Berlin konfransı dünyada
böyük əks-səda doğurub

Bu konfrans Azərbaycanın dünyada dialoq, əməkdaşlıq və sülh carçısı mövqeyinin bəhrəsidir

 

Azərbaycan təkcə yerləşdiyi regionda, coğrafi məkanda deyil, bütün dünyada sülhün, barışın, birgəyaşayışın tərəfdarıdır və gündəlik siyasətini də, bu istiqamətdə qurur. Azərbaycan həm də dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edən unikal bir ölkədir.

Qloballaşan dünyamızda bütün dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biri də, dünyada bəşəri birgəyaşayışın və dözümlülüyün təmin olunmasıdır. Bu baxımdan da Azərbaycan dünyaya bir nümunə kimi təqdim olunur. Azərbaycanda keçirilən çoxsaylı tədbirlərin də əsas qayəsini dünyada multikulturalizmin, tolerantlığın, qarşılıqlı əməkdaşlığın və dialoqun təbliği təşkil edir.

Bu tədbirlərin təşkilinin əsas təəssübkeşi və dəstəkçisi Azərbaycan dövləti və şəxsən dövlətimizin başçısı, Prezident İlham Əliyevdirsə, onu həyata keçirən də ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları və qeyri -hökumət təşkilatlarıdır. Bu təşkilatlar Ümummilli Liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi azərbaycançılıq ideyalarını əllərində rəhbər tutaraq, ölkəmizdə tarixən mövcud olan dözümlülük, tolerantlıq dəyərlərini qorumaq, inkişaf etdirmək və təbliği istiqamətində çox böyük işlər görürlər. Bu işlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın multikulturalizm məkanı kimi tanınır və qəbul olunur.

Onu da qeyd etmək vacibdir ki, Azərbaycan dövlətinin dünyada multikultural dəyərlərin, dinlər və sivilizasiyalararası əməkdaşlığın və dialoqun təbliği istiqamətində gördüyü işlər, təkcə ölkəmizdə həyata keçirilən tədbirlərlə məhdudlaşmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  beynəlxalq səviyyədə təşkil olunan bir çox tədbirlərin keçirilməsini təklif edir, eyni zamanda bu tədbirlərə maddi və mənəvi dəstək verir. Dünyada qarşılıqlı dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə keçirilən tədbirlərin iştirakçıları da, Azərbaycan Respublikası Prezidentinin bu fəaliyyətini yüksək qiymətləndirir və, digərlərinə də nümunə göstərirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq səviyyəli tədibirlərin keçirilməsində yaxından iştirak edən, bir çox hallarda bu tədbirlərin keçirilməsinin təşkilatçısı kimi çıxış edən qurumlar arasında, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xüsusi fəallığı ilə seçilir. 

Məlum olduğu kimi, təxminən bir ay əvvəl-noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BDSƏM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Berlin Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda möhtəşəm bir tədbir keçirildi. Bu barədə oxucularımıza qısa məlumat vermişdik. Bu gün isə həmin tədbirdə iştirak edən bir çox nüfuzlu insanların, keçmiş dövlət başçıların, din xadimlərini Berlin konfransı və bu konfransın təşkilatçısı olan Azərbaycan dövlət, eləcə də dövlətimizin başçısı İlham Əliyev barədə söylədikləri fikirləri bir qədər geniş təhlil etməyə çalışacağıq.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı altında keçirilən konfrans böyük uğurla başa çatıb. Konfrans Azərbaycanın dünyada dinlərarası dialoq və multikulturalizm ideyalarının dünya miqyasında təbliği prosesinə illər boyu öncüllük etdiyini bir daha açıq şəkildə nümayiş etdirib. Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru mövzusundakı tədbirin Holokost və Kristalnaxt ilə yaddaşlarda həkk olunan bir məkanda - Berlində keçirilməsi və burada 400-dən artıq dini liderin bir araya gəlməsi də, dialoqu möhkəm əməkdaşlığa çevirmək, mühüm çağırışlar etmək baxımından böyük əhəmiyyət kəsb edir və olduqca simvolik məna daşıyır.

