Telekanalların cəmiyyət qarşısında mənəvi məsuliyyəti

Senzurasız media anarxiyaya rəvac verməməlidir

 

Təsiretmə səviyyəsinə görə silahdan da güclü hesab edilən fikir, söz və ideyalar… Azad söz və müstəqil fikir demokratik cəmiyyətin sütunlarıdır, əslində. Lakin dövrümüzdə bir sıra məsələlərə nəzər salanda, bu məqamlardan anarxiya məqsədilə istifadə edildiyinin də şahidi oluruq. Bu məqamda, Sovet dövrünün “qlavlit”inin hansı səlahiyyətdə olmasını bugünün televiziya kanallarının yadına salmaq gərəkir. Ona görə ki, demokratiya anlayışını anarxiya ilə əvəz edən bəzi telekanallar yaxın keçmişə nəzər salıb hansı çətinliklərdən keçdiklərini unutmamalıdır.

Dövr dəyişib, insanlar, hadisələr və ona yanaşmalar da. Müasir dünyada rəsmi senzuranın olması və bu qurumun medianın başı üzərində “Domokl qılıncı” kimi asılması yolverilən deyil. Fəqət bugünün efir məkanında baş verənlər ona qarşı ciddi senzuraya zərurət yaradır. Bu, hər halda, rəsmən olmasa da, mənəvi senzura şəklində olmalıdır.

Xatırladaq ki, 1998-ci ilin 6 avqust tarixli prezident fərmanıyla Azərbaycanda senzura ləğv edildi və sovetdənqalma köhnə stereotiplərdən biri birkərəlik aradan qalxdı. İndi hər kəs söz və mətbuat azadlığının demokratik cəmiyyətin əsas sütunlarından biri olduğundan bəhs edir. Doğruya yanaşma belədir, o zaman doğru dəyərlərdən anormal maraqlar üçün istifadə nəyə hesablanıb görəsən?

Sirr deyil ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri ölkədə azad kütləvi informasiya vasitələrinin yaranmasıdır. Sözsüz ki, KİV də hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasında demokratik prinsiplərdən çıxış etməlidir. Məhz bu prinsiplər sayəsində cəmiyyətdəki aktual məsələlər, ictimai əhəmiyyət kəsb edən problemlər ictimailəşdirlir, sosial ədalətin müdafiəsi məsələləri reallaşdırılır. Bütün qeyd etdiklərimiz və bir yazının hüdudlarına sığmayan başqa məqamlarla bərabər, KİV-n milli maraqların təəssübkeşi olmaq missiyasını da qeyd etməyə bilmərik. Elə bu məqamda, hazırda sayı çox olan televiziya kanallarının bu dəyərlərə hansı formada xidmət etdiyini də deməyə borcluyq.

Çünki televizia və radio yayımı haqqında qanunda da teleradio yayımının əsas prinsipləri kimi milli-mənəvi dəyərlərin qorunması, peşə etikası və əxlaq normalarına riayət edilməsi və digər məsələlər öz əksini tapıb. Hazırda televiziyaların əməl etmədiyi əsas tələblər sırasında uşaq və yeniyetmələrin, yetkinlik yaşına çatmayanların müdafiə edilməsi prinsipləri də var. Teleradio qanunvericiliyi maarifçilik missiyasını, sosial yayımların təşkilini də özündə ehtiva edir.

 

“Tənzimləyici orqanın üzərinə düşən vəzifələrin heç birinə indi əməl olunmur”

 

Tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli bizimlə söhbətində qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə əməl olunsaydı, hazırda hərtərəfli səviyyəyə malik televiziya kanallarımız olardı. Qanunların hazırlanmasında iştirakçı olan Q.Məhərrəmlinin fikrincə, sözügedən teleradio qanunlarının mahiyyəti çox demokratik olub: “Gözlənilən prinsiplər, yanaşmalar vardı. Lakin tənzimləyici orqanın üzərinə düşən vəzifələrin heç birinə indi əməl olunmur. Xəbərlərin təqdimatında pluralizm, coğrafi əhatəlilik, fikir müxtəlifliyi, tamaşaçı auditoriyasının marağını qorumaq yoxdur. Ona görə də televiziyalarda qeyri-peşəkarlıq baş alıb gedir. Hətta müəyyən ənənəsi olan telekanalların da ciddi problemləri ortaya çıxır. Qanunlara uyğun televiziya yarada bilsəydik, televiziya, cəmiyyət özü də başqa xarakterdə ola bilərdi. Təkcə proqramların hazırlanmasında balansın pozulması ciddi problemdir. Xüsusilə universal televiziyalar elə planlaşdırma aparmalıdır ki, tamaşaçı ondan razı qalsın. Auditoriyanı düşünüb birbaşa o cür siyasət yürüdən telekanal yoxdur. Bir qismi kommersiya, reklam, digər qismi şou xarakterlidir. Bütün bunların hamısının vəhdətində televiziyalarımızın çox kədərli mənzərəsi yaranır”.

