Azərbaycan dövləti sivilizasiyalararası
dialoqa öz töhfəsini verməyə çalışır

Prezident İlham Əliyev:"Müasir Azərbaycan dövləti çox dərin milli və dini-mənəvi dəyərlər üzərində qurulub"

 Azərbaycan uzun illərdir ki, multikulturalizmin, tolerantlığın qorunub inkişaf etdirlidiyi unikal bir dövlət statusunu qazanıb və bu missiyanı uğurla həyata keçirir. Ölkəmizdə mütəmadi olaraq bu mövzu ilə bağlı keçirilən tədbirlər, konfranslar, forumlar da bu statusu təsdiq edir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" hərəkatının da, artıq 10 ili tamam oldu. Prezident İlham Əliyevin, eləcə də Rusiya Prezidenti Vladimir Putinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən Bakı Humanitar Forumu da, artıq 6-cı dəfədir ki, dünyanın bir çox nüfuzlu şəxsiyyətlərini ölkəmizin paytaxtı Bakıya toplayır. Nüfuzu ildən -ilə artan Bakı Humanitar Forumunun builki toplantısında 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edib. Bu da onun göstəricisidir ki, dünyada bu Foruma çox böyük maraq var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünya miqyasında keçirilən çox önəmli beynəlxalq tədbirlərdən birinə çevrilib. Forumda müzakirə olunan məsələlər gələcək humanitar əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi kimi, xaricdən gələn qonaqlar da Forumun işinə çox böyük töhfələr verirlər.

Heç şübhəsiz ki, müasir dünyada humanitar sahədə baş verənlər, bir dövlət olaraq ölkəmizi də narahat edir, ona görə də həmin məsələlərin beynəlxalq səviyyədə müzakirəsini vacib hesab edir. Çünki bu sahədə qazanılan nailiyyətləri və mövcud problemləri də görür.

Bu baxımdan Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələr sırasında yer tutur. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsi də, bununla bağlıdır. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək lazımdır. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşünün, dörd  Mədəniyyətlərarası Dialoq Forumunun, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi,  Azərbaycanın doğrudan da beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilməsinin göstəricisidir.

Bu il ölkəmiz həm də "Bakı Prosesi"nin 10 illiyini xüsusi qeyd edib. "Bakı Prosesi" beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, eyni zamanda BMT bu prosesə çox yüksək

qiymət verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olundular. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etdilər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilən tədbirə bu dəfə Avropa nümayəndələri dəvət olundular.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Azərbaycan dövləti bu imkanlardan istifadə edərək çalışır ki,  sivilizasiyalararası dialoqa öz töhfəsini versin. Bu baxımdan, "Bakı Prosesi" də, artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilir ki, bunların da bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoqu dərinləşdirmək, gücləndirmək, dünyada mövcud riskləri azaltmaq, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət vermək və bu təhlükəli meyllərin qarşısını almaq. 

Xüsusilə indiki şəraitdə, belə tədbirlərə çox böyük ehtiyac var. Çünki bu gün həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Belə bir dönəmdə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi və bu Foruma dünya birliyi tərəfindən yüksək qiymət verilməsi, dünyanın bu kimi tədbirlərə çox böyük ehtiyacı olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tədbirdə iştirakı və genişməzmunlu nitq söyləməsi, Azərbaycan dövlətinin bu sahəyə diqqətinin və önəminin təzahürüdür. 

İlham Əliyev deyir: "Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli və dini-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan bu gün dünyada multikulturalizmin ünvanlarından birinə çevrilib və bu şərəfli status artıq dünya birliyi tərəfindən də tanınır". Prezident İlham  Əliyev daha sonra qeyd edib:"Multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir.

Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz".

Forumda Prezident İlham Əliyevdən sonra çıxış edən Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets bildirib ki, ilk dəfə deyil bu forumda iştirak edir və bir neçə il bundan əvvəl Forumun belə sanballı bir tədbirə çevriləcəyini güman etməyib:"Forumu dəstəkləmək, onu bu səviyyədə inkişaf etdirmək üçün gündəlik iş aparmaq və cənab Prezidentin dediyi dəyərlərə sadiq olmaq lazımdır",-rusiyalı qonaq deyib.

Forumda çıxış edən BMT baş katibinin müavini Rəşid Xalikov ilk əvvəl, Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Antonio Quterreşin səmimi salamlarını tədbir iştirakçılarına çatdırıb. Daha sonra qeyd edib ki, VI Beynəlxalq Bakı Humanitar Forumuna olduqca mühüm məsələləri müzakirə etmək üçün toplaşıblar: "Mən, həmin məsələlərin əksər hissəsini əhatə edən bu mühüm Forumu təşkil etdiyinə görə Azərbaycan Respublikasının səylərini alqışlamaq istərdim. Şadam ki, həmin məsələlərdən bəziləri bu Humanitar Forumda müzakirə olunacaq".

