Qış fəslində gələn “qonaq”

Hər ilin aktual problemi - dəm qazı

 Hər il qış fəsli başlayanda əhali çox çətin bir problemlə - dəm qazı təhlükəsiylə üz-üzə qalır. Bu problemi əslində, “evlərdə dolaşan kabus” adlandırsaq, daha düz olar. Bu təhlükənin qurbanları barədə rəsmi statistika təqdim olunsa da, sözügedən istiqamətdə müxtəlif sahənin mütəxəssisləri bəlli açıqlamalar versələr də, insan həyatı üçün ən başlıca risk faktoru olan dəm qazından zəhərlənmələr ildən-ilə azalmır. Problem yumşaq desək, rəqəmlər baxımından artmasa belə, həll edilə də bilmir. Demək olar ki, dəm qazından zəhərlənməylə bağlı hər gün faciəli xəbərlər alırıq. İnsanların həyatına qənim kəsilən, yaş fərqi bilmədən onları dünyadan qoparan bu kabusdan kimsə sığortalana bilmir. Çünki gözəgörünməyən, iyi və dadı bilinməyən dəm qazı təhlükəsi istənilən adamı yaxalaya bilər.

Bu sahədə köklü şəkildə görülməyən işlər, qaneedici, istənilən formada aparılmayan maarifləndirmə tədbirləri var. Problemin həllinə məsul mütəxəssislərə ehtiyacı olan vətəndaşların açıq qalan sualları da var ki, onu ünvanlamağa idarə, müəssisə və təşkilat axtarışındadırlar.

Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov problemlə bağlı müraciət edənlərə soyuq havalarda dəm qazından zəhərlənənlərin sayının artdığını söyləyir. Yəni qış gələndə bir ay ərzində bu problemlə üzləşən adamların sayı az qala ayın günlərinə bərabər olur. Amma acı nəticəni nə qədər söyləmək olar, tolsikoloji mərkəzə gətirilənədək uzanan yolda nə qədər idarə, müəssisə və təşkilat var ki, onların məsuliyyətsizliyi üzündən hər il dəm qazından boğulmalar baş verir.

Məsələnin ağlagəlməyən tərəfləri də var. Sözügedən problemlə bağlı əlaqədar və məsələylə əlaqəsi olmayan təşkilatların hamısı faciələrin baş verməsində ilk növbədə sıravi vətəndaşları, əhalini günahlandırır. Deyirlər ki, məhz vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün bu problem yaranır. Doğrudur, dəm qazının gətirdiyi faciələrdə bizlər də günahkarıq. Binaların üstündə qoyulan su borularını şaxtalarla mənzillərə çəkəndə, tüstü bacalarını həmin borularla tıxayanda vəziyyət elə belə olmalıydı. Amma qanuna zidd olan bu əməllərin hamısı idarə-müəssisələrin gözünün qarşısında baş verib və buna görə kiminsə cərimələndiyinin, ya da birmənalı formada həmin boruların kəsilib-atıldığının şahidi olmamışıq.

Belə bir nəzarətsizlik mühitində vətəndaş hələ yaxşı ki, binaların üstündə su çənləri yerləşdirir, hovuz və ya bulaq tikdirmir.

Keçək problemin digər tərəfinə. Müxtəlf adda olan qurumların rəhbərləri standartlara uyğun olmayan, nasaz qaz cihazlarının, illərlə təmizlənməyən tüstü bacalarına nəzarətsizliyin faciələrə səbəb olduğunu da vətəndaşlardan görürlər. Hansı ki bu vəzifə artıq əhalidə deyil, əlaqədar qurumların nümayəndələrindədir. Problemə azərbaycansayağı yanaşmada, dəm qazından zəhərlənmələrdə elə vətəndaş günahkar çıxarılmalıdır. Necə deyərlər, günah həmişə döyüləndə, ya da öləndə olur...

 

Tüstü bacalarını

kim təmizləməlidir?

