Müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış
mədəniyyəti bütün dünyaya çatdırılmalıdır

Azərbaycandakı sosial-siyasi sabitlik multikultural
mühitin qorunub inkişaf etdirilməsinin nəticəsidir

 

Qloballaşan dünyamızda insanlar, dinlər və dövlətlər arasında qarşıdurmaların, anlaşılmazlıqların, ksenofobiya, islamafobi            ya və terrorizm kimi neqativ halların qarşısının alınmasının yeganə yolu multikulturalizmdən və dialoqdan keçir.

Bu gün bir sıra ərəb dövlətlərində dini və milli zəmində baş verən qarşıdurmalar, bir qrup Avropa dövlətlərinin multikulturalizmin iflasa uğraması haqqındakı iddiaları da, beynəlxalq dialoqun vacibliyini günümüzün ən aktual mövzusu kimi ortaya qoyur. Çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də, dəfələrlə ən yüksək tribunalardan bəyan etdiyi kimi, multikulturalizmin iflasa uğradığı nöqtədən terrorizim, ksenofobiya, dini və milli qarşıdırmalar, qırğınlar, insan faciələri başlayır. Bütün bunların qarşısının dialoq yoli ilə alınması isə bəşəriyyətə sülh, rifah və sabitlik gətirə bilir.

Bu baxımdan, Azərbaycanda mövcud olan sosial-siyasi sabitlik də, bilavasitə ölkəmizdəki multikultural mühitin qorunub inkişaf etdirilməsinin nəticəsidir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sabitliyin və rifahın Prezident İlham Əliyev tərəfindən bugünkü yüksək səviyyəyə çatdırılması da, ölkəmizdəki multikultural və tolerant mühitlə sıx bağlıdır. Bu mühitin qorunub saxlanmasının və inkişaf etdirilməsinin nəticəsidir ki, bu gün multikulturalizm Azərbaycanda dövlət siyasəti, Azərbaycan xalqının həyat tərzidir.  

Ancaq bir şeyə də diqqət etmək lazımdır ki, təkcə bizim tolerantlığımızla bəşəriyyəti gözlənilən fəlakətlərdən qorumaq mümkün deyil. Yalnız multikulturalizmin və tolerantlığın bütün dünyada bərqərar olması ilə istədiyimiz mühitə nail ola bilərik. Bunun üçün isə daha çox təbliğat və təşviqat işlərinə önəm verilməlidir. Məlumdur ki, Azərbaycan multikulturalizmi artıq dünyanın bir çox bölgələrində tanınır, dəstəklənir və başqalarına da nümunə göstərilir. Bu mövqedən çıxış edərək, Azərbaycan da öz təcrübəsini bölüşməyə hazırdır və bu istiqamətdə böyük işlər görülür. Bunların sırasında həm ölkəmizdə, həm də ölkəmizdən kənarda keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən bir çox dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), Qafqaz Müsəlmanları İdarəsi(QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) eləcə də, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində çox böyük işlər görür, layihələr həyta keçirir. Bu layihələrdə həm də, dünyanın tanınmış elm, din, siyasət adamları ilə görüşlər, onların ölkəmizə dəvət olunaraq mövcud reallıqlarla tanış etmək, eyni zamanda Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində dövlətimizin yürütdüyü siyasətlə tanışlıq da xüsusi yer tutur.

Bu baxımdan, Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Qubermanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olması da, təqdirəlayiq haldır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən verilən məlumata görə, mərkəzin icraçı direktor əvəzi Rəvan Həsənov amerikalı qonaqlara BBMM-in fəaliyyəti, həyata keçirilən layihələr və ölkəmizdə uğurla davam etdirilən multikultural mühit haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyev təkcə ölkəmizdə deyil, ümumiyyətlə dünyada multikulturalizmin qorunub saxlanmasına böyük önəm verir. Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkəmizdə tolerantlıq mühitinin vəziyyəti hazırkı səviyyəyə çatıb, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibət göstərilir.

Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə bütün dünyaya sübut edir ki, indiki qarışıq zamanda birgəyaşayışın ən gözəl nümunəsi multikulturalizmdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada sivil, inkişaf edən, demokratik bir dövlət kimi tanınır.

