Dini radikalizmlə mübarizədə
maarifləndirmə xüsusi önəm kəsb edir

İslam dini insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağırır

 Azərbaycanın dövlət müstəqilyindənkeçən bu 27 illik zaman kəsiyində illərində həyatımızın bütün sahələrində uğurla həyata keçirilən iqtisadi, sosial, hərbi və mədəni islahatlar, ölkəmizdə mövcud olan tərəqqi, inkişaf və sabitlik bizə dost olan dövlətləri sevindirdiyi kimi, bundan narahat olan, əndişə keçirən qüvvələri qıcıqlandırır.

Həmin qüvvələr zaman-zaman Azərbaycanda dini ayrı-seçkilik,təfriqə yaratmaqla dini radikalizmin yayılmasına çalışırlar. Çünki onları ölkəmizdəki ictimai-siyasi sabitlik, tolerantlıq mühiti çox narahat edir. Azərbaycan dövləti də bunu görür, birlir və buna qarşı ciddi tədbirlər həyata keçirir. Heç şübhəsiz ki, bütün bu kimi təhlükəli meyillərin qarşısının alınması üçün dövlətimizin başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və davamlı dövlət siyasəti həyata keçirilir. Eyni zamanda Dövlət Təhlükəsizlik Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki çoxəsrlik multikultral, tolerantlıq mühitinin qorunub saxlanılması, məzhəblər arasında vəhdətin təmin olunması üçün bütün zəruri addımları atır. Bu gün ölkəmizdə mövcud olan sabitlik də, bu qurumların üzərlərinə düşən işi uğurla icra etmələrinin nəticəsidir. Bununla belə, bu cür qlobal, bütün cəmiyyəti narahat edən məsələlərlə bağlı məsuliyyət, yalnız hüquq-mühafizə orqanlarının, müvafiq aidiyyatı qurumların üzərinə atılmamalıdır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) da dini radikalizm və ekstremizmə qarşı mübarizənin ön sıralarında yer almalıdırlar. Hər iki halda bu istiqamətdə fəaliyyətin təməlində dini maarifləndirmə tədbirləri əsas yer tutur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirləri ölkəmizdə artıq mütamadi xarakter daşıyır. Bu tədbirlərin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları maarifləndirməkdir. Məlumdur ki, bu gün bütün İslam dünyasında istər dini yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə fanatizm qabarıq şəkildə müşahidə olunur.

Hazırda Qərb dünyasında müşahidə olunan qarşıdurmalar,  radikallıq halları da, əslində fanatizmin bir formasıdır. Bu da dinə ifrat dərəcədə yanaşmadan, dini doğru-düzgün başa düşməməkdən irəli gəlir.

Qloballaşan dünyamızda dövlətlərin, dini icmaların, eləcə də cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri, insanlararası münasibətlərdə dözümlülüyə nail olmaq, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsidir.

Belə bir mühit yaranmadığı təqdirdə, təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırır, insanlar arasında münasibətlər kəskinləşir və yeni münaqişə ocaqları meydana gəlir.

Respublikamız yenicə müstəqillik əldə etdiyi ilk illəri xatırlayarkən, zərərli dini cərəyanların ölkəmizə ayaq açdıqları o dövrdən indiyəqədərki fəaliyyətləri nəticəsində meyana gələn qarşıdurmaları, ölkəmizdə sabitliyi pozmaq cəhdlərini qeyd etməmək mümkün deyil. Həmin quvvələr, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaradır, ekstremist çağırışlar edir, dünyanın bir çox dövlətlərində olduğu kimi, Azərbaycanda da sabitliyin, dini və milli həmrəyliyin pozulmasına yönəlik fəaliyət həyata keçirirdilər.

Bu kimi radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Belə ünsürlərin təsiri altına düşməmək üçün inanclı gənclərimiz ibadətin kimdən öyrənilməsi məsələsində çox diqqətli olmalıdırlarlar ki, sonradan onların təsiri altına düşərək, cinayətə sürüklənməsinlər.

