Multikulturalizm etnik, irqi, mədəni və dini
müxtəliflikləri özündə cəmləşdirən dəyərdir

Multikulturalizm siyasətinin dövlətlər tərəfindən tətbiqi "əbədi sülhün" təmini baxımından böyük əhəmiyyət daşıyır

 Müasir dünyamızda dini və milli zəmində baş verən qarşıdurmalar, lokal və regional müharibələr heç də təsadüfdən meydana gəlmir. Belə hallar münaqişələrin yaranmasında maraqlı olan güclərin təsiri və bilavasitə təhriki ilə baş verir. Bu qüvvələrin bütün dünyada özlərinin strateji, siyasi və iqtisadi maraqları var. Həmin maraqların təmin edilməsi məqsədi ilə bu qüvvələr din, yaxud millətçilik pərdəsi arxasında gizlənərək öz mənfur siyasətlərini həyata keçirməyə çalışırlar. Bu təkcə müasir dövrümüzə xas olan təsir forması deyil. Bəşər tarixinin ən qədim dövürlərində belə, birinin digərinə qarşı güc tətbiq etməsi, bunun üçün müxtəlif forma və metodlardan istifadə halları olub. Bəşər tarixinin bütün  mərhələlərində qəbilələr, tayfalar, dövlətlər və siyasi ittifaqlar arasında münaqişə və müharibələrin baş verməsi də bünün bariz nümunəsidir. Bu müharibələrdə əsas məqsəd ərazi və resursların əldə edilməsi idi. Lakin ərazi və resurslar üçün aparılan müharibələrin də əsasını dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlər təşkil edirdi.

Müasir dövrümüzdə baş qaldıran bəzi silahlı münaqişələrə və müharibələrə (Hindistan, Həbəşistan, Şri-Lanka, Sudan, Ruanda, Yaxın Şərq) diqqət edək. Qərb ölkələrindəki münaqişələr də, bütün səylərə baxmayaraq (Böyük Britaniyada - Olster, İspaniyada basklar, Fransada- bretonlar və korsikalılar, Kanadada - Kvebek) öz yekun həllini tapmadı. Əksinə, köhnə münaqişələrlə yanaşı, dünyanın müxtəlif regionlarında yeni münaqişə ocaqları (Yuqoslaviya, MDB ölkələrində baş verən münaqişələri) yarandı.

Bu münaqişələrin və müharibələrin qarşısının alınmasının isə bir yolu var- tolerantlıq, multikulturalizm və dözümlülük. Bu dəyərlərə çatmağın yolu isə qarşılıqlı əməkdaşlıqdan və dialoqdan keçir.

 Bu dəyərlər, sadəcə bir xalqın, sivilizasiyanın, ya da dinin monopolyasında deyil. Davamlı dəyişən, inkişaf edən və biri-birilərindən fərqlənən cəmiyyətlərdə də dini anlayış dəyişir, inkişaf edir və mövcud vəziyyətə uyğunlaşmağa çalışır.

 İslam dini dünyanın bir çox yerlərində olduğu kimi, Qərb dünyasında da geniş yayılmaqdadır. Bu yeni  dini işğal hadisəsi, yaxud kütləvi şəkildə din dəyişmə prosesi deyil,

iş və ya daha yaxşı həyat axtarışı ilə Qərbə miqrasiya edən müsəlman qruplarının artması nəticəsində baş verir. Qloballaşma prosesində dinlər yarandıqları coğrafiya ilə birlikdə həm də dünyanın başqa yerlərində yayılma imkanı əldə edirlər. Yəni əvvəllər  bir regionda hakim olan din və dini qruplar hazırda planetin hər yerində öz fəaliyyətlərini davam etdirirlər. Telekommunikasiya vasitələrinin inkişaf etməsi, insanlara digər sivilizasiyalardan və dinlərdən xəbər tutmaq imkanı verib. 

Bu da danılmaz faktdır ki, bütün səmavi dinlərin ən mühüm funksiyalarından biri dialoq, ictimai təkmilləşmə, dözümlülük və sülhdür. Bu xüsusiyyətləri ilə dinlər qloballaşmanın mənfi təsirlərini aradan qaldırmaqla mədəniyyətlərarası dialoq çalışmalarında daha təşviqedici missiya daşıya bilər. Lakin təəssüflər olsun ki, dinin ictimaiyyətdəki roluna nəzər yetirdiyimiz zaman onun müxtəlif firqələr tərəfindən təhrifə məruz qaldığını və bunun da insanları separatçılığa, radikalizmə, qarşıdurmalara meyilləndirdiyini görürük. Bu gün bütün sivil cəmiyyətlərin, eləcə də dini konfessiyaların qarşısında duran ən əsas vəzifə, dinin düzgün öyrənilməsi və həyata tətbiq edilməsi ilə münaqişələrin həllinə öz müsbət təsirini göstərməkdir.

