AHİK 2009-cu ildən kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar
ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirib

“Şərqi Avropa və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi:
çıxarılan nəticələr və inkişaf yolları” movzusunda beynəlxalq konfrans keçirilib

 Noyabrın 28-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq  Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi : çıxarılan nəticələr və inkişaf yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb.

Konfransda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bildirib ki, həmkarlar ittifaqları son dövrlər  ənənəvi olmayan problemlərlə daha tez-tez qarşılaşır. Bu isə həmkarlar ittifaqı işçisindən təşkilati-idarəçilik qabiliyyətini daha da təkmilləşdirməyi, sosial psixologiyanın, konfliktologiyanın, hüququn, politologiyanın, iqtisadiyyatın, maliyyə siyasətinin əsaslarını dərindən mənimsəməyi tələb edir.

Digər tərəfdən beynəlxalq institutlar dünya ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur. Gələcəkdə gözlənilən proseslərdən qorunmaq üçün atılacaq addımların bu gün müəyyənləşdirilməsi ən vacib məsələlərdəndir.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, Layiqli Əməyin təmin edilməsi üzrə Dövlət Proqramlarının yerinə yetirilməsində, BƏT-in 205-ci Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarına geniş önəm verilir. Sözsüz ki, bu vəzifələri həyata keçirmək üçün biz kadr hazırlığı məsələlərinə daha diqqətlə yanaşmalıyıq.

AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı liderləri və fəalları insanlarla ünsiyyət qurmaq üçün daim bacarıqlarını təkmilləşdirməli, ümum təhsil və mədəni səviyyələrini yüksəltməlidirlər. Bu isə sosial texnologiyalara yiyələnmədən və müasir menecmentin üsul və metodlarını mənimsəmədən mümkün deyil.

Müasir tədris və informasiya texnologiyalarından, aktiv tədris metodlarından istifadə, həmkarlar ittifaqı kadr və fəallarında daim yenilənmə motivasiyasının olması, fasiləsiz  təhsil üçün şərait yaradılması, qabaqcıl dünya təcrübəsinin öyrənilib yayılması maarifləndirmə prosesində vacib olan elementlərdir.

  1. S. Möhbalıyev deyib ki, ölkəmizdə bütün sahələrdə islahatların həyata keçirilməsi həmkarlar ittifaqlarında da vaxtaşırı islahatların aparılmasını gündəmə gətirmişdir. Layiqli kadr ehtiyatları fondunun yaradılması və möhkəmləndirilməsi, seçkili həmkarlar ittifaqları orqanlarının tərkibinin gəncləşdirilməsi, orada qadınların sayının artırılması islahatların tərkib hissəsidir. Bu gün həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin qarşısına yeni tələblər qoyulur. Bu tələblərə isə peşəkar və məsuliyyətli həmkarlar ittifaqı liderləri və onların komandasının nüfuzu vasitəsilə cavab vermək mümkündür. Səviyyəli kadrların hazırlanmaları, təcrübi biliklərə yiyələnmələri və bazar iqtisadiyyatına xas olan idarəetmə qabiliyyətlərinə malik olmaları üçün müvafiq işlərin həyata keçirilməsi lazımdır.

Bu səbəbdən həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm veririk. Həmkarlar ittifaqlarında maarifləndirmə prosesi əsasən AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası vasitəsilə həyata keçirilir.

Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilən kurslar həmkarlar ittifaqının yeni seçilən seçkili orqanlarının rəhbərləri və üzvləri, fəalları, sahə həmkarlar ittifaqı aparatında çalışanlar və digər kateqoriyalara aid işçilər üçün nəzərdə tutulub. Hər il Akademiyanın təşkil etdiyi kurslarda orta hesabla 800 nəfərə yaxın həmkarlar ittifaqı kadr və fəalları iştirak edirlər. Eyni zamanda Akademiyada hazırda 5 ixtisas üzrə 572 gənc təhsil alır. Ali təhsil müəssisəsini bitirən bu gənclər isə həmkarlar ittifaqı üçün potensial kadrlardır.

Maarifləndirmə prosesində beynəlxalq tədbirlərin önəmini xüsusi qeyd etməliyik. Bu məsələdə ilk yeri BHİK tutur. «TAJİS», «SPRAYT» proqramları çərçivəsində, eləcə də, indiki İndustriALL Avropa İttifaqının xətti ilə respublikamızda keçirilən silsilə seminarlarda minlərlə həmkarlar ittifaqı üzvü iştirak edib. Bu illər ərzində bizim kadrların peşəkarlığının artırılmasında, məlumatlandırılmasında BƏT-in xüsusi rolunu qeyd etmək istərdim. Belə ki, BƏT-in texniki və maliyyə dəstəyi ilə  yerli həmkarlar ittifaqları fəallarının biliklərinin artırılmasına kömək üçün «Əmək sahəsində fundamental hüquqlar və prinsiplər», «BƏT-in əsas konvensiyaları», «Azərbaycanda fəaliyyət göstərən transmilli kampaniyalarda sosial dialoqun təşkili», BHİK-in xətti ilə «Yoxsulluğun azaldılması strategiyası», «Qloballaşmanın sosial-iqtisadi təsiri: həmkarlar ittifaqlarının rolu» mövzularında konfrans, seminarlar keçirilib, gənc həmkarlar ittifaqı işçiləri üçün çoxsaylı məşğələlər təşkil olunub. Son 20 il ərzində BƏT-in dəstəyi ilə 4000-dən çox dinləyicinin iştirakı ilə 70-dək tədbir keçirilib.