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri  belə mötəbər Forumda çıxış etməkdən məmnun olduğunu bildirərək qeyd edib ki, Prezident İlham Əliyev ölkəsinə uzaqgörənliklə, müdrikliklə rəhbərlik edir, sülh və təhlükəsizliyi bütün dünyada təşviq edir.

Forumun uğurlu olması onu göstərir ki, bu ölkə problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq, - Dağlıq Qarabağ məsələsi nəzərdə tutulur - irəliyə doğru gedir, inkişaf edir və bütün dünyaya örnək göstərir: "Biz ISESCO olaraq öz tərəfdaşlarımızla sıx işləyirik, Avropa Şurası ilə birgə çalışırıq. Biz bəşəriyyətə xidmət edən idealları təşviq edirik. Bizim hamımız dinə etiqad edən insanlarıq. Biz bütöv bir ailə olmalıyıq. BMT-nin Nizamnaməsində də, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də bildirilir ki, insanlar bərabərdir. Quranda da, İncildə də, Tövratda da bildirilir ki, insanlar bərabərdir. Yəni, bizim hamımız bu səma altında eyni və bərabərik. Bizim insan hüquqlarımız da vahiddir".

Daha sonra çıxış edən UNESCO-nun baş direktorunun müavini Çu Sin bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan "Bakı Prosesi"nin 10 illik yubileyini qeyd etmək üçün burada olmaq onda məmnunluq hissi oyadır. Bu proses dünyada olan çağırışlarla üzləşən mədəniyyətlərarası dialoqu dərinləşdirib, o cümlədən daha güclü iqtisadiyyatların və ya daha mütəhərrik təhsil sistemlərinin necə yaradılması və informasiyanın yayılmasını özündə necə birləşdirilməsini ehtiva edən məsələlərə ünvanlanıb. Bu çağırışların hamısı "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" adlandırılan Forumun mövzusunda əhatə olunub.

"Biz yeni dünyaya, sadəcə, adaptasiya olmamalı, həm də fəal şəkildə iştirak etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik. Bu səbəbdən də XXI əsrin kadr inkişafı istiqamətində tələblərinə hələ də tam cavab verməyən təhsil sistemlərimizdə ciddi dəyişikliklər etməliyik. Ümid edirəm ki, "Bakı Prosesi"nin yeni ilində müzakirələr bu mövzu ətrafında da olacaq.

Forumun rəsmi hissəsinin sonunda çıxış edən Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron deyib: "Biz bu gün buraya beynəlxalq aləmin, eləcə də bəşəriyyətin bir sıra qlobal çağırışlarla üzləşdiyi vaxtda toplaşmışıq. Azərbaycanın və bu tədbir təşkilatçılarının göstərdiyi səyləri alqışlayıram. Beynəlxalq humanitar forumun müzakirələri yaradıcı yanaşma və insan inkişafına əsaslanan yeni dünyanın formalaşdırılması mövzusuna həsr olunub. Məmnunluqla qeyd edirəm ki, Forumdakı müzakirələr zamanı çoxtərəfli müttəfiqlik və tərəfdaşlığa zərurət artıq etiraf edilir.  Biz hamımız bu məqsədi qarşımıza qoyub bərabərliyə, düzgünlüyə, əməkdaşlığa nail olmalıyıq.

Təbii ki, dünyada mədəniyyətlərarası dialoqun da inkişaf etdirilməsi çox vacibdir. Çünki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün trilyonlarla dollar lazım gəlir və bu, maliyyə boşluğunun aradan qaldırılması bütün ölkələrə, cəmiyyətin bütün təbəqələrinə aiddir və bu, hamımızı narahat etməlidir. Buna görə də biz çoxtərəfliliyi qorumalıyıq.

Dünyamızın dəyişilməsi üçün biz öz icmamızdan başlamalıyıq və bu, yeganə yoldur.

Bu Forumun əsas məqsədlərindən biri də, məhz çoxtərəfliliyə nail olmaqdır. İnanıram ki, Forum bu və bir çox digər suallara yeni cavablar tapacaq".

Azərbaycan dövləti, eləcə də ölkəmizdə fəaliyyət göstərən dövlət qurumları, qeyri-hökumət təşkilatları Azərbaycan multikulturalizminin dünyada təbliği və təşviqi üçün çox böyük işlər görür. Bu işlərin də əsas məqsədi bütün dünyada sülhə və həmrəyliyə nail olmaqdır.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.37566590309143