Ulu Öndərimiz Heydər Əliyev ölkəmizdə
multikulturalizmin və tolerantlığın banisidir

"Azərbaycanda dini əmin-amanlığın əsası Azərbaycan Prezidenti
Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub"

 

Bu gün Azərbaycan xalqı öz dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndərimiz və xalqın Ümummilli Lideri Heydər Əliyevin anım gününü xüsusi diqqət və qayğı ilə qeyd edir. Xalqımızın ən faciəli günlərində, dövlətimizin xaos içində olduğu və mövcudluğunu, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda, Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyev, dövləti və milləti bu təhlükədən xilas etdi. Bu, yəqin ki, onun xilaskarlıq missiyasının başlanğıcı idi.

Məlum olduğu kimi, o dövrdə ölkədə Azərbaycan xalqına xas olmayan məzhəb ayrı-seçkiliyi, milli və dini dözümsüzlük kimi təhlükəli tendensiyalar geniş miqyas almışdı. Mövcud hakimiyyətin idarəçilik sistemi isə ümumiyyətlə, dövləti idarə etmək iqtidarında deyildi. Ulu Öndərin hakimiyyətə qayıdışı və onun uzaqgörən siyasəti nəticəsində az bir zaman kəsiyində ölkədə sabitlik bərqərar oldu.

Milli və dini qarşıdurmaların aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider azərbaycançılıq ideologiyası, ölkədə yaşayan bütün azsaylı xalqların, etnosların, etnik qrupların, eləcə də ölkəmizdə fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinin bərabər hüquqlara malik olduqları konsepsiyanı ortaya qoydu. Ulu Öndərin bu ideyası, az bir zamanda ölkədə dini və milli zəmində tam stabilliyin bərqərar olmasına gətirib çıxardı.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə tarixən mövcud olan tolerantlıq mühiti bərpa olundu. Ölkəmizin ərazisində məskunlaşan azsaylı xalqların dövlətə inamı artdı.

Bu gün vəfatını ürək ağrısı ilə andığımız Ulu Öndərimiz həm də ölkəmizdə multikulturalizmin və tolerantlığın banisidir.

Bu da danılmaz faktdır ki, müstəqil Azərbaycan dövlətinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, eləcə də respublikamızda din siyasətinin və dövlət-din münasibətlərinin formalaşmasında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və bütün dünyada nüfuzunun artmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. O, hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması və daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görüb. Dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi baza yaradıb. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycanda mövcud dinlərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai həyatında yaxından iştirak edirlər.

Ulu Öndər Heydər Əliyev müqəddəs İslam dini ilə yanaşı, ölkəmizdəki bütün dinlərə dövlət qayğısının göstərilməsi üçün əzmkarlıq göstərib. Azərbaycanda dövlət-din münasibətlərinin bütün dinlərin maraqlarını nəzərə almaqla qurulmasında Ulu Öndər Heydər Əliyevin mühüm rol oynadığını ölkəmizdə səfərdə olan bir çox xarici qonaqlar da öz çıxışlarında qeyd ediblər. Onlar Heydər Əliyevin təkcə Azərbaycanda deyil, eləcə də dünyanın hər bir yerində sülh və anlaşmanın, multikulturalizmin və tolerantlığın, dini və milli dözümlülüyün bərqərar olması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər. Ölkəmizdə səfərdə olan sabiq Moskva və Ümumrusiya Patriarxı II Aleksi öz çıxışlarının birində deyib: "Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün də Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən ölkədir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranan dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə hesab edirik ki, bu sahədə Azərbaycanda toplanan təcrübə diqqətlə öyrənilməli, təhlil olunmalı və təbliğ edilməlidir".

Dövlət-din münasibətlərinin sivil qaydada formalaşmasında Azərbaycan modelini nümunə kimi göstərən II Aleksi bu siyasətin formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib, bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin dövlət-din siyasətinin xüsusiyyətlərindən bəhs edən fəlsəfə elmləri doktoru, professor R.Əliyev isə yazır: "Ümum milli Liderimiz Heydər Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir və buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik şəkildə, bütün tərəflərin maraqlarını gözləməklə, öz qanunlarımızı və qoşulduğumuz konvensiyaları pozmamaqla həyata keçirmək lazımdır. Ulu Öndər qeyd edirdi ki, dünyəvi dövlət, ateist dövlət demək deyil. Bu o deməkdir ki, dövlət öz fəaliyyətində şəriəti, yaxud digər dini qanunları deyil, demokratiya qanunlarını rəhbər tutur".