Tədbir iştirakçıları Berlin konfransının çox böyük uğurla keçdiyini xüsusi qeyd ediblər. Bu da, Prezidenti İlham Əliyevin dialoq mövzusuna böyük diqqət və önəm verməsinin, eləcə də Azərbaycanın dünyada xalqlar arasında dialoq, əməkdaşlıq və sülh carçısı mövqeyinin bəhrəsidir.

Bu uğur həmçinin, Şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçıları arasındakı böyük nüfuz və ehtiramı, eləcə də onun konfransın işinə rəhbərlik etməsi sayəsində mümkün olub.

Berlin konfransı öz təşkilatçılığı, iştirak edən şəxsiyyətlər, müxtəlif sahələr üzrə mütəxəssislər, müzakirə olunan mövzular baxımından da olduqca rəngarəng.

Dünyanın bütün bölgələrindən nüfuzlu iştirakçıları bir araya gətirən bu konfransın uğurla başa çatmasının bir səbəbi də, forumun mükəmməl təşkil edilməsi və səmərəli fikir mübadiləsinə geniş imkanın yaradılması olub.

Konfrans həmçinin Azərbaycanın tarix boyu qazanmış olduğu müxtəlif dinlərin və xalqların nümayəndələri arasında xoşməramlı qarşılıqlı əməkdaşlığın zəngin təcrübəsini bir daha nümayiş etdirmək imkanı verib. Konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın yüksək beynəlxalq nüfuzu sayəsində mümkün olan dialoq prosesinin davam etdirilməsinin əhəmiyyətini və vacibliyini də öz çıxışlarında dəfələrlə qeyd ediblər.

Konfransda qeyd olunub ki, Azərbaycan hökuməti dinlərarası dialoq prosesinə güclü dəstək verir, lakin bunu dini təmayülə, məzmuna müdaxilə etmədən, dini liderlərin məsuliyyətinə buraxaraq edir. Ölkədə bütün dini icmalara bərabər səviyyədə mənəvi və maddi dəstəyin verilməsi də bunun bariz nümunəsidir. Məsələn, hökumət kiçik bir dini icmaya da layiqli ibadət yeri qurmaq üçün torpaq sahəsi ayırır, kilsənin tikilməsi üçün maddi yardım edir. Ən təqdirəlayiq məqam isə odur ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkədə, müsəlman icmasının lideri də, kilsənin tikilməsinə maddi yardım göstərir. Belə bir təcrübə dünyanın heç bir yerində müşahidə olunmayıb. Bütün bunlar, yalnız Azərbaycanda baş verir.

Bu da heç şübhəsiz ki, Azərbaycanda mövcud olan xalq-dövlət birliyindən və Prezident İlham Əliyevin bu sahədə yürütdüyü uzaqgörən siyasətdən qaynaqlanır.

Bu konfrans Azərbaycan dövlətinin dünyada dini radikalizmin baş qaldırdığı bir zamanda, terrorçu qrupların əməlləri nəticəsində müsəlmanlara və müqəddəs İslam dininə zərər vermək cəhdlərinin artığı bir mühitdə gördüyü işlərin təbliği baxımından da, çox böyuk əhəmiyyət kəsb etdi.

Böyük uğurla nəticələnən Berlin konfransı Azərbaycanın iqtisadi, siyasi və sosial sahələrdə inkişaf etməsi ilə yanaşı, dünyada sülhə və əməkdaşlığa da böyük töhfələr verdiyini açıq şəkildə ortaya qoydu. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müdrik siyasətinin nə qədər uzaqgörən olduğunu bir daha nümayiş etdirdi. İnanırıq ki, möhtərəm Prezidentin ideyaları bir çox ölkələrə örnək olacaq və dünyada sülhün bərqərar olmasına öz əhəmiyyətli töhfəsini verəcək.