S.Möhbalıyev bildirib ki, AHİK 2009-cu ildən kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirib. Pilot layihəyə uyğun olaraq respublikanın bütün regionlarında mövzu ilə bağlı seminarlar keçirməklə həmkarlar ittifaqı liderləri maarifləndirilib və onlara bu sahədəki vəzifələr izah olunub. Bu işin müsbət nəticəsi kimi özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasını və üzvlərinin sayının artmasını qeyd etmək olar.

Çıxışçı qeyd edib ki, AHİK uzun müddət idi ki, cəmiyyətimizin inkişafının muasir mərhələsinin xüsusiyyətlərini nəzərə alaraq Üçtərəfli Komissiyanın yaradılması üçün təşəbbüs qaldırır, təkliflər irəli sürürdü. Nəhayət, BƏT-in bilavasitə dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərini və sosial tərəfdaşlarla görülən işləri əlaqələndirmək məqsədilə 2016-cı ilin sentyabrında Azərbaycanda Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldı və bu gün uğurla fəaliyyət göstərir.

Təbii ki, AHİK tərəfindən həmkarlar ittifaqında aparılan maarifləndirmə işləri yekunda qarşımıza qoyduğumuz əsas məqsədlərin – işçilərin sosial - əmək hüquqlarının qorunmasının, onların sağlamlığının və əməyinin mühafizəsinin həyata keçirilməsinə öz müsbət təsirini göstərməkdədir: “Bu məsələlərlə bağlı bir neçə rəqəmi sizin nəzərinizə çatdırmaq istərdim. Son beş ildə (2013-2018) 507 yeni həmkarlar ittifaqı təşkilatı yaradılmış, həmkarlar ittifaqı üzvlərinin sırasına 56.497 nəfər cəlb edilmişdir. Bu gün həmkarlar ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95.5 faizi həmkarlar ittifaqı üzvləridir.

AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2%-i müsbət həll edilmişdir.  Əmək hüquqlarının pozulması ilə əlaqədar son 5 ildə üzvlərin müraciətləri əsasında 97 dəfə məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib. İşdən çıxarılma ilə bağlı işəgötürənlər tərəfindən həmkarlar ittifaqına olan 9088 müraciətin 3103-nə razılıq verilməmişdir və işçilər öz işlərini davam etdiriblər”.

S.Möhbalıyev çıxışının sonunda bildirib ki, həmkarlar ittifaqı tədrisinin əsas məqsədi həmkarlar ittifaqı lider və fəallarını bilik və bacarıqlarını artırmağa təşviq etməkdir. Burada elmi nailiyyətlərin tədris prosesinə tətbiqinə xüsusi diqqət yetirməli və həmkarlar ittifaqı fəallarına təhsilin, tədrisin forma və metodlarını azad şəkildə seçilmələrinə şərait yaradılmalıdır.

Maarifləndirilmə işləri həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin, onların ehtiyat qüvvələrinin, həmkarlar ittifaqı komitəsinin üzvlərinin, daimi komissiyalarının, fəallarının bilik və bacarıqlarının formalaşdırılmasına yönəldilməlidir. Yeni informasiya texnologiyalarının, sosial şəbəkələrin də imkanlarından lazımınca istifadə edilməlidir:  “Burada qeyd etməliyəm ki, bu gün həmkarlar ittifaqı fəalları təhsilə kifayət qədər geniş sayda cəlb edilmir. Beynəlxalq Əmək Təşkilatının müzakirə etdiyimiz məsələ ilə bağlı göstərdiyi dəstəyi daha da genişləndirməsini, maraqlı tərəflərin fəaliyyətlərini daha sıx əlaqələndirməsini arzulayardım”.

Konfransda daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Evelin Toc, Pan Avropa Regional Şürasının nümayəndəsi Anton Leppik və digərləri çıxış edərək Şərqi Avropa və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarıfləndirilməsinin əhəmiyyətindən, bu istiqamətdə görülmüş və gələcəkdə görüləcək işlər barədə məlumat veriblər.

Konfrans öz işini üç gün davam etdirəcək.

0.14822101593018