Mədəni müxtəlifliyin qorunması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir

Milli azlıqların və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ən böyük uğurumuzdur

 Son illər dünyada baş verən bir çox münaqişələrin kökündə dini radikalizmin, ekstremizmin və buişdə maraqı olan qüvvələrin durduğunu müşahidə edirik. Lakin dünyanın elə bölgələri və dövlətləri var ki, orada baş verən münaqişələrin kökündə dini radikalizmlə yanaşı, həm də milli səciyyə daşıyan anlaşılmazlıqlar əsas yer alır. 

Məsələn, Hindistanda, bir sıra Afrika ölkələrində, eləcə də Almaniyada və digər Avropa ölkələrində zaman-zaman baş qaldıran millətçilik hərəkatları, burada məskunlaşan azsaylı xalqlara qarşı münasibətlərdə gərginliklərin yaranmasına, faciələrə səbəb olur.

Əgər biz bəşər sivilizasiyasının son 25-30 ilik zaman kəsiyini müqayisə etsək, görərik ki, bizə qonşu olan Ermənistan və İranda da bütün beynəlxalq qınaqlara baxmayaraq, milli siyasət sahəsində ciddi problemlər var. Məsələn, İranın cənub-şərqində - Sistan və Bəlucistan vilayətində yaşayan Bəluc xalqı, şimal-şərqdə türkmənlər, Xuzistan vilayətində ərəblər, qərbdə kürdlər və o cümlədən, ölkənin şimal hissəsi olan Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox azəri türkləri bu ölkədə daim etnik ayrı-seçkiliyə məruz qalırlar. Onların öz dillərində təhsil almalarına, elm və mədəniyyətlərinin inkişaf etdirilməsinə məhdudiyyətlər qoyulur.  

Mənfur qonşumuz Ermənistanda isə bu məsələ daha ağır xarakter daşıyır. Erməni daşnaklarının bir əsirdən çoxdur ki yoluxduqları "Böyük Ermənistan" virusundan xilas ola bilməmələri, bu ölkədə yaşayan digər xalqların faciəsinə çevrilib. Əzəli Azərbaycan torpaqları olan ərazilərin yalnız, ermənilərə aid olduğunu iddia edən daşnak Ermənistan rəhbərləri, əsrlər boyu bu torpaqlarda  yaşayan kürdlər, gürcülər və digər azsaylı xalqlarla yanaşı, öz dədə-baba yurdunda yaşayan azərbaycanlıların da ölkədən kütləvi deportasiyasına nail oldular. Bu azmış kimi, ölkədə həmin xalqlara məxsus olan qədim tarixə malik milli-mədəni abidələri vandalcasına xarabazara çevirdilər. Burada təkcə, azərbaycanlılara məxsus onlarla məscid, muzey, maddi-mədəniyyət abidələri və digər incəsənət nümunələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Azərbaycanlılara məxsus neçə-neçə xalq mahnılarını öz murdar təbliğatları ilə plagiat formasında özəlləşdirməyə belə, cəhdlər edirlər. Bununla kifayətlənməyən quldur xislətli Ermənistan daşnak rəhbərliyi ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağı işğal edərək, burada yaşayan bir milyondan çox insanı qaçqın- köçkün həyatı yaşamağa məhkum etdilər. Sovet rejiminin iflası ilə keçmiş postsovet məkanının bir çox  dövlətlərində milli münasibətlərin gərginləşməsi prosesi baş verdi.

Lakin qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda ermənilər istisna olmaqla, digər azsaylı xalqlar və qruplarla heç bir anlaşılmazlıq yaşanmadı. Tam əksinə, Azərbaycan dövləti burada yaşayan milli azlıq və etnik qrupların mədəniyyətini ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorumaq və inkişaf etdirmək yolunu tutdu. Bu da regionun inkişaf edən bir ölkəsi olaraq, Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Bunu bütün beynəlxalq təşkilatlarının Azərbaycanda tolerantlığın güclü inkişafını etiraf etməsi də sübut edir.

Onu da qeyd edək ki, ölkəmizdə həyatımızın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də etnik azlıqların vahid inkişaf konsepsiyası prioritet amilə çevrilib. Bu konsepsiyanın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin digər dövlət orqanları ilə birlikdə gördüyü işlər, bu xalqların milli  mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün stimul yaratdı. Nazirlik tərəfindən "Milli azlıqların incəsənəti festivalının keçirilməsi haqqında" 1 sentyabr  2006-cı il tarixli 510 saylı Sərəncam qəbul edildi. Bu Sərəncama uyğun olaraq  2006-cı il 6-8 dekabr tarixlərində (UNESKO-nun qərarı ilə 2006-cı il "Milli azlıqlar ili" elan edilib) ilk dəfə  "Azərbaycan - doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalı keçirildi və respublikamızın ictimai-mədəni həyatında mühüm hadisə kimi yaddaşlara həkk olundu. Milli azlıqların və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət  Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalının keçirilməsi artıq ənənə halını alıb. Festivala respublikamızın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri dəvət olunurlar. 