Problemi İslam dini baxımından araşdırsaq, müasir dünyamızda müsəlmanların digər din mənsubları ilə dialoqda olmasını zəruri edən bir çox səbəbləri açıq görə bilərik. Ələlxüsus da son dövrlər müşahidə edilən böyük miqyaslı köçlər- miqrantların və tələbələrin sayının artması xarici bazarlarda ucuz işçi qüvvəsinə tələbatın çoxalması müxtəlif ölkələrdən olan fərqli inanc və ideologiyalara sahib insanlar birlikdə yaşamaq məcburiyyətində qalırlar. Bu baxımdan da,  sülh içərisində dinc yaşamaq naminə dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq, insanların bir-birinə ehtiyacı yaranıb. Yəni, istəsək də, istəməsək də sülh və əminamanlıq şəraitində yaşamaq üçün digər inanclara mənsub şəxslərə də hörmətlə yanaşmalıyıq.

Müsəlmanlarla xristianları dialoqa məcbur edən mühüm amillərdən biri də, bu iki dinə mənsub insanların, dünyanın hər yerində birgə yaşamalarıdır.

Digər bir əsas səbəb aralarında bəzi inanc və ibadət fərqlilikləri olsa da, hər iki dinin ilahi qaynaqlı kitablarının olması və bunun nəticəsi olaraq da, bir-birinə bənzəmələridir. İnanc baxımından ortaq dəyərlərə sahib olan belə insanların öz aralarında dialoq yaratmaları digərlərinə nisbətən daha asan olur. Məsələn, həm müsəlmanlar, həm də xristianlar bir Allahın varlığına inanır, ona ibadət edirlər. Onlar əxlaqlı və imanlı həyat yaşamalı olduqlarına, ruhun ölümsüz olduğuna və bu dünyadakı əməllərə görə gələcəkdə ya mükafat, ya da cəza alacaqlarına inanırlar. Tanrının əmrlərini peyğəmbərlər və elçilər vasitəsilə vəhy edildiyinə və müqəddəs kitabların Tanrı sözü olduğuna tam əmindirlər.

Bu da məlumdur ki, Qurani-Kərimin təfsirinə görə, müsəlmanlar, ümumiyyətlə bütün insanlarla, xüsusilə də xristian və yəhudilərlə daha yaxın və səmimi əlaqələr qurmalı, hətta onlarla mübahisə edərkən nəzakətli olmalıdırlar. Bu da onu deməyə əsas verir ki, müsəlmanların digər din mənsubları ilə sülh, əminamanlıq şəraitində yaşamalarına heç bir maneə yoxdur. Buna görə də, açıq deyə bilirik ki, dinlərarası dialoq inanc və dəyərlərin fərqliliyindən deyil, ortaq nöqtələrin müəyyənləşdirildiyi etik və mədəni sahələrdə ortaya çıxır. Birmənalı qeyd etmək lazımdır ki, dialoq qətiyyən bir bazarlıq prosesi, qarşıdakına meydan oxuma və ya birinə öz dinini qəbul etdirmə fəaliyyəti deyil, tam əksinə qarşılıqlı hörmət və dözümlülük nümunəsidir.

Dinlərarası dialoqun əsl məqsədi dialoqda olan tərəflərin bir-birinin dinini daha yaxşı anlamağa çalışması, din mənsublarının bir-birini doğru anlamasını təmin etməkdir. Bu gün dini ayrı-seçkilikləri əngəlləmək üçün müzakirə platformalarının, humanist görüşlərin keçirilməsi, artıq sosial zərurətə çevrilib. Dinlərarası dialoqun prioritet sayılan hədəflərindən biri də, milli və mənəvi dəyərlərinin qorunmasıdır.

Tolerantlığın və multikulturalizmin geniş müzakirə obyektinə çevrildiyi müasir dövrümüzdə müxtəlif irqlərə və dinlərə mənsub insanlardan formalaşan cəmiyyətlərdə dialoq prosesinin gücləndirilməsi üçün əlverişli şərait yaranıb. Bu gün dinlər arasında yaxınlaşma və əməkdaşlığın ən mühüm hədəfi odur ki, insanlar öz inanclarını düzgün formada yaşada bilsinlər və digərlərinin də sülh şəraitində yaşamasına imkan yaratsınlar.

