Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

Sadədən mürəkkəbə doğru inkişaf yolu

 Ümumiyyətlə, dünyada əməkçilərin hüquqları barədə 19-cu əsrin ortalarından sonra düşünülməyə başlanılıb. O dövrə qədər işçilərə "danışan alət" kimi baxılıb. Azərbaycanın da daxil olduğu Çar Rusiyasında isə bu istiqamətdə ilk addım 1861-si ildə - təhkimçilik hüququnun ləğv edilməsilə atılıb. Bunun ardınca əməkçilər əmək şəraitinin yaxşılaşdırılması uğrunda mübarizəyə başlayıb. 20-si əsrin əvvəllərində Avropada 8 saatlıq iş rejiminin tətbiq edilməsinə nail olunub. Daha sonra isə sahibkarların əmək resurslarına qayğısı barədə düşüncələr meydana çıxıb. Çar Rusiyasında ilk dəfə olaraq 1903-cü ildə "İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında" və 1912-ci ildə "Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında" qanunlar qəbul olunub. Bunun ardıncı müxtəlif qanunlar qəbul edilsə də, tam olaraq əməkçilərin sosial müdafiə sistemini qurmaq mümkün olmayıb.

Azərbaycanda əməkçilərin sosial müdafiə sisteminin hüquqi bazasını tam olaraq Azərbaycan Xalq Cümhuriyyəti formalaşdıra bilib. Belə ki, 1918-ci il mayın 28-də Tiflis şəhərində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılaraq İstiqlal Bəyannaməsi elan olunub və 9 nəfərdən ibarət ilk Müvəqqəti Hökumət kabineti təşkil edilib. İlk hökumət kabinetində Əkinçilik və Əmək naziri vəzifəsi ``Hümmət`` partiyasından Milli Şuraya üzv seçilən Əkbər ağa Şeyxülislamova həvalə olunub.

Cümhuriyyət hökumətinin pensiya məsələləri üzrə ilk addımı 28 avqust 1918-ci il tarixli "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" qərarın qəbul edilməsi olub... Komissiyanın hazırladığı qanun layihəsində istefaya çıxan şəxslərə xidmət illərinə görə pensiya təyin olunması nəzərdə tutulurdu. Cümhuriyyətin fəaliyyəti dövründə Bakı şəhərində Əmək Birjası fəaliyyət başlayıb. Bakı Əmək Birjası 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında yaradılıb.

Parlamentin 21 yanvar 1919-cu il tarixli qərarı ilə Xalq Cümhuriyyəti Hökumətində əmək münasibətləri və bununla bağlı digər məsələləri tənzimləmək məqsədilə Əmək Nazirliyi təsis olunub. Bu nazirlik əməkçilərin sosial müdafiəsinin istinad nöqtəsi olan əmək müqavilələrinin formalaşdırılaraq, tətbiq edilməsini təmin edib. İlk olaraq 1919-cu ildə kollektiv əmək müqavilələri bağlanıb. Hökumətin fəaliyyəti fəhlə qanunvericiliyinin formalaşdırılmasına, fəhlə və sahibkarlar arasında münasibətlərin tənzimlənməsinə, əməyin mühafizəsi və zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Azərbaycan Xalq Cümhuriyyətinin üçuncü hökumətinin fəaliyyəti dövründə fəhlələrin və qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret qərarlar qəbul edilib.

Cümhuriyyətin dördüncü hökumətnin Ədliyyə və Əmək naziri Aslan bəy Səfikürdskinin dövründə inflyasiya ilə əlaqədar olaraq müavinət və əmək haqlarının artırılması hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edib. Elə bu məqsədlə Parlament Dəmir Yol Nazirliyinin xətti üzrə dəmir yollarında xidmət etmiş şəxslərin xidmət illərindən sonrakı təminatı haqqında Əsasnaməni, habelə hökumət qulluqçuları və ibtidai məktəb müəllimlərinin əmək haqqlarının artırılması, yaşayış minimumunun qaldırılması haqqında qanunları qəbul edib.

