Pensiyaçılarımız nə vaxt layiqli məvacib ala biləcək?

Rövşən Ağayev: "... bizim pensiya fondumuz yığıma söykənmədiyindən orada "uzun pullar" (investisya təyinatlı vəsaitlər) yoxdur"

 

Azərbaycanda pensiya təminatı sahəsində uzun sürən islahatlar aparılsa da, hazırda pensiya ümidinə qalan vətəndaşlarımızın böyük əksəriyyəti 150-200 manat məvacib alır. Bu məbləğə isə ölkədə pensiyaçının bir ay yaşaması mümkün deyil. Bu həcimdə məvacib pensiyaçının bir ay ərzində dərmanlara xəclədiyi məbləği belə ödəyə bilmir. Şükürlər olsun ki, Azərbaycan xalqının mentaliteti ahıllarımızın köməyinə çatır - heç kim ahıl ata-anasını dövlətin üsmidinə buraxmır, ona sahib çıxır, daim yanında olur. Lakin bəzən mentalitet də köməyə gəlmir, bəzi həmyerlilərimiz valideyinlərindən üz döndərir onları Allahın və dövlətin ümidinə buraxır. Belələri də az deyil, bu məmləkətdə. Bu səbəbdən qocalar evində də, artıq boş yer tapmq müşkülə çevrilib. Bu hal, ölkəmizdə pensiya islahatlarına başlanılanmasından 13 il keçməsinə baxmayaraq, bu gün də davam edir, ümid yoxdur ki, 10, 20 və ya 30 ildən sonra də belə olmayacaq. Bu günün problemi hamıya aydındır. Bəs, sabaha olan ümidləri puç edən nədir?

Bu suala cavab tapmaq üçün, əslində ölkədəki iqtisadi durum, əsasən də kölgə iqtisadiyyatının vəziyyəti təhlil edilməlidir. Məlumdur ki, ölkədə kölgə iqtisadiyyatının payı nə qədər böyük olarsa, pensiya kapitalı kimi yığımların səviyyəsi bir o qədər aşağı olacaq. Yəni, bunlar bir-biri ilə tərsmütənasib olan göstəricilərdir. Hazırda ölkənin rəsmi əmək bazarının əsas hissəsində əməkhaqları rəmzi xarakter daşıyır. Bu səbəbdən də vətəndaşın pensiya kapitalına cüzi məbləğ ayrılır. Məsələn, ayda 1000 manat alan mühəndisin rəsmi əməkhaqqı cəmi 300-400 manat göstərilir. Belə olan halda həmin işçinin pensiya sığorta haqqı ayda 250 manat təşkil etməli olduğu halda, cəmi 75-100 manat təşkil edir. Bu isə o deməkdir ki, bizim işləyən əhalinin heç biri  pensiyaçını dolandıra bilmir. Bununla yanaşı, ölkəmizdə hər bir pensiyaçıya cəmi bir məşğul şəxs düşür, o bir nəfər məşğul şəxsin isə pensiya fonduna töhfəsini yuxarıda qeyd etdik.