Dialoqun digər məqsədi isə tərəflər arasında mövcud olan və ya ola biləcək gərginlikləri aradan qaldırmaqdır.

Dinlərarası dialoqda əsas hədəf həm də insanların sülh içərisində bir arada yaşamasını təmin etmək, ictimai dincliyin təmin olunmasında və dünyada sülhün bərqərar olmasında fəal iştirak etməkdir.

Müasir dünyamızda bir insanın fəaliyyəti, yazdığı, danışdığı belə, bütün dünyaya öz təsirini göstərir. Hantinqtonun müdafiə etdiyi "mədəniyyətlər və ya dinlərarası qarşıdurma" tezisi əslində, mümkün deyil. Çünki səmavi dinlərin heç birində qarşıdurmalara təşviq, çağırış yoxdur. Ələlxüsus da islam dininin mahiyyəti barədə düşündüyümüzdə islamiyyətin qarşıdurma deyil, uzun əsrlər boyu Qərb mütəfəkkirlərinin yaradıcılığında əsas mövzu kimi "universal barış" dini olduğunu görürük.

Belə olduğu təqdirdə açıq deməliyik ki, bu gün dünyada baş verən terror hadisələrinin islam dininə heç bir aidiyyəti yoxdur. Bu kimi hadisələr kimdən və haradan gəlirsə-gəlsin, sülhə, əmin-amanlığa vurulan ən böyük zərbədir. Hansı səbəbə və məqsədə xidmət etməyindən asılı olmayaraq, terror terrordur və ona qarşı qətiyyətlə mübarizə aparılmalıdır.

Bunu da xüsusi qeyd etmək vacibdir ki, terrorçü müsəlman, müsəlman terrorçu ola bilməz. Müsəlman ancaq sülhün, barışın və dincliyin simvolu ola bilər. Bu dinimizin qarşımıza qoyduğu əsas şərtlərdən biridir.

 Tarix boyu ən qanlı müharibələrə meydan olan Qərb dünyasının alimlərinin, ədiblərinin, filosoflarının xəyallarını bəzəyən "əbədi sülh" şüarı, müasir dövrümüzdə ən çox  ehtiyac duyulan məsələlərdən biridir. Müasir dünyamızda qloballaşma prosesi ilə birlikdə regionlaşma prosesinin də sürətlənməsi və "qarşılıqlı iqtisadi asılılıq" amilinin dövlətlər arasındakı münasibətlərdə həlledici gücə malik olması nəticəsində multikulturalizm siyasətinin dövlətlər tərəfindən tətbiqi "əbədi sülhün" təmini baxımından böyük əhəmiyyət daşıyır.

 Yeni düşüncə tərzinin formalaşması və qütbləşdirici tezislərin aradan qaldırılması üçün isə hələ zamana ehtiyac var. Lakin təkzibedilməz həqiqət ondan ibarətdir ki, öz varlığını davam etdirmək üçün birgəyaşayış yollarının axtarışında bütün bəşəriyyət məsuliyyət hissini bərabər bölüşməlidir. Bu axtarışın uğurunu isə yalnız tolerantlıq, həmrəylik, yüksək mədəniyyət və multikulturalizm təmin edə bilər.

Onu da qeyd etmək vacibdir ki, multikulturalizmə müxtəlif mənbələrdə, müxtəlif təriflər verilir. Məsələn, Britannika ensiklopediyasındakı tərifə görə: "Multikulturalizm mədəniyyətlər, irqlər, xüsusilə də etnik azlıq qruplarının özlərinə məxsus fərqlilikləri ilə dominant siyasi mədəniyyət içərisində yaşamağa layiq olmalarıdır". Stenford ensiklopediyasında isə multikulturalizm etnik, irqi, mədəni və dini müxtəliflikləri özündə cəmləşdirən dəyərlər kimi göstərilib.

Bütün qeyd olunanlar bir daha sübüt edir ki, Azərbaycan dövlətinin ölkəmizdə mövcud olan multikultural və tolerant dəyərləri qorumaq, inkişaf etdirmək və dünyada təbliği istiqamətində gördüyü işlər, bəşəri birgəyaşayışa, sülhə və əminamanlağa xidmət etməklə, düyaya  nümunə təqdim edir.   

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.54555487632751