Ölkəmizdə dini qurumlarla media arasındakı münasibətlər qarşılıqlı dəstək və əməkdaşlıq müstəvisində qurulub

Müasir informasiya şəbəkəsində sosial media cəmiyyətə təsir etmək baxımından, ənənəvi medianı üstələyib

 Azərbaycan multikulturalizminin istər beynəlxalq səviyyədə, istərsə də ölkə daxilində təbliğində mətbuatın çox böyük rolu var. Eyni zamanda, medianın üzərinə ciddi məsuliyyət düşür.

Bu, məlum bir həqiqətdir ki, ölkəmizdə mövcud olan tolerantlıq, milli və dini dözümlülük, multikulturalizm, dinlər və millətlərarası vəhdət və həmrəylik dünyaya nümunə olacaq dərəcədə yüksək səviyyədədir. Bu da təbliğatın, təşviqatın, eləcə də bu sahədə ölkəmizdə həyata keçirilən çoxsaylı tədbirlərin nəticəsidir. Bütün qeyd olunan işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu iki möhtərəm şəxsin yaxından diqqəti və qayğısı sayəsində ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər (İB), dini icmalar və eləcə də media qurumları multikulturalizmin və tolerantlığın qorunması və inkişaf etdirilməsi sahəsində görülən işlərin təbliğində yüksək fəallıq nümayiş etdirirlər. 

Onların arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), bir çox nazirliklər və yerli icra hakimiyyəti strukturları da xüsusi fəallıqla seçilirlər. O ki qaldı media sahəsində görülən işlərə, burada da yuxarıda adlarını çəkdiyimiz qurumların mətbuat xidmətlərinin, ələlxüsus da “AZƏRTAC” dövlət agentliyinin xidmətlərini qeyd etmək yerinə düşər.

Lakin onu da təəssüflə qeyd etmək lazımdır ki, bir çox mətbu orqanları, ümumiyyətlə bu sahəyə heç bir diqqət ayırmır, bu mövzunun oxucular üçün maraq kəsb etmədiyini düşünürlər. Baxmayaraq ki, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti, dinlər və millətlər arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, eləcə də Mətbuat Şurasının daim diqqət mərkəzində olan məsələlərdən biridir. Bu qurumlar Azərbaycan multikulturalizminin həm ölkəmizdə, həm də xarici ölkələrdə təbliğində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) keçirdiyi bütün tədbirlərə yaxından dəstək verir, həmin tədbirlərin mediada işıqlandırılmasında maksimum köməklik göstərirlər.

Heç şübhəsiz ki, ölkəmizdə dini qurumlarla media arasındakı münasibətlər qarşılıqlı dəstək və əməkdaşlıq müstəvisində qurulub. Müasir dünyamızda media dedikdə, sadəcə olaraq qəzet, jurnal və televiziyanı düşünmək sadəlövhlük olardı. Bu gün insanların böyük əksəriyyətinin gündəlik təlabatına çevrilən "sosial media" deyilən bir anlayış da mövcuddur ki, onu görməzdən gəlmək mümkün deyil. Çünki müasir informasiya şəbəkəsində ən aktual mövqedə duran sosial media, topluma, cəmiyyətə təsir etmək baxımından, ənənəvi medianı artıq üstələyib. 

Bütün bunları nəzərə alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bir neçə gün əvvəl "Dini qurumlar və sosial media" mövzusunda konfrans keçirilib.

Konfransı açıq elan edən DQİDK-nın sədri Mübariz Qurbanlı gündəmə gətirilən mövzunun aktuallığından bəhs edərək bildirib ki, sosial media və onun funksiyaları hər zaman müzakirə predmeti olub və bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından ənənəvi medianı üstələyir. Buna görə də, bu sahənin ciddi müzakirə olunmasına ehtiyac var.

Komitə sədri qeyd edib ki, sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemlərə yol açan ziyanlı tərəfləri də var və bu səbəbdən də Avropanın ən inkişaf etmiş ölkələrində belə, sosial mediaya ciddi nəzarət edilir.

Son zamanlar sosial şəbəkələr bir sıra radikal qüvvələrin, məkrli insanların, öz məqsədlərinə çatmaq üçün ən çox istifadə etdiyi və geniş kütlələrə təsir etməyə cəhd göstərdiyi məkana çevrilib. Bu səbəbdən də sosial medianın inkişafı, genişlənməsi ilə yanaşı, ona nəzarət edilməsi də Azərbaycanda daim diqqət mərkəzində olmalıdır.

Mübariz Qurbanlı ölkəmizdə 909 dini icmanın dövlət qeydiyyatından keçdiyini qeyd edərək bildirib ki, bütün bu mənfi təzahürlərin qarşısının alınmasında din xadimlərimizin, ilahiyyatçılarımızın, dini icmalarımızın da üzərinə böyük vəzifələr düşür. Komitə sədri həmçinin, dini qurumlara dinimizin gözəlliklərini, insanpərvər dəyərlərini, həmrəyliyə və birliyə çağıran xüsusiyyətlərini cəmiyyətə həm də sosial media vasitəsilə çatdırmaqda aktivlik nümayiş etdirməyi tövsiyə edib.