1919-cu il avqustun 5-də Nazirlər Şurasının qərarı ilə Əmək Nazirliyinin nəzdində əməyin mühafizəsi, əmək haqqı dərəcələrini və əmək mübahisələrini tənzimləmək məqsədilə Əmək Müfəttişliyi təsis olunub. Aprel işğalınadək fəaliyyəti dovründə müfəttişlik tərəfindən nazirliyə daxil olan 1537 şikayətdən 922-si fəhlələrin xeyrinə həll edilib, 145-nə rədd cavabı verilib, 14-ü məhkəməyə göndərilib, 456-sı isə həll olunmayıb. ADR parlamentinin 7 dekabr 1918-ci il tarixli "Fəhlə məsələsi haqqında" qərarında əmək qabiliyyətini tam və ya qismən itirdikdə fəhlələrə sığorta verilməsi müəyyən edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyəti dövründə pensiya məsələləri üzrə ikinci qərar 27 avqust 1919-cu ildə qəbul edilən "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" olub.

Cümhuriyyətin sonuncu, beşinci hökumətində Əkinçilik və Əmək Nazirliyinə Əhməd bəy Pepinov rəhbərlik edib. Həmin hökumət fəhlə məsələsinə aid proqram hazırlayıb. Proqramda uşaq və qadın əməyinin mühafizəsinin təmin edilməsi, müdiriyyətin həmkarların işinə qarışmasının yolverilməz olduğu, fəhlə təşkilatlarına hücumların dayandırılacağı, yığıncaq azadlığı və əmək haqqının qaldırılması məsələləri nəzərdə tutulub. Bununla yanaşı, beşinci hökumət fəhlələrə bir sıra güzəştlərin verilməsi və maaşlarının qaldırılması barədə qərarlar qəbul edib. Lakin işğal faktı bu qərarların icra edilməsinə imkan verməyib.

 

Sosial müdafiə sisteminin sovetlər dönəmi

 

Azərbaycanda sosial təminat sisteminin tam olaraq yaradılması SSRİ Mərkəzi İcraiyyə Komitəsi və SSRİ Xalq Komissarları Sovetinin qəbul etdiyi qanun və qərarlar əsasında mümkün olub. Respublikada pensiya təminatı sisteminə nəzarət edilməsi məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin "Dövlət ictimai sığortası üzrə pensiyaların təyin edilməsi barədə" qərarı ilə  bütün növ pensiyaların təyin olunması işini həyata keçirilməsi səlahiyyəti Xalq İctimai Təminat Komissarlığına verilib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Soveti işçi qüvvəsindən səmərəli istifadə etmək, fəhlələri öz ixtisaslarına görə yerləşdirmək, işçilərin həyatını, sağlamlığını və əməyini mühafizə etmək məqsədilə Xalq Əmək Komissarlığının nəzdində Əməyin Mühafizəsi Müfəttişliyini təsis edib. Bu təşkilatın vəzifəsi zəhmətkeşlərin əməyinin mühafizəsi və mənafeyi ilə bağlı zəruri tədbirlər görmək idi. "Muzdlu əməklə məşğul olan şəxslərin sosial sığortası haqqında" Dekret muzdlu əməklə məşğul olan bütün şəxslərə və əmək qabiliyyətinin müvəqqəti və ya daimi olaraq itirildiyi bütün hallara, işsizliyə, eləcə də ölüm hallarına şamil edilirdi. Bunun ardınca "Ailə başçısının itirilməsinə görə zəhmətkeşlərin ailələrinin sosial təminatı haqqında" və "Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və analığa görə sosial təminat haqqında" dekretlərlə ailə başçısının itirilməsi ilə əlaqədar pensiya təminatı həll olundu. Daha sonra SSRİ-ni əmək məcəlləsi formalaşdırıldı ki, bu da pensiya sisteminin formalaşdırılmasında dönüş nöqtəsi sayıla bilər.