 

İllərdir çözülməyən problemin kökündə başqa nüanslar da var. Kimsə üstünə götürüb demir ki, qaz nəqlinin xəbərdarlıq edilmədən, vaxt-bivaxt kəsilib qəfil verilməsi sözügedən problemin səbəbləri sırasındadır. Bundan başqa, dəm qazından zəhərlənməyə qazın keyfiyyətsiz olması, tüstü bacalarının qış gəlmədən yoxlanmaması, qışa hazırlığın sıfır həddində olması da səbəb olur. Müxtəlif adda olan qurumların vətəndaşlara qarşı haqsız iddialarının qarşılığında, əhalnin də haqlı sualları var: “Heç olmasa ildə bir dəfə binaların tüstü bacaları yoxlanılırmı? Onların vəziyyətinə baxılaraq tıxaclardan təmizlənirmi?”.

Cavabı adətən, “əlbəttə ki, yox” olan suallar əslində bitməz, tükənməzdir. Sualın ən böyüyü isə tüstü bacalarının ildə neçə dəfə təmizlənməsi deyil, onu hansı idarənin nəzarətində olması, səlahiyyət sahibinin kim olmasıdır. Çünki sözügedən problemlə bağlı üz tutduğumuz, suallarımızı ünvanladığımız dövlət ququmlarının hər biri məsuliyyəti digərinin üzərinə atmaqla məsələdən yaxasını kənara çəkdi. Əksəriyyətin cavabı qısa-konkret və standart olduğundan, belə başa düşdük ki, tüstü bacalarının təmizlənməsi nə ARDNŞ-ın, nə FHN-nin, nə “Azəriqaz” İB-nin, nə Yanğın Texniki İstehsalat Mərkəzinin, nə də Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəsidir. Amma dolayısıyla anlaşıldı ki, deyəsən, bu problemlə mənzil-kommunal təsərrüfatları məşğul olmalıdır. Çünki kommunal məsələlər kimi, tüstü bacalarına nəzarət edilməsi də onların məsuliyyəti olmalıdır.

Zəruri qeyd: Nazirlər Kabinetinin “Qazdan İstifadə Qaydaları”nın müvafiq bəndində göstərilib ki, fövqəladə hallar və energetika nazirliklərinin səlahiyyətli nümayəndələri istehlakçılara beş gün əvvəldən məlumat verməlidirlər. Daha sonra isə, qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək üçün tüstü bacalarına, qaz qurğularına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfə texniki baxış keçirməlidir.

 

“Təmiz baca” şirkəti bu işlə məşgul olur

 

Yasamal rayonuna aid 138 saylı mənzil-kommunal istismar sahəsindən məlumat aldıq ki, tüstü bacalarının təmizlənməsiylə bağlı idarədə hansısa ştat nəzərdə tutulmayıb. Amma mühəndislər zərurət olanda bu işi görmək üçün mütəxəssis tapa bilirlər. MKİS-dən o da bildirildi ki, sözügedən məsələylə bağlı “Təmiz baca” şirkəti idarəyə bildiriş göndərib. Həmin bildirişə görə, dəm qazıyla bağlı mütəmadi şəkildə hadisə baş verdiyi üçün, şirkət tüstü bacalarının təmizlənməsi məqsədiylə mütəxəssis və müasir alətlərlə öz xidmətini təklif edir. Şirkət həmçinin, bu sahədə ilk və təcrübəli bir qurum hesab edilir.

Öz növbəmizdə “Təmiz baca” şirkətinə müraciət edib ölkə vətəndaşları, ümumilikdə cəmiyyət üçün vacib olan məlumatlar öyrəndik. Şirkətdən bildirildi ki, vətəndaş fərdi qaydada müraciət etdikdə bacalara yerində baxış keçirilib təmir edilir. Bacalar bir ildə iki dəfə təmizlənməlidir. Amma müdaxilələr olduğu üçün təmizlənməsi çətinlik törədən bacalar da var. Yəni təmirsiz, daxilindən naqillər gedən, su boruları aparılan bacalar da var ki, bu problemlər aradan qaldırılandan sonra bacalar təmizlənərək vətəndaşa təhvil verilir. Ödənişə gəlincə, təmizlənmənin fərdi qaydada qiyməti 30 manatdır. Vətəndaş şirkətə birbaşa müraciət edirsə, bu məbləğdə pul ödəyir, şirkətin mütəxəssisləri də üç iş günü ərzində tüstü bacasını təmizləyir, müvafiq akt tərtib edərək qəbzi vətəndaşa verirlər. Qeyd edək ki, sözügedən şirkət iki il yarımdır təsis olunub.

 

İnsanlar qazdan

niyə zəhərlənir?

