Torpaq, yuxu vaxtındı...

Torpaq, yuxu vaxtındı...
Ay bəxtəvər başına...
Bəm-bəyaz yorğan-döşək,
Sarılarsan qışına...

Nə üçdə alacağın,
Beşdə verəcəyin var...
Bircə ağ balıncında,
Röya görəcəyin var...

Mənsə dincə həsrətəm,
Üstüm unlu, qarnım ac,
Yuxu gözümdən incik,
Gözüm yuxuya möhtac...

Elə sənin dərdin də,
Ürəyimə bir yükdü...
Səninsə maşəAllah,
Səbrin necə böyükdü...

Pisləri yedizdirib,
Yaxşıları yeyirsən...
Hər fəsil bir təzə don,
Əlhəmdullah,geyirsən...

Necə qınayım səni ?!
Ölənlə ölünməz ki...
Sinəndən qəlb çalınıb...
Can belə bölünməz ki !...

Soyuqdur demişdilər,
Axı torpağın üzü...
Harayına yetişir,
Bu soyuqluğun düzü...

Sancısını bağrına,
Basıb yatan torpağım!
Arzusu lal dilində,
Susub yatan torpağım!

Şəhid qanın köksünə,
Qısıb yatan torpağım!
Qara yellər aparsın,
Səni bir qara bağa...

Barı yuxunda qovuş,
Ürəyin Qarabağa....

02.10.2017....

********************

İnsan ləpirləri çox olsun deyə,
Təbiət evinə ləpir gələn var...
Dünya boş olanda,gözəl görünmür,
Yeriyə-yüyürə,qəbir gələn var...

Gündüzlər günəşdən şən gülüşənlər,
Gecələr ay kimi çənə  boğulur...
Bələkdən taleyi düyün düşənlər,
Atalı-analı yetim doğulur...

Ürək süfrə deyil,nemət düzəsən...
Hər cana yanandan rəhm gəzəsən...
Yazıda nə varsa, çəkib dözəsən,
Təqvimə hər saat , səbr gələn var...

08.03.2018...

*****************

Sadədən sadə...

Bütün vədlərinin şəklini çəkib,
Asmışam qəlbimin divarlarından...
Mənə çiçəklərdən göl verəcəkdin...
Göl gözləyirəm....

Yox,gözləmirəm...Tək həvəsimsən...
Ömrünü mənimlə tən böləcəkdin...
Böl,gözləyirəm...
Yox,gözləmirəm....Bütöv bəsimsən...

Mənsiz oralarda bəs öləcəkdin?!
Öl,gözləyirəm...
Yoox,gözləmirəm...Sən nəfəsimsən...
Yenə deyinmə ki,dəcəlləşirəm...

Sənsiz əcəlimlə mən əlləşirəm...
Demişdin "darıxma",tez gələcəkdin...
Gəl,gözləyirəm....
Çox....Gözləyirəm....

08.06.2018....

*********************

Damarından süzər övladına  canın analar,
Bal pətəkdən üzülər, qıymasa qanın analar...

Doqquz ay,zülm-məşəqqətlə,ümidin səslər,
Zənn edər,tapdı bu aləmdə həyanın analar...

Gün çönər,gizli mələklərlə pıçıldar gecələr,
Tapşırar onlara, röyalı zamanın analar...

Ac deyil ki?...Üşümür?...Könlü nə istər görəsən?...
Gizləyər narahat ikən,həyəcanın analar...

Ömr axar,nazlı baharın itirər qayğıyla,
Qarşılar,göz yaşı leysandı, xəzanın analar...

Nə qədər qəhrini mürvətsiz edə,övladı,
Başə qaxmaz dizi üstündəki nanın analar...

Oğul,ayətdə gəlib:"Öncə ana, sonra cihad!",*
Cənnətin orda,hara, bassa dabanın analar!

Fatimə,incimə" yavrumda vəfa yoxdu"deyib,
Söyləməz bir bəşərə,sirri-dəhanın analar...

05.07.2018....

*-İslamda "ana sağdırsa əgər,onun qayğısını çəkmək cihaddan daha vacib və səvabdır" hədisinə istinadən...(Müslim 2549)....

******************

Birnəfəsə...

Ömür,külək kimi əs,get!
Yellən,yellənə bildikcə...
Belə, üzü cəhənnəmə,
Çöllən,çöllənə bildikcə!

