsini xahiş edirik. Biz mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən şəhadətnamənin verilməsini tələb edirik. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, illər boyu həsrətində qaldığımız mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən qeydiyyat şəhadətnaməsini ala biləcəyik.

Sakinlər bizimlə söhbətlərində bildirdilər ki, binanın həyəti qeyri-qanuni olaraq dayanacağa çevrilib. Belə ki, "9933" taksi xidməti binanın həyətində fəaliyyət göstərir. Bununla yanaşı, binanın həyətində bir neçə avto-xidmət müəssisəsi də fəaliyyət göstərir. Binanın həyətində sərbəst hərəkət etmək mümkün deyil. Sakinlər hər an taksi sürücülərinin özbaşınalıqlarından zərər çəkir. Bizə yaxınlaşan başqa bir sakin bildirdi ki, binanın birinci mərtəbəsində aparıcı özül divar sayılan dəmir-beton konstruksiyalar dağıdılıb, ofis üçün genişləndirilib. Sakinin sözlərinə görə, artıq binanın çökmək təhlükəsi var. Sakinlər bu barədə FHN-in Tikintiyə Nəzarət Agentliyinə ərizə ilə müraciət ediblər. Agentlikdən Təyyar Hüseyinlinin imzası ilə gələn cavab məktubunda bildirilir ki, bu qeyri-qanuni əməldir, tədbir görüləcək, lakin hələ də heç bir tədbir görülməyib. FHN əməkdaşları da hadisə yerində olublar, binanın uçma təhlükəsini təsdiqləyiblər, amma  heç bir tədbir görülməyib.

Sakinlərin şikayətləndiyi daha bir nəfər binanın komendatı Xeyrulla Quluyevdir. Binanın liftləri yararsız olduğundan FHN tərəfindən bağlananda komendat digər sakinləri aktiv sakinlərin üzərinə qaldırıb ki, liftləri onlar bağladıblar.

Bununla bağlı sözügedən binanın 217 saylı mənzilinin sahibi Sahibov Rövşən Həmid oğlunun redaksiyamıza ayrıca göndərdiyi məktubda bildirilir ki, 12 iyul 2013-cü ildə "Tac Mahal" MTK-dan aldığı mənzilin sənədlərində yaşayış sahəsi 132 kv/metr göstərildiyi halda, mənzilin faktiki sahəsi 125 kvadratmetirdir: "Bizim alt və üst mərtəbələrdəki analoji mənzillərin sahəsi sənəddə göstərilən rəqəmə uyğundur. Yalnız bizim mənzildə uyğunsuzluq var. Araşdıranda bəlli oldu ki, bizim mənzilin 7 kvadratmetri sahəsi 216-cı, mənzilə verilib. Dəfələrlə MTK-ya müraciət etsək də, şikayətimizə baxan yoxdur".

 Bununla bağlı MTK-nın rəsmi təmsilçisi Musayev Ağabəy Paşa oğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, mən bu yaşayış binasında dayanacağa baxıram, məndən xəbərsiz adımı kooperativin rəhbəri kimi rəsmiləşdiriblər: "Mənim heç nədən xəbərim yoxdur, Əli ilə əlaqə saxlayın".

Daha sonra "Əli" ləqəbli, yaşayış kompleksində komendat kimi tanınan Quliyev Xeyrulla Ağahüseyn oğlu ilə əlaqə saxladıq O bildirdi ki, sözügedən mənzil artıq üçüncü şəxsə satılıb: "Şikayətçi mənzilin üçüncü sahibidir və ona mənzil bu şəkildə satılıb. Ona görə də R.Sahibov bu məsələni bizimlə deyil, mənzili ona satan vətəndaşla araşdırmalı, yoluna qoymalıdır”.

Bizim diqqətimizi çəkən əsas məsələ o oldu ki, kopperativin rəsmi təmsilçisinin öz vəsifəsindən nəinki xəbəri yoxdu, hətta o, orada komendant qədər də səlahiyyətlərə sahib deyil və sadəcə olaraq, həyətdə "stayanşik" işləyir. Bu isə onu deməyə əsas verir ki, kooperativin əsil sahibi olan Vilayət Talıblı öz çirkli əməllərinin məsuliyyətindən yayınmaq üçün Musayev Ağabəy Paşa oğlunu MTK-nın təmsilçisi kimi rəsmiləşdirib. Yəni, bu şəxs özü də bilmir ki, bu vəzifədə  o, "qurbanlıq qoyun" funksiyasınıyerinə yetirir.

Redaksiyamıza ünvanlanan məktubu Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında inşa edilən yaşayış bunasının aşağıda adları qeyd edilən sakinləri:

-A.Q.Qasımov

Etibar Şəkinski

Ələkbərov Asif

Ağalar Cavadov

Bəxtiyar Mehdiyev

Hacızadə Əlimürsəl

Qurbanov Səfər

Qələndərov Elçin

Hüseynov Əsgər

İbrahimov Mehman

Qənbərov Bəxtiyar

Hacıyev İltifat və digər 128 sakin imzalayıb.

 Akif Nəsirli

0.021931171417236