 

Missiyamız maarifləndirmə olduğundan, məlumat üçün qeyd edək ki, məişətdə işlədilən təbii qazın əsas tərkib hissəsini metan qazı təşkil edir. Təbii qazın yanması üçün normal hava çatmayanda yaranan dəm qazı az vaxtda insanı zəhərləyir. Yəni kimyəvi adı karbon-monooksid olan dəm qazı rəngsiz, iysiz, havadan yüngül olmaqla gözə görünmür. Natamam yanma məhsulu olan dəm qazı güclü zəhərləyici xassəyə malikdir. O, təbii qazın, neft məhsullarının və odun yanacağının tam yanmaması nəticəsində əmələ gəlir. Normal yanma zamanı dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilir və tüstü boruları vasitəsilə xaric olunur. Yanma tam olmayanda isə dəm qazı karbon qazına çevrilə bilmir.

Dəm qazı kömür yandırarkən də yarana bilir. Ümumiyyətlə, dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün otaqların havasını tez-tez dəyişdirmək, sözügedən təmayüllü qızdırıcıların havasoran borularının necə işləməsinə nəzarət etmək lazımdır. Ən sadə üsul kimi, otaqlarda nəfəsliklər yay-qış açıq olsa yaxşdır. Eləcə də, təhlükəsizlik tədbirləri kimi, dəm qazınının yaranmasını, qazsızmasını siqnal vasitəsilə xəbərdar edən xüsusi cihazlar da var ki, müraciət edildikdə, pulsuz olaraq mənzillərə quraşdırılır.

 

Dəm qazından zəhərlənməni necə bilməli?

 

Dəm qazından yüngül zəhərlənmədə insanda başgicəllənməsi, ürəkbulanma, quru öskürək kimi əlamətlər ola bilər. Ağır zəhərlənmə isə qıcolmaların, huşun uzunmüddətli itirilməsi, ürəyin zədələnməsi, beyin ödeminin baş verməsidir. Dəm qazından ölüm halı onun qanda tez bir zamanda hemoqlobinlə birləşməsi nəticəsində hüceyrələrə oksigen getməməsi və insanın bu zaman huşunu itirməsi zamanı baş verir. Çünki dəm qazının oksigenlə birləşməsi nəticəsində karboksihemoqlobin yaranır. Bu birləşmənin nəticəsində də hipoksiya yaranır.

Dəm qazından zəhərlənən insanı tez havaya çıxarmaq, paltarın yaxalığını, kəməri açaraq insanı yarıoturaq vəziyyətdə qoymaq lazımdır ki, ağciyər ödemi yaranmasın. Zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Zəhərlənən şəxsin alnına və sinəsinə soyuq kompres qoymaqla ilk yardım etmək, huşu özündə olarsa qızdırıcı içki və çay vermək lazımdır. İnsan nəfəs almırsa, ürək dayanıbsa, ürəyin masajı və süni tənəffüs vermək vacibdir. Vaxt itirilməsi isə beyin hüceyrələrinin fəsadına səbəb olur. İstənilən halda, yüngül və ağır formasından asılı olmayaraq, dəm qazından zəhərlənən şəxs bir sutka ərzində toksikoloq və nevropatoloqun nəzarətində saxlanmalıdır.

...Beləliklə, dəm qazı təhlükəsi həmişə var – qışda da, yazda da. Lakin daha çox soyuq ayların kabusuna çevrilən dəm qazını yaradan tıxanıqlı tüstü bacaları nə qədər ki təmizlənməyib, bu təhlükə istənilən vaxt gözləniləndir. Ona görə də bacalar qapalı olanda vətəndaşlar gözaçıq olmalıdır ki, problemi vaxtında görə bilsin və faciə yaşanmasın. Və əlaqədar quruma müraciət etməklə bu “kabus”u evlərdən uzaqlaşdıra bilsinlər.

Qaldi ki, indiyədək sözügedən problemlə bağlı məsuliyyəti bir-birinin üzərinə qoyan müəssisələrə, fikrimizcə, onların vəzifəsi bitməmiş sayılır. Ən azından, işləri maye yanacaqla bu və digər formada bağlıdırsa, onlar da atılan addımların, görülən tədbirlərin cərgəsində yer almalıdırlar. İş maarifləndirmə səviyyəsində olsa belə.

 

Nigar Vaqifqızı

0.31791186332703