Avarlar Azərbaycanda əsasən Balakən və
Zaqatala rayonlarında məskunlaşıblar

Azsaylı xalqların adət-ənənə və folklorunun öyrənilməsi, qarşılıqlı hörmətin dayanıqlığını təmin edir

  Azərbaycanın multikulturalizm və tolerantlıq məkanı olmasını şərtləndirən əsas xüsusiyyətlərindən biri, burada yaşayan azsaylı xalqların və etnik qrupların rəngarəngliyidir. Biz zaman-zaman bu xalqların mədəniyyəti, folkloru, adət-ənənələri barədə məlumat vermişik. Bu gün də ölkəmizdə məskunlaşan azsaylı xalqlardan olan avarlar və saxurlar barədə söz açmaq istəyirik.

Hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini, etik-estetik düşüncəsini özündə əks etdirən onun mənəvi sərvətidir. Bu mənada hər bir xalqın tarixi, adət-ənənələri, ictimai-siyasi düşüncəsi, əxlaqi keyfiyyətləri, qəhrəmanlığı və vətənpərvərliyi özünəməxsus şəkildə onun folklorunda cəmlənib. Ona görə də Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların folklor nümunələri dilçi-alimlərin, tədqiqatçıların da böyük marağına səbəb olur.

Tarixi qaynaqlara nəzər yetirsək, hələ qədim zamanlarda Qafqaz Albaniyasında 26 soy və xalq yaşayıb. Qədim yunan alimi Strabonun yazdığına görə, bunlar albanlar, qarqarlar, saklar, massagetlər, kəngərlər, çullar, peçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar, qaytaqlar və s. türk soyu və boyları idilər. O dövürdə onlar ölkə əhalisinin böyük əksəriyyətini təşkil ediblər. Eyni zamanda, dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayıblar. Bu xalqlar azsaylı olublar və ölkənin siyasi, iqtisadi, mədəni həyatında önəmli bir rola sahib olmayıblar. Həmin xalqların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimalındakı dağlıq ərazilərdə yaşamaqdadırlar. Onlardan ən çoxsaylı xalq isə avarlardır.

Avarların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskunlaşıblar. Avarlar hazırda Dağıstanın ən çoxsaylı xalqı hesab olunur. Azərbaycanda isə sayca altıncı etnik qrupdur. Dilləri iber-qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasion

tipinə aid edilirlər, kəllə quruluşlarına, saç və gözlərinin rənginə görə avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) tipinə aid olan Azərbaycan türklərindən fərqlənirlər. Ümumi saylarının 500-600 min civarında olduğu bildirilir.

Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdıqları qəbul edilsə də, əslində onlar qohum dillər olmasına rəğmən, fərqli iki dildir. Məsələ ondadır ki, keçən əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə "andiyalı" və ya "andok" kimi tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən başlayaraq bu xalq avar kimi qələmə verilməyə başlanıb. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşib - Andiyskoye Koysu. Bu çaylardan biri andiyalıların (andokların ) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşdirilib - Avarskoye Koysu.

Avarlar bu gün Zaqatala rayonunun Car, Kebeloba, Axaxdərə, Silban, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala, Danaçı, Paşan, Hötala,Yolayrıc, Abaylı, Çardaxlar, Göyəm eləcə də, Balakən rayonunun Katex, Qabaqçöl, Mahamalar, Binə, Sarıbulaq və digər kəndlərində kompakt halda yaşayırlar. Macar tarixçisi Andras Rona-Tasa görə avarlar ilk dönəmlərdən başlayaraq türk dilinin bir ləhcəsində danışıblar. Szarvas şəhərində tapılan iynə qutusundakı yazılar A.R.Tasarın fikrincə, türk dilində yazılıb. Deyilənə görə, Qafqaz avarlarına edilən DNT testləri və araşdırmaları nəticəsində avarların iranlı bir millət olmadığı faktlarla təsdiq edilib. Avarların Dağıstan türkləriylə qohumluğu ilə bağlı vacib məlumatların olduğu söylənilir. Tədqiqatçılara görə, avarlar və onların əcdadları olan iskitlər türkdürlər. Macarıstanda, eləcə də Dunay sahillərində bu gün qapalı toplum kimi qədim adət-ənənələrini yaşadan avar türkləri Bolqarıstanda yaşayan türklərin mühüm bir qismini təşkil edirlər.

Ümumiyyələ, Azərbaycanda yaşayan avarların dilləri və folklor nümunələri böyük maraq doğurur. Məsələn, avarların xalq ədəbiyyatı movzu və məzmun baxımından rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi, həmin örnəklərin vahid etnocoğrafi məkanda əmələ gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərb-məsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərib. Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə yanaşı, avar folklorunun özünəməxsus cəhətləri də az deyil. Bu cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastanlarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət-ənənələrdə özünü göstərir.

Avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təmbur çalaraq söyləyiblər. Onların "Xoçbar", "Baxtika", "Kamalil Başir" kimi xalq dastanları dillər əzbəridir. Avar xalqının qəhrəmanlıq keçmişini, onun qəhrəman övladlarının göstərdiyi şücaətləri "Carli Şaban" kimi müxtəlif xalq şeirlərində, İmam Şamil və onun əfsanəvi naibi Hacı Muradla bağlı olan əfsanə və rəvayətlərdə görmək olar. İmam Şamilin otuz ilə yaxın müddətdə rus imperiyasına qarşı igidliklə vuruşması, Hacı Muradın göstərdiyi misilsiz qəhrəmanlıqlar xalqın yaratdığı rəvayət və əfsanələrdə, nəğmələrdə real şəkildə əksini tapıb. Ümumiyyətlə, Azərbaycanda yaşayan avarların folklor nümunələrinin tədqiq edilməsi, bu sahədə araşdırmaların zəngin olmasına xidmət edir.

Avarların bayramları da müxtəlifliyi ilə diqqəti çəkir. Yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bayramını keçirirlər. Bundan başqa, yaz aylarında Roxi boğ mərasimi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan yağış və gün istəmə mərasimi uşaqların və böyüklərin həvəslə keçirdiyi mərasimdir. Onlar yağış istəmə mərasimində burcah və gün istəmə mərasimində maxara bişirirlər və hər kəsə verirlər. Sulu burcah (əriştə) yağış damlalarını, sac üstündə bişirilən saçaqlı maxara isə günəşi xatırladır.

Avarların toy adətləri də özünəməxsusluğu ilə seçilir. Maraqlı olanı budur ki, avarlarda nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi baş tutur, evlənəcək oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrılır.

Azərbaycanda məskunlaşan avarlarla qonşuluqda digər azsaylı qafqazdilli xalqlar da yaşayırlar ki, bunlardan saxurların və ingiloyların adını xasusi olaraq çəkmək lazımdır. Saxurlar Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. İber-Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan türkcəsində danışırlar. "Saxur" adı bu xalqın əsl adı deyil və yaşadıqları ən böyük kəndin adından qaynaqlanır. Sayları 30 min nəfərdən bir qədər çox olan saxurlar özlərinə "yixv" deyirlər ki, tarixi mənbələr onları məhz bu adla, həmin adın bir qədər təhrif edilmiş forması olan "çiqb" kimi Qafqaz Albaniyasının sakinlərindən biri kimi qeyd edirlər.

Qeyd edək ki, saxur xalqının folklorunun, dil və adət-ənənələrinin öyrənilməsi onun mədəniyyətinin qorunub saxlanılmasına səbəb olur. Azərbaycanın böyük mədəniyyətə malik olmasında və çiçəklənməsində saxurların nümayəndələri daim iştirak edib və indi də bu fəaliyyətlərini davam etdirirlər. Onlar istənilən sahələrdə, sənayedə, kənd təsərrüfatında, hərb işində, səhiyyədə, elm və təhsil sahəsində çalışmaqla daim ölkəmizin tərəqqisində digər millətlərlə birgə fəaliyyət göstərirlər.

Saxurların müasir dövrə kimi öyrənilməyən və öyrənilməsini tələb edən dil müraciət qaydaları və maraqlı adət-ənənələri çoxdur. Onların öyrənilməsi dilin və folklorun inkişafına xidmət edir. Son dövrdə fransız tədqiqatçılarının saxur dilinə və folkloruna olan marağını da tədqiqatçılar bu mənada ehtimal edirlər.

Böyük xalqların folkloru ilə yanaşı, azsaylı xalqların folklorunu da öyrənmək vacibdir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam azsaylı xalqların böyük sevincinə səbəb olub. Prezident İ.Əliyevin bu qayğısına digər azsaylı xalqlar kimi saxurlar da çox sevinib. Saxurlar Prezidentin multikulturalizm və tolerantlıqla bağlı  siyasətinin onlara böyük ruh yüksəkliyi verdiyini və Azərbaycanda yaşayan xalqları bir-birinə bağlayan dostluq və qardaşlıq tellərini daha da möhkəmləndirdiyini deyirlər.

Qeyd edək ki, cəmiyyətdə xalqların dil müxtəlifliyi onların folkloru, adət-ənənələri və mədəniyyəti ilə təmsil olunur. Azsaylı xalqların folklorunun böyük xalqların mədəniyyətinə inteqrasiya etməsi də, onların daha böyük mədəniyyətin kulminasiya zirvəsinə ucalmasına səbəb olur. Bu mənada azsaylı xalqların dillərinin, adət-ənənələrinin, folklorunun öyrənilməsi ümummədəni proseslərin, xalqlar arasında ünsiyyətin və qarşılıqlı hörmətin dayanıqlığını təmin edir.

Ölkəmizdə mövcud olan, dövlətimiz və xalqımız tərəfindən də dəstəklənən tolerantlıq və multikultural mühit imkan verir ki, burada yaşayan bütün xalqlar öz mədəniyyətlərini, adət- ənənələrini, folklorunu yaşatsınlar və daha da inkişaf etdirsinlər.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.44020199775696