Konfransda daha sonra çıxış edən DQİDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova "Sosial media və din" mövzusunda təqdimat edib. Vüsalə xanım qeyd edib ki, müasir texnologiyaların inkişafı media sahəsində "sosial media" məfhumunun yaranmasına yol açıb. Sosial medianın, artıq sosial ünsiyyət vasitəsinə çevrildiyini deyən V.Hüseynova hazırda dünyada 3 milyarddan çox insanın internetə qoşulduğunu, 2 milyarddan çox istifadəçinin fəal şəkildə sosial mediadan istifadə etdiyini bildirib. Azərbaycanda mövcud vəziyyətə toxunan Vüsalə xanım qeyd edib ki, ölkəmizdə əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisi, 2 milyonu isə sosial media iştirakçısıdır. Sosial medianın müsbət və mənfi tərəflərini qeyd edən Vüsalə xanım diqqətə çatdırıb ki, sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərəri də yox deyil.

Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənən, İslamı tənqid və təhdid edən qüvvələr də özlərinin çirkin əməllərini həyata keçirmək üçün sosial medianın imkanlarından istifadə edirlər. Sosial şəbəkə həmçinin ölkəmizdə sabitliyi pozmaq istəyən qara qüvvələr üçün güclü təbliğat vasitəsinə çevrilib. Bütün bunlar sosial medianın gücünün dəyərləndirilməsi məsələsini daha da aktuallaşdırır. Son illər bu sahəyə nəzarət üçün müəyyən addımlar atılsa da, təəssüf ki, hələ də qarşısını tam almaq mümkün olmayıb. Ona görə də radikalizmə və ekstremizmə qarşı mübarizə mexanizmləri təkmilləşdirilməlidir. Əks təbliğat və cəmiyyətə sosial media vasitəsilə İslam dininin dəyərlərini çatdırmaq prosesləri aktivləşdirilməlidir. Din xadimləri ilə yanaşı, din təəssübkeşləri də bu yöndə sosial şəbəkələrdə aktiv olmalıdırlar.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycandakı inkişaf bir sıra ölkələri narahat edir, Azərbaycanı sevməyən bəzi qüvvələr, ölkəmizlə bağlı sistemli şəkildə qarayaxma fəaliyyəti ilə məşğuldurlar. Onların bir məqsədləri var: ölkəmizdəki sabitliyi pozmaq, ölkəmizdə idarəolunmayan bir mühit yaratmaq.

Mətbuat Şurasının sədri diqqətə çatdırıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, sosial şəbəkələr vasitəsilə formalaşdırılır, buna görə də hazırda "Mətbuat Şurası haqqında" qanun layihəsi üzərində iş aparılır və qanunda vətəndaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqqətdə saxlanılır.

Daha sonra çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib ki, media dünyagörüşü, biliyi olan jurnalistlərin çalışdığı sahədir. Sosial şəbəkələrdə isə fərqli düşüncəsi, əqidəsi, hətta dünyagörüşü olmayanlar da fikir paylaşırlar ki, buna da mütləq nəzarət olunmalıdır.

Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Bunu konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. V.Səfərli qeyd edib ki, artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da nəzərdə tutulur. Lakin sosial şəbəkələri media kimi qiymətləndirmək düzgün deyil. Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə belə deyil.

  1. V. Səfərli bildirib ki, Azərbaycan tolerant ölkədir. Ölkəmizdə keçirilən tədbirlər də Azərbaycanın sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələrdə var.

Bu qüvvələrin qarşısının alınmasında heç şübhəsiz ki, media da dövlətin yanında olmalıdır. Əgər ölkəmizə düşmən olan, ölkəmizdəki sabitliyi, inkişafı qəbul etməyən qüvvələr varsa, onda biz də bir media olaraq onlara qarşı mübarizə aparmalıyıq, öz silahımızla, öz peşəkarlığımızla.

Sosial media da məlumatlandırma, maarifləndirmə və əyləndirmə funksiyasını daşıyan kütləvi informasiya vasitələrinin bir növüdür. Ölkəmizdə ilk dini sayt 2003-cü ildə açılıb və hazırda rəsmi fəaliyyət göstərən bir neçə sayt var.

Bunu da konfransdakı çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib. O, qeyd edib ki, sosial media ictimai rəyi formalaşdıran sosioloji amildir. Rəsmi saytlarla bərabər, qeyri-rəsmi saytlar da mövcuddur. Bəzən də həmin yazılarda ictimai rəyə təsir etmək, yönləndirmək meylləri nəzərə çarpır. Buna diqqət yetirilməlidir. Bizim hər zaman qarşımıza qoyduğumuz məqsəd Azərbaycanda dini tolerantlığa, multikulturalizmə, İslam dininin milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib.

Tədbirin sonunda qeyd olunub ki, din sahəsində medianın da  üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, sosial media və dini qurumlar arasındakı əməkdaşlıq, mənfi meyllərin qarşısının alınmasında mühüm rol oynaya bilər.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.4667661190033