İctimai Televiziya festivalı ətraflı işıqlandıraraq, Azərbaycan mədəniyyətinin rəngarənliyini bütün dünyaya nümayiş etdirir. Eyni zamanda, ölkəmizdə məskunlaşan azsaylı xalqların adət-ənənələrini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim olunur. Bu da dünya ictimaiyyətinə ölkəmizdə mövcud olan multikultural və tolerant mühitlə yaxından tanış olmaq imkanı yaradır.

II Respublika azsaylı xalqların incəsənəti festivalı 2008-ci ildə keçirilib. Bu festivalda respublikamızda yaşayan bütün azsaylı xalqlar təmsil olunub. Festival çərçivəsində həm də "Azərbaycanda azsaylı xalqların mədəni irsinin qorunması problemləri" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə azsaylı xalqların və etnik qrupların  mədəni irsinin qorunması problemləri geniş müzakirə olunub.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycan dövlətinin mədəniyyət sahəsində gerçəkləşdirdiyi siyasəti təhlili etdiklə etnik azlıqlarla bağlı layihələrin ön planda olduğunu müşahidə edirik. Heç şübhəsiz ki, tərkibi azsaylı xalqlardan və etnik qruplardan ibarət olan bir dövlət üçün bu, ən uğurlu inkişaf modelidir.

Bunun nəticəsidir ki, mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü fəaliyyət planı hazırlanıb. Qeyd edək ki, dövlətimizin başçısı, Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.

Bu gün də Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların mədəni müxtəlifliyinin dəstəklənməsi, mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu tədbirlər arasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən "Azərbaycan - doğma diyar" adlı azsaylı xalqların respublika festivalı xüsusi əhəmiyyət daşıyır. Milli azlıqların özfəaliyyət kollektivlərini, sənət ustalarını bir araya gətirən festival çərçivəsində həm də müxtəlif tədbirlər keçirilir. Azsaylı xalqların mədəniyyətinə dair mövzular üzrə "Dəyirmi masa"lar təşkil olunur. Eyni zamanda, azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair fotosərgilər təşkil edilir, bu sərgilər həm də xarici ölkələrdə nümayiş olunur. Belə fotosərgilərdən biri 2009-cu ildə UNESCO-nun mənzil-qərargahında da nümayiş etdirilib.

Görülən işlər onu deməyə əsas verir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara daha böyuk stimul verir. Bunu da etiraf edək ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda bəzi yerlərdə, ümumiyyətlə incəsənət kollektivləri olmayıb, bəzilərinin də peşəkarlıq səviyyəsi çox aşağı olub. Dövlətimizin diqqət və qayğısı, eləcə də aparılan məqsədyönlü işlər nəticəsində, artıq peşəkar  ansambllar meydana gəlib. Bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, artıq dünyanın bir çox ölkələrində, müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edirlər.

Əlbəttə ki, qloballaşma insanların, mədəniyyətlərin birliyi, həmrəyliyi baxımından çox gözəldir. Lakin bu prosesin müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də yox deyil. Bu da ilk növbədə insanların öz mədəni irsini, bəzən adət-ənənələrini belə unutmaqda özünü göstərir. Azərbaycan dövləti isə elə bir milli siyasət həyata keçirməyə çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar, inkişaf etdirsinlər və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə keçsin. Bu sahədə Mədəniyyət Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar, eləcə də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) da müvafiq işlər görürlər. Ancaq göruləsi işlər də hələ çoxdur.

 Məsələn, Azərbaycanda ruslar, gürcülər yaşayır. Amma onların özlərinin dövləti var, mədəniyyətləri inkişaf edir. Ancaq elə xalqlar da var ki, onlar azsaylıdırlar, Azərbaycanda, qonşu ölkələrin ərazisində yaşayırlar və öz dövlətləri yoxdur. Bu xalqların da mədəniyyətlərinin, adət-ənənələrinin qorunması çox vacib şərtlərdən biridir. Məlumdur ki,Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni münasibət göstərilib, heç bir ayrı-seçkiliyə yol verilməyib. Dövlətimizin ardıcıl və düzgün milli siyasət yeritməsinin nəticəsidir ki, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirir, bu ənənələrin inkişafına dəstək verir.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.09332013130188