Hasilat azaldıldı, neftin qiyməti qalxacaq - Nazir

Neft istehsalının azaldılması çox vaxtında qəbul olunmuş qərar idi.

Axar.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.

“Ötən həftə Vyanada OPEK və OPEK+ ölkələrinin birgə iclası keçirildi və neft bazarına dair qərarlar qəbul olundu. Ümumilikdə iştirakçı ölkələr sutkalıq hasilatın 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Sözsüz ki, bu qərar çox vaxtında qəbul edilmiş qərar oldu. Heç şübhə yoxdur ki, bu qərar bazara müsbət təsir göstərəcək və bazarı balanslaşdıracaq. Neft bazarındakı mövcud ehtiyatlar azaldıqca “qara qızıl”ın qiyməti də artacaq. Sözsüz ki, bu da öz növbəsində neft sənayesinin inkişafına səbəb olacaq”.

“Azərbaycan isə gündəlik neft hasilatının 20 min barrel azaldılması üzrə öhdəlik götürüb. Gələn ilin ilk 6 ayını nəzərdə tutan bu qərar çərçivəsində çalışacağıq ki, öhdəliyi yerinə yetirək”, - deyə nazir əlavə edib.

O, gələn il Bakıda keçirilməsi nəzərdə tutulan OPEK və OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasının vaxtının isə hələ ki, dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, dekabrın 7-də Vyanada keçirilən OPEK və qeyri-OPEK nazirlərinin (OPEK+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEK üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEK ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib.

 

1.5694198608398