Qeyd etmək lazımdır ki, qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda cəmiyyətimizə zərərli təsiri çox böyükdür. Çünki bu cərəyanların təsiri altına daha tez gənclər düşür. Bunun qarşısının alınmasında, onların milli mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində, dini baxışlarının düzgün formalaşmasında heç şübhəsiz ki, müəllimlərin də böyük əməyi və rolu var. Məlumdur ki, islam dinində ən üstün əməllərdən biri elm öyrənməkdir. Peyğəmbərimiz (s) buyurub: "Allah-Təala daha çox elm öyrənən insanları bəyənər". Bu ifadə özlüyündə İslamın elm üçün heç bir sərhəd müəyyənləşdirmədiyini, elmin sonunun olmadığını göstərir. Ona görə də, nə qədər çox elm öyrənilərsə, Allah dərgahında o qədər savab yazılar. Bütün bunları nəzərə alaraq gənclər də əsas diqqətlərini təhsilə, elm öyrənməyə yönəltməlidirlər ki, həm savab qazansınlar, həm də millətinə, dövlətinə layiqli insanlar kimi böyüsünlər.

Bu da məlum həqiqətdir ki, bütün dinlər o cümlədən İslam din də insanları daim sülhə, ədalətə, haqqa çağırır. Dini radikalizmin, din adı altında baş verən silahlı münaqişələrin, əslində dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini də sülh dinidir. İslam dini bütün insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağırır. Bu gün dünyada geniş yayılan dini radikalizm kimi mənfi təzahürlərin həqiqi məqsədi isə İslamı parçalamaq, dinimizin təlqin etdiyi bəşəri dəyərlərə kölgə salmaqdır.  Din adına tanınan bəzi inancların dinlə heç bir əlaqəsi yoxdur.

Əslində, dindar mühafizəkar ola bilməz, çünki, din mühafizəkarlıq demək deyil. Din istənilən mənfi tendensiyanın əleyhinədir, eləcə də ilahi dəyərlərə zidd olmayan mütərəqqi milli adətləri də təqdir edir. Azərbaycan xalqının tarixi ictimai-fəlsəfi düşüncəsində dinin yeri və rolu, sahib olduğumuz multikultural və tolerant dəyərlərin təbliği ilə zərərli radikal dini cərəyanlara qarşı effektiv mübarizə aparmaq mümkündür və bu gün tutduğumuz yol da bundan ibarətdir.

 Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə həyata keçirdiyi silsilə tədbirlər mühüm əhəmiyyət daşıyır. Eləcə də gənclərin dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün Komitə tərəfindən "Şəhadət" və "Fitnə" kimi filmlərin çəkilib ərsəyə gətirilməsi də, çox önəmli tədbirlərdən biridir. Bu filmlərdə radikal qruplar tərəfindən aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror təşkilatlarına qoşulan şəxslərin faciəli həyatı, eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan mübarizədə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. Bu filmlərin çəkilməsində və nümayişində məqsəd, gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanmasıdır. Bir daha qeyd edirik ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək olar və bu ən düzgün yoldur. Gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün məktəbin, müəllimlərin, valideynlərin də üzərinə böyük məsuliyyət düşür, çünki bu təkcə dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının işi deyil. Gənc nəslin nümayəndələrinə dinlər haqqında sağlam bilgilər verilməli, dini radikalizm, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmaması üçün mütəmadi olaraq məktəblilərlə məqsədyönlü iş aparılmalıdır.

Məlumdur ki, Azərbaycanda vicdan azadlığı tam təmin edilib və bunu düzgün qiymətləndirmək, dinə düzgün əməl etmək lazımdır. Bu təminatın nəticəsidir ki, respublikamızdakı tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Ölkəmizdə ictimai-siyasi, dini sabitlik mövcuddur, bunu qəbul etməyən, dini radikalizmdən yararlanmaq istəyən bəzi qüvvələr çalışırlar ki, öz mənfur əməlləri geriçəkləşdirmək üçün, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Buna görə də, hər birimiz daha diqqətli olmalı və çalışmalıyıq ki, belə hallara yol verməyək.

Ölkəmizdə məzhəb ayrı-seçkiliyi salmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər xalqları milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğinə çalışan bəzi cərəyanlar var və onlara qarşı ciddi mübarizə aparılır. Vətəndaşlarımızın, xüsusilədə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilir. Bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq, zaman-zaman bu və ya digər bölgələrdə azsaylı radikal qrupların mövcudluqları bu gün də müşahidə olunur.

Buna görə də, dini radikalizmi doğuran səbəblərin aradan qaldırılmasında, radikalizmlə mübarizədə maarifləndirmə xüsusi önəm kəsb edir. Çünki radikalizmi doğuran başlıca səbəblərdən biri də, dinlərin mahiyyətinin təhrif olunmasıdır. İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur. Buna görə də, dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi diqqət yetirilməlidir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.4173150062561