Bu gün Ümummilli Liderin siyasi kursunu böyük uğurla həyata keçirən Prezident İlham Əliyev də Heydər Əliyev ideyalarına sadiqdir və onun ölkəmizdə multikulturalizmin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər bütün dünyaya nümunədir. Prezident İlham Əliyevin bu sahədə gördüyü qlobal işlərin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən forumlar, konfranslar və digər tədbirlər də bunu təsdiqləyir.

Ümummilli Lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideyalarının gerçəkləşdirilməsi məqsədilə mərhum Prezident Heydər Əliyev tərəfindən yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) də, bu gün İ.Əliyevin himayəsi altında bu ideyaların həyata keçirilməsi istiqamətində böyük işlər görür. Komitənin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər ölkəmizdə multikulturalizmin, dövlət-din münasibətlərinin tənzimlənməsi  baxımından böyük əhəmiyyət kəsb edir.

Bakıda "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda respublika müşavirəsinin keçirilməsi də, bu baxımdan təqdirəlayiq haldır.

Müşavirədə qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması, eyni zamanda müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdə də birmənalı olaraq Ulu Öndərimiz anılır, onun bizə miras qoyub getdiyi ideyalar və tövsiyələr  təbliğ və icra edilir.

Müşavirədə həmçinin ölkədə dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin, hüquqi aktlara zəruri əlavə və düzəlişlər edilməsinin önəminə toxunulub, bu sahədə görüləcək işlər müzakirə edilib.

Ümummilli Liderimiz ölkə həyatının bütün sahələrində uğurlu nailiyyətlərə çatmağın bir yolunun da ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində də QHT-lərin rolu böyükdür. Bunu nəzərə alan Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə "Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili" adlı konfrans keçirib.

Konfransda demokratik dövlət quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının (QHT) rolundan danışılıb. Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik proseslərin inkişafında, eyni zamanda, vətəndaş cəmiyyətinin qurulmasında QHT-lər mühüm və əhəmiyyətli rol oynayıblar, bir çox tədbirlər, layihələr həyata keçiriblər.

Ölkə qanunvericiliyində QHT-lərin hərtərəfli fəaliyyətini təmin etmək üçün müəyyən qanunlar, qərarlar qəbul edilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə bununla bağlı çox mühüm, əhəmiyyətli tədbirlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilir. Eyni zamanda, müxtəlif ictimai əhəmiyyətli məsələlərin müzakirəsində olduğu kimi, QHT-lər din-dövlət münasibətləri, din modeli, dini maarifləndirmə və digər məsələlərlə əlaqədar müzakirələrdə də DQİDK, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bir sıra layihələrin həyata keçirilməsində əməkdaşlıq edirlər.

Bu da məlumdur ki, QHT-lər hər zaman dövlət maraqlarının qorunmasında, ictimai əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirirlər. Təsadüfi deyil ki, bu fəallığı, ümumi dövlətin inkişafında rolunu nəzərə alaraq on il bundan əvvəl Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını təsis edib. Bu təsisat on ildir ki, QHT-lərə dövlət dəstəyini təmin edir.

Qeyd etmək lazımdır ki, bu gün cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri də dini radikalizmdir. Dini radikalizm Azərbaycan üçün yeni termindir çünki Azərbaycanda heç vaxt dini radikalizm  olmayıb. Lakin bu, xaricdən süni yolla ixrac edilən ideologiya olduğundan cəmiyyəti narahat edir. Çünki Azərbaycanda tarixən başqa dinlərə tolerant yanaşılıb, müxtəlif təriqətlər arasında harmoniya qorunub və radikalizmə gətirib çıxaracaq amillər olmayıb və indi də yoxdur.

Əldə olunan bütün bu nailiyyətlər, heç şübhəsiz ki, bu gün vəfatını ürək ağrısı, dövlət başçısı kimi isə şəxsiyyətini fəxrlə andığımız Ulu Öndərimiz, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizə miras qoyduğu bir lütfdür, hədiyyədir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

2.03884100914