Böyük vətən müharibəsinə qədər SSRİ-nin bütün ərazisində əmək və əlillik pensiyasının verilməsi təmin edildi. Lakin həmin dövrdə bu təminat yalnız fəhlə və qulluqçulara aid edilirdi, kənd təsərrüfatı ilə məşğul olan əhali hələ də kənarda qaldırdı. Bu məsələ yalnız müharibədən sonra -ötən əsrin 60-cı illərində öz həllini tapa bildi. Həmin dövrdə rəsmi iş stajı olmayanlara yaşa görə müavinat verilməyə başlanıldı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında, 1970-1985-ci illərdə Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və respublika iqtisadiyyatının hərtərəfli, kompleks şəkildə inkişafı, xüsusən, əhalinin maddi rifahının yüksəldilməsi nəticəsində respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 213 sənaye müəssisəsi işə salınıb, eyni zamanda 350 adda məhsulun dünyanın 65 ölkəsinə ixrac olunmasına başlanılıb. 1958-1970-ci illərdə fəhlə və qulluqçuların əmək haqqı 109,6 rubl olduğu halda, 1985-ci ildə 234 rubla çatıb.

Qocalara, əlillərə, əmək qabiliyyətini müvəqqəti itirənlərə, əmək və müharibə veteranlarına, ailə başçısını itirən ailələrə və tək analara maddi yardım artırılıb. Qocalığa və əlilliyə görə dövlətdən pensiya alanların sayı 1970-ci ildə 643 min idisə, 1989-cu ildə bu göstərici 987 min nəfərə, işləyənlərin sayı 1.273 min nəfərdən 2.361 min nəfərə çatıb.

 

Əhalinin sosial müdaviəsinin müstəqillik dönəmi

 

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub və Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini qazanıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında" 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.

Ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 Sosial müdafiədə fəlsəfi inqlab

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan pensiya sistemində aparılan islahat sistemin fəlsəfəsini dəyişdi. Belə ki, 2006-cı ilə qədər pensiya təminatının fəlsəfəsi ondan ibarət idi ki, əmək qabiliyyətli əhali işləyib, pensiyaçıları yedirdirdi. Bu prinsip əsasında fəaliyyət göstərən pensiya sistemində işsizlik pensiya təminatını əngəlləyir, bir çox hallarda ədalət prinsipi pozulurdu. 2006-cı ildən fəaliyyətə başlayan yeni sistemdə isə hər bir şəxs əmək qabiliyyəti dövründə öz şəxsi hesabına pensiya kapitalı yığır və ahıl dövründə buna uyğun pensiya alır. Bu sistemin fəlsəfəsi ədaləti tam olaraq bərqərar etməyə imkan verir. Yəni hərə öz əməyinə uyğun olaraq, layiqli pensiya məbləği ilə təmin edilə bilir. Hal-hazırda davam edən pensiya islahatının bir neçə hədəfi hələ öndədir.

Belə ki, layihədə nəzərdə tutulub ki, ölkəmizdə dövlət pensiya fondu ilə yanaşı, özəl pensiya sistemləri də fəaliyyətə başlayacaq. Bununla yanaşı, gələcəkdə pensiya yaşı çatana qədər dünyasını dəyişən və ya vətəndaşlıqdan çıxan insanlara şəxsi hesabında yığılan pensiya kapitalı tam şəkildə hesab sahibinə və ya onun vərəsəsinə ödəniləcək.

Yeni sistemin "axillis dabanı" şəxsi hesablarda yığılan pensiya kapitalının real dəyərinin qorunub saxlanılmasıdır. Hazırda Azərbaycan hökuməti hər il pensiya kapitalını indeksləşdirməklə pensiya kapitalının real dəyərini saxlamağa çalışır. Fikrimizcə, bununla yanaşı pensiya kapitalını idarə etməklə də, onun real dəyərini qoruyub saxlamaq olar. Belə ki, tender elan edərək, ən yüksək faizlərdə pensiya kapitalını özəl banklarda depozitə yatıraraq, dünya birjalardında qiymətli kağızlara qoymaqla əldə edilən divident hesabına nəinki onun real dəyərini saxlamaq olar, hətta, artırmaq mümkündür.

 Akif Nəsirli

 Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün dərc edilir

0.24408197402954