Amerikalı qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  fəaliyyət istiqamətlərindən danışan mərkəzin icraçı direktoru qeyd edib ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir. Amerikalı qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan multikulturalizmi fənni dünyanın 20 universitetində tədris olunur. BBMM-in doqquz ölkədə filialı var.

Görüşdə çıxış edən Amerika Sefard Federasiyasının icraçı direktoru Ceyson Quberman rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra qurumlarda, eləcə də bölgələrdə yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəklərini, ölkəmizdə mövcud olan multikultural mühit, xalqımızın tolerantlıq ənənələri ilə yaxından tanış olduqlarını və bundan məmnun qaldıqlarını bildirib. O, qeyd edib ki, Azərbaycan multikulturalizminin bir fənn kimi dünya elm ocaqlarında tədris edilməsi təqdirəlayiqdir və bu iş davam etdirilməli, müxtəlif xalqların, dini konfessiyaların birgəyaşayış mədəniyyəti bütün dünyaya çatdırılmalıdır. Ceyson Quberman Azərbaycandakı müxtəlif dini icmaların sıx əməkdaşlığının, dostluğunun başqaları üçün də çox gözəl nümunə olduğunu vurğulayıb. Azərbaycan özünün bu nümunəsi ilə digər ölkələri də həvəsləndirir və bu təcrübədən istifadə olunması zəruridir.

Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə Yay və Qış Məktəbinin təşkili də, Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində atılan mühüm addımlardan biridir. Yay və Qış Məktəbi layihəsinin birbaşa Prezident İlham Əliyevin tövsiyəsi və dəstəyi ilə həyata keçirilməsi də, dövlət başçımızın ölkəmizdə və dünyada multikulturalizmin qorunmasına və inkişafına verdiyi önəmin göstəricisidir.

Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Qış və Yay Məktəbinin əsas məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural, tolerant dəyərlərin qorunub inkişaf etdirildiyi ölkəmizdə öz gözləri ilə görüb, şahid olmasına şərait yaratmaqdır. Hər il keçirilən Yay və Qış Məktəbində dünyanın bir çox ölkələrindən olan onlarla tələbə iştirak edir. Onlar ölkəmizin paytaxtı ilə yanaşı, ölkəmizdə dini və milli müxtəlifliklərin daha kompakt şəkildə məskunlaşdıqları bölgələrə də səfər edir, burada yaşayan insanlarla tanış olur, təmas qurmaq imkanları qazanırlar.

Bu bölgələrdə olan tələbələrə bölgənin tarixi, burada yaşayan insanların yaşam tərzi, adət və ənənələri, mədəniyyətləri haqqında məlumat verilir, mühazirələr təqdim olunur.

 Artıq bir ənənəyə çevrilən multikulturalizm Yay və Qış Məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. Bu insanlar-tələbələr Azərbaycan həqiqətlərinin öz ölkələrində və olduqları digər ölkələrdə təbliğində bizim ən yaxın köməkçilərimizə çevrilirlər.

Geniş miqyasda və  İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla həyata keçirilir.

Azərbaycan multikulturalizminin dünyada təbliği istiqamətində keçirilən tədbirlər sırasında bu il sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasını qeyd etmək də yerinə düşər. Hər il payız aylarında keçirilən bu mötəbər tədbirdə ATƏT-ə üzv ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabat verirlər. On gün davam edən tədbirdə ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri ilə yanaşı, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.

Tədbirin "Antisemitizmlə mübarizə; dini və ya etiqadi zəmində, o cümlədən xristianlara, müsəlmanlara və digər dinlərin nümayəndələrinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə" mövzusuna həsr olunmuş 6-cı işçi sessiyasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətllərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarına "Bakı prosesi" haqqında geniş məlumat verib. O, "Bakı prosesi"nin tarixi, məqsədləri və iştirakçıları barədə məlumat verərək, bu il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə həmin prosesin 10 illiyinin ölkəmizdə geniş qeyd edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.37160587310791