MTRŞ-ın peşə etikası və yaradıcılıqla bağlı vacib məsələlərə təsir etmək üçün səlahiyyəti olmadığını qeyd edən müsahibimiz, onun əsas funksiyasının teleradio yayımı sahəsində dövlət siyasətini həyat keçirmək olduğunu deyir. Qurumun əsas işi teleradioya tezliklərin verilməsi, proqramların qanunauyğunluğuna nəzarət olunması, normadan yayınmalara reaksiya verilməsidir. O, müəyyən monitorinqlərin aparılmasını, texniki məsələlərin həll edilməsini, televiziyaların nə dərəcədə sanballı fəaliyyət göstərməsini diqqətdə saxlayır: “Amma bu qurumun telekanalların yaradıcılıq işinə qarışmağa işxiyarı yoxdur. Telekanallara müəyyən məhdudiyyətlər qoysalar, tövsiyələr versələr də, başqa məsələlərdə fəaliyyət göstərmirlər. Məsələnin çətinliyi də bundadır”.

 

Televiziya kanalı şəxsi mülkiyyət deyil, ictimaiyyətin xidmətinə verilən bir qurumdur

 

Bəlkə də ölkə telekanalları öz fəaliyyətlərində mütəmadi olmasa da, hərdənbir dəyişiklik edib təkcə reytinq və kommersiya maraqlarını güdməsəydi, müsbət olan nələrəsə tamaşa etmək olardı. Necə ki, dünyanın istənilən ölkəsində telekanallar müasir dövrün tələblərini nəzərə alaraq daim dəyişikliklərə imza atır, ictimai rəyə müsbət mənada təsir imkanlarını formalaşdırırlar. Ona görə də balanslaşdırılmış proqram siyasəti nəticəsində bizim də bu gün üz tutduğumuz efir məkanı yerli deyil, yüksək efir mədəniyyəti, ictimai maraqlardan çıxış edən, obyektivliyi əsas tutan xarici kanallardır.Doğrudur, istənilən ölkənin telekanalında realiti-şoular, reklam və reytinqyönümlü verilişlər, yaxud müxtəlif istiqamətli yarışmalara yer verən proqramlar var.

Amma adı mahiyyətinə uyğun olmaqla yayımlanan belə kanalların özünün bəlli tamaşaçısı da var. Bizdə isə qarışmış bir vəziyyətdə təqdim edilən verilişlərdə hansı məqsədin, niyyətin güdüldüyü anlaşılmır. Çünki çox hallarda xəbərlər az qala şou xarakteri, şou verilişlər isə anormal davranışlarla yadda qalır. Azərbaycanda professional aparıcı kasadlığından efirlərdə meydan sulayan, danışıq və nitq qabiliyyəti normalara cavab verməyən, hərəkətləriylə tamaşaçıda ikrah oyadan istənilən sahənin adamları var. Bir telekanalda ki aparıcılıq edən aktrisa efirdə öz həmkarının başında butulka sındırmadı, həmin proqramın nə ləzzəti?! Bu, hər halda, ritorika deyil, ironiyadır. Məlumatlandırıcı, maarifləndirici, mədəniyyət-incəsənət, əyləncə və şou funksiyalarının ayrıntısı olmayan proqramlar bu gün nəyi təqdim etmək istəyir, anlaşılmır. Televiziya kanalı özəl, yaxud qeyri təyinatından asılı olmayaraq, kiminsə şəxsi mülkiyyəti deyil, ictimaiyyətin xidmətinə verilən bir qurumdur. O mənada, əsas məsələlərə riayət olunması bütün telekanalların vəzifə və borcudur. Baxmayaraq ki, özəl kanalllar biznes fəaliyyəti üçün yaradılıb, bununla belə, onlar media qurumu adıyla fəaliyyət göstərdiklərini unutmamalı və bəlli məsələlərdə bu məqamı diqqətdə saxlamalıdırlar. Hər halda, ictimai əhəmiyyəti olmayan proqramlara tələbat da yoxdur. Yuxarıda qeyd edildiyi kimi, Milli Televiziya və Radio Şurasının sözügedən sahədə yalnız dövlət siyasətini həyata keçirmək və tənzimləmə istiqamətində tədbirlər görmək səlahiyyəti var. Amma jurnalist məsuiyyəti də əsas məsələdir. Hazırkı qarmaqarışıq efirində tamaşaçısını itirmək istəməyən teleradio qurumları dönüb özlərinə də baxmalıdır. Bu, peşə etikası və yaradıcılıq kimi vacib məsələlərlə bağlı həmkar təklifidir. Bu istiqamətdəki yazılarda ən azı, təəssüf sözünü yazmamaq üçün.

 

Nigar Vaqifqızı

0.11760902404785