Alovsuz ,əjdaha olmaz!
Yalan sevgi , düha olmaz!
Toyuq ağlı baha olmaz...
Küllən,küllənə bildikcə!

Qazanarsan,itirərsən,
Üç qoyub,bir götürərsən,
Damla-damla gətirərsən,
Göllən,göllənə bildikcə!

Oğul-qızdan mürvət gözlə!
Qocalıqdan urvat gözlə!
Torpaqsansa,sərvət gözlə!
Bellən,bellənə bildikcə!

Fələk,yıxılmasın evin!
Sən,evlər yıxdıqca sevin!
Gizlən şüşəsində divin,
Şellən,şellənə bildikcə!

Qəminə qısılıb küsmə!
Xatiri, hörməti kəsmə!
Fatimə,arada susma...
Dillən,dillənə bildikcə...

*****************

Şəmin əhvalı...

Yenə köksümdə bulud sancı çəkir,çağlayıram...
Yenə,pərvanələrin taleyinə ağlayıram...

Yığışıb,rəqs eləyirlər bu gecə ülfətimə,
Nə bilirlər ki,ömür dəftərini bağlayıram...

Zövq alır nazlı gözəllər,çün ilıq şölələrim,
Toxunur gərdəninə,tellərini tağlayıram....

Yenə nəfsimlə cihad etmədədir vicdanım,
Bu ara,hər nə şikar, fürsətə caynağlayıram...

Əriyib ,qeyb olub,azadi-zamantək axıram...
Qəmə məxsus bu vida, Fatiməni dağlayıram...

27.02.2018....

*******************

Eşqini şabah et, başıma yağdır...
Qoy,ellər toplayıb,yığa bilməsin! 
Sinəmin altını təsxiri-kam et,
Qeyrisi oraya sığa bilməsin!

Tanrı məhəbbətə səsləyir bizi,
Zirvəyə aparır bu səsin izi...
Elə ucalaq ki, sevincimizi,
İblis də cəhd etsə boğa  bilməsin...

Gəl,qəmi-kədəri,suya ötürək...
Vüsalı şip-şirin,kamə yetirək...
Gəl,elə bir əsər ruhə gətirək,
Analar beləsin doğa bilməsin!

14.04.2018....

*****************

Dərd etmə könül,qoy bu nağıl, 
Gerçəyə qalsın...
Dildən qaba düşmüşsə noğul,
Milçəyə qalsın...
Gəl qəm yemə heç,dəhr aparır,
Gül camalından,
Müdrik görünüş, mərd oğul
Ağbirçəyə qalsın...
Rəbbin sənə ət'a eləmiş 
Gör nə qədər şövq,
Şövqünlə alış,hər sabahın
Görcəyə qalsın...
Sən Allahı yar tut ki,o da,
təkdir əzəldən,
"Qismət budu!"de, yaz adını,
Yaz adını,bircəyə  qalsın!

*******************

Yanıb,yelə sovrulmuşam...
Tapa bilsən,külümü tap...
Ruhum çəmənliyə mehman,
Tapa bilsən, gülümü tap...

Təbəssümüm qəmə əsir,
Fitnə taleyimə qəsr...
Əl uzatsam,əlim kəsir...
Tapa bilsən,əlimi tap...

Tanrı ətəyini çəkib,
Döyüb, kötəyini çəkib...
Vücudum dəryaya çöküb,
Tapa bilsən,ölümü tap...

***************

SÖZLƏRİN (müzarə bəhri..)

Ruhlandırır həyatə məni sadə sözlərin,
Quştək qanad verir mənə,azadə sözlərin...

Ver məsləhət ki,başıma tac eyləyim müdam,
Heç görmədim ziyanını şahzadə sözlərin...

Hərdən uşaq kimi səni üzdüm,bu bəllidir,
Lakin, verərmiyəm gedə heç badə sözlərin?!...

Bəh-bəh ilə,dolandı bu sərxoş təbim yenə,
Meydən betərdi eşq dolu ,badə sözlərin

Atmaq olarmı yarı,danıb əhdi yarıda ?!...
Şeytanə uymadan,gəlir imdadə sözlərin....

Şərbət soraqlayan kəpənəktək çəkir içim,
Hətta,əyan olur mənə  röyadə sözlərin...

Eşq əhlisənsə, Fatimə,sözdürsə xəncərin,
Həq yaz, şəhadətin olar  üqbadə sözlərin...

20.11.2017...

0.15342903137207