Onu da qeyd etmək vacibdir ki, Berlin konfransı dünyada böyük əks-səda doğurub. Onun nəticələri nəinki regionumuz üçün, eləcə də bütün dünya üçün çox önəmlidir. Çünki Azərbaycan dünyada dinlər və sivilizasiyalararası dialoq istiqamətində gördüyü işlərlə həmişə ön sıradadır. Berlin konfransında iştirak edən dini liderlərin dəfələrlə ifadə etdikləri kimi, Azərbaycanda müxtəlif etnoslara və dinlərə aid insanların azad və təhlükəsiz mühitdə yaşamaqları ölkəmizin Ümummilli Lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyevin əsəridir. 

Bu baxımdan Prezident İlham Əliyevin himayəsi ilə keçən Berlin konfransı da dinlərarası dialoqu konstruktiv əməkdaşlığa doğru inkişaf etdirməyə, dünyanı sülhə çağıran uğurlu bir konfrans oldu.

Azərbaycan dövləti dünyada sülh uğrunda səylərin ön cərgəsində yer alır. Münaqişələri dayandırmaq, insanları barışdırmağa çağıran Berlin konfransının vaxtı və yeri olduqca dəqiq və düzgün seçilmişdi. Konfransın təşkilatçılığı mükəmməl, çıxış edənlərin sülhə çağırışları da səmimi olub.

Dini liderlərin, müxtəlif əqidə və mədəniyyətləri təmsil edən insanların bu konfransda iştirak etmələri və burada öz fikir və mülahizələrini təqdim etmələri böyük əhəmiyyət daşıyır. Azərbaycan nəinki həmin əqidə və mədəniyyətlərin qütbləşməsinin qarşısını almaqda, eləcə də onları vahid, ümumbəşəri ideya ətrafında toplamaqda qüdrətini real olaraq nümayiş etdirdi. Bütün bunlar Azərbaycanı dünyada dialoq məkanına, dünya dövlətləri, müxtəlif dinlər və mədəniyyətlər  arasında körpüyə çevirən, Azərbaycan dövlətinin dünyada tutduğu yüksək mövqeni təmin edən siyasət sayəsində mümkün oldu.

Konfransın təşkilatçısı Azərbaycanın nümayiş etdirdiyi dostluq və qonaqpərvərlik, dünyanın hər tərəfindən təşrif buyuran, müxtəlif əqidə sahibi olan insanlar arasında dinlər və mədəniyyətlərarası dialoq və olduqca mühüm məsələlər ətrafında müzakirələr aparmaq üçün yaratdığı şərait həqiqətən mükəmməl olub.

Azərbaycan multikulturalizm fenomeninin əsasında Azərbaycan xalqının müdrikliyi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, onun sadiq davamçısı Prezident İlham Heydər oğlu Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı dayanır.

Konfransda bir daha qeyd olunub ki, İslam həmrəyliyinin, dinlərarası dialoqun, ənənəvi dəyərlərin möhkəmləndirilməsinin inkişafı istiqamətində apardığı sülhməramlı konstruktiv fəaliyyət sayəsində müxtəlif dini konfessiyaların və sivilizasiyaların nümayəndələri arasında dünyada sülh və əmin-amanlıq naminə fəal əməkdaşlığın şahidi olduq.

 Bu da onu deməyə əsas verir ki, Beynəlxalq forum uzun illər boyu dinlərarası dialoqun inkişafı və möhkəmləndirilməsinə yönəldilən, müxtəlif təşəbbüsləri həyata keçirən və dəstəkləyən Azərbaycan dövlətinin dəstəyi ilə ən yüksək səviyyədə keçirilib və böyük uğula başa çatıb.

Yazının hazırlanmasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında yerləşdirilən materiallardan istifadə olunub.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.14855790138245