İnformasiya məsələləri üzrə  üvəkkillik institutuna ehtiyac var

Ekspert: “Mobil operatorlar insanların yerini qanunda göstərilməyən formada üçüncü şəxslərlə paylaşırlar”

 Azərbaycan Milli Elmlər Akademiyaasının (AMEA) akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev ölkəmizdə mövcud olan “Fərdi məlumatlar haqqında” qanun sahəsində işin gücləndirilməsinin vacibliyini söyləyib. “Trend”in məlumatına görə, akademiya sözçüsü bu sahədə dünya təcrübəsinə əsaslanaraq adıım atmağı lazım bilib.

R.Əliquliyev qeyd edib ki, bu gün hər yerdə kamera, fotoaparat və insanları izləyə biləcək digər cihazlar var: “Şantaj elementləri, müəyyən hüquqazidd əməllər var ki, onlara qarşı ciddi tədbirlər görülməlidir”.

R.Əliquliyev Azərbaycanda insan hüquqları haqqında müvafiq bəyannamələrin müddəalarının da artıq informasiyalaşdırıldığını deyib: “Ölkəmizdə informasiya ombudsmanı və ya informasiya ombudsmanı institutu yaradılmalıdır. İnformasiya ombudsmanı eləcə də, dövlət qurumları ilə yanaşı, informasiya sahəsinə öz töhfələrini verməlidir”.

Sözügedən məsələylə bağlı “Paralel” qəzetinə açıqlama verən hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycanda informasiya əldə etmək haqqında qanun 2005-ci ildə qəbul olunan zaman, informasiya məsələləri üzrə ombudsmanlıq nəzərdə tutulmuşdu. Amma bu məsələ illərlə reallaşdırılmadığı üçün qanun da öz qüvvəsində qaldı. Sonra, 2010-cu ildə qanun dəyişdirildi və normalda informasiya məsələləri üzrə ombudsmanın səlahiyyəti də İnsan Hüquqları üzrə Ombudsmana verildi: “Bu qurum təəssüf ki, 2012-ci ildən sonra sözügedən qanunu icra etməyib. Demək olar ki, bu funksiya icra olunmur. Əslində, informasiya üzrə ayrıca müvəkkilin olması yaxşı haldır və buna ehtiyac da var. O mənada, Rasim müəllimin fikirlərini dəstəkləyirəm. Yəni sözügedən məsələnin qaldırılması hazırkı dövrdə müsbət hesab edilməlidir.

Qeyd edim ki, fərdi məlumatlarla bağlı son illər baş verən hallara diqqət edəndə, bu məsələnin zəruriliyi daha aydın görünür. Xüsusilə də indi, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və ona uyğun olaraq, fərdi məlumatların toplanmasının asanlaşması məsələsi gündəmə gəlib. Bununla bağlı, əslində, qanunda konkret normalar var. Belə ki, Konstitusiyanın 32-ci maddəsinə 2009-cu ildə dəyişiklik olub və fotoçəkiliş, videoçəkiliş və s. şəxsin icazəsi olmadan, özəl və şəxsi həyata dair məlumatların toplanması qadağan olunub. Diqqət edək, hər gün küçələrdə insanların, avtomobillərin çəkilişi halları baş verir. İnzibati pozuntunun olub-olmamasından asılı olmayaraq, vətəndaşlar bu tip təqiblərə məruz qalırlar. Qanunsuz istifadələrə gəlincə, bu gün mobil operatorlar insanların yerləşdiyi yerlər, məkanlar barədə məlumatları onların icazəsi olmadan, qanunda göstərilməyən formada üçüncü şəxslərlə paylaşırlar. Bu da əslində, yol verilməyən haldır. Bu mənada, fərdi məlumatların daha diqqətli qorunması, şəxsi həyata az müdaxilə olunması üçün qanunvericiliyin tələbləri düzgün icra olunmalıdır. Eyni zamanda, bununla bağlı ayrıca informasiya məsələləri üzrə müvəkkillik institutu təkrar şəkildə qanuna gətirilərək icra edilməlidir”.

Nigar

1.504420042038