Gələcəkdə layiqli pensiyaya sahib olmaq ümidlərini qıran digər bir məsələ də, ölkəmizdə pensiya kapitalı yığımının ləğv edilməsidir. Bəlli olduğu kimi, 1 iyul 2017-ci ildə pensiya qanunvericiliyinə edilən dəyşikliklər zamanı pensiyanın yığım hissəsi ləğv edilib Bununla da, əməkçilərin gənc vaxtlarında işləyərək özlərinə layiqli pensiya qazanmasına gedən yol bağlandı.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rövşən Ağayev qeyd edir ki, pensiya islahatlarına başlanılan vaxt ölkədə 2013-cü ilə qədər yığıma keçilməsi nəzərdə tutulmuşdu: "Hətta, 2006-2013-cü ilə qədər sığortaya cəlb edilən vəsaitlərin 50 faizi yığıma cəlb edilib. Ümumiyyətlə, dünyada iki pensiya sistemi mövcuddur: həmrəylik və yığım sistemi. Hazırda bizdə mövcud olan həmrəylik sistemidir. Əmək qabiliyyətli əhali işləyib, pensiyaçıları yedirdir. DSMF-nin bank hesablarını yoxlasaq, görərik ki, orda uzunmüddətli vəsait - pensiya kapitalı yoxdur. Biz o sistemə keçmək istədik, amma keçə bilmədik. Hər ay maaşlardan tutulan vəsait, elə həmin ay ərzində pensiyaların ödənilməsinə yönəldilir. 2006-cı ildə qəbul edilən layihədə pensiya üç pillədən ibarət idi - baza, sığorta və yığım hisəsi. Bir neçə il sığorta haqqının yarısı uçota alınmırdı ki, yığım sisteminə keçid edilərkən həmin vəsaitlər (sığortanın 50 faizi) nəzərə alınacaq. Lakin yığım sisteminə keçid baş vermədi, sığorta kapitalından tutulan həmin vəsait (50 faiz) pensiyaların baza hissəsinin artırılmasına yönəldildi. Hazırda sosial-sığorta ödənişləri DSMF-də 90 faizlə qeydə alınır. Ölkəmizdə bir pensiyaçıya bir məşğul şəxs düşdüyündən ortaya izafi (artıq) kapital çıxmır, yığımın hamısı pensiyanın ödənilməsinə yönəldilir. Əgər bizdə də Avtopadakı kimi bir pensiyaçıya 4 məşğul şəxs düşsəydi, onda elə bu sistemdə də yığıma vəsait yönəltmək olardı. Qısa ifadə etsək, bizim pensiya fondu yığıma söykənmədiyindən orada "uzun pullar" (investisya təyinatlı vəsaitlər) yoxdur ki, fond həmin sərbəst vəsaitlə pul qazana bilsin. Əmək bazarı qeyri-leqal, rəsmi əməkhaqları aşağı olan ölkələrdə yığım elementini işlətmək mümkün olmur, bu elemen yalnız əmək bazarı şəffaf, əməkhaqqı yüksək və işsizlik faizinin aşağı olduğu ölkələrdə işləyə bilir."

R.Ağayev bizimlə söhbətində yığım vasitəsi ilə yaranan pensiya kapitalının investisiya kimi maliyyə bazarında oynadığı faydalı rolundan da danışdı. O, bildirdi ki, Kanadanın investisya yatrımlarının 23 faizini investisiya fondları, 31 faizini səhmlər bazarı, 21 faizini isə özəl pensiya fondları təmin edir.

Göründüyü kimi, pensiya-yığım fondlarının yaranması, təkcə pensiya təminatı üçün deyil, həm də ölkənin investisiya yatrımlarının əsas hissəsini təşkil edə bilər. Ölkədə yığım elementinin ləğv edilməsi, 2006-cı ildə qəbul edilmiş pensiya islahatı layihəsində nəzərdə tutulan pensiya kapitalının vətəndaş pensiya çıxmadan vəfat etdiyi və ya vətəndaşlığını itirdiyi halda kapitalın vərəsəyə və ya özünə qaytarılması hissəsinin işə düşməsi ümidləri üzərindən xətt çəkmiş oldu. Bununla yanaşı, yığım elementi olmadan özəl pensiya fondlarının da yaradılması mümkün deyil.

Yuxarıda apardığımız müzakirələrdən çıxış etsək, bu gün Azərbaycanda pensiyaçıların layiqli pensiya alması üçün birincisi, əmək bazarı leqallaşmalı, ikincisi isə hər bir pensiyaçıya 3-4 məşğul şəxs düşməlidir. Çünki bizim pensiya sistemimiz hələ də pensiya ödənişinin həmrəylik prinsipi ilə çalışır.

Sonda onu da qeyd edək ki, müzakirə etdiyimiz məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, bu heç cür mümkün olmadı. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov əvvəl bizə bildirdi ki, suallarınızı göndərin dərhal cavablandıraq. Biz sualları göndərəndən sonra isə F.Talıbov, ümumiyyətlə zənglərimizə cavab vermədi.

 Akif Nəsirli

0.10501909255981